ÜMİD
ÇIRAĞI
...Yazımız
da yolumuz kimi davam edir...
...Yolumuz məcburi
köçkünlər üçün zövqlə və
müasir standartlara uyğun tikilmiş yeni qəsəbələrə
sarıdır...
Yenicə
çəkilmiş geniş və hamar şosedə sürətlə
şütüyən avtomobilin çarxları zaman kimi irəliyə
doğru hərəkət edir və mən vaxtın
içindən keçən düşüncələrimlə
birgə, dünyada əsl xoşbəxtlik haqqında
duyğularla qanadlanıram.
...Məncə,
dünyada ən böyük xoşbəxtlik
düsturlarından biri ATANIN OĞULA Güvəni, OĞULUN
bu Güvəni doğrultmasıdır, ATA
qarşısında
alnıaçıqlığıdır...
Zaman-zaman
dünya ədəbiyyatının misilsiz nümunələri
üçün də bəşəri suala çevrilmiş
bu qarşılıqlı münasibət ATALAR və
OĞULLAR timsalında ümumən həyatın öz normal
ahəngində davam etməsidir, irsin varisliyidir, inkişaf xəttinin
qırılmazlığıdır...
...Maşınımız
irəliyə doğru hərəkət etdikcə,
düşüncələrim içində şölələnən
ÇIRAQ pəncərənin o üzündən
ildırım sürəti ilə bir-birini əvəzləyərək,
bu ahəngi, tənasübü əks etdirən həyat mənzərələrinə işıq
salır.
Baxdıqca,
BÖYÜK ATA-nın - ulu öndər Heydər Əliyevin
güvənini görürəm, illərdir bu güvəni hər
addımı ilə doğruldan Prezident İlham Əliyevin ATA
və onun müqəddəs əmanəti -
MÜSTƏQİL AZƏRBAYCAN qarşısındakı
alnıaçıq, üzüağ, nəcib əməllərinə
şahid oluram...
Cənab
İlham Əliyev, 2003-cü ilin 1 oktyabrında prezidentliyə
namizəd kimi, Biləsuvar rayonu ərazisində məcburi
köçkünlər üçün salınmış
yeni qəsəbələrin sakinləri ilə
görüş keçirərkən qətiyyətlə
bildirdi:
"...Ölkədə
bir dənə də olsun çadır şəhərciyi
qalmayacaq!.."
Dövlətə
rəhbərlik missiyasını üzərinə
götürmək üçün vətəndaşların
səsinə üz tutan liderin ilk görüşünü
kimlərlə, hansı əhali qrupları ilə keçirməsi
çox önəmlidir.
Cənab
İlham Əliyev də prezidentliyə namizəd olaraq ilk
görüşünü məcburi köçkünlərlə
keçirdi!
Bununla
da onlara ümid verdi, Heydər Əliyevin ölkəyə rəhbərlik
dövründə olduğu kimi, Azərbaycanın yeni
inkişaf dönəmində də rayonlarımızın
işğaldan azad edilməsinin, qaçqın və məcburi
köçkünlərin sosial problemlərinin həllinin
dövlət üçün bir nömrəli məsələ
olacağını anlatdı...
...Və
prezident seçkisi günü hamılıqla əziz
Atanın - Heydər Əliyevin yadigarına, Onun dövlətçilik
ocağının mühafizinə - cənab İlham
Əliyevə etimad göstərən qaçqınlar və
məcburi köçkünlər seçki ərəfəsində
verilmiş bəyanatların seçkidəki qələbədən sonra
zaman-zaman sözdən əmələ çevrildiyini
gördülər.
Prezident
verdiyi sözü tutdu, dövlət rəhbərinin bu problemə
yanaşması ard-arda imzalanan proqram və sərəncamlarda
öz ifadəsini tapdı, 2006-cı ildə Bərdədəki
3, Ağcabədidəki 1 çadır düşərgəsi, 2007-ci ilin dekabrında Saatlı və
Sabirabad rayonları ərazisindəki 3 çadır şəhərciyi
ləğv
edildi, beləliklə, ölkədə, həqiqətən,
bir dənə də olsun çadır şəhərciyi
qalmadı, Prezidentin tapşırığı vaxtından da
hələ bir il əvvəl yerinə yetirildi...
