Təbiətin genefondunu qoruyaq
Təbiət alimlərinin
belə bir inandırıcı mülahizəsi
var: "Meşələr tükənərsə,
həyat tükənər və ya ekoloji balans pozularsa, qlobal fəlakətlər
başlayar..." Biz
yaşadığımız dünyanı qlobal
fəlakətlərdən qorumaq üçün ilk
öncə zədəli vətəndaş şüurundan
xilas olmalıyıq. Kənd adamı əkib-biçdiyi
torpağının qədir-qiymətini necə bilirsə, həndəvərindəki
meşə örtüyünü də eyni təəssübkeşliklə
qorumalı, adicə bir pöhrəyə
də qıymamalıdır. Elə ki,
münasibət özgələşir, onda
prinsiplər də pozulur: bir
tərəfdən əlibaltalılar, o biri tərəfdən mal-qara
yaşıl örtüyə divan tutur. Doğrudur,
xırda-para cərimələr guya dəyən
ziyanın heç olmasa
əlacsızlıqdan əvəzini ödəyir. Amma bununla da
iş bitmir. Axı təbiətin
nizamı pozulanda onun
bərpası dəfələrlə çətinləşir.
Hesablamalara görə, ölkəmizdə
hər il yeni meşələrin
sahəsi ən azı 4 min hektar artır. Mütəxəssislərin
fikrincə, Azərbaycanda adambaşına 0,2 hektar
meşə sahəsi düşür. Dünya meridianı ilə müqayisədə
bu rəqəm 4 dəfə azdır. Son illər qoruyucu meşə
massivləri xeyli genişlənsə də,
hələ də yaşadığımız mühit
ekoloji cəhətdən tam
dayanıqlılıq həddini ödəmir. Ölkə ərazisinin
cəmi 11,4 faizini meşə örtüyü təşkil edir.
Belə bir statistikanı qonşu
dövlətlərlə müqayisə etsək, bizim payımız xeyli kiçik görünər. Elə qonşu Gürcüstünda
meşə zolağı ümumi ərazinin
39 faizindən çoxdur. Doğrudur,
sonuncu yüzillikdə dünyanın
yaşıl örtüyü 2 dəfədən
çox azalıb. Yəni təbiətin genefondu kütləvi qəsd və qisasla üz-üzə qalıb. Almanların
"Yaşıl ciyər" adlandırdıqları meşə
baxımsızlığın, ölçüsüz-biçisiz
hücumların güdazına gedib, təbiətin
nizamı pozulub. Ekoloji
balansın təhlükəli həddə çatması ən
azı alimlərin həyəcan təbili ilə nəticələnib.
Hələ bir vaxtlar, elə ötən
yüzillikdə təbiətişünas alim,
akademik Həsən Əliyev deyirdi ki, təbiətin də
səbrinin həddi-hüdudu, tükənmək sərhədi
var. Bir də deyirdi ki, meşə ekosistemdir, onu hər kəs
öz sərvəti kimi
qorumalıdır. Böyük alim etiraf etmək cəsarətini
də yüksək dəyərləndirir və yazırdı
ki, hələ də Azərbaycanın min hektarlarla quraq yamaclarını yaşıl örtüyə
çevirə bilməmişik. Bunun səbəbini
isə kənarda yox, yalnız öz günahlarımızda aramalıyıq.
Dünyanın beş qitəsində səfərdə
olan alim hər dəfə
Azərbaycana dönüşündə özü
ilə bahəm müxtəlif iqlim
qurşaqlarında yetişən pöhrələr gətirərdi.
Hər bir fidanın boy
artımı, mühitimizə uyğunlaşması üçün xeyli əmək
sərf edərdi. Deyirlər ki,
ucqar dağ kəndində
tənha bir ağaca baş çəkmək üçün
Həsən müəllim dəfələrlə o yerlərə gedərmiş. Özü
də inanırmış ki, ağaclar da doyumsuz həmsöhbətdir, gərək
onların dilini biləsən. Bəzən
ağacların, meşələrin ömrünü
uzatmaq üçün
ən sərt məmurları da yola gətirərdi, onları inadından
döndərərdi. Akademik Həsən
Əliyev haqqında yazılan xatirələrdə oxuyuruq: "Bərdədən bir
qrup kənd adamı teleqram
göndərmişdi ki, raykom
katibi Kür
qırağında az-çox təbii
şəkildə qalmış Tuqay
meşələrinin yerinə pambıq əkdirmək istəyir.
Həsən müəllim bu teleqramı oxuyanda bərk əsəbiləşir. Məsələni
həll etmək üçün hətta
Mərkəzi Komitəyə zəng etməli olur.
