Prezident İlham Əliyev İsmayıllı şəhərinə içməli suyun verilməsi mərasimində iştirak etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 14-də İsmayıllı şəhərinə içməli suyun verilməsi mərasimində iştirak etmişdir.

Dövlət başçısı əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Mərasim iştirakçılarını salamlayan Prezident İlham ƏLİYEV dedi:

 

- Bu gün gözəl tədbirdir. Biz İsmayıllıya içməli suyun verilməsini qeyd edirik. Bu münasibətlə sizi təbrik edirəm. Çox vacib layihədir, böyük layihədir.

 

Su insan üçün əsas məsələdir. Şadam ki, İsmayıllıda da içməli su və kanalizasiya layihəsi icra edilir. Biz indi suyun verilməsini qeyd edəcəyik və bundan sonra İsmayıllı şəhərinin təmiz, keyfiyyətli içməli su ilə təminatı artıq həll olunacaqdır.

Digər infrastruktur layihələri də icra edilir. Qazlaşdırma da uğurla aparılmışdır. Şəhər tamamilə qazlaşdırılıb, kəndlərdə də qazlaşdırma gedir. Əsas infrastruktur layihələri bunlardır və bunları biz həll edirik. Şadam ki, İsmayıllıda bu istiqamətdə işlər yaxşı gedir. Rayon inkişafdadır, böyük dəyişikliklər vardır. Əminəm ki, rayon bundan sonra da bu templə inkişaf edəcək, rayonda mövcud olan bütün məsələlər öz həllini tapacaq və artıq tapmaqdadır.

İnfrastruktur layihələri, insanların işlə təmin edilməsi məsələləri həll edilir. Bu gün yeni tikiş fabrikinin açılışını qeyd edəcəyik. Rayonun kompleks şəkildə inkişafı ilə bağlı konkret tədbirlər planı vardır. Yeni rəhbərlik işə çox böyük fəallıqla və çox böyük həvəslə başlamışdır. Yeni rəhbərlik təyin olunanda qarşıya bir neçə vəzifə qoyulmuşdu. İlk növbədə, rayonun sosial-iqtisadi inkişafını sürətləndirməli idik və artıq biz bunu görürük. Eyni zamanda, insanları narahat edən problemlər öz həllini tapmalı idi. İnsanlara diqqət, qayğı göstərilməlidir. Mənim bütün icra başçıları qarşısında qoyduğum əsas məsələlər bunlardır. Hər bir vəzifə sahibi, hər bir rəhbər işçi, ilk növbədə, insanlara qulluq etməlidir, onların qayğıları ilə yaşamalıdır, insanların rahat yaşaması üçün əlindən gələni etməlidir. Bu bizim siyasətimizdir. Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bax, bu layihə də sırf sosial xarakter daşıyır. Buraya qoyulan investisiyalar çox böyük investisiyalardır.  Qazlaşdırma, su xətləri, kanalizasiya, yollar, sosial obyektlərin tikintisi böyük vəsait tələb edir. Bu vəsaiti Azərbaycan dövləti büdcə hesabına ödəyir ki, insanların  rahat yaşaması üçün daha da yaxşı imkanlar yaransın.

Sosial siyasət əsas məsələdir. Sosial siyasət təkcə sosial obyektlərin tikintisi ilə məhdudlaşmır. Sosial siyasət o deməkdir ki, siyasətimizin mərkəzində insan olmalıdır. Bu da var, bunu biz təmin edirik. Biz öz iqtisadi gücümüzü sosial sahəyə yönəldirik və bu məsələlərə kompleks şəkildə yanaşırıq. Məktəb, xəstəxana tikintisi. İsmayıllıda da xəstəxana tikilir və yaxın zamanlarda istifadəyə veriləcəkdir. Su layihələri və digər sosial məsələlər. Əlbəttə, yeni rəhbərlik qarşısında bir vəzifə də qoyulmuşdur ki, biz İsmayıllının müasir şəhərə çevrilməsinə nail olmalıyıq. Burada böyük quruculuq, abadlıq işləri aparılır, yollar genişlənir, gözəl binalar tikilir. Bu hələ görülən işlərin birinci mərhələsidir. Əminəm ki, bu yüksək templər saxlanılacaq və yaxın zamanlarda İsmayıllı ölkəmizin qabaqcıl rayonlarından birinə çevriləcəkdir. Buna nail olmaq üçün bütün imkanlar, gözəl potensial, rayonun öz potensialı, böyük imkanlar vardır. Burada zəhmətkeş, vətənpərvər insanlar yaşayır, dövlət qayğısı var, dövlət vəsaiti ayrılır, eyni zamanda, özəl sektor da fəal iştirak edir.