2003-2013-ci
illərdə salınmış onlarla qəsəbədə
129 min nəfərdən çox məcburi köçkünə
hər cür rahatlığı olan fərdi evlər verildi,
yüzlərlə orta məktəbi, musiqi məktəbi,
uşaq bağçası, tibb müəssisəsi, klubu,
rabitə evi, ən müasir tələblərə uyğun
sosial infrastrukturu ilə birgə...
Bu
işlər sayəsində hal-hazıradək Azərbaycanda məcburi
köçkünlər üçün salınmış qəsəbələrin
sayı 82-yə çatdırıldı, çadırlarda,
torpaq daxmalarda, yataqxana hücrələrində ömür
çürüdən 33 min ailə, 159 min nəfərədək
məcburi köçkün zillətdən qurtuldu, yeni bir həyatın
başlanğıcına qədəm qoydu.
Ümumiyyətlə,
2001-2013-cü illərdə 33
min ailə və 159 min nəfər qaçqın və məcburi
köçkünün mənzil-məişət
şəraiti yaxşılaşdırılmışdır.
Azərbaycan
Prezidenti məcburi köçkünlərin sosial müdafiəsi
ilə bağlı ulu öndərin irəli
sürdüyü prinsiplərə də müqəddəs vəsiyyət
kimi sadiq qaldı, dövlət büdcəsindən
ayrılmış vəsait hesabına məcburi
köçkünlərə aylıq yemək xərci
üçün verilən müavinətin miqdarı 3 dəfə
artırıldı, onların ərzaqla təminatını,
məcburi köçkünlər tərəfindən istifadə
edilən kommunal xidmətlərə görə ödənişlərin
təmin olunmasını, vaxtilə büdcədən maliyyələşdirilən
müəssisələrdə, təşkilatlarda
çalışmış, özlərindən asılı
olmayan səbəblərə görə iş yerlərindən
məhrum olmuş və işlə təmin olunmayan məcburi köçkünlərə orta
aylıq əməkhaqqının ödənilməsini
dövlət yenə də öz üzərinə
götürdü, onların məşğulluğunun
artırılmasından, yoxsulluğunun azaldılmasından,
qaçqın və məcburi köçkünlərin də
sahibkarlıq fəaliyyətinə cəlb olunmasından
ötrü ardıcıl addımlar atıldı...
Münaqişənin ilk illərində, iqtisadi
imkanlarımızın məhdud olduğu dövrdə Azərbaycanda fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatların fəaliyyəti
olmasaydı ölkəmiz humanitar böhranla üz-üzə qalardı.
Uzaqgörən
ulu öndər Heydər Əliyevin müvafiq sərəncamı
ilə Beynəlxalq Humanitar Yardım üzrə Respublika
Komissiyası yaradılmışdır.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin 2010-cu ildə imzaladığı sərəncamla
Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Həsənov
yenidən həmin komissiyanın sədri təyin edildi və
indi əminliklə qeyd etməliyik ki, komissiya ölkəmizdə
xarici ölkələrin Azərbaycandakı səfirliklərinin,
beynəlxalq maliyyə
qurumlarının, donor ölkələrin, beynəlxalq və
yerli humanitar təşkilatların bu sahədəki fəaliyyətləri
üçün sərbəst
və şəffaf şərait yaratmışdır.
"Allah
dadlarına yetsin, o vaxt humanitar təşkilatlar bizə
çox kömək elədilər, rəhmətlik kişiyə
görə. Heydər Əliyevə bütün
dünyanın hörməti
vardı da, adı olan yerdə hamı əlindən gələn
köməyi göstərirdi. Yaman ağır günlər
yaşadıq onda. İndi, şükür Allaha, Azərbaycanın
nə qədər desən, imkanı var, nə
lazımdırsa, dövlətimiz özü edir..."
Kəlbəcərdən
qəlbi dağ qürurlu Şəfi müəllim... Əsl
dağ kişisi, iri ala gözlərindən insanlara məhəbbət
duyulur. Xırdalanda dövlət tərəfindən
verilmiş üçotaqlı rahat mənzildə məskunlaşıb.
Qızının əri Qarabağ döyüşlərində
göstərdiyi igidliklərə görə medal alıb.
