ÜMİD
ÇIRAĞI
I
yazı
...Səmimi
etirafımı qəbul edin, boynuma alım ki, bu mövzuda, dərdli-ələmli
bir səpkidə yazmaq çox çətindir mənim
üçün. Əzablıdır...
Bəlkə, bu yazıda fikirlərimə bələdçilik
edən minlərlə insanın taleyi ilə birgə, öz
taleyim də var, ona görə?!.
Onların hüquqi statusunu müəyyənləşdirən
"qaçqın" və "məcburi
köçkün" kəlmələri, əslində, mənim
də siyasi taleyimin başlanğıcıdır.
Zamanın
amansız bir vədəsində yuvasından perik
düşmüş bu insanlarla bir arada keçirdiyim illər,
onların yaşantılarından, məşəqqətlərindən,
dərd və nisgilindən, gözləntilərindən
yaddaşıma hopmuş epizodlar, cild-cild romanlara mövzu ola bilər.
Hələliksə
o talelərin salnaməsinə uğurlu bir başlanğıc
axtarışındayam, nədən yazacağımı illərdən
bəri niyyət etsəm də, necə yazacağım
qaranlıq kimi qarşımdakı ağ vərəqlərin
üzərinə çöküb.
...Bir an düşüncələrimdə
şölələnən kənd
çırağının işığı xəyalımı
öz ardınca alıb aparır. Bu işıq günlərin
birində Naxçıvanda keçirdiyimiz unudulmaz gecənin
nurunu bir an belə azaltmayıb...
Həmin gecə
böyük dövlətçilik ustadı Heydər
Əliyevin əfsanəvi şəxsiyyətini bütün əzəməti
ilə gözlərimiz önündə əks etdirən
fitili közərən çıraq indi o gecədən
başlayıb davam edən bütöv bir tarixə
işıq salır.
İndi o Çıraq
bütöv həyatımızı, Azərbaycanımızı
işıqlandırır...
Ulu öndər
Heydər Əliyevin, Azərbaycan Prezidenti cənab İlham
Əliyevin müddətcə o qədər də uzun olmayan bu
zamana sığdıra bildikləri möhtəşəm
işlər, xoş əməllər bu işıqda kino lenti
kimi birər-birər gözlərimin önündən
keçir...
...Və qeyri-ixtiyari
düşünürəm ki, bu YAZI da yaddaşımda nur
saçan o
çırağın şöləsi kimi iki
parçadan, iki yarpaqdan ibarət olmalıdır...
***
...93-cü ilin isti yay
günlərindən birində, təsadüfən, kimsə dəhşətli
bir hadisə danışmışdı və həmin hadisəni
dinləyərkən elə bilmişdim ki, o an dünyada məndən
kədərli adam yoxdur...
Onda Azərbaycanın
üzləşdiyi vətəndaş müharibəsi təhlükəsinin
ən gərgin məqamları idi. Gücü
ancaq evindəki qiymətdə ağır, vəzndə
yüngül nələrisə götürüb nisbətən
təhlükəsiz bir yerə pənah gətirməyə
çatan və bununla da qaçqınlıq taleyinə məhkum
edilən soydaşlarımız sapı üzülmüş
danələr kimi Vətənin müxtəlif səmtlərinə
səpələnirdilər...
Baş verənlər
hamını şaşırmışdı, hadisələrin
sürətli gözlənilməzliyi insanların onlarla necə
davranacaqları sualını getdikcə çətinləşdirirdi...
Belə məqamlarda həmişə
kara gələn minillik adət-ənənələr də
indi hər kəs üçün tamam yeni olan
çıxılmaz vəziyyətə müvafiq deyildi.
Adət-ənənələr
bizə gələn "qonağı" hörmətlə
qarşılayıb layiqincə ağırlamağı
öyrətmişdi və insanlar buna dayanaraq, sayları
gündən-günə artan qaçqın ailələrini
isti qarşılayırdılar, amma hər kəsin də
içində yurd yerinə mümkün qədər tez getmək
istəyi, qayğısı vardı... Şuşanın Qala
qapısından Qala dərəsinə, Laçının
Güləbirtindən Lolabağırlısına,
Xocalının Əsgəranından Şuşasına, Xocavəndin
Muğanlısından Tuğuna, Kəlbəcərin Çərəkdarından
Zəyliyinə, Ağdamın Qərvəndindən
Əhmədavarına, Qubadlının Zilanlısından
Basaratına, Zəngilanın Zərnəlisindən Baş
Ağalısına, Cəbrayılın Cocuq Mərcanlısından
Qumlağına, Füzulinin Mirzənağılısından
Zərgər Dilağardasına kimi hamının içində
bu istək vardı...
Nə etməli, yaşam tərzi
belə diktə edirdi...
