Dünyanın ürəyi
Hər şey bir qızmar
yay günü baş verdi. Seymur orta məktəbin doqquzuncu
sinfində oxuyurdu. Valideynləri onu müəllim görmək
istəyirdilər. Seymur da onların bu fikri ilə
razılaşmış və qəbul imtahanlarına erkən
hazırlaşmağa başlamışdı. Qəfil bir
hadisə onun fikirlərini alt-üst etdi.
Kəndin uşaqları
idman meydançasında futbol oynayırdılar. Məktəbli
dostu Azər də burada idi. Tay-tuşları arasında
yaxşı hücumçu hesab olunurdu. Azər topu qova-qova əks
komandanın qapısına tərəf aparanda qəfildən
yıxıldı və bir daha yerindən qalxmadı.
Uşaqlar nə qədər çalışdılarsa, onu
qaldıra bilmədilər. Həkimlər gələndə
artıq gec idi. O, ürək infarktından keçinmişdi.
Seymur Azəri çox istəyirdi,
dostunun ölümünə dözə bilmir, xiffət edirdi.
Hər gün onun məzarı üstünə gedir və
yeni-yeni möhkəmlənməyə başladığı
ürəyində pıçıltı ilə deyirdi:
- Həkim olacam, həkim
olacam! İnsanları ölməyə qoymayacağam!
Seymurgil ailədə
dörd qardaş və bir bacı idilər. O, uşaqların
ən böyüyü idi. Orta məktəbi qızıl
medalla bitirdikdən sonra Azərbaycan Dövlət Tibb
Universitetinə qəbul olundu.
Ən çox sevdiyi
anatomiya fənnindən mühazirələri professor Eldar
Qasımov aparırdı. Eldar müəllim tələbələrdə
anatomiya fənninə böyük maraq yaratmışdı.
Deyirdi ki, anatomiya həkimliyin açarıdır. Onu dərindən
öyrənməsən, orqanizmin anatomik quruluşunu dərindən
bilməsən, səndən həkim alınmayacaq. Seymur
günlərlə anatomiya kafedrasından əl çəkmir,
hər bir əzələnin, sümüyün, sinirin, limfa
düyününün yerini dəqiq-düzgün öyrənirdi.
Bir gün
müəllimlərdən biri Azərbaycanın məşhur
cərrahı Mustafa bəy Topçubaşovdan söhbət
salmışdı. Müharibə illərində onun xidmətlərindən,
neçə-neçə yaralını, hətta əsir
düşmüş adamları necə xilas etməsindən
danışırdı. Seymur tələbə yoldaşı
Dürdanəyə
deyəndə ki, mən cərrahlıq üzrə
ixtisaslaşacağam, təklif qızın da ürəyindən
oldu. Dürdanə ilk gündən Seymurun xoşuna gəlmiş
və ürəyinə yatmışdı.
Düşündüklərini, ürək sözlərini
yalnız onunla bölüşürdü.
Seymur tez-tez M.Nağıyev adına Təcili
Tibbi Yardım Xəstəxanasına gedir, günlərlə cərrahların
yanında oturur, gözlərini onların əllərinə və
barmaqlarına dikir, skalperlə insanı necə
yardıqlarına, tikişi neçə qoyduqlarına diqqət
yetirirdi.
Beləliklə, Seymur
Musayev Tibb Universitetini bitirdikdən sonra əmək fəaliyyətinə
Goranboy rayonunun mərkəzi xəstəxanasında cərrah
kimi başladı. İlk günlər çoxlu çətinliklərlə
üzləşirdi. Bilmədiklərini soruşub öyrənirdi.
Bir gün kor
bağırsağından ağrı tutan
Bağçakürd kəndindən olan cavan bir oğlanı
təcili xəstəxanaya gətirdilər. Onun vəziyyəti
saatbasaat pisləşirdi. Həmin gün gənc cərrah gecə
növbəsində idi. O, oğlanı əməliyyat stoluna
götürərək 24 yaşında əlinə sərbəst
olaraq ilk dəfə skalper götürüb xəstənin kor
bağırsağını kəsib atdı. Bu, Seymurun ilk cərrahi
işi idi. Ona görə də narahatçılıq
keçirirdi. Hətta gündüz də evə getmədi, xəstənin
yanında qaldı. Əməliyyatın
üçüncü günü oğlanı ayağa
qaldırıb gəzdirdilər. Seymurun sevincinin həddi-hüdudu
yox idi! İlk əməliyyat kollektivdə ona inam yaratdı.
