Mənəvi ucalığa çağırış

 

Ulu öndər Heydər Əliyevin 2001-ci il 13 avqust tarixli bəyanatı bu gün də aktuallığını saxlayır

 

Bəşəriyyətin tarixi təkamül prosesi göstərir ki, hər hansı xalqın milli-mənəvi irsini, mental-əxlaqi dəyərlərini qoruyub saxlamaq, genetik yaddaşını, tarixi kimliyini, özünəməxsusluğunu gələcək nəsillərə ötürmək kimi çətin missiya onun taleyində müstəsna rol oynamış fenomenal şəxsiyyətlərin fəaliyyəti ilə bağlı olmuşdur. Nəcib əməllər sahibi sayılan belə insanlar həmişə safali məqsədlər uğrunda mübarizənin önündə dayanmış, əlverişli siyasi şansdan böyük məharətlə, siyasi ustalıqda bəhrələnmiş, xalqın düşüncə sistemini, mental xüsusiyyətlərini istənilən ictimai-iqtisadi formasiyada hifz edərək möhkəm mənəvi təməl üzərində qurub gələcəyə doğru inamla addımlamışlar.

Tarixi zərurətin diktəsi, xalqın təkidli istəyi ilə 1993-cü ilin iyununda - taleyüklü bir zamanda müstəqil Azərbaycanın rəhbərliyinə qayıdan ulu öndər Heydər Əliyev də qısa zamanda dövlətçiliyin xilasına, ictimai-siyasi sabitliyin, qanunçuluğun, hüquq qaydalarının bərpasına, iqtisadi tənəzzülün qarşısının alınmasına nail olmaqla yanaşı, həm də milli-mənəvi, əxlaqi dəyərlərin deqredasiyası təhlükəsinin qarşısını almışdır. Bakıya gəldikdən sonra ilk görüş yerlərindən biri kimi məhz Azərbaycan Elmlər Akademiyasını seçən ümummilli lider ölkənin humanitarictimai elmlərinin yeni dövrün tələblərinə uyğunlaşdırılması, azərbaycançılıq ideologiyası ilə bağlı alimlər qarşısında yeni tələblər müəyyənləşdirmişdir.

Hələ sovet Azərbaycanına rəhbərliyi dövründə formalaşdırdığı mütərəqqi ənənələri müstəqillik illərində inamla davam etdirən ulu öndər Azərbaycanın görkəmli şair və yazıçılarının, elm, incəsənət xadimlərinin yubileylərinin keçirilməsinə, ev-muzeylərinin yaradılmasına xüsusi qayğı ilə yanaşmışdır. Heydər Əliyevin bu sahədəki mədəni quruculuq siyasəti nəticəsində mənəvi dəyərlərimiz qorunmuş, milli adət-ənənələrimiz yaşadılmış, klassiklərimizin yüzillərin sınağından günümüzə gəlib çatmış mənəvi irsinin gələcək nəsillərə itkisiz çata bilməsi üçün lazım olan bütün zəruri tədbirlər görülmüşdür.