Onlar indi də cəbhə bölgəsində
yaşayırlar. Nəvələrinin o bölgədə
doğulub, böyüməsi ilə əməlli-başlı
qürur duyur, kişi deyir: "Allaha şükür ki, şəhərə
gəlməyib elə oradaca qaldılar. Yurdun, ocağın
havasında böyüməyin özgə bir ləzzəti
var..."
vvv
Bu
illər ərzində Azərbaycan Prezidentinin ən çox
ünsiyyətdə olduğu əhali təbəqəsi məhz
qaçqın və məcburi köçkünlər oldu,
2003-2013-cü illərdə onlarla bağlı 30 toplantıya
qatıldı, yeni salınmış qəsəbələrdə
25 dəfə bu insanların görüşünə gəldi, yeni
mənzillərində xanımıyla onlara qonaq oldu, bir stəkan
çaylarını içdi, hər gəlişində də
bir aləm sevinc-fərəh gətirdi, unudulmaz xatirələr
bəxş elədi, sadəliyi, səmimiliyi, təvazökarlığı
ilə insanların qəlbində ucaldıqca ucaldı...
"...Qəsəbəyə
gələndə, Prezidentlə çay süfrəsi
arxasında görüşümüz oldu...". Birinci
yazımın qəhrəmanlarından olan cəbrayıllı
Rəhim müəllim belə görüşlərin
hansındasa telekameraların nəzərindən
yayınmış maraqlı detala gözlərindəki
işıqlı təbəssümlə şahidlik edir:
"Prezidentimizin gəlişinə
hazırlaşırdıq. Prezidentimiz gəldi, hamı ürəkdən
alqışladı. Axırda çay süfrəsi
arxasında yığışmışdıq. Günəşli
bir gün idi, stolun qoyulduğu yerə gün
düşürdü. Birdən İlham müəllim
ayağa qalxıb stolun bir kənarından yapışdı,
xoşbəxtlikdən mən də lap yaxında. Mənə
dedi ki, bura gün düşür, gəl bunun yerini dəyişib,
kölgəyə çəkək..."
Rəhim müəllim
danışdıqca, çalışır ki, heç bir
detalı unutmasın: "Mühafizəçilər tez
tökülüşüb gəldilər, amma Prezident onlara
imkan vermədi, özümüz dəyişəcəyik dedi,
stolu götürüb kölgəli yerə qoyduq. Mən onda
bir daha anladım ki, sadəlik insan üçün ən
böyük gözəllikdir. Allah onu qorusun!.."
50 yaş
ömrün ən əlamətdar məqamıdır, insan bu
anı ona ən doğma insanlarla bir yerdə olur.
Azərbaycan
Prezidenti 50 yaşını ömür-gün yoldaşı
Mehriban xanım Əliyeva ilə birgə Ağcabədi
rayonunda məskunlaşmış laçınlı məcburi
köçkünlərlə keçirdi və yeganə bəzəyi,
təmtərağı, hədiyyəsi doqquz milyonluq
böyük bir ailənin sevgisindən ibarət olan bu
doğum
günü öz məzmunu, təlqin etdiyi dəyərlər
etibarilə dünyanın ən gözəl yubiley törəni
kimi qəlblərə yazıldı...
Həmin tədbirdə
məcburi köçkünlər adından
çıxış edən Əmirxan ZEYNALOV dövlət
başçısına minnətdarlıq edərək
demişdi:
- Cənab Prezident, Siz bu gün bizi
çox sevindirirsiniz. Bizə ürək-dirək
verirsiniz. Biz bilirik ki, Sizin bu gün əziz
gününüz, ad gününüzdür. Əlli yaşınız tamam olur. Həmin günü Siz ailənizlə,
övladlarınızla, gözəl nəvələrinizlə
bir yerdə keçirə bilərdiniz. Amma görün
Siz nə qədər həssas, nə qədər qədirbilənsiniz
ki, köçkünlərin vəziyyətini nəzərə
alırsınız, onların qəlbini sevindirirsiniz, onlara fərəh,
sevinc bəxş edirsiniz...
Möhtərəm Prezidentimiz İlham
ƏLİYEV isə cavabında bildirmişdi:
- Xoş sözlərinizə görə
minnətdaram. Mən demək istəyirəm ki,
adətən, öz ad günlərimi qeyd etmirəm.
