Moskva Dövlət Beynəlxalq
Münasibətlər İnstitutu Məzunları
Assosiasiyasının «MGİMO Journal» nəşrində Azərbaycan
Prezidenti İlham Əliyevin müsahibəsi dərc
olunmuşdur
Moskva Dövlət Beynəlxalq
Münasibətlər İnstitutu (MDBMİ) Məzunları
Assosiasiyasının "MGİMO Journal" nəşrinin
2013-cü il avqust buraxılışında Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin müsahibəsi
dərc olunmuşdur. AzərTAc müsahibəni təqdim edir:
Azərbaycan Prezidenti
Administrasiyasının binası Bakının ən
hündür nöqtələrindən birində yerləşir.
Buradan şəhər buxtasında dalğalanan nəhəng
dövlət Bayrağı, alov dilləri formasında olan 3
göydələndən ibarət "Flame Towers" kompleksi,
dənizkənarı bulvar gözəl görünür...
İlham Əliyev MDBMİ
Məzunlarının Forumundan yenicə
qayıtmışdır. O, forumda böyük auditoriya
qarşısında çıxış etmiş, sonra uzun
illər görmədiyi tələbə dostları, müəllimləri,
eləcə də seminar apardığı, zaçot
götürdüyü keçmiş tələbələri
ilə görüşmüşdür. Söhbətdən əvvəl
"MGİMO Journal"ın foruma həsr olunmuş xüsusi
nömrəsini vərəqləyərkən o, tez-tez
tanış simalara rast gəlib deyirdi: "Bu isə
Medavoydur?! Onu yaxşı xatırlayıram. O, həmişə
səliqəli, qədd-qamətli idi. Özü də indiyədək
işləyir?! Afərin..."
- Yeri gəlmişkən,
Siz oxuyan zaman MDBMİ-nin rektoru olmuş Nikolay İvanoviç
Lebedev də əla formadadır. O, forumun fəxri
qonağıdır.
- Mən ona böyük
hörmətlə yanaşıram və bu gün
çıxışımda bu barədə dedim. Bir qədər
əvvəl biz onunla iki saat birlikdə olduq, həmin
vaxtları xatırlayırdıq. Nikolay İvanoviç ən
xoş sözlərə layiqdir: döyüş yolu keçmiş,
prinsipial, hər zaman ləyaqətini qoruyan əsl liderdir. Onun
rəhbərliyi altında MDBMİ inkişaf edirdi, ölkənin
aparıcı ali məktəbi idi! Anatoli Vasiliyeviç
Torkunov bu ənənələri bərpa etdi. Mən bu haqda da
forumda dedim. Biz məzunlar fəxr edirik ki, MDBMİ nəinki
Rusiyanın, hətta dünyanın aparıcı ali məktəblərindən
biridir. Bir çox azərbaycanlı məzun sizə deyər
ki, MDBMİ-də yiyələndikləri baza, aldıqları
biliklər onlara bu günə qədər Azərbaycanda ən
yüksək vəzifələrdə çox kömək
edir.
- Prezident postundan daha məsuliyyətli
vəzifə təsəvvür etmək çətindir. Bizim
məzunun dövlət başçısı olması nadir
situasiyadır. Ümumiyyətlə, azərbaycanlı məzunların
MDBMİ ailəsində xüsusi yeri vardır: Sizin
qızınız Leyla MDBMİ-nin Azərbaycan Klubunun prezidenti
və MDBMİ Məzunlarının Azərbaycan
Assosiasiyasının sədridir. Assosiasiyanın katibi Ruslan
Əliyev isə universitetdə böyük perspektivləri
olan Ekologiya və təbiətdən istifadə
kafedrasını yaratmış və ona
başçılıq edir...
- Ona görə də
MDBMİ-nin Forumunun Azərbaycanda keçməsi məntiqə
uyğundur.
- Fürsətdən
istifadə edib Azərbaycanın bizi çox gözəl
qarşıladığına görə Sizə minnətdarlığımı
bildirmək istəyirəm. "Alov qüllələri",
Heydər Əliyev Mərkəzi kimi ən müasir
binaları ilə hamımızı heyran qoyan Bakı
haqqında ayrıca danışmaq lazımdır...E
- Bəli, bunlar
Bakının yeni rəmzləridir. Onlar
Bakının urbanizasiya prosesində meydana gəlmişdir.