Qloballaşma dövründə xalqın milli özünəməxsusluğunun, mental dəyərlərinin qorunub saxlanılması da ümummilli liderin daim diqqət mərkəzində olmuşdur. Ulu öndər haqlı olaraq hesab edirdi ki, iqtisadigeosiyasi plandakı pozitiv cəhətlərinə baxmayaraq, qloballaşma ümumən milli-mədəni muxtariyyətə, suverenliyə, əxlaqi amillərə tuşlanmış təhlükəli silaha bənzəyir. Azərbaycan hələ ötən əsrin sonlarına doğru qloballaşma "qasırğası"na düşsə də, Heydər Əliyevin müdrikliyi, uzaqgörən siyasəti sayəsində milli-mənəvi, dini dəyərlərini, adət-ənənələrini kənar təsirlərdən qorumağa nail olmuşdur. Ümummilli lider xalqa daxilən, qəlbən yaxın, milli düşüncə və məfkurəyə malik şəxsiyyət olaraq milli kimliyi ifadə edən dəyərlərə daim yüksək həssaslıqla yanaşır, onların hifz edilərək gənc nəslə aşılanmasını vacib sayırdı. Heydər Əliyev 2001-ci ildə yeni əsr və üçüncü minillik münasibətilə xalqa müraciətində qloballaşmanın doğura biləcəyi mənfi fəsadlara da diqqət çəkirdi: "Əgər bəşəriyyət XX əsri elmi inkişafın nailiyyətlərinin yaratdığı xoş ümidlərlə qarşılamışdısa, qloballaşma prosesi çox vaxt heçnikbinlik doğurmur. Bu mürəkkəb və birmənalı qiymətləndirilməyən prosesin perspektivləri hamımızı düşündürür. Qloballaşma dövlətlərin sabit inkişafının, bütövlüyünün və idarəetmə sistemlərinin sabitliyinin təmin olunmasına, iqtisadi münasibətlərdə ayrı-seçkiliyin aradan qaldırılmasına, xalqın rifah halının yüksəldilməsinə kömək etməlidir. Sözsüz ki, beynəlxalq hüquq prinsipləri və normalarının aliliyi, dəyişikliklərin təkamül xarakteri, qarşılıqlı etimad və ümumbəşəri dəyərlərə sədaqətlə yanaşı, hər bir ölkənin səciyyəvi milli cəhətlərinin nəzərə alınması bu prosesin müəyyənedici istiqaməti olmalıdır. Təbii ki, qloballaşmanın bir çox ölkələr üçün yaratdığı problemlər bizidüşündürür".

Ulu öndər milli-mənəvi dəyərlərimizin ümumbəşəri dəyərlərlə qovuşdurulmasına bütövlükdə qlobal məsələ kimi yanaşmışdı. Heydər Əliyev dühasının Vətəninə, xalqına, milli irs və ənənələrə bağlılığı qlobal təhdidlər önündə əzəmətli sipərə çevrilmiş, bütövlükdə xalqın milli genefondunu qorumuşdur. Böyük strateq öz davranışları ilə xalqımıza kənar mədəniyyətlərlə təmas zamanı yabançı həyat tərzlərindən nələri əxz etməyi, nələri götürüb, nələri kənara qoymağı böyük uzaqgörənliklə göstərirdi. Azərbaycanın qapıları ən ali, bəşəri və universal dəyərlərin üzünə məhz ulu öndərin əlləri ilə açılsa da, bu qapıdan həyatımıza daxil olan yeniliklər minilliklər boyu tariximizlə yol gələn, bizi dünya xalqları içərisində tanıdan milli dəyərləri üstələyə bilməmişdir. Çünki mənəvi dəyərlər həmişə sabit ənənəyə, qayğıkeş münasibətə, ən başlıcası isə, ictimai rəyin ehtiramına möhtacdır. O, gözdən düşəndə qeybə çəkilir. Mənəviyyatın qıtlığı isə təhlükəlidir, cəmiyyəti geriyə, nizamsız meyillərə doğru istiqamətləndirir...

Ulu öndər Heydər Əliyevin 13 avqust 2001-ci il tarixli bəyanatı məhz bu proseslərdən doğan narahatlıqlarla bağlı idi. Bəyanatda göstərilirdi ki, mənəviyyata əsaslanmayan maddi quruculuq xalqa heç vaxt uğur gətirə bilməz. Təmiz mənəviyyat cəmiyyətdə sağlam mühitin əsas göstəricisidir. Bu tarixi bəyanatda dərindən araşdırılan əxlaq məsələsi, gənc nəslin yad təsirlərdən hifz olunması, dini məsələlərə münasibət, kütləvi informasiya vasitələrində milli dəyərlərə hörmət hissinin qorunması, sosial ədalət və digər geniştutumlu mövzular müasir dünyamızda hər gün üz-üzə gəldiyimiz böyük problemlərdir. Sənədi oxuyan hər kəs belə bir qənaətə gəlir ki, ulu öndərin dövlətçilik irsinin ən mühüm tərəfi xalqın mənəvi gücünü səfərbər etməkdir. Güclü müstəqil dövlət də bunun yekunu kimi meydana çıxır. Yalnız öz xalqının mənəvi potensialını realizə edən, dövləti, onun daxilixarici siyasətini bu potensialın üzərində qurmağı bacaran millətlər həqiqi azadlıq əldə edə bilir və müstəqil dövləti olan xalqlar siyahısına düşür. Heydər Əliyev bunu dünyadan təcrid kimi yox, dünyaya milli maraqlarla bağlayaraq azərbaycançılıq və siyasi liberalizm xəttini paralel şəkildə həyata keçirirdi. 1993-1995-ci illərdə ümummilli lider bu siyasəti çox çətinliklə, eyni zamanda qətiyyətlə reallaşdırdı. Bu isə müstəqil dövlətin sabitləşməsi demək idi.