Ancaq bu il belə
qərara gəldim ki, öz ailəmlə bunu qeyd edim və bu
gün mən öz ailəmlə birlikdəyəm, mənim
ailəm sizsiniz...
Yer üzündəki hər bir azərbaycanlını
özünə ailə üzvü qədər doğma bilən
və onların xoşbəxtliyi üçün
çalışan Prezidentlə, öz ictimai fəaliyyəti,
nur saçan əməlləri ilə cənab İlham
Əliyevin haqq işinə kömək göstərən, rəhbəri
olduğu Heydər Əliyev Fondunun layihələri
misalında, Qarabağ həqiqətlərinin, qaçqın
və məcburi köçkünlərin problemlərinin
dünyaya çatdırılmasında, bu problemlərin həllində
Ona ən böyük dəstəyi verən Mehriban xanım
Əliyevanın həmin gün Ağcabədidə məcburi
köçkünlərlə görüşlərini lentə
almış fotoqraflar, bəlkə özləri də fərqinə
varmadan Sevginin, SadƏliyin, BirgƏliyin və ƏbƏdi
MƏhƏbbƏtin - xalqa məhəbbətin və xalq məhəbbətinin
portretlərini çəkdilər...
...Qara, kösöy çöhrəsindəki
təbəssümlə və sanki bir-bir toxunmuş kimi
sıx qıvrım saçları ilə xoş aura yaradan bu
ucaboy kişi - Əmirxan Zeynalov indi, necə deyərlər,
"məşhuri-cahandır", tanımayan yoxdur. Bu kişi ilə haqq-salamım, ərkli
münasibətim var. Duzlu-baməzə zarafatımız, şən
söhbətimiz tez-tez olur. Yeni Azərbaycan
Partiyasının 5-ci qurultayında yaddaqalan bir
çıxışı olmuşdu, hamı heyran idi. Mənə deyir ki, hələ vaxt çatmadı,
sözlərimin çoxunu deyə bilmədim, ürəyimdə
qaldı.
"...Partiyamızın sonuncu
qurultayında bizim problemlərimizlə bağlı olan belə
bir cəfakeş qurumun rəhbərinin, Baş nazirin
müavini, Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsinin sədri Əli Həsənovun YAP sədrinin
müavini seçilməsindən məmnun
qalmışıq. Çox fərəhlənirik.
Bu, cənab İlham Əliyevin, Onun sədri
olduğu partiyanın Qarabağ camaatına olan daha bir diqqətidir,
inamıdır, güvənidir. Bu, həm
də bizim elata, el-obaya olan böyük etimaddır. Bilirsiniz, bu, həm də bizim camaatın dövlət
və dövlətçilik qarşısında məsuliyyətini
birə-beş artırır. Allah Prezidentimizi həmişə
güvənc yeri eləsin!.."
Sağollaşıb ayrılırıq,
bir neçə gündən sonra telefonuma zəng gəlir.
Əmirxan müəllimin hay-küylü, ərkyana, doğma
səsini eşidirəm: "Buralara bir də havaxt yolun
düşəcək, a müəllim, vaxt tap gəl ey,
yaxşı səbət balım var, yazıçı
adamsan, əslində, səninçün çox maraqlı
olacaq. Günün günorta çağı, əlində
çıraq axtarsan, heç harada tapa bilməzsən.
Səbət balı sən
gördüyün ballardan deyil ha, tamam başqa dadı-ləzzəti
var. Prezidentimiz 50 yaşını bizimlə bir yerdə
keçirəndə, səbət balının, nehrə
yağının sərgisini də təşkil eləmişdik.
Böyründə də təndir çörəyi... Gəl
sən də gör ləzzətini..."
vvv
Yeni salınmış qəsəbələrin
pərgarla kağız üzərində çəkilmiş
kimi səliqəli, planlı, abad küçələrində
dolaşıram. Hansı məkanlarda yerləşməsi,
buralarda məskunlaşmış insanların rayon, kənd mənsubiyyəti
fərq etmir məncə, bu qəsəbələr də,
onların bütün sakinləri də işğal
edilmiş cənnət məkanlardan uzaqlıq gerçəyində,
doğma yurdlara qayıdış intizarında və çox
tezliklə, bu qəsəbələrdən oralara doğru
Böyük Köçün başlanacağı ümidində
birləşirlər...