Biz adət-ənənələr
içində bir-birimizə qarşı dözümlü
olmağa, səbr göstərməyə, son tikəmizi də
ehtiyacı olan yaxınlarımıza güzəştə
getməyə öyrənmişdik, amma indi bəzən ailə
üzvlərini ölkənin müxtəlif səmtlərindən
bir-bir tapıb
aylar sonra bir yerə toplamağa müyəssər olan ailə
başçılarında səbr, dözüm
qalmamışdı, hər kəs öz canının, öz
başının hayındaydı.
700 min məcburi
köçkün...
İlk
vaxtlar əlacsızlıqdan onlar ağlagələn, əlyetən,
daldalanması mümkün olan hər yerdə məskunlaşırdılar...
12 çadır düşərgəsində, 16 fin tipli
yığma evlərdən ibarət qəsəbədə,
fermalarda, yeraltı qazmalarda, dəmiryolları üzərindəki
yük vaqonlarında, ictimai və alayarımçıq binalarda,
yataqxanalarda, təhsil müəssisələrinə məxsus
tikililərdə, uşaq bağçalarında,
sanatoriyalarda, pansionatlarda, istirahət evlərində, turist
bazalarında, qohum evlərində, kommunal şəraiti
olmayan, sanitar normalara cavab verməyən daldanacaqlarda...
Respublikanın 62 şəhər və rayonunda, 1600-dən
çox sıx məskunlaşma obyektində...
Kim harada gəldi -
daldalanmaq və gecələmək lazım idi...
...Və o
çətin günlərin birində kimdənsə eşidəndə
ki, bərəkətli olduğu qədər də yayı isti
Muğan çöllərində məskunlaşmağa gələn
məcburi köçkün ailələri, öz
barxanasını altına yığmaq üçün
kölgəli bir ağac üstündə bir-biri ilə
mübahisəyə qalxır, bir an dünyanın qopduğunu,
göydə günəşin söndüyünü və
işıqla birgə özümün də Yer
üzünü tərk etdiyimi
düşünmüşdüm...
Çünki
mən o ellərin başqa günlərini
görmüşdüm, qart çay daşlarından
tikilmiş, qonaq-qarası bir gün də əskik olmayan
altlı-üstlü, cağlı-tağlı evlərdə,
imarətlərdə qurulan büsatlara şahid olmuşdum, yay
vaxtı sərin yaylaqlarda, diş göynədən bulaqlar
üstündə suyu göz yaşı kimi dumduru, içindəki balıqlar
sudan az qala birbaşa süfrəyə atılan dağ
çaylarının qırağında açılan məclislərdə
çörək kəsmişdim, min cür nemətli: bulama,
kətəməz, pendir, nehrə yağı və ayranı,
ağızkəsməs qayçı qatıq dolu süfrələr görmüşdüm, qəlbləri
də o dağların geniş sinəsi kimi açıq olan,
saf olan insanların qələbəliyinə
qarışmışdım və o günləri
yaşamış adamların indi kölgəsinə
sığınmaq üçün bir ağacın
üstündə bir-biri ilə
öcəşməsi mənim üçün həqiqətən
dünyanın sonu demək idi.
Amma elə o an içimdə
işaran Ümid Çırağı ürəyimə
söykək olub, dünyamı dağılmaqdan
saxlamışdı...
93-cü ilin isti yay
günlərində içimdəki dünyanı qoruyub ən
son ümidimin ardınca özümü də ölməyə
qoymayan o işıq böyük dövlətçilik
ustadının - Heydər Əliyevin hakimiyyətə
qayıdışı idi...
...Bu xatirələrin
içərisində şəhid atası İsgəndər
kişi yadıma düşür. Qubadlılı el
ağsaqqalı. Rahat mənzilində qonağı olduğum
İsgəndər kişi. Və onun emosional
danışığı, təəssüratlarımdakı
isti, ərkyana sözlər...
"Yadındamı,
qardaşoğlu, - mənə deyir və çayından bir
qurtum içib çoşğun səsi ilə davam edir, - o
vaxt hərc-mərclik tüğyan edəndə
Naxçıvana, Heydər Əliyev yoldaşa teleqram
vurmuşdum ki, a kişi, gəl dövlətə sahib
çıx, camaatı bu fəlakətdən xilas elə, bunu başqa kimsə
bacaran deyil..."
Bu ucaboylu kişi
ömrünün bu əlamətdar anını şövqlə
yada saldıqca, sözlərin hərarətindən az qala sinəsi
alışıb körüklənir, iri, ala gözləri
şölələnir.
...Düşünürəm
ki, o zaman Heydər Əliyevin adı tək mənim yox, mənim
kimi milyonlarla Azərbaycan insanının içindəki
dünyanı dağılmağa qoymamışdı...
***
Rəqəmlər talelərə
qarşı bəzən o qədər etinasız olur ki...
