Vətəndaş
mənafeyini uca tutan məhkəmə-hüquq
sistemi
Tarix boyu fərqli ictimai-iqtisadi
formasiyaları taleyində yaşamış bəşər
övladı məhz demokratik quruluşda ali
ideallarının təntənəsini tapmış, belə bir sivil cəmiyyətdə
ictimai-siyasi sabitliyin, əmin-amanlığın,
sosial ədalətin, ən
başlıcası, qanunun aliliyinin
mümkünlüyünə əmin olmuşdur. Sivilizasiyanın
hazırkı yüksək inkişaf mərhələsində
də ümumbəşəri dəyərlərə - demokratik ideallara, insan və vətəndaş hüquq
və azadlıqlarına hörmət bəsləməyən
hansısa dövlətin dünya siyasətində
özünə layiq yer
tutmasından, qlobal miqyasda
cərəyan edən proseslərə nüfuz
etməsindən danışmaq mümkün
deyildir.
Müstəqil
respublikamızda son 20 ildə hər bir fərdin maraq və mənafeyi
əsas tutulmaqla həyata keçirilən
siyasət ölkədə demokratikləşmə xəttinin
davamlı və dönməz xarakter
daşıdığını, hüquqi
islahatların dövlətin ali məqsədlərindən
biri olduğunu təsdiqləmişdir. Hüquqi
dövlətin tam mahiyyəti üzrə
reallaşdırılmasına, vətəndaş cəmiyyəti
quruculuğuna xidmət edən bu islahatlar məhz ulu öndər, dünya
şöhrətli ictimai-siyasi xadim Heydər Əliyevin fəaliyyəti ilə
bağlıdır. Bu ilin mayında anadan
olmasının 90-cı ildönümü
respublikada yüksək səviyyədə
qeyd olunan bu fenomen şəxsiyyət
daim haqqa, ədalətə
bağlı olaraq cəmiyyətin mütərəqqi
ruhda inkişafının yalnız hüququn aliliyi şəraitində
mümkün ola biləcəyini
müdrikliklə qeyd etmiş,
qanunçuluğun bütün
səviyyələrdə təminatına
çalışmışdır.
Ədalət
mühakiməsinin müstəqil və qərəzsiz məhkəmələr
tərəfindən həyata keçirilməsi ideyası əsrlərdir
ki, ədalətli cəmiyyətin əsas
təməl daşlarından biridir. Antik yunan fiosofu
Platon yazırdı ki,
ədalətlə idarə olunan cəmiyyətdə
yaxşı vətəndaş olmaq
asandır. Azərbaycan üçün demokratik, hüquqi və
dünyəvi dövlət quruculuğu yolunu seçmiş ümummilli lider Heydər
Əliyev ölkəmizdə müstəqil məhkəmə
hakimiyyətinin formalaşmasına xüsusi
diqqət yetirmişdir.
Azərbaycan
Respublikası Prezidentinin 1996-cı il 21 fevral tarixli
sərəncamı ilə yaradılmış Hüquq
İslahat Komissiyası tərəfindən
işlənib hazırlanmış "Konstitusiya
Məhkəməsi haqqında", "Məhkəmələr
və hakimlər haqqında" qanunlar
ölkəmizdə məhkəmə-hüquq islahatları sahəsində
aparılan ilk mühüm addımlar olmaqla, müstəqil məhkəmə sisteminin yaradılmasına və fəaliyyətinə
imkan yaratmışdır. 1 dekabr 1998-ci il tarixli "Məhkəmələr və hakimlər
haqqında" Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi və məhkəmə
islahatlarının həyata keçirilməsinə dair tədbirlər barədə" fərman əsasında
ardıcıl surətdə gerçəkləşdirilən
məhkəmə islahatlarının başlıca məqsədi
qanunun aliliyinin təmini,
məhkəmə hakimiyyətinin dövlət idarəçilik
mexanizmində nüfuzlu və müstəqil
təsisat kimi təşəkkül
tapması, ədalət mühakiməsinin həyata
keçirilməsi zamanı insan hüquq və azadlıqlarının
müdafiəsinin yüksək səviyyədə təşkili,
peşəkar hakim korpusunun
formalaşdırılması və digər konseptual
məsələlərin həlli olmuşdur.