Dörd il Goranboy şəhər mərkəzi xəstəxanasında
işlədi. Böyük hörmət qazandı. Onu hamı
sevir, hamı razılıq edirdi. Lakin o qız - Dürdanə
Seymurun yadından çıxmırdı. Hara gedirdisə,
gözünün qabağında idi. Əməliyyata
başlayanda elə bil o, Seymurun qulağına
pıçıldayırdı: "Qorxma, cürətli
ol".
Dostu Azəri də unuda bilmirdi.
Aradan neçə il keçsə də,
hər dəfə kəndə gələndə Azərin məzarını
ziyarət edirdi. Bilikli, təcrübəli ürək-damar cərrahı
olmaq niyyəti onu bir an belə rahat
buraxmırdı.
Seymurun
rayon caamatı arasında hörmət-izzətini görən
qardaşları da onun izi ilə gedib Tibb Universitetinə qəbul
olundular və hamısı da bu müqəddəs peşənin
mahir ustasına
çevrildilər. Hazırda Samir göz həkimi,
Allahverdi uşaq cərrahı, Zaur isə diş həkimidir.
Kənddə Musayevlər həkimlər ailəsi
kimi tanınır. Bir ailədən dörd istedadlı,
bacarıqlı həkim çıxıb!
Bakı həyatı Seymuru daim özünə
çəkirdi. Bir müddətdən sonra o, Goranboydan Bakıya
köçür. Mərkəzi Klinik Xəstəxanada
işə düzəlir. Burada ürək-damar
həkimi olan milliyyətcə türk Ömər
İşıq gündə ən azı iki-üç nəfərin
üzərində əməliyyat aparırdı. Seymur Türkiyə təbabətinin yüksək səviyyədə
olması barədə çox eşitmişdi. Ona görə də Ömər
İşığın yanından çəkilmirdi. Ömər İşıq da bu gənc oğlanın
hər şeyə maraq göstərməsinə, cəld
işləməsinə, zəkasına, mənimsəmək
qabiliyyətinə göz qoyurdu.
Məqsədyönlülük onun
başlıca keyfiyyəti idi. Seymur Musayevin güclü yaddaşı və iti
müşahidəsi var idi. Axı nə
vaxtacan türkiyəli həkimlər Azərbaycanda işləməli
olacaqlar?! Azərbaycanın çox
güclü, dünya şöhrətli peşəkar həkimləri
olub. İndi bu ənənəni qoruyub
davam etdirmək vacib şərtdir. Bu fikir
Ömər İşığı da, elə Seymurun
özünü də rahat buraxmırdı.
...İş başa çatmaq üzrə
idi. Klinikaya da yeni xəstələr
daxil olmamışdılar. Ömər
İşıq Seymuru çay içməyə dəvət
etdi. Onlar arasında artıq xoş bir
münasibət yaranmışdı. Ona görə
söhbətləri də ilk başlanğıcdan səmimiyyət
üstə quruldu:
-
Seymur, mən sənə xeyli vaxtdır ki, göz qoyuram. Çox dəqiq işləyirsən, cəld və
bacarıqlısan, yaxşı yaddaşın var. Bəlkə
səni İzmirdəki "Şəfəq" xəstəxanasına
təcrübəyə göndərək? Orada peşəkar həkimlər işləyirlər,
onlardan çox şey öyrənə bilərsən. Hazırda ürək-damar həkimlərinə
böyük ehtiyacın olduğunu yaxşı bilirsən.
Ömər İşığın təklifi
Seymuru qanadlandırmışdı. Gecə-gündüz Türkiyəyə getmək barədə
düşünürdü. Ata-ana da qəti
qərara gəlmişdilər ki, Seymur ailə qurduqdan sonra
Türkiyəyə getməlidir.
