Azərbaycan və Rusiya prezidentlərinin geniş tərkibdə görüşü olmuşdur

 

Avqustun 13-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyası Prezidenti Vladimir Putinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.

Azərbaycan Prezidenti İlham ƏLİYEV qonaqları salamlayaraq dedi:

 

- Hörmətli Vladimir Vladimiroviç! Hörmətli qonaqlar! Bir daha sizi Azərbaycanda ürəkdən salamlamaq istəyirəm! Xoş gəlmisiniz! Sizin səfəriniz bizim üçün böyük əhəmiyyət kəsb edir. Bu gün artıq danışıqlarda qarşılıqlı maraq doğuran məsələlərin geniş spektri üzrə fikir mübadiləsi apardıq.

Münasibətlərimizin gündəliyi çox genişdir. Əməkdaşlıq çoxplanlı və çoxtərəflidir, demək olar ki, bütün sahələri əhatə edir. İqtisadi əlaqələr, humanitar sahə, nəqliyyat, regional təhlükəsizlik və bütün məsələlər üzrə mövqelərimiz oxşardır. Əlbəttə ki, ikitərəfli münasibətlər və regional siyasətin mühüm məsələlərini Sizinlə müzakirə etmək imkanı çox vacibdir. Çox şadam ki, Sizi böyük və möhtərəm nümayəndə heyəti müşayiət edir. Nümayəndə heyətinin belə tərkibdə olmasının özü sübut edir ki, bizim önəm verdiyimiz məsələlər böyük əhəmiyyət kəsb edir. Əminəm ki, bu səfər ölkələrimiz arasında gələcək dostluq münasibətlərinə bütün istiqamətlərdə təkan verəcək, ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaqdır. Bir daha xoş gəlmisiniz!

 

* * *

 

Rusiya Federasiyasının Prezidenti Vladimir PUTİN çıxış edərək dedi:

 

- İlham Heydər oğlu, dəvətə görə çox sağ olun! Rusiya-Azərbaycan münasibətlərinin inkişafına göstərdiyiniz diqqətə görə təşəkkür edirəm! Mən əsas məsələ, humanitar istiqamətlər barədə daha çox danışmaq istərdim. İndicə kiçik tərkibdə danışarkən biz bu məsələyə lazımi diqqət yetirdik. Mən bir daha qeyd etmək istərdim ki, Azərbaycanda  rus dilinin inkişafına və tədrisinə lazımi diqqət göstərilir, rusdilli məktəblər və Rusiyanın ali təhsil müəssisələrinin filialları da fəal işləyir. Bu, mühüm məsələdir. Çünki bu, bütün digər istiqamətlərdə üçün şərait yaradır.

Bütün digər məsələlərlə bağlı bizdə yüksəliş göz qabağındadır. Biz artıq qeyd etmişik ki, dünya iqtisadiyyatındakı çətinliklərə baxmayaraq, əmtəə dövriyyəmiz artır. Keçən il demək olar ki, 50 faiz, yəni, 48 faizdən çox artıb. Bu, bizim qarşılıqlı fəaliyyətimizin çox gözəl göstəricisi, potensialıdır. Həqiqətən də, Rusiya nümayəndə heyətinin tərkibində xeyli nazirlər vardır, onların çoxu əsas aparıcı nazirliklərin və idarələrin nümayəndələridir. Mən ümid edirəm ki, biz bu gün belə geniş tərkibdə əməkdaşlığımızı daha da intensivləşdirmək üçün nələr etməli olduğumuzla bağlı fikir mübadiləsi aparacağıq. Əminəm ki, bütün bu işlər bizim gələcək fəaliyyətimiz üçün faydalı və perspektivli olacaqdır. Çox sağ olun!

 

AzərTAc

 

Azərbaycan. - 2013.- 14 avqust.- S. 1.