Bu gün üçün də aktuallığını itirməyən bəyanatda sərvət və əxlaq problemlərinin araşdırılması kəskin şəkildə öz əksini tapmışdı: "Ölkəmizin dərdi var, bu, ümumi dərddir. O da Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi və xüsusən bu torpaqlardan didərgin düşmüş, çadırlarda yaşayan insanların öz yerlərinə-yurdlarına qaytarılması dərdidir. Hələ ki, bunun mümkün olmadığı halda onların o çadırlarda minimum yaşayışını təmin etmək - bunlar bizim ümumi dərdimizdir. Amma bir qütbdə həddindən artıq zənginləşmiş, bəzi hallarda qanunsuz zənginləşmiş, öz vəzifələrindən sui-istifadə edərək zənginləşmiş, harınlaşmış insanlar və onların övladları eyş-işrət içərisindədir, o biri tərəfdən, çadırlarda yaşayan insanlar inildəyirlər, nə qədər əziyyətlər çəkirlər. Hər bir vətənpərvər insan düşünməlidir ki, əgər mənim xalqımın bir hissəsi belə ağır vəziyyətdədirsə, mən bu qədər harınlaşmamalıyam. Amma harınlayanlar, bəzi zənginləşmiş adamlar var".

Demokratik cəmiyyət insanların işgüzar fəaliyyəti üçün bütün maneələri aradan qaldırıb. Lakin bunu heç vəchlə əxlaqi məsuliyyətsizlik üçün bəhanə kimi qəbul etmək olmaz. Bu məsuliyyət hissi, ilk növbədə, imkanlı adamların özündə olmalı və onun ailəsində tətbiq edilməlidir. Həmin ailələrdə böyüyən gənclər də bunu evdə gördükdən sonra məktəblərdə və digər ictimai yerlərdə özlərini daha yaxşı aparmağa, milli mentalitetimizin tələblərinə hörmət etməyə çalışırlar. Yüksək əxlaq və mənəviyyat çağdaş dövrümüzün gənclərinə xas keyfiyyətlər olmalıdır.

Cəmiyyətin mənəvi gücübirliyi ilə əlaqədar məsələlərin hamısı maarifinformasiya mədəniyyəti, savad məsələləri ilə bağlıdır. Jurnalist, ziyalı cəmiyyətin qabaqcıl adamı olanda, onun tərəqqisinə xidmət etmək istəyəndə milli gücün təmsilçisi olur. Qərbdə millətin şüurunu öndə gedən mətbuatda axtarırlar və ictimai şüur səviyyəsini mətbuatın durumu ilə ölçürlər. Əslində bu çox doğru üsuldur. Lakin bu üsulları özümüzə tətbiq edəndə çox təəssüflənirik. Hazırda "siyasətbaz" qəzetlərin fikir və təhlil səviyyəsi aşağıdır demək azdır. Onlar bizə məhdud bir dərnək mühitini xatırladırlar. Bu insanların öz intriqaları, öz liderləri, hətta öz məntiqləri var. Ölkə iqtisadiyyatının, sosial problemlərin bu qəzetlərdə izi belə yoxdur. Digər tərəfdən, mətbuatın qisasçılıq alətinə çevrilməsi yaxşı ilə pis, həqiqət ilə yalan arasındakı fərqi aradan götürür. Onda qəribə bir vəziyyət alınır: azad mətbuatda həqiqətlə yalanın fərqi yox olur. Bu isə xoşagəlməz haldır. Çünki mətbuatın işi məhz həqiqəti aydınlaşdırmaqdır, obyektiv mövqe tutmaqdır. Onlarla qəzet, müxtəlif saytlar muzdla yalanı reklam edir. Bu işi aylarla, illərlə davam etdirirlər. Cəmiyyətdə həqiqətlə yalan arasındakı fərqin itməsi isə sosial tənəzzülün əlamətidir. Həqiqəti tanıyan və qoruyan ictimai rəy yoxdursa, deməli, cəmiyyətdə heç bir dəyər də yoxdur. Belə hal dövlətin əsasları üçün də təhlükə yaradır. İstinad dəyərləri olmayan cəmiyyət - gücsüz cəmiyyətdir.

