Böyük mədəniyyətin
möhtəşəm ifadəsi
Azərbaycanın bənzərsiz
gözəlliklərə malik Qəbələ rayonu ildən-ilə
möhtəşəm beynəlxalq tədbirlərə daha məhəbbətlə qucaq
açır. Bu tədbirlərin yüksək
səviyyədə keçirilməsi üçün
rayonun hər cür
imkanı və potensialı var. Tədbirlərdə
iştirak edən qonaqlar
Qəbələnin sürətli inkişafına, gözəlliyinə
və müasirliyinə heyranlıqlarını böyük səmimiyyətlə bildirirlər.
Təsadüfi deyildir ki, MDB-nin üzv dövlətlərinin
humanitar sahə üzrə Əməkdaşlıq
Şurasının və təşkilata üzv Dövlətlərarası
Fondunun 2012-ci il oktyabrın 15-dən 17-dək Aşqabadda keçirilmiş birgə
iclasında məhz Qəbələnin MDB-nin mədəniyyət
paytaxtı elan olunması çox təbii
qarşılandı.
2013-cü il iyunun 29-da Qəbələdə
"MDB-nin mədəniyyət
paytaxtları-2013" dövlətlərarası
proqramının təntənəli açılış mərasimi
keçirildi və Qəbələnin
2013-cü ildə MDB-nin mədəniyyət
paytaxtı seçilməsi ilə bağlı sertifikat rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayevə təqdim edildi. Şübhəsiz, bu,
Qəbələ və qəbələlilər, eləcə
də bütün ölkəmiz üçün çox qürurvericidir. Bu qürur dolu
duyğuların, "paytaxt" təəssüratının
təsiri azalmamış Qəbələdə daha möhtəşəm bir
tədbir - Qəbələ V Beynəlxalq Musiqi
Festivalı başladı. Heydər Əliyev Fondunun
təşkilatçılığı ilə beşinci ildir ki, keçirilən bu musiqi festivalı hər dəfə əsl
incəsənət bayramına çevrilir.
Əgər birinci festivala
dünyanın 16 ölkəsindən - ABŞ-dan,
Fransadan, Rusiyadan,
Çindən, Xorvatiyadan və digər
ölkələrdən musiqili qonaqlar qatılmışdırsa, beşinci festivalda 30-dan çox ölkədən tanınmış sənətçilər
iştirak edirdi.
Bu, festivalın səviyyəsi ilə
yanaşı, yüksək təşkilatçılıq işi ilə də şərtlənir. Bu baxımdan musiqi
festivalının təşkilatçısı olan Heydər Əliyev Fondunun
zəhməti yüksək qiymətləndirilməlidir.
İyulun 24-də
keçirilən açılış mərasimində də
Heydər Əliyev Fondunun prezidenti,
UNESCO-nun və İSESCO-nun
xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım
Əliyevanın iştirakçılara
ünvanladığı təbrik məktubu oxundu.
Ölkənin birinci xanımı məktubda
incəsənət bayramı
iştirakçılarını salamlamış,
festivalın
işinə uğurlar
arzulamış, UNESCO-nun xoşməramlı
səfiri kimi dünya
mədəniyyəti xəzinəsini olduqca
dəyərli əsərlərlə zənginləşdirmiş,
Azərbaycan xalqının mədəni irsinin
dünyada təbliğ olunmasına, dünya mədəniyyət nümunələrinin
ölkəmizdə tanıdılmasına xidmət edən,
xalqlararası mədəni-mənəvi inteqrasiyanın səmərəliliyini
artıran layihələri daim dəstəkləyəcəyini
vurğulamışdır: "Nüfuzu
ildən-ilə artmaqda olan
Qəbələ Beynəlxalq Musiqi
Festivalının keçirilməsi ənənəvi xarakter almışdır. Bu
gün Qəbələnin adı beynəlxalq
təbirlərin təşkil olunduğu
şəhərlərin adları ilə bir
sırada yer alır. Dünyanın
bir çox ölkəsindən
çoxsaylı musiqiçilərin iştirak
etdiyi bu dostluq və musiqi
bayramı mədəni irsimizin zəngin ənənələrinin
qorunub saxlanması ilə yanaşı,
müxtəlif ölkələri təmsil edən
musiqiçilərə ünsiyyət və əməkdaşlıq
üçün əlverişli şərait
yaradaraq mədəniyyətlərarası
dialoqun möhkəmləndirilməsinə
öz töhfəsini verir.