Bax, bu yanaşma hesab edirəm ki, ölkəmizdə son illərdə əldə edilən uğurların əsas şərtidir. Dövlət investisiyaları, sahibkarlığın dəstəyi və özəl qurumların həm biznes, həm də sosial sahələrə göstərdiyi diqqət yeni bir ab-hava yaradır. Əminəm ki, bundan sonra  İsmayıllıda yalnız inkişaf olacaqdır, böyük nailiyyətlər olacaqdır, insanlar rahat  yaşayacaqlar və öz işi ilə, öz zəhməti ilə dövlətçiliyimizi möhkəmləndirəcəklər.

 

İsmayıllını müasir turizm mərkəzinə çevirmək üçün imkanlar vardır - gözəl təbiəti, iqlimi, Bakıya yaxınlığı. Bütün bu əsas məsələlər, infrastruktur layihələrinin artıq icra edilməsi. Yəni bu fürsət əldən verilməməlidir. İsmayıllı  doğrudan da ən qabaqcıl rayona çevrilməlidir. Buna imkanlar vardır.

Azərbaycan dövləti buna nail olmaq üçlün öz səylərini göstərir. Yerli icra orqanları yeni prinsiplər əsasında işləyirlər və bilirəm ki, bu, əhali tərəfindən də dəstəklənir. Bütün ictimaiyyət, fəallar bir amal ətrafında birləşməlidir ki, rayonda işlər daha da sürətlə getsin, ölkəmiz daha da  güclənsin və Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmlənsin.

Bax, bu layihə son illər ərzində atılmış addımların nəticəsidir və bir daha demək istəyirəm ki, içməli su layihəsi insanların sağlamlığı üçün əsas şərtdir. Bunu biz edirik və bundan sonra da belə gözəl layihələrin sayı artacaqdır. Sizi bir daha bu gözəl hadisə münasibətilə təbrik edirəm.

İsmayıllının sosial iqtisadi inkişafına göstərdiyi yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə rayon ictimaiyyəti adından minnətdarlığını bildirən Talıstan kənd tam orta məktəbinin direktoru Aydın ƏZİZOV dedi:

 

- Möhtərəm cənab Prezident!

 

İsmayıllı ictimaiyyəti adından Sizi salamlayıram. İsmayıllıya xoş gəlmisiniz.

Bu gün ölkəmizin hər yerində böyük infrastruktur layihələri həyata keçirilir. Elə gün, elə həftə elə ay olmur ki, Siz ayrı-ayrı bölgələrdə su, işıq, qaz, yol açılışlarında olmayasınız. İnsanların problemlərini Siz sistemli həll edirsiniz. Bu sistemliliyi biz görür, mətbuatdan oxuyuruq. Mən əməkdar müəlliməm. Şagirdlərimə də bunu başa salıram ki, həyata keçirilən bu layihələr bu günlük, sabahlıq, birisi günlük deyildir. Bu, yüz illəri əhatə edəcəkdir. Bu gün Sizin açdığınız bu möhtəşəm su layihəsi  təkcə bizim indiki nəsli yox, gələcək nəsilləri də əhatə edəcəkdir. Şəhərimizin 25 min sakini bu təmiz sudan, bulaq suyundan istifadə edəcəkdir. Bu, böyük nailiyyətdir. Bu böyük neməti Siz bizə bəxş edirsiniz, cənab Prezident. Buna görə Sizə böyük minnətdarlığımızı, əhalinin böyük dualarını çatdırırıq. Hər bir sakin Sizin gördüyünüz bu işləri dəstəkləyir. Bu işlər bu gün İsmayıllıda böyük ruh yüksəkliyi yaratmışdır.

