Ali qonağın şərəfinə

 

Avqustun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin şərəfinə ziyafət verilmişdir.

 

Azərbaycan Prezidenti İlham ƏLİYEV ziyafətdə çıxış edərək dedi:

 

- Hörmətli Vladimir Vladimiroviç!

 

Hörmətli qonaqlar, əziz dostlar!

 

Rusiya Prezidentinin Azərbaycana səfəri sona yaxınlaşır. Düşünürəm ki, əgər desəm səfər çox uğurlu, məhsuldar alındı, ümumi rəyi ifadə etmiş olaram. Biz ikitərəfli münasibətlər, bu münasibətlərin gələcək inkişafı məsələlərini müzakirə etdik. Nümayəndə heyətinin üzvləri yaxından ünsiyyət saxlamaq həmçinin sahə xarakteri daşıyan məsələləri müzakirə etmək imkanı əldə etdilər. Bu gün mətbuat konfransı rəsmi görüşlər zamanı xeyli fikirlər söylənilibdir. Biz Vladimir Vladimiroviçlə ikitərəfli münasibətlərin, regional problemlərin bir çox məsələləri, təhlükəsizlik məsələləri ölkələrimiz arasında gələcək əməkdaşlıq ilə bağlı müfəssəl danışıqlar, geniş fikir mübadiləsi apardıq.

Səfər bizim münasibətlərin strateji dostluq xarakterini bir daha təsdiq etdi. Biz dost, qonşu ölkələrik, Xəzər, Qafqaz regionunda yerləşən ölkələrik. Əlbəttə ki, buna görə Xəzər, Qafqaz problemi bizim münasibətlərimizdə xüsusi yer tutur. Eləcə regionumuzda sabitlik uğurlu qarşılıqlı fəaliyyətdən, əməkdaşlıqdan, səylərimizin əlaqələndirilməsindən asılıdır.

Biz dostuq, tərəfdaşıq. Bugünkü səfər bunu bir daha təsdiq etdi. İmzalanan sənədlər münasibətlərin inamla hərtərəfli uğurlu inkişaf etməsinə xidmət göstərəcəkdir.

Səfərin rəsmi məqamlarından başqa, bizim Vladimir Vladimiroviçlə ikitərəfli münasibətlərin bütün məsələləri üzrə canlı, dostcasına söhbətlərimiz oldu. Biz ikitərəfli münasibətlərin mühüm məsələləri ətrafında səmimi, dostcasına fikir mübadiləsi apardıq. Rusiya Prezidentinin Azərbaycana səfəri özlüyündə əlamətdar hadisədir. Səfərin zəngin məhsuldar keçməsi isə gələcəkdə öz nəticələrini göstərəcəkdir. Bütün bunların bizim münasibətlərimizə təsir göstərməsi isə daha mühüm hadisədir.

Bu gün xeyli söz deyilib, daha sizi yormaq istəmirəm. Mən bir daha Vladimir Vladimiroviçə Azərbaycana səfərə dəvəti qəbul edib ölkəmizə gəldiyinə, aparılan danışıqlara, fikir mübadilələrinə görə minnətdarlığımı bildirmək istəyirəm.

Rusiya nümayəndə heyətinin bütün üzvlərinə fəal işlərinə görə minnətdarlığımı bildirmək istəyirəm. Rusiya xalqına, Rusiya dövlətinə ən xoş arzularımı bildirirəm. Rusiya Prezidentinə cansağlığı, uğurlar arzulayıram.

 

***

 

Rusiya Prezidenti Vladimir PUTİN dedi:

 

- Hörmətli Azərbaycan Prezidenti!

 

Hörmətli dostlar, həmkarlar, bütün deyilənləri təkrar etməyəcəyəm. Yalnız qeyd etmək istəyirəm ki, Azərbaycan ilə Rusiyanı çoxillik, hətta demək olar ki, çoxəsrlik münasibətlər birləşdirir. Bizim xalqlarımız həmişə yaxın olublar. Təkcə ticarət etməmişik, biz uzun illər vahid bir dövlətin tərkibində yaşamışıq. Təbii ki, bütün bunlar bizim milli xarakterimizdə, mədəniyyətimizdə   əks olunubdur. Bu qarşılıqlı əlaqələr, qarşılıqlı tamamlama, qarşılıqlı inkişaf deməkdir. Bir qədər bundan əvvəl biz özümüzün kiçik, lakin  xeyli səmərəli müasir  gəmilərimizin birində olduq, təəccüblə öyrəndim ki, həmin gəmilərdən birinin kapitanı milliyyətcə azərbaycanlıdır. Bunu heç özüm bilmirdim. Bu gəmi isə Rusiya donanmasının ən müasir gəmilərindən biridir. Demək olar bütün sahələrdə belədir.

İçərişəhərə getmişdik, orada Novqoroddan olan ruslar dayanmışdılar. Onlar mənə Prezidentə yaxınlaşaraq, burada özlərini necə hiss etdiklərini danışdılar. Yeri gəlmişkən, Azərbaycan Prezidentini hörmətli həmkarlar, sizin hamınızı Bakının gözəlləşməsi münasibətilə təbrik edirəm. Əlbəttə ki, bu, müasir, inkişaf edən, maraqlı öz siması olan bir şəhərdir. Son illər Azərbaycan özü belə bir dövlətə çevrilmişdir. Əmin olduğumu bildirmək istəyirəm ki, şübhəsiz, bizim bugünkü söhbətlərimiz, səfərimiz son dərəcə etimadlı oldu. Eləcə , bizim xalqlarımızın, ölkələrimizin  münasibətlərinin tarixi gələcəyi yüksələn xətlə inkişaf edəcəkdir.

Əlbəttə, bizim necə işləyəcəyimizdən çox şey asılı olacaqdır. Hələ çox məsələləri həll etmək lazımdır. Bizə keçmişdən qalan  çox çətin, ilk baxışda hətta həlli mümkün olmayan  problemlər vardır. Lakin əgər xoş məram, istək olsa, əgər ölkələrimiz qarşısında, xalqlarımızın gələcəyi qarşısında məsuliyyət olsa, şübhəsiz ki,  bütün məsələlərin həlli tapılacaqdır.

Mən keçmiş Prezident Heydər Əliyevin buna necə münasibət bəslədiyini bilirəm. Onunla məni xoş şəxsi münasibətlər bağlayırdı.  Bu insan bütün Sovet İttifaqının əlbəttə ki, müasir Azərbaycanın  dirçəlişinə, inkişafına böyük töhfələr vermişdi. Fəaliyyətdə olan indiki Prezident həmin xətti, eləcə Rusiya-Azərbaycan münasibətlərinin inkişafına yönələn xətti davam etdirir.

İcazə verin badələrimizi Rusiya-Azərbaycan münasibətlərinin Azərbaycan Prezidentinin şərəfinə qaldıraq.

 

 

AzərTAc

 

Azərbaycan. - 2013.- 15 avqust.- S. 2.