Kənddə böyük toy məclisi
quruldu. Müxtəlif bölgələrdən
olan tələbə yoldaşlarının əksəriyyəti
toy şənliyinə gəlmişdilər. Hamı
Seymurla Dürdanəyə xoşbəxtlik diləyirdilər. Bir neçə vaxtdan sonra gənclər İzmirə
yola düşdülər. Burada azərbaycanlı
həkimi səmimi qarşıladılar. Seymur
türkiyəli həmkarlarından çox şey öyrənir,
hər sözü, hər təcrübəni
süngər kimi özünə çəkirdi.
Bir
gün İzmirdə həkimlər Seymura xəstə bir
yeniyetməni göstərib dedilər: bu oğlanın ürəyində
iki damar tutulub. Onun əməliyyatını təkbaşına
aparmalısan. Amma biz də nəzarət
edəcəyik. Seymur özünü itirdi... Yadına
1998-ci ildə Bakıda M.Nağıyev adına
xəstəxanada internaturada olarkən başına gələn
hadisə düşdü. Dava-dalaş nəticəsində
24 yaşlı gənc oğlanın ürəyinə
bıçaq sancılmışdı. Ona
təcili yardım göstərilməli idi. Köks qəfəsi yarıldı, ürək hey
çırpınırdı, bıçaq girən yeri tromb
tutmuşdu. Seymur qan trombunu
çıxarıb atdı. Tromb
çıxarılan kimi ürəkdən qan
fışqırmağa başladı. Həkim
qanın fışqırmasının qarşısını
aldı, təcili tikiş qoydu. Bir
neçə dəqiqə gözləməli oldu. Artıq ürək normal fəaliyyətə
başlamışdı. Seymur gəncin sinəsini
tikib onu reanimasiyaya köçürdü.
Baş
həkimin zabitəli səsi onu xəyalından
ayırdı:
-
Nə gözləyirsən, niyə başlamırsan?
Elə
bu vaxt yenə də sanki Dürdanənin səsi
qulağında cingildədi: "Qorxma, cürətli ol. Hamı sənə baxır".
Seymurun ürəyinə yeni qüvvə,
təpər gəldi. O, Kayixan adlı gənci
ölüm təhlükəsindən qurtardı. Əməliyyat
başa çatdıqdan sonra Seymurun sevincinin həddi-hüdudu
yox idi! O, çox az danışır,
nadir hallarda sevinib gülürdü. Azərbaycanlı
balasının şəfalı bıçağının
kəraməti, səsi-sədası bütün İzmirə
yayıldı.
Günlərin birində Seymura dedilər
ki, Rəşad Mahmudov adlı bir azərbaycanlı da
Türkiyədə təcrübə kursu keçir.
Türkiyəli həkimlər ondan çox
razılıq edirlər.
Az sonra Rəşadı
Bakiya - Neftçilər Xəstəxanasına dəvət etdilər.
O, ətrafına işgüzar, peşəkar, savadlı
adamları yığırdı. Seymurun işi,
bacarığı barədə də məlumat
toplamışdı.
Rəşad
İzmirdəki "Şəfəq" xəstəxanasına
- Seymura sifariş göndərdi: mən səninlə işləmək
istəyirəm. Bacarıqlı həkim
olmağınız barədə mənə danışıblar.
Gəlin birlikdə sübut edək ki, işləmək
olar və Azərbaycanda müasir peşəkar həkimlərin
yeni nəsli yetişir.
Seymur Rəşadın təklifini qəbul
etdi və bu diqqətinə görə onda həmkarına
böyük hüsn-rəğbət yarandı.
Beləliklə, Seymur Neftçilər Xəstəxanasında
işə başladı. O vaxta
qədər Azərbaycanda ağır ürək-damar əməliyyatları
nadir hallarda aparılırdı. Ölkəmizdə
belə əməliyyatların geniş yayılmasında Rəşad
Mahmudovun böyük xidmətləri var. O, gənc olsa da,
ixtisasını mükəmməl bilir, peşəkarlığını
daim artırır, bildiyini, təcrübəsini
yoldaşlarına həvəslə öyrədir. Ən başlıcası odur ki, Rəşad vətənpərvər,
gözəl ziyalı, xeyirxah həkimdir.