Möhtərəm cənab Prezident! Biz ziyalılar müşahidə edir, görürük ki, bütün bölgələrdə, bütün yerlərdə böyük işlər, böyük struktur dəyişiklikləri aparırsınız. Bunlar hamısı insanın rifahına xidmət edir, insanların daha yaxşı yaşamasına, onların həyatını, rifahını düzgün qurmasına köklənmişdir. Bu gün İsmayıllıda da o qədər layihələr həyata keçirilir ki, bunların məğzində, mənasında bir şey durur - insan amili, onun həyat tərzinin yüksəlməsi. Siz həmişə vurğulayırsınız ki, mən istəyirəm insanlar yaxşı yaşasın, onların geniş imkanları olsun və biz buna çalışacağıq. Bax bu gün Sizin çalışdığınız məqsədlər İsmayıllıda da öz bəhrəsini verir. Biz bunun şahidləriyik və qədirbilən ismayıllılılar bunu heç zaman unutmayacaq və həmişə bu görüşləri böyük ehtiramla yad edəcəklər.

Hörmətli cənab Prezident! Salınan parklar, geniş xiyabanlar, yollar, işıqlandırılmış küçələrimiz, əzəmətli qalalarımız bizim xoşbəxt sabahımızdan, Sizin uğurlu siyasətinizdən, Azərbaycanın sabahının bugünkündən də yaxşı olacağından xəbər verir.

Cənab Prezident, biz bütün bunlarla fəxr edirik. Fəxr edirik ki, Azərbaycan indi dünyanın ən inkişaf etmiş qüdrətli dövlətlərindən biridir. Bir çox dövlətlərin çatışmazlıqlara, böhranlara məruz qaldığı  bir dövrdə Azərbaycan daha sürətlə inkişaf etdi, əhalisinin səviyyəsi ildən-ilə daha da yüksəlir. Bütün bunlar Sizin əməyinizin nəticəsidir. İndi Azərbaycanda dünyanın ən böyük tədbirləri keçirilir. Hətta bölgələrimizdə belə tədbirlər keçirilir. Çünki bölgələr inkişaf edir, artıq paytaxt səviyyəsinə çatıb. İsmayıllı da, inşallah, paytaxt səviyyəsinə çatmaq ərəfəsindədir. Bugünkü işlərin canlanması, əhalimizdə olan ruh yüksəkliyi bizə bunu deməyə əsas verir.

Cənab Prezident, ulu öndərimiz Sizə özü qədər inandığını demişdir. Biz ziyalılar, biz ismayıllılılar Sizə özümüzdən də artıq inanırıq, etibar edirik.  Gələcəyimizi yalnız Sizə etibar edirik. Xoşbəxt gələcəyimizi yalnız Sizin siyasətinizdə görürük. Bu, sınanmış siyasətdir. Bu, xalqa söykənən siyasətdir. Bu siyasəti apardığınıza görə Sizə dərin minnətdarlığımızı, dərin ehtiramımızı bildirirəm. Güclü, qüdrətli Azərbaycan naminə görəcəyiniz işlərdə  Allah Sizə daim yar olsun, Allah sizi qorusun! Sağ olun!      

 

***

 

Prezident İlham ƏLİYEV dedi:

 

- Çox sağ olun! Dediyiniz xoş sözlərə görə sizə minnətdaram. Mən çalışacağam ki, bundan sonra da xalqın etimadını doğruldum. Çünki hələ görüləsi işlər çoxdur. Doğrudan da, bizim gözəlləşən şəhərlərimiz, abadlaşan kəndlərimiz, bugünkü reallıqdır.

Dünyanın bir çox ölkələrində böhran yaşanır. Artıq 4-5 ildir ki, bəzi ölkələr bu böhrandan çıxa bilmirlər. Böhran həm iqtisadi tənəzzülə, həm də sosial proqramların dayandırılmasına gətirib çıxarır, iş yerləri ləğv edilir. Amma Azərbaycanda biz bunun tamamilə əksini görürük. Azərbaycan inkişafdadır. İndi bütün iqtisadi göstəricilər ən yüksək səviyyədədir.

Bu ilin altı ayının yekunlarına görə qeyri-neft sektorumuz 11 faiz artmışdır. Ümumi iqtisadiyyatımız 5 faiz artmışdır. İş yerləri açılmışdır. O cümlədən bölgələrdə quruculuq işləri görülmüş, infrastruktur layihələri həyata keçirilmişdir. Azərbaycanda bir dənə də olsun sosial infrastruktur layihəsi dayandırılmamışdır. Bax, bu su layihələri, doğrudan da, böyük vəsait tələb edən layihələrdir.

