Nuhun gəmisinin yan
aldığı zirvə
Yer kürəsində
həyatın yaranması ilə bağlı çoxsaylı elmi nəzəriyyələr özünü
doğrultmasa da,
onların sırasında böyük tufandan sonuncu
sivilizasiyanı xilas edən Nuh peyğəmbərin rəvayəti həqiqi
reallıqlara daha yaxındır. Ən
maraqlısı da odur
ki, Ordubad rayonundakı dağlarda
zirvələrin arasındakı Gəmiqaya adlanan
kiçik ərazidə bu
qədim rəvayəti təsdiq edən onlarca
fakt mövcuddur.
Bəşər
sivilizasiyasının beşiyi olan Naxçıvan dünyanın ən qədim
yaşayış məskənlərindən biri
sayılır. "Naxçıvan" sözü
üç hissədən ibarətdir.
"Nax" (Nuh), türk dilində isim
düzəldən "çı" şəkilçisindən
və yer, məkan bildirən "van" toponomik
formatından ibarət olub, "Nuhçuvan" - nuhçuların, yəni, Nuh tərəfdarlarının məskəni, Nuh diyarı deməkdir. Bu amil
bizə Naxçıvan sözünün
Nuh peyğəmbərlə bir əlaqəsi, bağlılığı olduğunu söyləməyə əsas verir. Ümumiyyətlə, muxtar
respublikanın ərazisində çox sayda etnoqrafik çöl materialları, rəvayətlər,
əfsanələr, adətlər, inanclar
mövcuddur. Çar
Rusiyası dövründə xristianlar bu yerləri aramsız olaraq
ziyarət edərdilər. Məsələn, Naxçıvan,
Nəhəcir, Nehrəm, Nuhdabanı və. s
kimi yer
adlarının hamısı Nuhla
bağlıdır.
Nuhla bağlı rəvayətlərə,
deyimlərə dünyanın bir sıra
ölkələrində də rast gəlmək
mümkündür. Ancaq
bir məsələ xüsusilə qeyd edilməlidir ki,
Naxçıvan istisna olmaqla
digər yerlərdə gəmi və tufanla
bağlı rəvayətlər, toponimlər buradakı qədər
zəngin deyil.
Müqəddəs
kitabımız Qurani-Kərimin Hud surəsinin
qırxıncı ayəsində gəmiyə
götürüləcək heyvanlarla
bağlı deyilir: "Hər heyvandan bir dişi,
bir erkək olmaqla bir cüt götür,
gəmiyə mindir". Naxçıvan ərazisində
toplanmış rəvayətlərdə heyvanların gəmiyə
mindirilməsi və düşürülməsi
haqqındakı rəvayətlər Qurani-Kərimdə
yazılanlarla eyniyyət təşkil edir.
Nuh peyğəmbərlə
bağlı rəvayətlərdə, xüsusilə, qaranquşla bağlı deyimlər diqqəti
cəlb edir. Rəvayətə görə
dünya tufanından sonra
Nuh peyğəmbərə ilk quru yerin
xəbərini qaranquş gətirir. Ordubad rayonunun Gəmiqaya ərazisindəki
qayaüstü təsvirlərlə zəngin
əsas ərazidən biri də məhz
"Qaranquş yaylağı"
adlanır. Maraqlısı odur ki, qayaüstü rəsmlərin
arasında qaranquş təsvirinə daha çox rast gəlmək mümkündür.
İnanca görə insanların gəmidən
ilk quruya
çıxdığı yer də "Qaranquş yaylağı" olmuşdur.
Tarix elmləri
doktoru Qadir Qədirzadə
yazır ki, qaranquşla
bağlı bəhs olunan rəvayəti genetik cəhətdən araşdırarkən
qədim Şumer dastanı
"Bilqamıs"la qarşılıqlı bənzərliklərin
izinə düşmək mümkündür.
Araşdırmalardan
və mənbələrdən aydın olur
ki, dünya tufanı
çəkildikdən sonra Nuhun gəmisi Gəmiqaya
abidəsinin ətrafında dayanmış, Nuh
və onun ətrafındakılar "Nəbi
yurdu"nu ilk yaşayış yeri kimi seçiblərmiş. Zaman
keçdikcə insanlar buradan
Araz çayına doğru
yayılmışlar.
K.A.Nikitinin əsərlərində və
digər mənbələrdə qeyd edilir ki, Nuh
peyğəmbər ilk dəfə olaraq Naxçıvan ərazisindəki Duzdağ deyilən yerdən duz
çıxarmağı insanlara öyrətmişdir.
Araşdırmalara
görə Nuh peyğəmbərin qəbri
ilə yanaşı, onun
bacısının qəbri də Naxçıvan şəhərinin
qərbindəki təpələrin birindədir.
Tədqiqatlar
göstərir ki, "Ümumdünya
tufanı" və Nuhla bağlı rəvayətlər
Naxçıvanla bağlı olmuşdur.
Yunan alimi Klavdi Ptolomey
Naxçıvanı Nuh peyğəmbərin
məskəni kimi qeyd
etmiş, yəhudi alimi
İosif Flavi Naxçıvan torpağını Nuhun gəmisinin dayandığı yer kimi göstərmişdir.
XVI əsr ərəb alimi Əl-Şərifi
nəinki Nuh peyğəmbərin qəbrinin,
hətta gəmisinin qalıqlarının Naxçıvanda
olması haqqında ətraflı məlumat vermişdir.
Bütün bunların nəticəsi olaraq
28 iyun 2006-cı il
tarixdə Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Nuh peyğəmbərin məzarının bərpası
haqqında sərəncam vermiş, burada məzar üzərində Şərq
memarlıq üslubuna uyğun
türbə inşa edilmiş,
bir neçə il
bundan əvvəl Naxçıvan şəhərində
dünyanın 10-a yaxın ölkəsindən gəlmiş Nuhşünas alimlərin iştirakı ilə
beynəlxalq elmi simpozium
keçirilmişdir. Həmin elmi toplantıda ayrı-ayrı ölkə
alimlərinin çıxışlarında Nuhun,
beləliklə də, bəşəriyyətin ilkin tarixinin məhz
Naxçıvandan başlaması fikirləri səsləndirilmişdir.
Asəf
ORUCOV,
AMEA
Naxçıvan Bölməsinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru
Azərbaycan. - 2013.- 14 avqust.- S. 7.