Ömürlüyü
ilə az qala bütöv bir dünya yaratmış
insanların başdaşları üzərindəki cəmi səkkiz
rəqəmlik tarixləri oxuyunca, onların həyatdan
köçməsi barədə iki, üç sətirlik xəbərləri
dinləyincə, dünyada baş verən və yüzminlərlə
insanın
həyatı bahasına başa gələn müharibələr,
təbii fəlakətlər, qəzalar haqqında statistik məlumatlarla
tanış olunca xüsusən tez-tez fikirləşirəm
bunu...
Masamın üzərində
isə yenə rəqəmlərdir...
Yeni tarixin rəqəmləri...
Bayaqdan gözlərimi
onlara zilləyib fikrimdə dağı arana, aranı dağa
daşıyıram...
Bu rəqəmlər Azərbaycanın
XX əsr tarixinin ən faciəli səhifələrini
xatırladır. Ermənilərin min fitnə-fəsadla 1905,
1918-1920, 1948-1953 və 1988-1993-cü illərdə doğma
yurdlarından didərgin saldıqları milyonlarla azərbaycanlının
məşəqqətləri var bu rəqəmlərdə...
Rəqəmlərin əks
olunduğu sətirlərin arxasından sınıq talelər
boylanır, sətirlər o ağrı-acılara qucaq
açmış insanların yaşantıları kimi
keçir gözlərimin önündən. Ermənistanın
1988-1992-ci illərdə planlı şəkildə həyata
keçirdyi son etnik təmizləmə siyasəti nəticəsində,
tarixən həmin ərazidə yaşamış 250 min nəfər
azərbaycanlının son nəfərinədək öz
doğma yurdlarından zorla qovulması, Azərbaycana pənah
gətirməsi faktını oxuyuram.
1988-ci ildən
Ermənistan silahlı birləşmələrinin hərbi təcavüzü
nəticəsində Azərbaycanın işğal edilmiş ən
məhsuldar torpaqlarının
ümumi sahəsinə, dağıdılmış 900
yaşayış məntəqəsinin, 130939 evin, 2389 sənaye
və kənd təsərrüfatı obyektinin, təhsil, səhiyyə, mədəniyyət
müəssisələrinin, yolların, körpülərin,
kommunikasiya xətlərinin, muzeylərin, rəsm
qalereyalarının, kitabxanaların, yandırılmış
kitabların, misilsiz əlyazma nümunələrinin ürək
dağlayan statistikasına təkrar diqqət yetirirəm.
Münaqişənin bir də bu rəqəmlərlə rəsmini
cızmağa çalışıram...
Kiçik yazı
masasının üzərindəki bir parça kağıza
səpələnmiş, adidən-adi, qupquru rəqəmlər...
Yox, yox, belə deyil, çox hüznlü və
üzüntülüdür bu rəqəmlər...
Rəqəmlərin
o biri üzündən qaraörpəkli Nazilə
Tağıyevanın hüznlü surəti, əyilmiş qəddi
tarixin xəcalətli portreti kimi boylanır, olub-keçənlərin
günahsız insanların həyatında
açdığı izlər Ağdamın Gülablı kəndindən
olan dörd uşaq anasının cavankən solmuş çöhrəsindəki
dərin qırışlarda rəqəmlərdən daha
aydın dillə ifadə olunur: "92-də kəndimiz
alınan gün ermənilər yoldaşımı
öldürdülər, dörd balamla başımı
götürüb qaçdım. Uşaqlardan
böyüyünün o vaxt cəmi 11 yaşı vardı.
Qızımın həmin gün atasının cənazəsinin
üstündə çəkdiyi nalə hələ
qulaqlarımdadır. Hər gün eşidirəm o naləni...
Hər gün..." - səsi
qırılır Nazilə ananın, örpəyinin ucu ilə
nəmli gözlərini qurulayır: "Həmin il balaca
qızım birinci sinfə gedirdi, uşaq nisgildən
darıxmasın deyə mən də onunla məktəbə
gedib dərs bitənə qədər sinifdə əyləşirdim,
başım nələr çəkdi mənim, ay qardaş, nələr
çəkdi!.."
Hər birini
minlərlə ananın hüznlü çöhrəsində
oxumadıqca, hər biri birər-birər başına gəlməyincə,
kim deyər ki, masa üzərindəki kağızlara səpələnmiş
rəqəmlər, sadəcə, bir-birinin böyrünə
qısılmış qrafik işarələr deyil, onlar qədər komanın
yıxılmasıdır, onlar qədər ailənin faciəsidir,
onlar qədər insanın ağrı-acılarıdır...
Amma biz o quru rəqəmlərin
nakam taleyinin hər birini yaşamışıq axı...
Yaşlı gözlərimizlə, dərdli ürəyimizlə...