Yaxşı xatırlayıram ki, hələ bir neçə il bundan əvvəl bu layihələri icra etmək, xaricdən kreditlər almaq üçün bizdə müəyyən çətinliklər yaranmışdı. Yəni o vaxt beynəlxalq maliyyə qurumları kreditlərin ayrılmasına o qədər də maraq göstərmirdilər. Xüsusilə sosial layihələrə ki, bu layihələrə qoyulan vəsait heç vaxt qayıtmayacaqdır.

Ancaq bu gün iqtisadi islahatlar nəticəsində biz elə bir güclü iqtisadi baza yaratmışıq ki, nəinki xaricdən kredit almağa ehtiyacımız yoxdur, özümüz də bəzi ölkələrə kreditlər veririk.

Beynəlxalq maliyyə qurumlarına kreditlər veririk. Bu da iqtisadi, siyasi cəhətdən bizim maraqlarımızı təmin edir.

Azərbaycan bölgənin lider dövlətidir. Bunu artıq bütün beynəlxalq aləm də etiraf edir. Azərbaycan dünya miqyasında böyük nüfuza malikdir, dünyanın ən mötəbər qurumu olan BMT Təhlükəsizlik Şurasının üzvüdür, iqtisadi islahatlar sahəsində nümunə göstərən ölkədir. Bilirəm ki, Azərbaycanın bölgələrində aparılan islahatlar və regional inkişaf proqramları ilə bağlı təcrübə başqa ölkələrdə də öyrənilir. Biz buna necə nail ola bilmişik?  Biz bölgələri necə canlandıra bilmişik?

Hələ görüləsi işlər çoxdur. Elə rayonlar vardır ki, orada işlər çox yaxşı gedir. Elə rayonlar vardır ki, bir qədər zəif gedir. Ona görə mən də çalışıram ki, bütün rayonlarda mütəmadi qaydada olum və işlərin nə yerdə olduğunu öz gözümlə görüm.

Bəzi hallarda yerli icra orqanlarının nümayəndələri öz vəzifə borclarını yerinə yetirə bilmirlər. Bəzi hallarda özlərini apara bilmirlər. Onların özləri, onların yaxınları insanları incidirlər, qıcıqlandırırlar, yersiz hərəkətlər edirlər və özlərini təvazökar aparmırlar. Belə olan halda, əlbəttə ki, ciddi tədbirlər görülür və görüləcəkdir.

 

***

 

Bütün vəzifəli şəxslər qarşısında qoyduğum əsas tələbləri mən qeyd etdim. Bir daha demək istəyirəm - mütləq  Vətənə sədaqət, xalqa sədaqət, xalqa xidmət etmək lazımdır. Hər bir vəzifə sahibi bilməlidir ki, o, xalqa xidmət etmək  üçün bu vəzifəni tutub, o cümlədən də mən. Bu vəzifəni mən ancaq xalqa xidmət etmək üçün icra edirəm. Hər bir vəzifəli şəxs öz məsuliyyətini dərk etməlidir, Vətən üçün, xalq üçün çalışmalıdır. Bax, əgər hər  bir yerdə, hər bir səviyyədə bu prinsiplər tam üstünlük təşkil etsə, onda ölkəmiz daha da sürətlə qabağa gedəcəkdir.

Əldə edilmiş uğurlar heç bir yerdə təkrarlana bilməz. Biz son ilin statistikasını, görülən işləri götürsək görərik ki, iqtisadi sahədə, bütün başqa sahələrdə Azərbaycan qədər inkişaf edən ikinci dövlət yoxdur. Ancaq bu bizi kifayətləndirməməlidir. Biz daha da böyük işlər görməliyik və görə də bilərik. Çünki zəhmətkeş xalqımız, xalqla iqtidar arasında birlik, dövlət siyasəti vardır. Bu siyasətin mərkəzində vətəndaşdır, Azərbaycan vətəndaşıdır. Gözəl ölkəmiz, gözəl təbiətimiz, təbii sərvətlərimiz, artıq gözəl infrastrukturumuz vardır. Bundan sonra Azərbaycan daha da sürətlə qabağa getməlidir.