Düşünürəm ki, biz bir tərəfdən
müasir arxitektura ideyalarına özünü ifadə etmək
imkanı verməyə, eyni zamanda, keçmişi qoruyub
saxlamağa müvəffəq olmuşuq. Müasir
binalar şəhərin tarixi siması ilə ziddiyyət təşkil
etməməlidir. Bizdə arxitektura yeniliklərini
bu nöqteyi-nəzərdən qiymətləndirən ekspert
qrupları fəaliyyət göstərir.
-
"Alov qüllələri" heyrətamiz ideyadır! O, necə
yarandı?
- Azərbaycan Odlar diyarıdır.
Şəhərin müxtəlif yerlərində
qədim dövrlərdən yerin altından alov
püskürür. Ona görə də
Bakının gerbində üç alov dili hər zaman
olmuşdur. Obrazlı desək, alov,
yanğı Bakı üçün, xalqımız və cəmiyyətimiz
üçün təbii haldır. Ona
görə də arxitektorun alov dillərinin proyeksiya
olunduğu və onların xüsusilə gecələr məşəl
kimi "yandığı" binalar kompleksi ucaltmaq ideyası
şəhərə xüsusi görkəm verir. Ancaq bizim ənənəvi rəmzlərimiz də
vardır. Bu, ilk növbədə, orta əsrlər
abidəsi olan Qız qalasıdır. Köhnə
şəhərdə gəzərkən orta əsr mühitinə
düşürsən, lakin yolu keçib sahilyanı
küçəyə çıxmaq kifayətdir ki,
özünü müasir şəhərdə hiss edəsən.
-
Və nəhəng Bayraq görünür. Deyirlər ki,
dünyada ən böyük dövlət
Bayrağıdır...
- Əlbəttə, onun dünyada ən
böyük olması məqsəd deyildi.
Məqsəd bu ərazinin görkəmini dəyişmək,
abadlaşdırmaq idi. Axı, əvvəllər
bu rayonda zavodlar və hərbi dəniz bazası yerləşirdi.
Onu biz başqa yerə köçürdük,
indi burada, Bayrağın yaxınlığında təqribən
5 hektar sahədə Dövlət Bayrağı Muzeyi də fəaliyyət
göstərir. Bu kompleksin ətrafında
ümumi ərazi 60 hektardır. Bundan ötrü biz dənizkənarı
bulvarın uzunluğunu 3,5 kilometrdən 14
kilometrə çatdırdıq! Düz də
etdik. Çünki bura çox əlverişli
yerdir, demək olar ki, şəhərin hər bir nöqtəsindən
görünür.
- "Alov qüllələri" və
Bayraq yəqin ki, azərbaycanlıların milli
özünüdərkinin möhkəmlənməsinə xidmət
edən rəmzlərdir.
- Şübhəsiz.
-
Bizdə - Rusiyada artıq 20 il olar ki, milli
ideyamız nədir - sualı ətrafında baş
sındırırlar. Bəs, siz öz milli
ideyanızı necə ifadə edirsiniz?
- İlk növbədə, bu, müstəqillikdir.
Ötən əsrin 90-cı illərinin əvvəllərini
müxtəlif cür qəbul etmək olar. Lakin hər şeydən əvvəl, bu, müstəqillik
əldə etmək şansı qazanmaq və müstəqil
Azərbaycan dövlətini qurmaq məqamı idi. XX əsrin
əvvəlində də bizim belə təcrübəmiz
olmuşdu, lakin qısamüddətli, cəmi 2 il.
Azərbaycanın müstəqillik
ideyasının inkişafı və azərbaycanlıların
identifikasiyası ölkənin uğurlu inkişafına əsaslanır.