Seymur Musayev də Neftçilər Xəstəxanasında
yenicə işə başlayanda uğurlu ürək əməliyyatları
apardı. Onun burada məsuliyyət hissi
qat-qat artmışdı. O, artıq kamil bir cərraha
çevrilmişdi. Bacarıqlı həkim insanın ən ali orqanı olan ürək haqqında deyir:
-
Ürək bir dəqiqədə 75-80 dəfə, saatda 4800 dəfə,
gündə isə 115200 dəfə
yığılıb-açılaraq insanın
yaşaması üçün fəaliyyət göstərir.
Ürək ömrümüz boyu bizim
üçün çalışan bir mühərrikdir.
Biz də həmişə ürəyə həyatda
ən yüksək, ən lazım olan orqan kimi
baxmalıyıq. Çoxsaylı nəzəriyyəçi
alimlərin fikrincə, hər zaman müzakirə predmeti olan,
elmin axıracan öyrənə bilmədiyi qeyri-obyektiv materiya
siyahısında olan insan ruhunun yerləşdiyi yer ürəkdir.
Təsadüfi deyil ki, "arzum, sözüm ürəyimdə
qaldı" , "bu işi ürəksiz görürəm", "ürəyimə
damıb ki, bir hadisə olacaq" və s. fikirləri
çox işlədirik.
Transplantasiya elminin inkişafı ilə əlaqədar
canlı insanların böyrəyinin birini, qaraciyərin bir
hissəsini digərlərinə köçürmək
mümkündür. Lakin
ürək transplantasiyası aparılan insan öz həyatını
yaşamadığını etiraf edir.
Digər orqanların transplantasiyasında
isə bu, belə deyil. Ürəyin
sağlamlığı bədənin, ruhun
sağlamlığı deməkdir. İnsan
tək gözlə, tək qolla, tək ayaqla, tək böyrəklə
yaşaya bilər. Ancaq ürəksiz yaşamaq
mümkün deyil!
Xarici ölkələrin birində
başqasının ürəyi köçürülən
insan qətiyyən özünə oxşamırdı.
Deyib-danışmır, tənhalığa
qapılıb, evdən çölə
çıxmırdı. Tərkidünya
olmuşdu. Çünki ürək onunku
deyildi, başqasının ömrünü, həyatını
yaşayırdı. Ürək belə bir
həssas orqandır. Çəkisi 250-300 qram əzələdən
ibarət olan ürək bədənin digər əzələ
qrupları ilə müqayisədə ən çox işləyir və
ən çox enerji sərf edir. Ona görə
də çoxları ürək əməliyyatından
qorxur, çəkinir, ehtiyat edir, bu işə girişmirlər.
Seymur insanları müayinə etdikdən,
müalicənin nəticə verəcəyinə əmin
olduqdan sonra əməliyyatın aparılmasına qətiyyən
imkan vermir. Hər adamı bıçaq altına salmaq günahdır,
- deyir.
O,
əksər həkimlərdə çatışmayan
xüsusiyyətə, həkim-xəstə münasibəti
yaratmağa çalışan təbibdir. Ağır xəstələrlə
günlərlə iş aparır. Əvvəlcə
xəstədə əməliyyat aparılmasının
vacibliyinə inam yaradır, əməliyyatın lazım
olduğunu ona başa salır. Sonra isə
xəstədə qorxunu, həyəcanı aradan
qaldırır. Çox yaxşı
yadımdadır o, mənimlə də bir saatdan çox
söhbət aparmışdı. Seymur deyirdi:
-
Sənə hiss etmədiyin narkoz veriləcək, ağrı
törədən bütün sinirlər keyləşdiriləcək,
əməliyyat aparılanda heç nə hiss etməyəcəksən.
Bunu özünə təlqin etməlisən,
dözümlülük və mərdlik nümayiş etdirməlisən.
Qorxu hissini içində boğmalısan.
Belə psixoloji hazırlıq keçəndən
sonra əməliyyat stoluna ürəklə
yaxınlaşdım. Seymurun gözlərində
işıq, mərhəmət, insana məhəbbət hissi
vardı. Daim onun gözlərinə
baxırdım.