Hər birinin
sızıltısını qəlbimizdə hiss etmişik, ərşə
çəkilən,
qatıb-qarışdırdığımız yuxular
qürub çağınadək uzanıb gedib...
***
...İkimizik. Süfrədə
çaya da əl vurmuruq. Şuşa şəhər 19
nömrəli məktəbin direktoru, əməkdar müəllim
Rəfail Məmmədov indi Bərdədə məskunlaşıb.
Köhnə xatirələr çözələnir...
"...Evimiz Şuşada
Meydan bulağı tərəfdə
idi, Yuxarı Gövhərağa məscidinin yanında...
Küçələrə ağ daşlar döşənmişdi.
Yağış yağanda ağappaq ağarırdı.
Hamısı indiyəcən bir-bir yadımdadır. Adam ürəyinin
döyüntüsünü necə duyar, bax, mən də o
daşları elə hiss edirəm... Üstlərində o qədər
addımlamışdım ki... Hərdən məsafəni,
vaxtı da onlarla ölçürdüm. İndi də yol gedəndə
elə bilirəm, o daşların üstündə yeriyirəm...
Tez-tez yuxuma girir o daşlar..."
Ömrün
ixtiyar çağlarını yaşayan ziyalı
Şuşanın küçələrinə döşənmiş ağ daşlar haqqında doğma
övladları kimi danışır, doluxsunmuş ala gözlərindən
ürəyimə tökülən nisgildən
için-için qovruluram, onun qubarlı xatirələrində
ağaran daşlar bir-bir mənim də ürəyimin qan gətirən
yollarına səpələnir. Və elə bil ki, ürəyimin
də, ayaqlarımın da, yazacağım sözlərimin də
ritminə uyğun düzmüşlər bu daşları...
Görəsən,
kim deyir, insanın xatirələrini əlindən almaq olmaz?!
Əgər bir zamanlar o xatirələrin
yaşandığı ünvanlara doğru aparan yollar
üzünə bağlanıbsa, əgər o xatirələrdən
sətir-sətir keçən cığırları indi ot
basıbsa, bu xatirələrin qəsb olunması deyilmi?!
Kəndimizi sübhün
bu vədəsində xəyalən ev-ev, küçə-küçə,
çəpər-çəpər dolaşıb,
yaddaşımın içində yoxa çıxmaq,
unutduğum o səsi yaddaşımın içində aramaq
istəyirəm. Amma artıq yaddaşımda da yoxdur o səs,
ömrümün böyük hissəsini keçirdiyim
paytaxtın səs-küyündə itib gedib, heç əzəldən
yoxmuş elə bil...
Yoxsa xatirələrin
itirilməsi birinci səsləri unutmaqdan başlayır?!
İnsanın xatirələrini
qəsb eləmək dünyanın ən dəhşətli
cinayətidir!..
Erməni qəsbkarlarının
boynunda torpaqlarımızın işğalı, bizə
qarşı törədilmiş soyqırımılar, 20 min
azərbaycanlının qətlə yetirilməsi, 100 min
soydaşımızın yaralanması, 50 min nəfərin əlil
olması, minlərlə vətəndaşımızın əsir
alınaraq min bir zülmə-işgəncəyə
məruz qoyulması və daha neçə-neçə bəşəri
cinayətlərlə yanaşı, bir də bizim itirilmiş
xatirələrimizin günahı var...
İnşallah, biz bunun cəzasını
günahkarlarına çəkdirəcəyik!..
***
Doğma, qətiyyətli
kəlmələr yaddaşımda böyük dövlət
adamının - Heydər Əliyevin müqəddəs vəsiyyəti
kimi eşidilir: "Ermənistanın işğalçı
qüvvələri heç vaxt düşünməsinlər
ki, hər şey belə qalacaqdır. Yox! Bizim Azərbaycan
rayonlarından zorla çıxarılmış
soydaşlarımız öz yerlərinə, yurdlarına
qayıdacaqlar... Qarabağ məsələsi bizim əsas
problemimizdir, ağrılı problemimizdir, ürək
ağrımızdır..."
Bizi bu
missiyaya hazırlamaq üçün ulu öndər hər
şeyi etdi, pərən-pərən düşmüş
çaşqın cəmiyyəti toparladı, ayaq üstə
qaldırdı, yol göstərdi, istiqamət verdi,
qaçqın və məcburi köçkünlərin
problemlərini ölkənin bir nömrəli problemi
adlandırdı və
həmin problemlərin həllini Azərbaycan dövlətinin
gündəlik qayğısına çevirdi, beynəlxalq
toplantılarda, yerli tədbirlərdə hər zaman dilə gətirdi,
var səsi ilə hayqırdı...