 

Mənəviyyat problemlərindən danışanda bu gün gəncliyə kütləvi informasiya vasitələrinin təsiri də xüsusi qeyd olunmalıdır. Özəl telekanallarda hazırlanan verilişlərin əksəriyyəti süni və həyatda əsası olmayan eyforiya kultunu əks etdirir. Şou-proqramlardakı yüngüllük, arzuedilməz əyləncələr uşaqların formalaşmaqda olan təxəyyülünü çaşdırır. Gecə saatlarında kanallarda verilən "boyevik", fantastik, əxlaqa zidd filmlər, üstəlik internetdəki oyunlar onları qəddarlaşdırır, pozucu vərdişlər yeniyetmələr tərəfindən normal hal kimi qəbul olunur. Gəlin unutmayaq ki, tərbiyənin də əsas prinsipi reallıqdır və onun həyatın tələblərinə ünvanlanmasıdır. Bir çox pedaqoqlarımızın fikrincə, söz azadlığı eyforiyası mətbuat orqanlarını elmsizləşdirmişdir. Onlar zərərli yazıları ilə gəncləri milli ayrı-seçkiliyə, böhtançılığa, itaətsizliyə, böyüksüzlüyə və digər qeyri-insani hərəkətlərə sövq edirlər. Ta qədimdən valideyn-övlad, müəllim-tələbə, böyük-kiçik, öyrədən-öyrənən qarşılıqlı münasibətləri Azərbaycan xalqının mənəvi-psixoloji, əxlaqi-etik dəyərlərinin inkişaf mənbəyi olmuşdur. Ən böyük həqiqət düzlükdür. Bu gün bizim dövri mətbuat uşaqlarda və gənclərdə ağıllı tələbat tərbiyə edən, onların əxlaqını saflaşdıran yazılarla çıxış etməlidir.

Bəyanatda bu problemlər araşdırılarkən ilk növbədə milli ruhu qorumaq, inkişaf etdirmək və yeni nəsillərə çatdırmaq ən mühüm şərt kimi irəli sürülmüşdür. Xalqımızın son illərdə keçdiyi yol göstərdi ki, onun mənəvi potensialı böyükdür. Məhz bu potensial sayəsində dövlətçiliyimizin əsaslarını möhkəmləndirmişik.

Ümummilli liderin bəyanatında mənəviyyatımızın köklü dəyərlərindən olan dini məsələlərə də münasibət bildirilmişdir. Bu istiqamətdə hazırda iki meyil özünü göstərməkdədir. Onların biri dini dəyərlərə laqeydlik və həmin amilə radikal inkarçılıq mövqeyidir. Ulu öndər bu meyli yolverilməz hesab etmişdir. Dini dəyərlərə diqqətli olmaq, onların sağlam cəhətlərini qoruyub inkişaf etdirmək, yeni nəsillərə ötürmək vacib məsələdir. Elə etmək lazımdır ki, bizim gənclik informasiya azadlığından və ifratçı görüşlərin təsirindən özünütəcrid vəziyyətinə düşməsin, ölkəmizdə və dünyada mövcud olan problemlərin köklərini düzgün anlasın. Hər şeydə halallıq, ədalət, insanlara münasibətdə səmimilik, günah işlərdən uzaqlıq və başqa dəyərli amillərə ciddi riayət olunmalı, xalqın misilsiz xəzinəsindən istifadə edilməlidir.