Müstəqillik illərində, - bu, hələ qısa bir
müddət, cəmi 21 ildir, - ictimai sistemin və iqtisadi əlaqələrin
tam transformasiyası baş verdi. Bu gün Azərbaycan regionda və dünyada möhkəm
mövqeləri olan dövlətdir. Bir qədər
əvvəl Azərbaycanın Birləşmiş Millətlər
Təşkilatının Təhlükəsizlik
Şurasına qeyri-daimi üzv seçilməsi isə bu
qurumun 5 daimi üzvü sırasına daxil olmayan hər
hansı dövlətin beynəlxalq fəallığının
zirvəsidir. Əlbəttə ki, bu fonda bayraq, gerb, himn
kimi dövlət rəmzləri, həmçinin
Bakının və digər şəhərlərin
simasının dəyişməsi gənclərin vətənpərvərlik,
Vətənə məhəbbət, öz ölkəsinə
görə qürur hissi keçirmək ruhunda tərbiyə
olunması, cəmiyyətdə müsbət əhval-ruhiyyənin
yaradılması vasitəsidir. Azərbaycanda
ictimai şüur, insanların əhval-ruhiyyəsi,
onların, xüsusilə gənclərin həyata münasibəti
çox müsbətdir, siz yəqin ki, bunu hiss etdiniz. Axı, vacib olan təkcə statistik göstəricilər
və ümumi daxili məhsul deyil, həmçinin
insanların özlərini necə hiss etmələridir.
-
Mən bunu həqiqətən də hiss etdim. Bu
mənə Sizin MDBMİ-də dərs dediyiniz illərdə
ölkədə, gənclərdə fəal həyat
mövqeyi formalaşdırmağa dair göstərişin
olduğunu xatırladır. Bu, yəqin ki, Sizin yadınızdadır?
-
Yadımdadır, düzgün göstərişdir! Mən onu
alqışlayıram!
-
Dərs demək asan məsələ deyil, hətta bəziləri
hesab edirlər ki, qədri bilinməyən işdir. Digər tərəfdən
isə güclü enerji mübadiləsidir!
-
Razıyam, mən dərs deməyə institutu bitirəndən
bir neçə il sonra, hələ aspirant
ikən başladım. Mən tələbələrin
hisslərini gözəl başa düşürdüm, demək
olar ki, qəlbən hələ onların, auditoriyada
oturanların yanında idim. Odur ki, mən
daim onlara kömək etməyə, dəstək olmağa, hətta
qiymətlərini bir qədər artırmağa
çalışırdım. Düşünürəm
ki, mən pis müəllim deyildim və o vaxtları
yaxşı xatırlayıram. Ancaq bu gün forum
vaxtı dərs dediyim uşaqlar mənə yaxınlaşanda
açığını deyim, hamını xatırlaya
bilmirdim - mənim tələbələrim çox idi! Onlar təkcə Moskvada, Rusiyanın digər şəhərlərində
deyil, Mərkəzi Avropa ölkələrində də
yaşayır və işləyirlər. Mən hər dəfə
onlara rast gələndə həqiqi mənada yaxşı
hisslər keçirirəm! Əlbəttə
ki, forumda köhnə institut dostlarımla çox
böyük sevinclə görüşdüm. Məsələn,
Sergey Abakumovla. O, komsomol təşkilatının katibi, mən
isə tələbə idim, amma biz dostluq edirdik. Yeri gəlmişkən, onun bizim forumun keçirilməsində
böyük rolu vardır. Mən bir yerdə oxuduğum,
daha sonra işlədiyim bir çoxlarını da yada sala bilərəm,
həyatımın 15 ili institutla
bağlıdır!
-
MDBMİ-dəki yeniliklərdən nə dərəcədə
xəbərdarsınız? Bizim saytımıza
daxil olursunuzmu? Rektor A.V.Torkunov yeni müddətə
seçiləndən sonra universitetin qarşısında
iddialı yeniləşmə vəzifələri qoymuşdur.
- Əfsus ki, sayta çoxdandır
baxmıram, ancaq rektorla mütəmadi əlaqə
saxlayıram, son illər Anatoli Vasiliyeviç dəfələrlə
Bakıda olmuşdur. O, məni yeniliklər
barədə məlumatlandırır. Amma deyə
bilmərəm ki, institutun gündəlik fəaliyyətini izləyirəm
- sadəcə, buna vaxt yoxdur.
-
2014-cü ildə MDBMİ 70 illik yubileyini qeyd edəcəkdir.
Altmış illikdə Sizin
çıxışınızı xatırlayıram, bu, əsl
hadisə idi. Qarşıdan gələn
yubileydə çıxış etməyi
planlaşdırırsınızmı?