Bu insanlar illər ərzində itirmədikləri
və qiymətli miras kimi nəslin körpə
davamçılarına da ötürdükləri şirin
Qarabağ ləhcəsində danışırlar.
Yenicə köçürülmüş
şəhərcikdəki evlərdən birinin açıq pəncərəsindən
zil zəngulə gəlir qulaqlarıma... Qərib
yurdun uşaqlarından kimsə muğam oxuyur. Torpağın
yeddi qatından çıxan bulaq suyu kimi - saf, şirin səsi
eşitdikcə, hörmətli Mehriban xanımın illər əvvəl
dünyanın ən yüksək tribunalarından
böyük vətəndaş yanğısı ilə səsləndirdiyi
kəlmələri xatırlayıram: "Balaca muğam
ifaçılarını, adətən, "Qarabağ bülbülləri"
adlandırırlar. Bu gün Qarabağın
sakinləri olan məcburi köçkünlərin
düşərgələrində böyüyən
uşaqlar daha muğam oxumurlar, onların arasında belə
Qarabağ bülbülləri son dərəcə azdır.
Oxumaq üçün onlara Qarabağ
dağları, Qarabağ təbiəti, Qarabağ torpağı
lazımdır. Azərbaycan mədəniyyətinin
Üzeyir Hacıbəyli və Bülbül kimi belə
böyük korifeylərinin Şuşada
doğulduqlarını demək kifayətdir".
Açıq pəncərədən
süzülən o təmiz səs bir an kövrəldir məni,
ayaq saxlayıb, bütün ruhumla dağ suyu kimi ürəyimə
çəkirəm, şükür Sənə, İlahi, deməli,
səs hələ itməyib, deməli, gözlərim
önündə açılan quruculuq mənzərəsi, bu
qəsəbələrdə yaradılmış şərait,
tikilmiş musiqi məktəbləri, mədəniyyət evləri
balaca muğam ifaçılarını da öz ətrafında
toplayan yuvaya çevrilib həm də... Çox tezliklə,
bu yuvalardan Qarabağ dağlarına yeni "Qarabağ
bülbülləri"nin pərvazlanacağına,
səsin öz məkanına, aid olduğu yerə
qovuşacağına çox ümidlənirəm.
Bu qəsəbələrdə gənc nəslin
təlim-tərbiyəsi, yeniləşən dünyanın hərtərəfli
biliklərə malik sakinləri kimi yetişməsi, bu məkanlarda
insan kapitalının formalaşması üçün ən
müasir tələblərə uyğun təhsil infrastrukturu
qurulub. Heydər Əliyev Fondu da
inşa etdirdiyi məktəblərlə, həyata
keçirdiyi humanitar layihələrlə bu sahədə
öz köməyini əsirgəmir.
Ermənistanın Azərbaycana
qarşı hərbi təcavüzünün sadə azərbaycanlıların
həyatına gətirdiyi dəhşətli faciələrin
dünyaya çatdırılması yönündə də
işlər davam etdirilir, Azərbaycanda və xaricdə
müntəzəm tədbirlər düzənlənir, bu məqsədlə
nəşr edilmiş kitablar, bukletlər, qısametrajlı
filmlər dünyada yayılır. Azərbaycan həqiqətlərinin dünyaya
çatdırılması üçün Heydər
Əliyev Fondu ilə birgə aksiyalar sistemli şəkildə
davam etdirilir.
Azərbaycandakı qaçqın və məcburi
köçkünlərlə bağlı 8 dildə 10 dəqiqəlik
qısametrajlı film çəkilib. Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsinin iki dildə internet səhifəsi tərtib
edilib, ərazisi işğal olunmuş rayonlar haqqında da
internet səhifələri hazırlanıb.
Bu, Qarabağ adı olan yerdə
mövqeyindən bir addım da geri çəkilməyən
dövlət rəhbərinin tutduğu xətdir...
Torpaq, Vətən məsələsində
Ən Böyük Vətənpərvərə - Azərbaycan
Prezidenti İlham Əliyevə bənzəmək istəyən,
Ondan öyrənən hər bir vətəndaşımızın
özünə borc bildiyi vəzifələrdir.