 

Bölgələrin inkişafı gələcəkdə ölkəmizin ümumi inkişafını təmin edəcəkdir. Çünki hələ ki, iqtisadiyyatımızın əsas hissəsi  təbii ehtiyatlardır. Ancaq on ildən, iyirmi ildən sonra, bəlkə  ondan da tez bir vaxtda iqtisadiyyatımızın əsas hissəsi qeyri-neft sektoru olacaqdır. Artıq bu proses başlamışdır. İqtisadiyyatımızın əsas hissəsi  indi qeyri-neft sektorunda yaranır. Ancaq gələcəkdə qeyri-neft sektorunun payı daha da artmalıdır. Ona görə hər bir bölgədə iş yerləri - kənd təsərrüfatı, yüngül sənaye, infrastruktur layihələri - hər bir kənddə, hər bir şəhərdə problemlər həll olunmalıdır. Belə olan halda ölkədə bütün problemlər həll olunacaqdır.

Azərbaycanın bugünkü reallıqları bir daha müstəqilliyimizin üstünlüklərini göstərir. Tarixdə Azərbaycan heç vaxt bu qədər güclü olmamışdır. Bunun başlıca səbəbi müstəqil olmağımızdır. Müstəqillik ən böyük sərvətdir. Hər bir vətəndaş müstəqilliyi qorumalıdır, öz işi ilə müstəqilliyimizə töhfə verməlidir. Elə etməliyik ki, bundan sonra Azərbaycan daim inkişaf yolu ilə getsin. Əminəm ki, İsmayıllıda da bütün bu işlərə böyük dəstək vardır. Vətəndaşlar bütün bu məsələləri yaxşı dərk edirlər və öz işləri ilə rayonu da, ölkəmizi də gücləndirəcəklər. Bir daha sizi təbrik edirəm.

 

***

 

Sonra xatirə şəkli çəkdirildi.

 

***

 

"Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Əhməd Əhmədzadə Prezident İlham Əliyevə milli su təchizatı və kanalizasiya xidmətləri üzrə ikinci layihə çərçivəsində görülən işlər barədə məlumat verdi. Bildirildi ki, İsmayıllı rayonunda sifarişçisi "Meliorasiya və Su Təsərrüfatı" ASC olan su təchizatı və kanalizasiya şəbəkəsi, çirkab sutəmizləyici qurğunun tikinti və yenidənqurma işləri bu sahədə böyük təcrübəsi olan şirkətlər tərəfindən həyata keçirilir. İsmayıllı şəhərinin əhalisinin sayının 2030-cu ilədək 28 min nəfərdən çox olacağı nəzərə alınaraq, rayon mərkəzini içməli su ilə təmin etmək məqsədi ilə layihədə su mənbəyi kimi rayonun Qız qalası ərazisində yerləşən Ax-ox çayının məcraaltı suları nəzərdə tutulmuşdur. Həmin ərazidə sugötürücü qurğunun, həmçinin diametri 355 millimetr, uzunluğu 11 kilometr olan magistral su xəttinin tikintisi başa çatdırılmışdır. Magistral su xətti üzərində su anbarı, xlorlama binası və təzyiqazaldıcı anbar tikilmişdir.

 

***

 

Daha sonra dövlət başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə söhbət etdi.

Prezident İlham Əliyev: Su təminatı necə idi, gündə neçə saat su verilirdi?

Sakin: İki saat.

Prezident İlham Əliyev: İki saat, yığıb saxlayırdınız. Amma indi neçə saat olacaq?

Əhməd Əhmədzadə: 24 saat. Cənab Prezident, bizə 64 litr su lazım idi, amma mənbədə 100 litrdən artıq su vardır.

Prezident İlham Əliyev: Yəni çoxdur.

Əhməd Əhmədzadə: Bəli, cənab Prezident, çoxdur.

Prezident İlham Əliyev: Həm də keyfiyyətli sudur.

Əhməd Əhmədzadə: Dağ çayının bulaq sularıdır.

Prezident İlham Əliyev: Çox yaxşı. Qazlaşma da tam həll olunub. Normal təzyiqlə verilir.

Sakinlər: Bəli, korluğumuz yoxdur.

Prezident İlham Əliyev: Daha hansı işlər görülməlidir?