Qanuna əsasən, hakimiyyətin
üç müstəqil qolundan
biri olan məhkəmələr
dünyanın mütərəqqi təcrübəsinə əsaslanan
modeldə formalaşdırılmışdır. Bu modelə əsasən,
ölkəmizdə birinci instansiya,
apelyasiya və kassasiya
instansiyalı üçpilləli məhkəmə sistemi fəaliyyət göstərir.
Üçpilləli məhkəmə sistemi
ədalət mühakiməsinin səmərəliliyinin
artırılmasına xidmət etməklə işlərə
birinci instansiya
qaydasında baxılmasına, bundan sonra onların hüquqa
və fakta görə apelyasiya
qaydasında yoxlanılmasına, daha sonra kassasiya qaydasında
yenidən baxılmasına imkan
yaradır. Bu sistem birinci instansiya məhkəməsinin
buraxdığı hər hansı səhvin yuxarı məhkəmə
instansiyalarında aradan qaldırılmasına,
işlərin mahiyyətcə düzgün
və obyektiv həllinə şərait
yaradır.
"Azərbaycan
Respublikasında hakim vəzifəsinə
namizədlərin seçilməsi qaydalarının təkmilləşdirilməsi
haqqında" 2000-ci il 17 yanvar
tarixli fərmanla isə hakimlərin
seçilməsi prosesinin təşkili, məhkəmə
fəaliyyəti ilə bağlı digər funksiyaların həyata
keçirilməsi məqsədilə Məhkəmə-Hüquq
Şurası təsis edilmiş, hüquq sistemində köklü
dəyişikliklərə səbəb olan tədbirlər görülmüşdür.
Məhkəmə-Hüquq Şurası Azərbaycan
Respublikasında müstəqil məhkəmə sisteminin təmini, vakant hakim vəzifələrinə hakim
olmayan namizədlərin seçilməsinin
təşkili, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi,
onların iş yerinin
dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi,
intizam məsuliyyətinə cəlb
edilməsi funksiyasını yerinə yetirir,
habelə məhkəmə hakimiyyətinin özünüidarə
prinsiplərini həyata keçirən müstəqil orqan kimi fəaliyyət
göstərir.
Həmin
vaxtdan etibarən keçmiş
sovet respublikaları arasında, demək olar ki, ilk
dəfə Azərbaycanda həbs və insan
hüquqlarını məhdudlaşdıran digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi
məhkəmələrin müstəsna səlahiyyətinə
aid edilmişdir. Həmçinin
məhkəmələr üzərində hər hansı, o cümlədən prokuror
nəzarəti ləğv olunaraq, əksinə,
demokratik məhkəmə nəzarəti institutu formalaşdırılmışdır.
2000-ci ildə dövlətçilik tariximizdə ilk dəfə olaraq hakimlər
şəffaf prosedurlar əsasında, o cümlədən test
üsulu ilə imtahanla
seçilmiş və nəticədə hakim korpusu təzələnmişdir.
Görülmüş tədbirlər əhali
arasında məhkəmələrə etibarı xeyli artırmış, məhkəmələr
barədə keçmiş sovetlər
birliyindən miras qalmış "cəza
orqanı" təəssüratı aradan
qalxmışdır. Təsadüfi deyil ki, məhkəmələrə müraciətlərin
sayı xeyli artmağa
başlamış, həmin dövrlə müqayisədə
işlərin sayı hazırda 6 dəfəyədək
çoxalmışdır.