Dərhal Bərdəyə komissiya
göndərilir. Tuqay meşələrindən
yadigar qalmış bir
tala raykom katibinin hikkəli qərarından xilas olur".
Böyük alimin
Azərbaycan təbiəti ilə bağlı xilaskar
missiyası ömrünün sonuna kimi davam
edib. Bu gün də, sabah da, lap elə gələcəkdə
də belə ziyalıların varislik ənənəsinin
ardıcıllıqla davamına ciddi
ehtiyacımız var.
Qədim Şərq hikmətlərinin
birində meşələrə
peyğəmbər ətəyi deyiblər. Ona görə də əsrlərdən bəri
ziyarətgah ağaclar təbiət abidəsi
və inanc yerləri kimi
əmanətlə qorunur. Elə Azərbaycanda
da belə ziyarətgah sayılan qədim ağaclar az deyil. Hesablamalara görə,
yaşı 2 min ili
ötən, sayı isə 3 mindən çox
olan qədim "təbiət abidəsi"
var. Qalır ən ciddi
məsələ: onları mühafizə etmək, qorumaq! Bunun üçün heç ciddi səfərbərliyə,
haylı-küylü bəyanatlara da ehtiyac yoxdur. Ən böyük meyar hər kəsin
mənəvi və ağıl enerjisindən, fərdi təşəbbüsündən,
müstəqil düşüncəsindən qədərincə
faydalanmasıdır. Cərimələrin və qanunun tələb etdiyi digər
hüquqi sanksiyaların gücü
ilə təbiətin məcburi mühafizəsi o qədər də yüksək nəticələr
vəd etmir. Biz hər
birimiz tövsiyələrlə deyil, real həqiqət
anlamında bilməliyik ki, qoruya bilmədiyimiz meşələrin hər
hektarı il ərzində 10-20 ton karbon qazını udur, yəni bizi ətraf mühitin zəhərindən qoruyur.
Amma, nədənsə, belə bir adi həqiqəti hər
kəsə anlatmaq xeyli
çətin olub. Bəzən bir məmurun şəxsi marağı və qərəzli
qərarı ilə hektarlarla
yaşıllığın məhvinə təhlükə
yaranır. Heç ucqarları demirik, elə paytaxtın özündə də
belə kütləvi təbiət zorakılığına az təsadüf olunmur.
Bakının 9-cı mikrorayon ərazisindəki
zeytun bağlarının hissə-hissə
qırılması, 8-ci kilometr qəsəbəsində
Bəhruz Nuriyev, Rüstəmov
küçələrində ağacların kütləvi kəsimi
adi hal alıb. Elə
ki, məhv etdikləri
yaşıllıqların izini-sorağını itirirlər,
onda yeni seçimə
başlayır, küçə və meydanlarda
fidanların, pöhrələrin ömrünü
baltalayırlar. Hələ ki balta səsi, ağacların harayı
çoxlarını səksəndirmir. Amma
belələrinə qarşı Azərbaycan Prezidenti
İlham Əliyev qətiyyətli mövqe bildirib: "Mənə
verilən məlumata görə, bəzi hallarda
Bakıda hansısa obyektin tikintisi
üçün ağaclar
məhv edilir, kəsilir. Yerlər
alınır, hasarlanır və ondan sonra hasarın dalında bütün
ağaclar məhv edilir.
Orada binalar - fərdi
yaşayış evləri, yaxud da hündürmərtəbəli binalar tikilir. Bu siqnallar mənə dəfələrlə
daxil olubdur... Yerli icra orqanlarına, həm
də vəzifədən istifadə edən şəxslərə
sonuncu dəfə xəbərdarlıq
edirəm ki, bunu
yığışdırsınlar".
Yəqin ki,
bu sərt xəbərdarlıq yerli məmurların düşünülməmiş
qərarlarına birdəfəlik son qoyacaq, meşə örtüyünə
kütləvi hücumların qarşısını alacaq!
Bilmirik kimsə inanacaq,
ya yox, amma
bu, həqiqətdir ki,
ağaclar da
ağlayır, lap haray
qoparır. Xan çinarın gövdəsi
yerə dəyəndə az qala həndəvərində nə varsa yerindən oynayır. Nəhənglərin
yıxılması həmişə belə olur,
sakitcə, səssizcə qarşılanmır. Mütləq hay-küy qopur, ən
azı o çinarların kölgəsinə
sığınanların hay-küyü!
Bəşir
ŞƏRİFOV
Azərbaycan. - 2013.-
13 avqust.- S. 10.