Bəzi ağır əməliyyatlar 4-5
saat çəkir. Lakin Seymur yorulmaq nə
olduğunu bilmir. Elə ciddi gərginlik
yaranır ki, insan yorğun olduğunu unudur. Əsl yorğunluq evə gəldikdən sonra
başlanır. Uşaqlar başqa otağa
çəkilir və sakitliyə əməl edirlər. Dürdanə xanım isə Seymura ətirli
çay gətirir. Ailədə çox
isti bir münasibət, rahat ab-hava hökm sürür. Seymurun yorğunluğunu çıxaran, bax budur.
Hər insanın özünəməxsus
aurası var. Seymurun təbiətində yaranan aura şəfqət,
qayğı, mərhəmət aurasıdır.
Belə bir mühitdə xəstə özünü çox
rahat hiss edir, bütün fikirlərdən təmizlənmək
istəyir. Bu xüsusiyyət həkimin canına, qanına, iliyinə hopmuşdur.
Seymuru başqa həmkarlarından fərqləndirən
əsas xüsusiyyət ondan ibarətdir ki, müalicə edib
ayağa qaldırdığı adamları unutmur, onları
daim nəzarətdə saxlayır. Özlərini
necə hiss etmələri ilə maraqlanır.
Hər dəfə əməliyyatdan
söz düşəndə Seymur Musayev Neftçilər Xəstəxanasının
direktoru Fəxrəddin Cavadovu xatırlayır, gözü
dolur, dərindən ah çəkir. Bu dəfə
də hüznlü bir görkəm alıb dedi:
-
Fəxrəddin müəllim yaxşı təşkilatçı
idi. Xəstəxanada ciddi qayda-qanun
yaratmışdı, çoxlu müasir aparatlar
almışdı. Həm tələbkar, həm
də qayğıkeş bir insan idi. Onun
ölümü hamımızı sarsıtdı. Fəxrəddinin ürəyi xəstə idi. 7 stend qoyulmuşdu. Əməliyyatdan
çox qorxurdu. Kliniki ölüm
keçirmişdi. Ürəyə dəstək
cihazı qoyduq, heç bir nəticəsi olmadı. Vaxtında əməliyyat aparsaydıq, onu xilas edə
bilərdik. Lakin əməliyyata yaxın
durmurdu. Ona görə də Fəxrəddin
müəllimi tez itirdik. Onu çox
sevirdik. Görürsünüzmü, bütün
kabinetlərdə, laboratoriyalarda Fəxrəddinin
böyüdülmüş şəkli var. Yaxşılar
unudulmur, həmişə xatırlanır...
Allah ürəyi necə yaradırsa, eləcə
də qalır. Texnikanın, elmin belə
yüksək inkişaf etdiyi dövrdə ürəyin vəzifələrini
uzun müddət yerinə yetirə biləcək, ürəyi
tamamilə əvəz edən aparat kəşf
olunmamışdır - deyə Seymur fikrini bitirdi.
Mənim Mübariz adlı dostum
ağır ürək xəstəliyi keçirirdi.
Ona məsləhət görmüşdülər
ki, Seymur həkimlə görüşsün və məsləhətlərinə
əməl etsin.
Mübariz də əməliyyatdan çox
qorxurdu. Deyirdi, ölməyimə razıyam, əməliyyat
olunmağıma yox! Seymur onunla günlərlə
işlədi, söhbət apardı. Nəhayət,
Mübarizdə qorxu hissini aradan qaldırdı. Əməliyyatı özü həyata keçirdi.
Uğurlu alındı. Əməliyyatdan
sonra Mübariz sağ-salamat olduğunu görüb sevinirdi.
Hər dəfə həkimi ilə
görüşəndə ona necə təşəkkür
edəcəyini bilmirdi. Şəklini
böyütdürüb stolunun üstünə qoymuşdu.
S.Musayev
Naxçıvanda ezamiyyətdə olarkən Mübarizi insult
vurdu... Dedi, başqa həkimə yaxınlaşmaram, ancaq
Seymur olacaq, olmasa heç kim! Amma o, xəstəliyin gücünə, vaxtın
darlığına dözmədi. Mübariz
dünyasını dəyişdi. Gözünü
yumanda son sözü də "Seymur" oldu,
xilaskarını səsləyirdi...