Ümummilli lider Heydər
Əliyev sonrakı mərhələdə də
ölkə həyatının
bütün sahələrində
çevik və işlək mexanizmlər üzərində çoxşaxəli
islahatları təmin
etmişdir. 2002-ci il avqustun 24-də
keçirilən ümumxalq səsverməsi
(referendum) ilə Azərbaycan
Respublikası Konstitusiyasına edilmiş əlavə
və dəyişiklikləri
bu mənada xüsusi
xatırlatmaq lazımdır. Həmin əlavə və dəyişikliklərin
bir hissəsi də məhkəmə
hakimiyyətinin fəaliyyəti ilə bağlı olmuşdur. Belə ki, Konstitusiyanın Apelyasiya
Məhkəməsinin səlahiyyətlərini, hakimlərin
seçilməsi qaydasını müəyyən edən maddəsi
yeni redaksiyada verilmiş, prokurorluğun
məhkəmə prosesində iştirakı əsasən
cinayət məhkəmə icraatı ilə məhdudlaşdırılmış,
Ali Məhkəmənin ümumi
və ixtisaslaşdırılmış məhkəmələrin
işinə nəzarət funksiyası ləğv edilərək,
onun yalnız kassasiya
instansiyası olması təsbit edilmişdir.
Ulu öndər Heydər
Əliyev deyirdi: "İslahat
o zaman uğurlu
nəticələr verir ki,
onun həyata keçirilməsi zəruriliyi
cəmiyyətin sosial sifarişinə çevrilsin". Cəmiyyətin
təkamül sistemini, habelə dövlət
idarəçilik mexanizmlərinin səmərəli fəaliyyətini
tənzimləyən qanunların dövrün
tələblərinə uyğun
müasirləşdirilməsi ictimai zərurətdən
irəli gələndə səmərəli olur.
Yeni, müasir və təkmil dövlətçilik
modelinin yaradılması, demokratik
idarəetmə meyarlarının cəmiyyət həyatının
ən müxtəlif sahələrində bərqərar
olması çevik hüquqi
mexanizmlərin formalaşdırılmasından bilavasitə
asılıdır.
Bu gün fəxarət hissi
ilə deyə bilərik ki, ulu öndər Heydər Əliyevin əsasını
qoyduğu məhkəmə-hüquq
islahatları son 10 ildə onun
layiqli davamçısı - Azərbaycan Prezidenti möhtərəm İlham
Əliyev tərəfindən inamla davam etdirilir. Şübhəsiz,
ictimai münasibətlər qanunlarla tənzimləndiyindən
cəmiyyət həyatındakı mühüm
yeniliklər məhkəmə-hüquq sistemində də dəyişikliklər
və yeniləşmə tələb edir.
Dövlət başçısı peşəkar
siyasətçi kimi bu
amili ciddiliklə nəzərə
alır, sosial-iqtisadi uğurların
miqyasına, habelə cəmiyyətin demokratik
şüur səviyyəsinin yüksəlməsinə
paralel olaraq
qanunların liberallaşdırılmasını, məhkəmələrin
fəaliyyətinin müasirləşdirilməsini vacib sayır.
Prezident İlham Əliyevin inamla həyata
keçirdiyi məhkəmə-hüquq
islahatlarının əsas qayəsində həm də regionlarda yaşayan vətəndaşların
qanuni maraq və mənafeyinin
ədalət mühakiməsi yolu ilə
qorunması mexanizmlərinin təkmilləşdirilməsi olmuşdur.
Bu
baxımdan dövlət başçısının 19 yanvar 2006-cı il tarixli "Azərbaycan Respublikasında məhkəmə
sisteminin müasirləşdirilməsi və
bəzi qanunvericilik aktlarına dəyişikliklər
və əlavələr edilməsi haqqında" Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi
barədə" fərmanı respublikanın məhkəmə
sisteminin əsaslı şəkildə
müasirləşdirilməsi və təkmilləşdirilməsi
prosesində ən mühüm
addımlardan biri kimi
dəyərləndirilə bilər.