Şahidi
olduğum məqamları yada salınca, indi
düşünürəm ki, Heydər Əliyevin
qaçqın və məcburi köçkünlərə
olan münasibəti təkcə bir dövlət
adamının öz vətəndaşlarının xüsusi
diqqətə möhtac kəsiminə qayğısı
deyildi, əslində, bu,
bir ATAnın öz qayğı və köməyə
ehtiyacı olan övladına şəfqəti, həssaslığı,
ona verdiyi isti sevgisi və dəstəyi idi...
Heydər Əliyev Azərbaycan
vətəndaşlarının Vətən, torpaq dərdinə
öz dərdi kimi yanaşırdı, bu acıları öz
acıları kimi qəbul edirdi...
Heydər
Əliyev doğma ocaqlarını tərk edərkən ən
qiymətli əşya kimi kitab-dəftərlərini
götürən, ən şəraitsiz yerlərdə də
təhsilinə davam edən, parta əvəzi palçıq
döşəmələrin, o da olmayanda dizlərinin
üstündə yazıb-oxuyan məcburi köçkün
uşaqlarının
ali məktəblərdə təhsil alıb gələcəkdə
bir tikə çörək yiyəsi olmalarından
ötrü əsl ata qayğısı ilə onların hər
il təhsil haqlarından azad edilməsi ənənəsinin əsasını
qoydu...
Onların ərzaqla
təminatını dövlət öz üzərinə
götürdü, məcburi köçkünlər tərəfindən
istifadə edilən kommunal xidmətlərə görə
ödənişlərin dövlət tərəfindən
ödənilməsi təmin olundu, vaxtilə büdcədən
maliyyələşdirilən müəssisələrdə,
təşkilatlarda çalışmış, özlərindən
asılı olmayan səbəblərə görə iş
yerlərindən məhrum olmuş və işlə təmin
olunmayan 11 min nəfərədək məcburi köçkünə orta aylıq
əməkhaqqının ödənilməsi davam etdirildi.
Beynəlxalq
konfranslarda, qaçqın və məcburi köçkünlərlə
20-dən çox görüşdə, çadır
düşərgələrinə səfərlərində,
qaçqınlar üçün yeni salınmış qəsəbələrin
açılışında Heydər Əliyevin söylədiyi
ümid dolu kəlmələri xatırlayıram. Belə
görüşlərin birində qəsəbədə sac
üstündə təzə yayılmış isti kənd
yuxasını qərib ellərimizin itirilməmiş bərəkəti,
halallığı, dadı-tamı kimi məmnunluqla
dadmasını yada salıram, 1999-cu ilin 19 mart günü
Novruz bayramı qabağı Biləsuvar rayonu ərazisindəki
çadır düşərgələrində müvəqqəti
məskunlaşmış 4 məcburi köçkün gəncin
toy mərasimi yadıma düşür, Heydər Əliyevin həmin
toyda verdiyi ATA xeyir-duası səmimiyyəti ilə qəlbimi
isidir.
Çadır
şəhərciyində məskunlaşmış vətəndaşlarımızın
bütün yaşananlara rəğmən bədbinliyə
qapılmaması, insanların ruhi sağlamlığı,
ağır dərdin, qəmin içində belə öz
sevinclərini, məhəbbətlərini yaşamağa
güc tapması, oğul evləndirib,
qız köçürməsi ümummilli lideri çox
mütəəssir etmişdi onda, qəlbi
açılmışdı və dörd gəncin ən
xoşbəxt dəqiqələrinin fərəhini paylaşan
qəlb əfsanəvi ömrün unudulmaz xatirələrinə
də bələdçilik edirdi: "Mən həyatımda
demək olar, heç bir toyda olmamışam. Mənim həyatım
belə gətiribdir. Bəlkə də gənc
yaşlarımda toyda olmuşam, amma sonra dövlət işləri
ilə məşğul olduğuma görə toy mərasimlərinə
getməyə imkan tapmamışam. Bu gün sizə bildirmək
istəyirəm ki, hətta mənim oğlum da, qızım da
ailə qurarkən mən onlara toy edə bilmədim. Yəni,
ona görə yox ki, imkanım yox idi. Ancaq mənim iş
şəraitim elə idi ki, hesab edirdim, onlar elə toysuz da
öz ailələrini qurub xoşbəxt ola bilərlər. Mən
bu gün sevinclə deyə bilərəm ki, toy edə bilmədimsə
də, onlar gözəl ailə qurublar, mənim nəvələrim
var, xoşbəxt yaşayırlar..."