Seymur
daim öz üzərində çalışır, ürək-damar
cərrahiyyəsi sahəsində dünya yenilikləri ilə
tanış olur. Dərman
preparatlarının kəşf olunmasını daim izləyir,
onların təsir mexanizmini öyrənir. Xəstəyə yeni dərman yazarkən onunla əlaqə
saxlayır, dərmanların təsir dinamikası ilə
maraqlanır. Bir də görürsən ki, xəstəyə
zəng edib müalicəni təzələyir, dərmanların
istifadəsinin dayandırılmasını deyir, yenilərini
təyin edir: "Bu dərman sənin qaraciyərində və
böyrəyində sonralar fəsad törədə bilər,
onun qəbulunu saxla..."
Seymur Musayev deyir ki, həkimdə ilk
növbədə insanlıq, ləyaqət, mehribanlıq,
şəfqət və humanistlik olmalıdır, sonra isə
peşəkarlıq. Seymur
insanlığı, xeyirxahlığı, nəcib əməlləri
ilə Neftçilər Xəstəxanasında böyük
hörmət və nüfuz qazanmışdır.
"Mən ağlım kəsəndən
elmə, biliyə bağlanmışam.
Arzum, istəyim xalqıma, vətənimə
namusla xidmət etmək olub. Goranboydan
başlayan həyat yolum məni yaxın-uzaq ellərə
aparıb. Çətinliklər,
sınaqlar görmüşəm. Ən
ağır məqamlarda belə xəstələrin ümidini
qırmağa, inamını sönməyə
qoymamışam. Həyat amalım, idealım iki söz
olub: insanlıq və xeyirxahlıq" - Seymur belə
düşünür.
S.Musayev istedadlı həkimdir.
İstedad isə Allah vergisidir! Onu üzə
çıxarmaq, qorumaq və inkişaf etdirmək
lazımdır. Bu gün Azərbaycanın
gələcəyi istedadlardan və intellektuallardan
asılıdır. Seymurun şəxsiyyətində
təvazökarlıq, müdriklik, alicənablıq, mərdlik
kimi yüksək keyfiyyətlər, ədalətlilik və
ziyalılıq vəhdət təşkil edir.
Ürək isə elə bir orqandır ki,
hamı onu qorumağa çalışır.
O, həm zərifdir, həm də möhkəm. Ürəyin hesabına insanlar həm sərt,
möhkəm, mülayim, həm də qorxmaz xarakterə malik
olurlar. Bütün əmək və müharibə qəhrəmanları
ürəyin hesabına igidliklər göstərmişlər. Ona görə də Seymur Musayev ürəkdə əməliyyat
apararkən onun bütün xüsusiyyətlərini nəzərə
alır, onunla incə və zərif davranır. Xüsusilə ürəyə damar calayarkən
çalışır ki, səhvə yol verməsin,
simmetriklik pozulmasın.
Seymurun
dediklərindən: "Bəlkə də başqa əməliyyatlarda
tələsmək olar. Ürək əməliyyatında
tələsikliyə yol vermək təhlükəlidir. Onunla zərgər dəqiqliyilə işləmək
lazımdır. Ürək əməliyyatında
buraxılan hər bir səhv insan taleyini həll edir. İmkanı olan adamlar Almaniyaya, Türkiyəyə,
İrana gedib, ürəklərini müalicə etdirirlər.
Bizim yanımıza isə əsasən
imkansızlar, kasıblar, müharibə
iştirakçıları, qocalar, əlillər gəlirlər.
Onları birinci növbədə
sözümüzlə, ürəyimizin hərarəti ilə
qarşılayır və bu adamlarda ilk növbədə
ümid yaradırıq".
S.Musayevin rəhbərliyi ilə bir qrup həkim
Naxçıvanda ürək əməliyyatları
aparmağa getmişdilər. Seymur danışır ki, yanıma
ata-anasının yeganə oğlu olan bir gənc gəlmişdi.
Onun ürəyi demək olar ki, sıradan
çıxmışdı. Üç ədəd
damar tutulmuş, klapanlar isə çox zəif işləyirdi.