Fərman
bölgələrdə yaşayan vətəndaşların
məhkəmələrə müraciət imkanlarını
genişləndirmiş, bu sahədə bir sıra mütərəqqi yeniliklərə
şərait yaratmışdır. Belə ki, fərman əsasında Bakıda, Gəncədə,
Sumqayıtda, Şəkidə və Şirvanda
apelyasiya məhkəmələri,
Naxçıvanda Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə,
Bakıda 2 saylı Yerli İqtisad
Məhkəməsi, Sumqayıt və Şəkidə yerli iqtisad məhkəmələri
yaradılmışdır. Xatırlatmaq
lazımdır ki, bu fərmana
qədər Azərbaycanda yalnız bir Apelyasiya Məhkəməsinin fəaliyyət
göstərməsi ilk növbədə regionlarda yaşayan insanlar üçün ciddi problemlər doğurur,
onların qanuni mənafelərinin yüksək
səviyyədə təminatına əngəllər yaradırdı. Vətəndaşlar birinci instansiya məhkəmələrinin
qərarlarından verdikləri apelyasiya
şikayəti ilə əlaqədar uzaq məsafə
qət edərək Bakı şəhərinə gəlməyə,
əksər hallarda prosesin
müəyyən səbəblərdən təxirə
salınması ilə bağlı geriyə dönməyə
məcbur olurdular. Apelyasiya şikayətlərinin
çoxluğu əksər hallarda ədalətli məhkəmə
araşdırması apararaq qətnamə
çıxarmaq imkanlarını da məhdudlaşdırırdı.
Ötən 6 ildə isə bu sahədə
ciddi dönüş
yaranmış, vətəndaşların apelyasiya
məhkəmələrinə müraciət imkanları
asanlaşmışdır.
Məhkəmələrdə
hakimlərin sayca azlığının ədalət
mühakiməsinin keyfiyyətlə və nəzərdə tutulmuş vaxtda həyata keçirilməsində
başlıca problemlərdən biri olduğunu nəzərə alan
Azərbaycan Prezidenti İlham
Əliyevin 2006-cı il 17 avqust
tarixli "Azərbaycan Respublikası məhkəmələri hakimlərinin
sayının artırılması və məhkəmələrin
ərazi yurisdiksiyasının müəyyən edilməsi haqqında"
fərmanı ilə respublika məhkəmələri
hakimlərinin sayı 157 ştat vahidi artırılmışdır. Fərmanın icrası ilə bağlı son illər Məhkəmə-Hüquq
Şurası tərəfindən həyata keçirilən tədbirlər
hakim vəzifəsinə seçkilərin
tamamilə azad, obyektiv
və ədalətli keçirilməsinə, bu
məsul vəzifəyə ən layiqli
insanların seçilməsinə xidmət etmişdir. İlk dəfə təsis olunaraq
hakimliyə namizədlərin seçilməsi kimi
mühüm vəzifəni yerinə yetirən
Hakimlərin Seçki Komitəsinin məqsədyönlü
fəaliyyətinin nəticəsi kimi
2007-ci ildən 235 nəfər hakimliyə namizəd ən
şəffaf və mütərəqqi üsulla
seçilərək hakim vəzifəsinə
təyin olunmuşdur.
Ümumilikdə
son 5 il ərzində
ölkədə 20-dək yeni regional məhkəmə, o
cümlədən apelyasiya, ağır
cinayətlər, inzibati-iqtisadi məhkəmələr
fəaliyyətə başlamışdır. Ölkənin
sürətli iqtisadi inkişafı ilə
əlaqədar məhkəmələrin iş
yükünün dəfələrlə
çoxalması nəzərə alınaraq hakimlərin
sayı son illər ərzində 2 dəfə,
məhkəmə aparatı işçilərinin sayı isə
75 faiz artırılmış, hər bir hakimə köməkçi ştatı
ayrılmışdır.