Ulu öndər
ömür-gün yoldaşı, gözəl insan Zərifə
xanımla nikah mərasimi barədə xatirələrini də
bölüşmüşdü o toyda və indi həmin o qənimət cümlələri
böyük şəxsiyyətin doğma səsində, nurlu
gözlərindəki mehribanlığın, səmimiyyətin, təmiz
çöhrəsindəki təbəssümün
işığında oxuyunca bu təbəssümdən mənə
də pay düşür: "Mərhum həyat
yoldaşım Zərifə xanımla biz iki-üç il idi
ki, evlənmək istəyirdik. Amma o vaxt şəraitimiz yox
idi. ...Mənim evim yox idi. Ona görə də biz iki il
gözləməli olduq ki, mən ev alım. Mən sonra ikiotaqlı
ev aldım. Demək, evlənmək mümkün idi. O vaxt bir
siyasi məsələ də var idi, onu bu gün burada deməyin
yeri yoxdur. O zaman - 1950-ci ilin əvvəllərində
totalitar rejimin ən qatı vaxtı idi. Bir
sıra dairələr bəzi siyasi səbəblərə
görə bizim evlənməyimizə razılıq vermirdi.
Ona görə də biz müəyyən vaxt
gözlədik. 1953-cü ildə Stalin
öldü, ondan sonra ölkədə siyasi vəziyyət dəyişdi
və 1954-cü ildə mən evləndim.
Ancaq nə təhər evləndim?
Biz Bakıda şəhəri gəzirdik. O
vaxt Voroşilov küçəsi var idi, indi həmin küçə
Yusif Məmmədəliyevin adını daşıyır. Gəlib gördük ki, orada bir ZAQS şöbəsi
var. Biz həmin ZAQS-a getdik. Nə şahid,
nə də başqa iştirakçı var idi. Heç kəs yox idi. ZAQS-da bir
qadın oturmuşdu, ona dedik ki, biz kəbin kəsdirmək istəyirik.
Bildirdi ki, yaxşı, gəlin oturun. Heç üzük də yox idi. Biz oturduq. Buradakı kimi belə
təntənəli nitqlər olmadı. Həmin
qadın bizdən soruşdu ki, ailə qurmağa
razısınız? Dedik ki, bəli. Bildirdi ki, buraya imza atın, biz də imza atdıq.
Bizim kəbin kağızımızı verdilər.
Soruşdum ki, nə edək? O vaxt
"Nizami" kinoteatrının yanında bir mağaza var
idi, orada yaxşı konfet satırdılar. Yadınızdadır
ki, o zaman "Mişka" konfeti var idi, amma baha idi. Biz həmin mağazaya getdik, bir kiloqram
"Mişka" konfeti aldım. Sonra
oradan piyada dəniz kənarına gəldik. Zərifə xanımın ailəsi orada
yaşayırdı. Biz onların evinə
gəldik, Zərifə xanımın anasına və
qohumlarına dedik ki, artıq kəbin kəsdirmişik.
Bildirdim ki, bir kiloqram "Mişka" konfeti gətirmişəm
ki, ağzımızı şirin edək..."
Həmin
toyda Heydər Əliyevin verdiyi xeyir-dua qloballaşma adlı
zaman selində ailə institutu kimi ən vacib dəyərin
itirilməməsi, minillik ənənələr üzərində
qorunması, ən qiymətli miras tək nəsillərə əmanət
edilməsi üçün tarixin gələcək hər bir
dövründə bütün Azərbaycan gəncliyinə
ünvanlanmış müdrik ATA NƏSİHƏTİ kimi həmişə
xatırlanmalıdır: "Arzu edərdim ki, həyatınızda
birinci növbədə bir-birinizlə səmimi
olasınız, bir-birinizə daim yardım edəsiniz. Mənim
ən əsas tövsiyəm odur ki, bir-birinizi sevin, bir-birinizə
sədaqətli olun, valideynlərinizi unutmayın,
torpağımıza, ölkəmizə, dövlətimizə
sədaqətli olun..."
Yəqin Azərbaycanda mənim kimi
çoxları ulu öndəri ilk dəfə o toyda qol
qaldırıb rəqs edən görürdü.
Yaxşı xatırlayıram ki, onda
Heydər Əliyev ömrünün ahıl
çağlarında övlad toyunda bütün
ağrı-acılarını, dərdlərini unudub ürəklə
qol qaldıran atalar misalı yeni bir həyatın
başlanğıcında olan dörd gənclə üzbəüz
ağırləngər qollarını qaldırıb
süzürdü, isti sözləri ilə, üzündəki
fərəhlə, ilıq təbəssümlə onlara və
onların timsalında bütün Azərbaycan gənclərinə
xeyir-dua verirdi, pis günün ömrünün az
olacağına bizləri inandırırdı...
***
Pis
günün ömrü gerçəkdən uzun sürmədi...
