Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir

 

Avqustun 10-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilmişdir.

MSK katibliyinin mediaictimai əlaqələr şöbəsindən AzərTAc-a bildirmişlər ki, əvvəlcə MSK katibi Arifə Muxtarova Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikası Prezidentliyinə namizədliyinin təsdiq olunmasına dair məsələ barədə məlumat vermişdir. O qeyd etmişdir ki, Yeni Azərbaycan Partiyasının 2013-cü il 7 iyun tarixli  V qurultayının və həmin partiyanın İdarə Heyətinin 2013-cü il 5 avqust tarixli iclasının qərarları ilə 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Heydər oğlu Əliyevin namizədliyi irəli sürülmüşdür.

Namizədliyin irəli sürülməsinin təsdiq edilməsi üçün sənədlər 2013-cü il avqustun 5-də partiyanın səlahiyyətli nümayəndəsi tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir.

 Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparmış, irəli sürülmüş namizədliyin təsdiq edilməsi üçün əsasların olmasını müəyyən etmişdir.

Komissiya qərara almışdır ki, 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş İlham Heydər oğlu Əliyevin namizədliyi təsdiq edilsin.

Sonra Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması barədə məsələyə baxılmışdır. Yeni Azərbaycan Partiyası sədrinin müavini, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Əli Əhmədov və həmin partiyanın icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı səlahiyyətli nümayəndələr, icra katibinin müavini, deputat Siyavuş Novruzov isə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə kimi qeydə alınmışlar.

İclasda cari məsələlərə də baxılmışdır.

Mərkəzi Seçki Komissiyasının iclasında beynəlxalq qurumların təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

 

* * *

 

Avqustun 11-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilmişdir.

MSK katibliyinin mediaictimai əlaqələr şöbəsindən AzərTAc-a bildirmişlər ki, əvvəlcə komissiyanın iyulun 26-da, avqustun 2-də və 10-da keçirilmiş iclaslarının protokolları təsdiq edilmişdir.

Sonra Mərkəzi Seçki Komissiyasının katibi Arifə Muxtarova Azadlıq Partiyası tərəfindən irəli sürülmüş Əhməd Abdul oğlu Orucovun Azərbaycan Respublikası Prezidentliyinə namizədliyinin təsdiq olunmasına dair məsələ barədə məlumat vermişdir. O qeyd etmişdir ki, Azadlıq Partiyası Ali Şurasının 5 avqust 2013-cü il tarixli iclasının qərarı ilə 2013-cü il oktyabrın 9-da keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkilərində Azadlıq Partiyasının sədri Əhməd Abdul oğlu Orucovun namizədliyi irəli sürülmüşdür.

 Namizədliyin irəli sürülməsinin təsdiq edilməsi üçün sənədlər 2013-cü il avqustun 6-da partiyanın səlahiyyətli nümayəndəsi tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, irəli sürülmüş namizədliyin təsdiq edilməsi üçün əsasların olmasını müəyyən etmişdir.

 

Komissiya qərara almışdır ki, 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi Azadlıq Partiyası tərəfindən irəli sürülmüş Əhməd Abdul  oğlu Orucovun namizədliyi təsdiq edilsin.

Sonra Azadlıq Partiyasının səlahiyyətli nümayəndəsinin qeydə alınması barədə məsələyə baxılmışdır. Əli Muxtar oğlu Rza Azadlıq Partiyasının səlahiyyətli və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi kimi qeydə alınmışdır.

MSK bəzi dairə seçki komissiyalarının tərkibində dəyişikliklər etmişdir.

İclasda cari məsələlərə də baxılmışdır.

Mərkəzi Seçki Komissiyasının iclasında beynəlxalq qurumların təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

 

* * *

 

Avqustun 12-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilmişdir.

Mərkəzi Seçki Komissiyası Katibliyinin mediaictimai əlaqələr şöbəsindən AzərTAc-a bildirmişlər ki, əvvəlcə MSK-nın avqustun 11-də keçirilmiş iclasının protokolu təsdiq edilmişdir.

Sonra bəzi seçki dairələrinin hüdudlarında, dislokasiyasında və qrafik təsvirində dəyişiklik edilməsinə dair məsələyə baxılmış və səkkiz seçki dairəsində müvafiq dəyişikliklərin olunması barədə qərar qəbul edilmişdir.

İclasda Azərbaycan Respublikası Prezidentliyinə namizədliyi özü tərəfindən irəli sürülmüş İlqar Əli oğlu Məmmədovun namizədliyinin təsdiq edilməsi haqqında məsələyə baxılmışdır. Mərkəzi Seçki Komissiyası İlqar Əli oğlu Məmmədovun prezidentliyə namizədliyinin təsdiq olunması barədə qərar qəbul etmişdir.

İclasda cari məsələlərə də baxılmışdır.

Mərkəzi Seçki Komissiyasının iclasında beynəlxalq qurumların, xarici dövlətlərin ölkəmizdəki səfirliklərinin təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

 

Azərbaycan. - 2013.- 13 avqust.- S. 5.