Kürdəmir rayonunun sosial-iqtisadi
inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası regionlarının
sosial-iqtisadi inkişafı
dövlət proqramlarının
icrası nəticəsində
Kürdəmir rayonunda
mühüm infrastruktur
layihələri yerinə
yetirilmiş, Olimpiya İdman Kompleksi, Gənclər evi və digər sosial yönümlü obyektlər tikilərək
istifadəyə verilmiş,
Kürdəmir şəhərinin
su təchizatı sistemi yenidən qurulmuş, genişmiqyaslı
abadlıq-quruculuq işləri
həyata keçirilmişdir.
Kürdəmir
şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, "Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı"nda rayon üzrə müəyyən
olunmuş tədbirlərin həyata
keçirilməsinin sürətləndirilməsi məqsədi
ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Kürdəmir
rayonunun sosial-iqtisadi
inkişafının sürətləndirilməsi məqsədi
ilə Kürdəmir Rayon İcra
Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə
tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 2,0 (iki) milyon manat ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə
tutulan məbləğdə maliyyələşməni
müəyyən olunmuş qaydada təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 8 avqust 2013-cü il
Azərbaycan. - 2013.- 13 avqust.- S. 4.