Problemlərin həlli yönündə görülən
işlər öz bəhrəsini verdi. Azərbaycandakı
qaçqın və məcburi köçkünlərin
sosial problemlərinin operativ həlli və vahid mərkəzdən
idarə olunması məqsədilə 1998-ci ilin noyabrında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin strukturunda
Baş nazirin müavini, Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsinin sədri vəzifəsi təsis
edildi, Nazirlər Kabinetinin Aparatının strukturundakı
müvafiq şöbənin fəaliyyəti təkmilləşdi,
iş sahəsi genişləndirildi. 1999-cu il
6 dekabr tarixdə Məcburi Köçkünlərin Sosial
İnkişaf Fondu yaradıldı, bu sahədə müvafiq
hüquqi baza formalaşdırıldı. Peşəkar
təsərrüfatçı, o problemin birbaşa içində
olan səriştəli kadrlar irəli çəkildi.
1998-ci
ilin 17 sentyabrında "Qaçqınların və məcburi
köçkünlərin problemlərinin həlli üzrə
Dövlət Proqramı"nı imzalayan Heydər Əliyev
özünəməxsus qətiyyətlə çadır
düşərgələrinin ləğvi ideyasını irəli
sürdü və buna doğru ardıcıl addımlar
atdı, 2001-ci ildə Dövlət Neft Fondunun ilk vəsaitləri
qaçqın və məcburi köçkünlərin mənzil-məişət
şəraitinin yaxşılaşdırılmasına yönəldildi.
Və
ulu öndərin əzmi ilə 2003-cü ilə qədər
Azərbaycandakı 12 çadır düşərgəsindən
5-i zamanın torpağın bağrında
açdığı ağrılı yara kimi sağalıb izini itirdi...
...Ulu
öndərin qaçqın və məcburi
köçkünlərlə bağlı gördüyü
işləri əks etdirən, hələ işıq
üzü görməmiş sənədli film. Baş nazirin
müavini, Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsinin sədri Əli Həsənovun
iş otağında birgə seyr edirik. Helikopterdən
çəkilmiş kadrlar ikimizin də yurd həsrətini
qubarlandırıb. Min bir əziyyət, zəhmət
hesabına başa gəlmiş o kadrlara həyəcanlı və
kövrək nəzərlərlə baxırıq...
Mənsə, tez-tez dəyişən
kadrları seyr etdikcə, düşünürəm, onda
dövlətimiz indiki qədər varlı deyildi, ölkədə
həll ediləsi xeyli problem üst-üstə
qalaqlanmışdı və dövlət rəhbərliyi əsas
səbəbləri malliyyə çatışmazlığına
gedib çıxan bu problemlərin eyni vaxtda həllinə
çalışırdı. Heydər
Əliyevin bu qədər çətinlikləri aradan
qaldırmağa necə imkan tapmasına, qaçqın və
məcburi köçkünlərin ehtiyaclarını
qarşılamasına, üstəlik 5 çadır
düşərgəsinin on minlərlə sakinini yeni mənzillərə
köçürməyi necə çatdırmasına təəccüblənə
bilmirəm, çünki Heydər
Əliyevlə rəhbərlik etdiyi xalq arasında əbədi
sevgi vardı və bu sevgi bəzən
mümkünsüzü də mümkün edirdi...
İllər
öncə YAP-ın qurultayında Əli Həsənovun
möhtəşəm çıxışını
xatırlayıram və o çıxışdakı bir məqamı
dönə-dönə vurğulayıram: "Bütün
xalq deyir ki, Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan
yoxdur. Biz isə deyirik ki, Qarabağsız vƏ
ƏliyevlƏrsiz AzƏrbaycan ola bilmƏz!.."
Şuşa
mövzusu hər birimizin dilinin əzəl mübtədasıdır!..
"Heydər Əliyev Şuşaya Vaqifin
məqbərəsinin açılışına gəlmişdi,
82-ci ilin yanvarı idi, səhv eləmirəmsə..." -
Xoş xatirələr bayaqdan söhbət etdiyim
şuşalı Rəfail müəllimin gözlərindəki
kədəri, nisgili bir anlıq silir - "Möhkəmcə
qar yağmışdı. Xan Qızı
bulağının yanından keçəndə
maşının təkəri sürüşdü, camaat
kişini maşınqarışıq qucaqlarına alıb,
Bazarbaşı meydanına qədər apardı. Heydər
Əliyev maşından düşdü, camaatla
görüşdü, bu sevgidən, hörmətdən elə
təsirlənmişdi ki... Dağ boyda zəhmli
kişini ilk dəfə idi ki, lap yaxından
görürdüm. Necə mehriban idi, necə səmimi
idi... Bax, əsl rəhbərin sadəliyi və əsl rəhbərə
xalq sevgisi belə olar..."
