ABŞ-da nəşr edilən «The Hill» qəzetində «Azərbaycan demokratiyaya doğru irəliləyir» sərlövhəli məqalə dərc olunmuşdur

 

ABŞ-da nəşr edilən nüfuzlu "The Hill" qəzetində Bill Klintonun prezidentliyi dövründə Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri olmuş Robert Ceyms UilsininSiyasi Araşdırmalar üzrə Potomak İnstitutunun böyük elmi əməkdaşı  Devid Smitin həmmüəllifliyi ilə "Azərbaycan demokratiyaya doğru irəliləyir" sərlövhəli məqalə dərc olunmuşdur.

Məqalədə bu ilin oktyabrında Azərbaycanda keçiriləcək prezident seçkilərindən, həmin seçkiləri mindən çox  jurnalistin, müşahidəçi və qeyri-hökumət təşkilatı nümayəndəsinin  işıqlandıracağından və müşahidə edəcəyindən danışılır.

Müəlliflər yazırlar ki, Azərbaycan sabit demokratik cəmiyyət quruculuğunu davam etdirməyə imkan verən həqiqi demokratik ənənələr, təhsil səviyyəsinin yüksək göstəriciləri, dünyəvilik ənənələrinə sadiqlik, mötədillik və qarşılıqlı ehtiram, nəzərəçarpacaq  iqtisadi inkişaf və ölkənin Şərq ilə Qərb arasında ticarət üçün  əlverişli coğrafi mövqeyi kimi bir sıra mühüm amillərə malikdir. Materialda deyilir ki, Azərbaycan xalqı 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra bu zəngin ənənələrdən liberallaşdırma və islahatlar üçün istifadə etməyə başlamışdır.

Məqalədə 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin qısa tarixindən və həmin dövrdə formalaşmış,   1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra respublikada demokratik meyillərin təməli olmuş demokratik ənənələrdən söz açılmışdır.

Məqalə müəllifləri bildirirlər ki, hazırda Azərbaycanda əhalinin savadlılıq səviyyəsi 99,8 faiz təşkil edir. Son on ildə dövlətin təhsil sahəsinə ayırdığı vəsaitin həcmi beş dəfə artırılmışdır. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasına müvafiq olaraq bu ölkədə təhsil sistemi 2020-ci ilədək Qərb-Avropa standartlarına uyğunlaşdırılacaqdır. Vaxtilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən yaradılmış Dövlət Neft Fondu  azərbaycanlı tələbələrin xarici ölkələrdə təhsilini maliyyələşdirməyə 78 milyon dollar vəsait yatırmışdır.

Sonda R.C.UilyamD.Smit tranzit mərkəz kimi Bakının rolunu xüsusi vurğulayaraq bildirirlər ki, burada  mal və iqtisadiyyatın müxtəlif sahələri üçün material bazarı sürətlə inkişaf edir. Bakı NATO-nun Əfqanıstandakı missiyası üçün  yükdaşımaların əsas tranzit mərkəzidir. Bu amil təhlükəsizlik sahəsində  mühüm tərəfdaş kimi Azərbaycanın Birləşmiş Ştatlar üçün əhəmiyyətini daha da artırır.

 

Yusif BABANLI,

 

AzərTAc

 

Vaşinqton

 

Azərbaycan. - 2013.- 13 avqust.- S. 6.