İnanıram ki, Azərbaycan və dünya
bəstəkarlarının əsərləri səslənəcək
builki festival, füsunkar təbiətin və valehedici musiqinin gözəl
vəhdəti hər birimizdə xoş təəssüratlar
yaradacaqdır. Festivalda iştirak
edən hər kəsə tükənməz nailiyyətlər
arzulayıram".
Onu da qeyd etmək lazımdır ki,
festivalın proqramına dünya və Azərbaycan
bəstəkarlarının əsərləri
salınmış, gənc ifaçılar, dünya
şöhrətli musiqiçilər eyni
səhnəni paylaşmışlar. Tamaşaçılar tərəfindən
klassik və kamera musiqisi, Azərbaycan muğamları böyük maraqla
qarşılanmışdır.
Hər musiqi
axşamının özünəməxsus
tamaşaçı auditoriyasının toplaşması
baxımlılığı və marağı
artırır, ifaçı-dinləyici ünsiyyətini daha yaxın edirdi. Pyotr Çaykovskinin, Qara Qarayevin, Fikrət
Əmirovun, V.Motsartın, D.Şostakoviçin,
E.Qriqin və digər dünyaca
ünlü bəstəkarların əsərlərinin
yaratdığı təəssürat, sözsüz
ki, uzun müddət
yaddaşların bəzəyi olacaq. Dünya şöhrətli
ifaçıları canlı dinləmək isə əlbəttə,
tamaşaçılara böyük zövq verirdi.
Festival günlərində bütün Qəbələ,
ətraf rayonlar bu böyük incəsənət bayramı ilə
nəfəs alırdı.
Festivalın
keçirilməsində, Azərbaycan mədəniyyətinin
inkişafında və dünya
miqyasında təbliğində Heydər Əliyev Fondunun prezidenti, UNESCO və
İSESCO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban
xanım Əliyevanın əvəzsiz işlər gördüyünü xüsusi
vurğulayan Azərbaycan Ağsaqqallar Şurasının sədri,
Milli Məclisin deputatı Fəttah Heydərovun
jurnalistlərə müsahibəsindən: "Bu günlərdə müxtəlif tədbirlərdə
iştirak etmək üçün
Azərbaycana gələn qonaqlar da Qəbələdə musiqi
festivalının keçirildiyini hiss edirlər. Bu festival həm də böyük
maarifçilik missiyası
daşıyır. Dünyanın hər yerindən Qəbələnin səsi gəlir,
bu gözəl diyarda
isə dünya musiqisi
səsləndirilir. Bu festival
Azərbaycan xalqının yüksək mədəniyyətə
sahib olduğunu bir daha təsdiqləyir. Hər il olduğu
kimi, builki festival günlərində də Qəbələdən
əlavə, Bakı, Gəncə, Oğuz,
Ağdaş, İsmayıllı, Şəki,
Göyçay və Mingəçevirdən
müəllimlər, musiqiçilər, həkimlər,
ziyalılar, gənclər konsertlərə gəlir və Azərbaycan
bəstəkarlarının simfonik əsərlərini,
dünya musiqi incilərini
heyranlıqla dinləyirlər. Qəbələ festivalı xarici qonaqlara Azərbaycan
mədəniyyətini təqdim etməklə yanaşı,
çoxsaylı yerli musiqisevərləri dünya bəstəkarlarının klassik əsərləri və məşhur
musiqiçilərlə yaxından tanış edir".
Qeyd edək ki,
Qəbələ V Beynəlxalq Musiqi
Festivalında yubileylərə həsr olunmuş
konsert proqramları ilə yeni
bir ənənənin də əsası qoyuldu. Belə ki, dahi italyan bəstəkarı
Cüzeppe Verdinin iki yüzillik yubileyinin Qəbələ səhnəsində
qeyd edilməsi də çox
əlamətdardır.