İllərini darısqal hücrələrdə
keçirib, bir çətən külfətin gecəsini-gündüzünü,
qayğılarını, bütün dünyasını
balaca bir otağa sığdıran, bu balaca otağa gəlin
gətirib, buradan qız köçürmək əzabına
qatlaşan insanlar indi xeyli rahatdırlar, qəsəbələrə
doğru aparan yollardan başlanmış, ailə üzvlərinin
sayına uyğun onlara verilmiş iki, üç, dörd,
beşotaqlı mənzillərin şəraitinə qədər
hər şey burada normal yaşayış üçün
bütün imkanların yaradıldığından xəbər
verir.
"Sağ olsun Prezidentimizi, mənə
Binəqədidə üçotaqlı mənzil
bağışladı. Evlər abadan,
otaqlar geniş. Lap içində at min çap.
Nəvələrim bütün günü
içəridə dağkeçisi kimi atlanıb
düşürlər..." - bunu Ramiz Cahangirov deyir və belə
bir şəraiti yaratmış dövlət rəhbərinə
təkrar-təkrar dil-ağız edir, dualar söyləyir.
Özü Xocavənd
rayonunun Nərimanlı kəndindəndir, daha
düzünü desəm, məşhur Tuğ kəndində
doğulub, evləri Azıx mağarasının cəmi 3
kilometrliyində imiş.
"Atam Bəşir müəllim o vaxt
hay-küy qaldırdı, alimləri Azıx mağarasına cəlb
elədi ki, tariximiz araşdırılsın.
İndi baxırsan ki, yeməyə bir tikə
çörəyimiz, yaşamağa evimiz var, amma ürəkdəki
yara sağalmır. Atam ölüm ayağında vəsiyyət
elədi ki, geriyə, yurda qayıdanda sümüklərimi gətirib
Tuğda basdırarsınız, onda ruhum şad olacaq... İki oğlum var, ikisi də zabitdir.
Oğullarım Vətən uğrunda ölməyə hər
an hazırdırlar..."
Danışır və yol çəkən gözlərindən
elə bil ildırım çaxır Ramiz kişinin...
"Allah saxlasın!.."
- bu da həmin anda və həmin məqamdaca
mənim dilimdən çıxan duamdır...
Buralarda insanlar mənim o torpaqların
işğaldan əvvəlki xoşbəxt günlərindən
xatırladığım nikbin əhvala yenidən
dönüşüblər, hansı qapını döysən,
ürəklə üzünə açılacaq, qonaq
yanında daha darısqallıqdan, şəraitsizlikdən
sıxılan olmayacaq, geniş, işıqlı mənzillərin
Allah qonağı üçün məxsusi bəzədilmiş
ən gözəl, ən səliqə-sahmanlı
otağında kasıbın olanından məclis qurulacaq,
söz-sözü çəkəcək, söhbət-söhbəti...
Min illərin qatından yoğrulub gəlmiş adət-ənənələr
isə... min şükür ki, yenə də davam edir...
Onlarla söhbətdən mən də
doymuram, bu insanların gözündə inamın, ümidin
necə pöhrələndiyini görürəm...
Ağdamın Gülablı kəndi
alınan gün həyat yoldaşını itirəndən
sonra saçının birini ağ, birini
qara hörüb dörd körpə qız balasını min
bir zillətlə böyüdən, birinci yazımızın
qəhrəmanlarından Nazilə bacımızın da
baxışları indi əvvəlki qədər kədərli,
nisgilli görünmür. Məni xoş ovqatla
qonaq dəvət edir. "Buyurun, içəri
keçin", - deyir. - "Sağ olsun
Prezidentimizi, bax gördüyünüz bu dörd otaqlı evi
pay verdi mənə, içində də hər dəsgahı.
İlham müəllim Mehriban xanımla evimdə
qonaq da oldu. Bir-bir qızlarımla
maraqlandılar. O qədər xoş anlar idi ki, indi də
təsirindəyik. Allahım haqqı, elə bilirəm, bu iki əziz
qonağın, Prezidentlə xanımının xoş nəfəsi
qalıb evimizdə", - deyir həmsöhbətim və
danışdıqca qəlbi atlanır. - "Qəribədir
ki, yeni yurdda Gülablını daha tez-tez xatırlayıram,
köhnə yurd hər gün yadıma düşür,
inşallah, bir gün ora da qayıdacağıq.