Bu
insanlara yeni mənzillərində qonaq olduqca, çay süfrəsi
arxasında söhbətlərini dinlədikcə, bir anlıq
mənə elə gəlir ki, Heydər Əliyev onların həyatında,
sadəcə, ölkəyə rəhbərlik edən,
onların qayğılarını üzərinə
götürən dövlət görəvlisi olmayıb, bu
insanların hər birini adbaad tanıyıb, onlarla
görüşüb, ülfət qurub, çünki həmsöhbəti
olduğum bu kəslərin hər birinin Heydər Əliyevlə
bağlı şirin bir xatirəsi, həyatın hansısa
unudulmaz anını surətində əbədiləşdirmiş
xoş bir fotosu var...
"...Bax,
bu yoldaş Heydər Əliyevdir, bu da ki, mən...
görürsənmi?!." Füzuli
rayonunun Qadan kəndindən olan şəhid anası Nigar ana
qürurla ailə albomunun ilk səhifəsindəki fotonu nişan verib alnına dağılmış
ağ pərakəndə saçlarını kəlağayısının
altına toplayır... "39 təvəllüdəm,
qəhrəman anayam, dörd qız, altı oğul
böyütmüşəm. 6 kişinin qızı var
ey evimdə! Qaçaqaçda evimizdəki cer-cehiz 2
"KamAz"a sığmadı. Alxanlı kəndində çaxır zavodumuz
vardı. Fələyin gözü
tökülsün, kefi kök, damağı çağ
yaşayırdıq. O vaxtlar Heydər Əliyev rayona gələndə
ailəlikcə getmişdik qarşılamağa. Sonralar bu zəhirmar
qaçqınlıq dövründə görüşəndə
dedim, yoldaş Əliyev, mənə döşümdəki bu
qızıl ulduzu sən vermisən. Güldü, bax, budey, bu
şəkli çəkdirdik..."
Sonra
söhbətimiz qarşımızda dəm alan
samovar kimi tüstülənir. Qəhərimiz də
çayımız kimi qaynayır... "İki bacıyıq, hərəmiz
torpağa bir oğul qurban vermişik. Eh, ay oğul, - deyir, -
Əzrayılın payı çox, ürəyimdə
dağı çox..." Səsi quyuda
batırmış kimi lellənir. Nigar ana
yenə də özünü tox tutur. Köhnə
kənd arvadları kimi, abırlı, müdrik və
sağlam canı yerindədir - "Yenə indiki
günümüzə şükür. Hər
qapıya bir şəhid gəlirdi. O dövr hara, indiki
hara, indi qızıl al başına, gəz..."
Bu halal zəhmət adamlarında olan sevgi
tükənmək bilmir.
Əməkdar müəllim Rəhim Rəhimov
da Heydər Əliyevlə görüşüb.
1973-cü ildə, əlaçı tələbələrin
ümumrespublika toplantısında...
Hər
çətinliyə qatlaşmış Rəhim müəllim
əsassız hakimiyyət iddialarından əl çəkməyənlərin
ünvanına duzlu atmacasından da qalmır, deyir ki, əgər
Heydər Əliyevin ucaltdırıb
açılışını etdiyi binaların
qırmızı lentlərini bir yerə toplamaq mümkün
olsaydı, belə bir tarixi şəxsiyyətin qədrini bilməyənlərin
hərəsinə yaxşı bir donluq çıxardı...
Doğulduğu
Cəbrayıl rayonunun Sirik kəndinin yolları dərin
gözlərindən keçən bu nurlu, enlibilək
kişidə əsl dağ adamının cizgiləri var. Nəzərlərini
sonsuzluğa dikərək qızının kənddəki
bağlı-bağatlı həyətində əkdiyi
"XARIBÜLBÜL" çiçəyindən
danışır: "...Hər dəfə ermənilər
"Qrad" atmağa başlayanda qızım gülün
üstünə vedrə çevirirdi ki, ona bir zədə dəyməsin.
İndi yaşadığımız evin həyətində də
xarıbülbül bitirmişik ki, təsəllimizi ondan
alaq..."
...Söhbət
boyu ən çox bu insanların gözlərinə diqqət
yetirirəm, gözlərindəki yurd nisgili onları birləşdirən
ORTAQ TALEDİR...
Bu nisgilin arxasında şölələnən
işığı da görməmək mümkün deyil.
Heydər
Əliyevin inkişafa, sabitliyə, quruculuğa doğru aparan
yolda ESTAFET misalı öz layiqli siyasi
davamçısına - cənab İlham Əliyevə əmanət
etdiyi ÜMİD ÇIRAĞININ işığı...
Qaçqınlıq
və məcburi köçkünlük taleyini
bölüşən və illərin məşəqqətli
anlarından sonra indi rahat mənzillərə
köçüb yaşayan həmvətənlərimin
gün-güzaranları haqqında söhbət
açacağım növbəti, ikinci yazımda da elə bu
ÇIRAĞIN nuruna güvənirəm...
İmamverdi
İSMAYILOV,
Milli
Məclisin deputatı
Azərbaycan. - 2013.- 13 avqust.- S. 7.