Cari mövsüm 3 milyon tona yaxın taxıl istehsalı gözlənilir

 

Azərbaycanda biçiləcək 1,355 milyon hektar taxıl sahəsinin artıq 98 faizi biçilib.

Kənd Təsərrüfatı Nazirliyinin (KTN) mətbuat xidmətindən verilən məlumata görə, ölkə ərazisində artıq 2,714 milyon ton taxıl istehsal olunub. Keçən ilin müvafiq dövrü ilə müqayisədə cari il taxıl istehsalı sahəsində məhsuldarlıq 26,6 sentner təşkil edib ki, bu da 4,6 faiz artım deməkdir.

689 482 hektardan 1,785 milyon ton buğda biçilib. Buğda istehsalı sahəsində 1 hektarın məhsuldarlığı 27,6 sentnerdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,7 sentner çoxdur. Buğdanın ümumi istehsalı isə 2012-ci ilin analoji dövrü ilə müqayisədə 2,2 faiz artıb.

Nazirliyin hesablamalarına görə, bu il ölkədə 1,9 milyon tonu buğda olmaqla ümumilikdə 2,9 milyon ton taxıl istehsal ediləcəyi gözlənilir.

Hazırda ölkədə təxminən 1-2 faiz biçilməmiş sahələr dağlıq və dağətəyi rayonlarda qalıb.

 

Azərbaycan. - 2013.- 14 avqust.- S. 6.