Azərbaycanın iş adamları beynəlxalq tədbirlərə
dəvət olunmuşlar
Sentyabrın
26-dan 29-dək Rusiyanın Soçi şəhərində
XII "Soçi-2013" beynəlxalq investisiya
forumu keçiriləcək.
Forum çərçivəsində
"dəyirmi masa"ların, təqdimatların və ikitərəfli
görüşlərin keçirilməsi nəzərdə tutulur. Azərbaycanda İxracın və
İnvestisiyaların Təşviqi Fondundan
(AzPROMO)
bildirmişlər ki, ölkəmizin
sahibkarları və iş adamları da tədbirə dəvət olunmuşlar.
Sentyabrın
16-dan 18-dək isə Polşanın Katovitsa
şəhərində Regional İqtisadi Palatanın təşkilatçılığı
ilə kiçik və orta
sahibkarların III Avropa Konqresi
keçiriləcək.
Polşanın
Bakıdakı səfirliyindən AzərTAc-a bildirmişlər
ki, bu tədbirə Azərbaycan
da dəvət edilmişdir.
Builki görüşün
əsas mövzusu "Kiçik
və orta sahibkarlar sektoru şirkətlərinin regional,
ölkə və beynəlxalq səviyyədə əməkdaşlığı"
olacaq.
Əvvəlki iki konqresdə biznes, elm və siyasi sahəni təmsil
edən həm yerli, həm də xarici ölkələrdən 6 mindən çox nümayəndə iştirak
etmişdir.
3 gün davam edəcək konqresin işində Polşa
və xarici ölkə ekspertlərinin
iştirakı, çıxış və müzakirələrin
keçirilməsi planlaşdırılır. Tədbir
Polşanın Prezidenti Bronislav
Komorovski, Avropa
Komissiyasının sədri Xose Manuel Barozzo, həmçinin
Avropa Parlamentinin sədri
Martin Şultsun fəxri
himayəsi altında keçiriləcək.
Azərbaycan. - 2013.- 14 avqust.- S. 6.