Evdarlığı, torpağa bağlılığı
qızlarıma da öyrətmişəm ki, sabah
ərə gedib ev-ocaq sahibi olanda üzümü ağ eləsinlər.
Sağollaşanda bunu Mehriban xanım da mənə dönə-dönə
tövsiyə elədi..."
Allah bütün arzularımızı
göyərtsin, əziz bacım!..
Binəqədi qəsəbəsində
görüşdüyüm, ədəb-ərkanlı, utancaq
təbəssümlü bir cavan oğlan diqqətimi çəkir.
Tərəddüdlü nəzərləri ilə nəsə
demək istəyir, adətən ağır bir
sınağı adlatmış insanlarda olur belə ürkək
gözlər, söhbətə çəkincə
müşahidələrimdə yanılmadığımı
görürəm, Zəngilan rayonundan Təhmasib adlı bu
cavan oğlanın, bir neçə ay əvvəl evi
yanıb, danışdıqca böyüyən gözlərindəki
tərəddüd, təşviş daha da artır, elə bil
bu gözlərlə indi də yanan evindən qalxan alov dilimlərinə
baxır. 2 övladı yanan evin içində
qalıbmış Təhmasibin. "Birini özüm
çıxardım, o birini polis... Allah dadına yetsin
Prezidentimizin, kömək göstərdi, qardaşıma da, mənə
də əl tutub həyan oldular..."
Bu da Qubadlı rayonundan Əyyub Bədəlov...
Yaşı ötsə də, gözlərinin
nuru yerindədir. Keçdiyi uzun həyat yolunun
dolanbacları üzündəki qırışlara
çevrilsə də, rəngi-ruhu dağ çiçəkləri
kimi... Özü də, göz dəyməsin, şivərək
və qıvraq...
"Bütün var-dövlətimi
işğal olunmuş yurd yerində itirəndən sonra,
yatsam, yuxuma da girməzdi ki, yenidən belə bir evim olacaq.
Bundan sonra təzədən necə ev-eşik
qura bilərdim?! Allah Prezidentimizin özünü,
ömür-gün yoldaşını, balalarını min
budaq eləsin, bir mənzil mənə verdi,
birini də oğluma. Elə mənim kimilərinin duaları
onlara bəsdir..."
Ortaboylu, yaşı ötsə də, gənclik
şuxluğunu, səliqəsini saxlamış kişini
tez-tez barmaqları ilə geriyə daraqladığı
dağınıq gümüşü saçlarından
tanıyıram.
Uzun illər Zəngilan rayonunda partiya-sovet
orqanlarında çalışmış Xuduş müəllim...
Abşeronun yaraşıqlı,
gül-çiçəkli, təbii duz havalı Masazır qəsəbəsində
görüşürük. Burada zəngilanlı məcburi
köçkünlər üçün tikilmiş qəsəbənin
açılışında, söz alıb
çıxış etmək istəyərkən, həyəcanlandığından
fikirlərini tam ifadə edə bilməməsindən təəssüflənsə
də, kefini pozmur, məcburi köçkünlərin həyatının
yaxşılaşdırılması üçün etdiyi hər
şeyə görə Prezidentimizə təşəkkürünü
çatdırmağı məndən köhnə dost kimi
dönə-dönə xahiş edir: "Əvvəla deyim ki,
biz zəngilanlılar Heydər Əliyevə çox borcluyuq.
O olmasaydı, köçəköç vaxtı Araz
çayında boğulub qırılardıq. Sonralar kim harada sığınacaq tapırdı, orada
da qalırdı. Həmin anlardaca,
ağlımıza gətirməzdik ki, belə mənzillərimiz
olacaq. Amma indi, şükür Allahın kəramətinə
ki, belə evlərimiz var. Prezidentimiz bunları bizim
üçün qurub-yaratdı. İnşallah,
Böyük Tanrının köməyi ilə, Prezidentimiz
rayonlarımızı da tezliklə azad edəcək. O qərib
yurdlarımız da, onun xeyir-duasıyla, bax beləcə, abad
olacaq!.."