-
Bilirsiniz, mən 1984-cü ildə MDBMİ-nin 40 illik yubiley
bayramında iştirak etmişdim. Mərasim
İttifaqlar Evinin Sütunlu zalında təşkil
olunmuşdu. Düzdür, mən o vaxt
zalda əyləşmişdim, çünki hələ
aspirant idim. Bayram mərasimini isə Nikolay
İvanoviç Lebedev aparırdı. 1994-cü
ildə təntənələrdə iştirak etməyə
imkanım yox idi, 2004-cü ildə, doğru qeyd etdiyiniz kimi,
yubileydə çıxış etmişdim. Odur ki, 2014-cü ildə imkan olsa,
çıxış etməyə şad olaram.
-
Forum başa çatdı və ünsiyyətdə olmaq
çox gözəl idi! Sizcə, bu forum
MDBMİ həmrəyliyinin inkişafına təkan verdimi?
-
Bəri başdan deyim, şübhəsiz ki, verdi.
Bu, institutumuzun tarixində rəmzi hadisədir.
Forum göstərdi ki, biz bir yerdəyik və
bir-birimizlə əlaqələri həqiqətən də
itirməmişik. Bəlkə də belə
geniş tərkibdə görüşmürdük, lakin əminəm
və öz təcrübəmdən bilirəm ki, biz heç
vaxt əlaqələrimizi itirməmişdik. Yəni,
birincisi, forum göstərdi ki, bizim bir yerə
yığışmağa böyük həvəsimiz var. O,
bizim - müxtəlif sahələrdə: siyasətdə,
diplomatiyada, biznesdə, jurnalistikada və digər sahələrdə
böyük uğurlar qazanmış bir çox insanların birliyini
göstərdi. Bu, bir daha təhsilin yüksək
səviyyəsinə dəlalət edir. İkincisi, forum
bizə MDBMİ-yə münasibətimizi, instituta sevgimizi
nümayiş etdirməyə imkan verdi. İnkişaf nədədir? Düşünürəm
ki, gələcəkdə biz forumu - əlbəttə,
MDBMİ rəhbərliyi ilə məsləhətləşmələrdən
sonra - diskussiya meydanına transformasiya edəcəyik.
Diskussiyalar əsasında ola bilsin ki,
mühüm xarici siyasi təşəbbüslər işlənib
hazırlanacaqdır.
-
Yəni, bu, daha çox işgüzar görüş olacaq, nəinki
sadəcə, xoş ünsiyyət?
-
Əlbəttə, işgüzar, həm də xoş ovqat
yaradan görüş! Bakıda forum
iştirakçılarının həm istirahət etmək,
həm şəhəri gəzmək, həm cavanlıqda
olduğu kimi dost masası arxasında oturmaq, həm də
müasir beynəlxalq münasibətlərin mühüm məsələlərini,
ekologiya, təhsil problemlərini və s. müzakirə etmək
imkanı oldu. Gələcəkdə bu
diskussiyalarda iştirak etmək üçün foruma
MDBMİ-yə aidiyyəti olmayan tanınmış siyasətçiləri,
ictimai xadimləri dəvət etmək olar. Mən forumun gələcəyini belə
görürəm. Forumdakı
çıxışımda mən bundan sonra da MDBMİ-nin forumlarının Bakıda keçirilməsinə
hazır olduğumuzu bildirdim. Biz çoxlu belə tədbirlər
keçiririk - bir neçə gün bundan əvvəl Davos
Forumuna ev sahibliyi etmişdik, keçən
il Krans Montana Forumu oldu. Biz Sivilizasiyaların Alyansı -
Ümumdünya Mədəniyyətlərarası Dialoq
Forumunu, digər beynəlxalq tədbirləri keçiririk. Düşünürəm ki, MDBMİ Forumu bu
sırada öz layiqli yerini tutacaqdır.
-
Mən gördüm ki, Sizin ideyanız
auditoriya tərəfindən bəyənildi. Burada təəccüblü
bir şey yoxdur, Forum yüksək səviyyədə
keçirilmişdir.
- Zənnimcə, əgər
səsvermə keçirsəydik, auditoriyanın tam əksəriyyəti
lehinə səs verəcəkdi!
Azərbaycan. - 2013.- 13 avqust.- S. 6.