Hər bir məsələdə ulu öndərin ideyalarına tapınan Azərbaycan Prezidenti İlham Əliyevin milli mədəniyyətin və əxlaqi dəyərlərin, düşüncə modellərinin qorunması, inkişaf etdirilərək gənc nəsillərə çatdırılması ilə bağlı siyasət bu baxımdan çağdaş dövrün reallıqları ilə şərtlənir. Dövlət başçısı İlham Əliyev cəmiyyətin iqtisadi inkişafı ilə yanaşı, onun mənəvi-intellektual yüksəlişinin də təminatçısıdır. Etiraf etməliyik ki, qloballaşma proseslərindən ən çox ziyan çəkən milli mədəniyyət və digər əxlaqi dəyərlərdir. Çünki bu proses vahid dünya təsərrüfatı və iqtisadi sisteminin yaradılmasından başqa mənəvi, mədəni, siyasi, ictimai həyatın müxtəlif sahələrini də əhatə edir. Bəzən Qərbin kosmopolituniversal "dəyərləri" ən mükəmməl, mütərəqqi sivilizasiya kimi, həm də cəlbedici şəkildə təbliğ edilir. Beləcə, milli mədəniyyətin, dilin, dinin, adət-ənənələrin sıxışdırılmasına və milli şüurun kosmopolitləşdirilməsinə cəhd göstərilir. Bu reallıqlardan çıxış edən ölkə başçısı milli-mənəvi dəyərlərin qorunmasının vacibliyini xüsusi önə çəkir.

Bu gün milli özünəməxsusluğu yabançı Qərb dəyərlərinin dağıdıcı təsirindən hifz etmək istəyən Azərbaycan, ilk növbədə, cəmiyyətin təməli olan milli ailə institutunun tarixi ənənələr üzərində möhkəmlənməsinə çalışır. Ailəyə bağlılıq azərbaycanlılarda tarixi kökdən rişələnir. Azərbaycan Prezidenti İlham Əliyev ailə dəyərlərinə qəlbən bağlı lider kimi, Azərbaycanda bu institutun möhkəmlənməsinə, problemlərinin həllinə çalışır. Dövlət başçısı Nazirlər Kabinetinin hələ 2009-cu ilin 1-ci rübünün yekunlarına həsr olunmuş iclasında demişdir: "Ailə və uşaq problemləri çox böyük əhəmiyyət daşıyır. Ailə dəyərləri xalqımız üçün həmişə çox doğma olub, çox əziz olub... əslində, bizim milli dəyərlərimizdir. Azərbaycan dünya birliyinə inteqrasiya edir. Ölkəmizin inkişafı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi və milli dəyərlərin tam şəkildə bərqərar edilməsi üçün ailə dəyərləri daim yüksəklərdə olmalıdır".