Nə gözəl, hər kəsdə
ümid, inam, ruh yüksəkliyi!..
Ömrünün bu çağında
çox qıvraq görünən Hacı Azad kişinin
başındakı şivrək quzu dərisindən
papağı, uzun kəlbətin barmaqlarında müqəddəs
yerin nişanəsi olan üzük, muncuqları səf kimi
düzülmüş sür təsbehi onun sal divar əzəmətinə,
sərv qamətinə bir tamlıq gətirir.
"...Özün həmişə
görmüsən də, müəllim, mən də,
bütün camaatımız da hər yığıncaqda,
xeyir-şər məclisində, harada olur-olsun, Prezidentimizin
gördüyü işlərdən ürək dolusu
danışırıq, onu necə əzizləyirik... Onun gördüyü işləri, keçirdiyi
görüşləri diqqətlə izləyirik, bizim
üçün çəkdiyi zəhmətə görə
həmişə minnətdarlıq edirik. O kişi bizim bu problemli həyat tərzimizdə
əməlli-başlı dönüş, səliqə-sahman
yaratdı. Qoy Böyük Tanrının əli kürəyində
olsun onun həmişə!.."
Həqiqət belədir! İllər əvvəl
belə deyildi...
Amma hər yolum düşdüyündə
el arasında "Qaçqınkom" kimi tanınan
Qaçqınların və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsinin dəhlizlərində
üzləşdiyim ürək dağlayan mənzərəni,
dərdini götürüb bu binaya üz tutmuş biçarə
insanların səs-küyünü, vay-şivənini
xatırlayıram...
Daha belə deyil, o dəhlizlərə
işgüzar bir sükut çöküb indi, dəhlizlərə
açılan qapıların o biri üzündə - iş
otaqlarında hər kəs öz cari işləri, təsərrüfat
qayğıları ilə məşğuldur. Azərbaycan
Prezidenti İlham Əliyevin xüsusi qayğı və diqqəti
nəticəsində əmələ gələn nikbin ruh,
quruculuq şövqü bu ali dövlət
orqanında da gördüyüm mühitə çox
uyğun gəlir.
Qarşıda isə həyata keçiriləsi
layihələr, planlar və görüləsi işlər
çoxdur... Və bu arzular həyata keçdikcə, hər
bir qaçqının, hər bir məcburi
köçkünün yeni evində, yeni mənzilində
ÜMİD ÇIRAĞI yanır, qəlbində ÜMİD
ÇIRAĞI şölələnir...
...Dəftərçəmə
köçürdüyüm bu isti sözlər, xoş
duyğular, əzəmətli və ərkli səslər,
sanki, dünyanı başına götürüb gedir...
Gəzib dolaşdığım yerlərdən
bir ürək dolusu təəssüratla geri dönəndə
artıq qaş qaralmışdı... Qəlbimi xoş
duyğular bürüyür, inam dolu bir sabah
gözləntisi var içimdə...
Bir an geriyə
çevrilib yeni qəsəbələrin qaranlıq içində
ulduz kəhkəşanına çevrilmiş
işıqlarına göz gəzdirirəm.
Qəsəbənin işıqları o
insanların ümidi kimi şölələnir...
Şuşanın Qala qapısından Qala
dərəsinə, Laçının Güləbirtindən
Lolabağırlısına, Xocalının Əsgəranından
Şuşasına, Xocavəndin Muğanlısından
Tuğuna, Kəlbəcərin Çərəkdarından Zəyliyinə,
Ağdamın Qərvəndindən Əhmədavarına,
Qubadlının Zilanlısından Basaratına, Zəngilanın
Zərnəlisindən Baş Ağalısına, Cəbrayılın
Cocuq Mərcanlısından Qumlağına, Füzulinin Mirzənağılısından
Zərgər Dilağardasına qədər...
Ulu öndərin yandırdığı,
Azərbaycan Prezidenti İlham Əliyevin daha da alovlandırdığı
ÜMİD ÇIRAĞININ işığında bizi bax bu
ellərə aparan Yolların süd kimi ağappaq
ağardığını görürəm...
İmamverdi
İSMAYILOV,
Milli
Məclisin deputatı
Azərbaycan. - 2013.- 14 avqust.- S. 3.