Məhkəmə
fəaliyyətini tənzimləyən qanunvericiliyə 22 iyun 2010-cu il tarixdə edilmiş dəyişikliklər və məhkəmə
sisteminin təkmilləşdirilməsi ilə
bağlı tədbirlər barədə dövlət
başçısının 2010-cu il 15 iyul və 9 avqust tarixli fərmanlarının ədalət mühakiməsinin səmərəliliyinin
artırılmasında mühüm rolu olmuşdur. Yeni
qanunvericiliyə uyğun olaraq
əhalinin məhkəmələrə müraciət
imkanlarının asanlaşdırılması məqsədilə
ölkənin əlavə dörd bölgəsində
regional ağır cinayətlər məhkəmələrinin
təsis edilməsi, dövlət orqanları tərəfindən
insan hüquqlarına ciddi
əməl olunmasının təmin edilməsi
məqsədilə ölkəmizin tarixində ilk
dəfə olaraq yeddi
bölgədə inzibati-iqtisadi məhkəmələrin
yaradılması, hərbi məhkəmə sisteminin
təkmilləşdirilməsi, habelə hakim
ştatlarının sayının daha 25 faiz artırılması xüsusi
əhəmiyyət kəsb etmişdir.
Regional
ağır cinayət, inzibati-iqtisadi və
hərbi məhkəmələrin tezliklə fəaliyyətə
başlaması üçün qısa
müddət ərzində mühüm təşkilati
tədbirlər həyata keçirilmiş
və bu ilin yanvar ayından 12 yeni regional məhkəmə fəaliyyətə
başlamışdır.
Son illər Prezident
İlham Əliyevin xüsusi
qayğısı ilə məhkəmələrin yeni bina və inventarla təmin olunması istiqamətində
də mühüm addımlar
atılır. Bu kimi məsələlər
dövlət başçısının 2009-cu il 6 fevral tarixli
sərəncamı ilə təsdiq edilmiş
"Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün
Dövlət Proqramı"nda da geniş əksini tapmışdır. Bir sıra məhkəmələr üçün
ən müasir standartlara
cavab verən yeni
binaların tikilib istifadəyə verilməsi
buna əyani sübutdur.
Bu məhkəmə binalarının iş şəraiti müasir
tələblərə cavab verməklə,
vətəndaşlarla hakimlər arasında münasibətlərin
tamamilə şəffaf, qanunamüvafiq
qurulmasına xidmət edir.
Ədalətli
məhkəmə hüququnun ayrılmaz tərkib
hissəsi olan məhkəmə qərarlarının
icrasının mühüm əhəmiyyəti,
habelə bu sahədə iş
həcminin ilbəil xeyli artması nəzərə
alınaraq icra mexanizmlərinin təkmilləşdirilməsi
üzrə əsaslı tədbirlər həyata keçirilmişdir.
Yeni
qanunvericiliyə uyğun olaraq
dövlət orqanları tərəfindən məhkəmə
qərarlarının icra vəziyyətinə
dair ölkə Prezidentinə hər
altı aydan bir müvafiq hesabatın təqdim olunması icra prosesi
iştirakçılarının məsuliyyət hissinin artırılmasına xidmət edərək
müsbət nəticəsini verir.
Ümumilikdə
Heydər Əliyev siyasi kursunun
layiqli davamçısı, dövlət
başçısı İlham
Əliyevin rəhbərliyi altında həyata keçirilən
məhkəmə-hüquq islahatları göstərir ki, Azərbaycanda qanunun aliliyinin təminatı, məhkəmə
hakimiyyətinin dövlət idarəçilik mexanizmində nüfuzlu və müstəqil təsisat kimi təşəkkül tapması, ədalət
mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və
azadlıqlarının müdafiəsinin yüksək səviyyədə
təşkili, peşəkar hakim korpusunun formalaşdırılması, məhkəmələrin
fəaliyyətində şəffaflığın təmin
edilməsi və digər konseptual
məsələlərin həlli xüsusi
diqqət mərkəzindədir. İnanırıq ki, bu islahatlar
respublikamızda qanunçuluğun, hüquq qaydalarının daha
da möhkəmlənməsinə, habelə
Azərbaycanın beynəlxalq arenadakı demokratik
imicinin yüksəlməsinə imkan yaradacaqdır.
İlham
KƏRİMLİ,
Abşeron
Rayon Məhkəməsinin hakimi
Azərbaycan. - 2013.- 14 avqust.- S. 5.