İcra hakimiyyətinin başçısı Mirdamət Sadıqov: Çox sağ olun, cənab Prezident, Siz İsmayıllıda iş yerlərinin açılması, infrastrukturun yaradılması barədə tapşırıq vermişdiniz. Bu gün İsmayıllıda tikiş fabrikinin, yeni kollecin açılışına görə Sizə təşəkkür edirik. İsmayıllı camaatı bunu çoxdan gözləyirdi. Həm də kollecimiz regional olacaq. Ətraf rayonları da mütəxəssislərlə təmin edəcəyik. Kənd təsərrüfatının inkişafı ilə bağlı Sizə məruzə etdim. Həm də yeni aqroparkın yaradılması ilə bağlı layihələrə biz də qoşulmağa hazırıq. Əlbəttə, Sizin razılığınız olarsa. "Kür" kompyuter zavodunun İsmayıllı filialında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin texniki servis şöbəsi fəaliyyət göstərir. Gələcəkdə imkan olarsa xarici ölkələrlə danışıb velosiped zavodu açmağı planlaşdırırıq. Azərbaycanda velosiped zavoduna böyük ehtiyac vardır.

Prezident İlham Əliyev: Çox yaxşı. Biz indi Bakıda velosiped zolaqları yaradırıq.  İndi Yeni bulvar ərazisində bir neçə zolaq vardır.  Bilirəm ki, səhər-axşam həm uşaqlar, həm də ki, bəzi hallarda yaşlı insanlar da velosiped sürürlər. Çox yaxşı idmandır. Burada da baxın, fikirləşin. Şəhərsalma ilə bağlı indi kompleks plan hazırlanır. Yəqin ki, burada da velosiped zolaqları olmalıdır. Bu, bizdə əvvəllər çox da    yayılmamışdır. Amma bu, həm gözəl idman növüdür, həm də nəqliyyat vasitəsidir. İndi bir neçə ölkədə bundan istifadə edirlər.

Mirdamət Sadıqov: İsmayıllıda həm də böyük maldarlıq və südçülük kompleksi tikilir. Allah qoysa, Sizi açılışına dəvət edəcəyik.

Prezident İlham Əliyev: Elə mən də soruşmaq istəyirdim, çünki ətraf rayonlarda böyük komplekslər tikilibdir.

Mirdamət Sadıqov: Onların təcrübəsinə, tikiliş qaydasına baxdıq.

Prezident İlham Əliyev: Həm südçülük, həm heyvandarlıq?

Mirdamət Sadıqov: Bəli. Biz bir az da geniş götürdük. Həm də kənd camaatını orada iş yeri ilə təmin etmək üçün. Buradan 20 kilometr aralı Keyvəndi kəndi vardır. Orada həm İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun, həm də digər dövlət kreditləri hesabına 1500 başlıq böyük bir kompleks tikilir. Təxminən dekabr ayında hazır olacaqdır.

Prezident İlham Əliyev: Böyük kompleksdir. Buna hələ ehtiyac vardır. Çünki biz bir neçə il əvvəl qarşıya özümüzü əsas ərzaq məhsulları ilə tam təmin etmək vəzifəsini qoymuşuq. Biz bir çox pozisiyalar üzrə təminata 100 faiz çatmışıq. Amma südçülükdə hələ ki, özümüzü 73 faiz təmin edirik. Ona görə südçülük inkişaf etməlidir ki, yaxın 3-4 ilə biz daha xaricdən süd almayaq. Özü də bizdə süd də, yem də, hava da, su da keyfiyyətlidir.

 

 

 

***

 

Prezident İlham Əliyev İsmayıllı şəhərinə içməli suyun verilməsini bildirən düyməni basdı.

Layihə çərçivəsində İsmayıllı şəhərində əhalinin gün ərzində adambaşına 180 litr fasiləsiz içməli su ilə təmin olunması nəzərdə tutulmuşdur. Bundan başqa, dörd su anbarı inşa edilmişdir. Həmçinin 31 min nəfər əhaliyə xidmət edə biləcək çirkab sutəmizləyici qurğunun daha müasir qurğu ilə əvəz olunması üçün layihədə müvafiq dəyişikliklər edilmişdir. Qurğunun tikinti işləri davam etdirilir.

Prezident İlham Əliyev layihənin uğurla tamamlanması ilə bağlı tapşırıqlarını verdi.

 

AzərTAc

 

Azərbaycan. - 2013.- 15 avqust.- S. 3-4.