Bu gün Azərbaycanın dünyaya açıq elan olunması ölkədə müsbət meyillərlə yanaşı, mənfi təsir doğuran real mənbələr yaratmışdır. Əxlaqımıza, milli mentalitetimizə zidd, zərərli ideyalar, əməllər axınına səbəb olmuşdur. Ağrılı cəhət uşaqlar arasında təbəqələşmənin aydın şəkildə təzahürüdür. Onların bəziləri tüfeyli həyat sürür, bəziləri də vaxtından tez böyüyərək imkansız ailəsinə azacıq da olsa kömək etmək məcburiyyətində qalırlar. Maddi bolluq içərisində imkanlı ailələrdə böyüyən uşaq və yeniyetmələrin tərbiyəsində isə müəyyən qüsurlar özünü göstərir. Əyləncə gənclər üçün təbii haldır. Lakin əyləncə aludəliyi mənəvi dəyərlərə bağlılığın əksidir və bu, insanların həyat tərzinin əsasına çevrilməməlidir. Üstəlik bu şit vərdişlər ziyanlı, qeyri-konstruktiv, yalnız israfçılığa, maddi sərvətlər bolluğunda praqmatik olmayan niyyətlərlə istifadəyə yönələndə daha dözülməz olur. Normal, sağlam cəmiyyət bunu qəbul etmir. Ona görə də böyüklərin biganəliyi və laqeydliyi ucbatından cəmiyyət daha bir potensial problemlə üz-üzə qalır. Bir çox sosioloq və psixoloqların fikrincə, bütün dövrlərdə cəmiyyət tərəqqi etdikcə, elmi-texniki biliklərə, elementar ehtiyacın səviyyəsi yüksəldikcə, insan tərbiyəsinin əhəmiyyəti artır. 2013-cü il fevralın 12-də Bakı Biznes Mərkəzində Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən konfransda dövlət başçısı bu məsələyə də xüsusi toxunmuş və kəskin şəkildə konkret münasibət bildirmişdir: "Hər bir dövlət məmuru öz vəzifə borcunu şərəflə yerinə yetirməlidir. İnsanlara qulluq etməlidir və təvazökar olmalıdır. Ancaq bəzi hallarda təvazökarlıqdan ümumiyyətlə söhbət getmir... Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər, insanları təhqir edirlər, özlərini apara bilmirlər. Kim onlara bu statusu verib bu cəmiyyətdə?!. Özünü apara bilməyən, ictimai asayişi pozan, qanunlara əməl etməyən, adət-ənənələrimizi yerə vuran hər bir kəs cəzalandırılacaqdır. Onu hamı bilsin... Cəmiyyətdə normal davranış qaydaları var, olmalıdır. Bizi millət kimi saxlayan bizim ənənələrimizdir, adətimizdir, davranış qaydalarıdır".

Cənab İlham Əliyevin milli ideologiya və milli-mənəvi dəyərlər probleminə dair baxışları onun siyasi portretinin əsas cizgilərini təcəssüm etdirir. Ölkə başçısının bu sahədəki xidmətlərinin yalnız xalqın  milli  dəyərlərinə - mədəniyyətinə, ədəbiyyatına, folkloruna, incəsənətinə yüksək qayğı, diqqət nümunəsi kimi dəyərləndirilməsi bu fəaliyyətin gerçək miqyası üçün kifayət qədər dar çərçivədir. Görülən bu işlər, sadəcə, qayğı və diqqət nümunəsi olmaqla məhdudlaşa bilməz. Bütün bunlar qədimlərdən bizə gəlib çatan müqəddəs irsin gələcək nəsillərə əmanət edilməsi, azərbaycançılıq və türkçülük məfkurəsinin, əxlaqının, baxışlar sisteminin bütün dünyada təbliği, qəbul olunması üçün həyata keçirilən məqsədyönlü strategiyanın tərkib hissəsidir.

Dövlət başçısı daim vurğulayır ki, bu gün milli ideologiyamızın əsas tərkib hissələrindən biri də məhz azərbaycançılıqdır. Ümummilli lider Heydər Əliyevin müdrikliklə irəli sürdüyü azərbaycançılıq ideologiyası həyat tərzində, əxlaqda, mənəviyyatda, dildə, dində, ədəbiyyatda, bir sözlə, mənəvi mədəniyyətin bütün sahələrində istiqamətləndirici məfkurə olmalıdır. Əsrlərdən miras qalmış mütərəqqi mənəvi dəyərlər Azərbaycan xalqının milli mövcudluğunun və dövlətçiliyinin qarantına çevrilməlidir. 

Prezident İlham Əliyevin elmin, təhsilin, mədəniyyətin inkişafını sürətləndirən onlarla fərman və sərəncamlar, dövlət proqramları imzalaması onun yetişməkdə olan gənc nəslin mənəvi bütövlüyü, kamilliyi və saflığı, habelə qlobal miqyaslı yad təsirlərə qarşı mənəvi müqavimətin təkmilləşdirilməsi istiqamətində həyata keçirdiyi siyasətin mühüm məqamlarıdır. Bütün bunlar eyni zamanda mənəvi yüksəlişə, intibaha xidmət edən mühüm addımlar kimi cəmiyyətin pozitiv ruhda inkişafına təkan vermişdir.

 

 

İradə ƏLİYEVA

 

Azərbaycan. - 2013.- 13 avqust.- S. 9.