Festivalın bədii rəhbərlərindən
olan, Ü.Hacıbəyli adına Bakı
Musiqi Akademiyasının rektoru,
xalq artisti Fərhad Bədəlbəyli
qeyd etdi ki, belə ənənələr və digər
yeniliklər sonrakı illərdə də davam
etdiriləcək. F.Bədəlbəyli bu
möhtəşəm musiqi
bayramının bənzərsiz dəst-xəttinin olduğunu da xüsusi vurğuladı.
Festivalın
digər bədii rəhbəri, dünya
şöhrətli violençel
ifaçısı, "Yeni Rusiya" Dövlət Simfonik
Orkestrinin dirijoru Dmitri Yablonski isə Heydər
Əliyev Fondunun təşəbbüsü
ilə keçirilən bu layihəni dünyada mədəniyyətin
inkişafına böyük töhfə
adlandırıb.
Məşhur italiyalı
vokalçı Karmela Korrado
Karuzonu paytaxtdan xeyli uzaq bir
yerdə bu qədər insanın klassik musiqiyə yüksək səviyyədə
maraq göstərməsi təəccübləndirib
və heyran edib. Heyranlıqlarını gizlədə bilməyənlər
sırasında İstanbul Milli
Opera Teatrının solisti
Burçin Savigne,
Yerusəlim Simfonik Orkestrinin
üzvü, konsertmeyster
Janna Qandelman,
Kubanın "Santiaguero" caz qrupunun üzvləri İnosensia Heredia, Fernando Devoir və digərlərinin
də adını çəkmək olar.
Qəbələ festivalında yaxından tanış
və dost olan musiqiçilər bildirdilər ki, bu
tanışlıq və dostluq işgüzar
yaradıcılıq əlaqələrinə, yeni
axtarışlara və yeni əsərlərin dünyaya gəlməsinə
zəmin yaradacaq.
Budəfəki
festivalda həm də "Gəl ey səhər", "Azərbaycan" kimi öz bəstələrini
və "Ay dilbər", "Xumar oldum" xalq mahnılarını ifa
etməklə tamaşaçıların sürəkli
alqışlarını qazanan Azərbaycanın
Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri,
xalq artisti Polad Bülbüloğlu
Heydər Əliyev Fondunun təşkilatçılığını
yüksək qiymətləndirməklə yanaşı, xüsusi vurğuladı ki,
bu möhtəşəm musiqi
tədbirinin sorağı dünyanın hər yerinə
yayılır və ölkəmizi bir daha tanıdır: "Bu
gün Azərbaycanın regionlarında
gündən-günə vüsət alan
sürətli inkişaf Prezident
İlham Əliyevin ulu
öndər Heydər Əliyevin müəyyənləşdirdiyi
strategiyanı uğurla davam
etdirməsini bir daha
göstərir. Gələn qonaqlar Qəbələ
ilə tanışlıq zamanı ölkəmizin necə
sürətlə inkişaf etdiyinin də şahidi olurlar".
Qəbələli ağsaqqal Şirin Şirinovun da deməyə
sözü çox idi: "Bu gözəl musiqi bayramı hər birimizin
qəlbində iftixar hissi
doğurur. Fəxr edirik
ki, gələn qonaqlar
gedəndə bu yerlərdən məhəbbətlə,
bir də qayıtmaq arzusu
ilə ayrılırlar".
Bəli, iyulun
24-dən avqustun 6-dək davam
edən Qəbələ V Beynəlxalq Musiqi
Festivalı hər kəsin - musiqiçinin
də, tamaşaçının da qəlbində
unudulmaz xatirəyə çevrilməkdədir.
Gələnlər Azərbaycanı, onun musiqisini, insanlarını, təbiətini,
dağlarını bir daha
tanıdılar, bir daha
sevdilər və bir daha
könül dolu xoş xatirələrlə getdilər.
Telman
NƏZƏRLİ
Azərbaycan. - 2013.-
13 avqust.- S. 11.