Məndə belə bir hiss yarandı ki, necə olursa-olsun, bu
gənci həyata qaytarmalıyam! Müayinə
zamanı gördük ki, onun qanı birinci qan qrupuna aiddir.
Belə qan qrupu isə nadir hallarda
tapılır. Naxçıvandakı hərbi
hissənin əsgərlərinə müraciət etdik. Bir gənc əsgər xəstəxanaya gəlib qan
verməyə razı oldu. Əməliyyata
başladım, 7 saat çəkdi və uğurlu
alındı. Bakıya qayıtdıqdan
sonra tez-tez həmin gənclə əlaqə saxlayıb məsləhətlərimi
verirəm. Bu günlərdə isə onun
anasından məktub almışam. Oxudum,
kövrəldim. Yazırdı: "Ana ürəyinin nələr
çəkdiyini yəqin ki, bilirsiniz. Gündə
yüz dəfə ölüb dirilirdim. İndi
oğlum sağ və salamatdır. Səni
dünyaya gətirən ananın əlindən öpürəm".
Hər dəfə əməliyyat stoluna
yaxınlaşanda həyəcan keçirirəm. Axı, bu stolda uzanan adamın evdə gözləyəni,
körpə uşaqları var. Əməliyyat aparanda bəzən
özümdə olmuram. Tibb
bacılarının və sanitar işçilərinin dediklərini
sanki eşitmirəm, əllərim, xüsusilə
barmaqlarım çox iti işləyir. Əməliyyat
qurtarandan sonra xəstəni reanimasiya otağında yerləşdiririk.
Xəstə özünə gələn, ayılan kimi tez onun
başının üstünü kəsdirirəm, əməliyyatın
necə keçməsindən asılı olmayaraq "əməliyyatınız
çox yüngül və asan
keçdi, tezliklə sağalacaqsınız" - deyib, ona
ürək-dirək, ümid verirəm.
Çox maraqlıdır, insan beyni ilə
düşünür, beyin tərəfindən idarə olunur.
Hərəkətlərimiz, düşüncələrimiz
beyinin məhsuludur. Bəs nə
üçün hər şeyi bir parça əzələnin
- ürəyin üstünə atırıq?! "Onun
ürəyi yumşaqdır", "ürəyi daş
kimidir", "ürəyi möhkəmdir", "onda
kişi ürəyi, şir ürəyi var" məfhumları
haradan yaranmışdır?
Seymur həkim deyir ki, ürək çox
həssas bir orqandır. Ürək
dayananda insan gözlənilmədən həyatdan gedir. Ürək orqanizmin baş üzvüdür. Ona görə də onu qorumaq, mühafizə etmək
çox vacibdir.
Son vaxtlar infakt xəstəliyini xolesterinlə
bağlayırlar. Lakin 152 il
yaşamış lerikli Mahmud Eyvazovu yaxşı
tanıyırdım. Qəssab idi, qoyunu kəsən
kimi onun quyruğundan böyük bir parça kəsib,
çiy-çiy yeyirdi. Mənə elə
gəlir ki, ekologiya, xarici mühit korlanıb. Əvvəllər
ürək xəstəliyindən bu qədər adam dünyasını dəyişmirdi. İndi isə ürəkdən ölüm adi hala
çevrilmişdir.
Seymur
Musayev
danışdıqca ona diqqətlə qulaq
asıram. Peşəsinə necə vurğun
oğduğuna heyran qalıram. Sevinirəm, ona görə
ki, xalqımızın sağlamlığı
ixtisasının kamil
bilicisi olan Seymur kimi həkimlərə etibar
edilmişdir.
Seymur
həmişə əməliyyata hazır vəziyyətdədir:
əlində əlcək, başında qalpaq, əynində
xalat mənə müsahibə versə də, fikri orada,
palatada xəstənin yanındadır.
Bir
azdan tibb bacısı içəri girəcək və deyəcəkdir:
Seymur həkim, xəstə hazırdır! Əməliyyata
başlamaq olar!
Ona uğurlar
arzulayırıq!
Çingiz
FƏRƏCOV
Azərbaycan. - 2013.-
13 avqust.- S. 10.