İsmayıllıda
tikiş fabriki
açılmışdır
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev avqustun
14-də İsmayıllı rayonuna səfəri
çərçivəsində tikiş fabrikinin açılışında iştirak etmişdir.
Ölkədə
sahibkarlığın, qeyri-neft sektorunun inkişafına göstərilən
diqqət və qayğı sayəsində yeni
istehsal müəssisələri
yaradılır və iş yerləri
açılır. Bu, paytaxt
Bakı ilə yanaşı, regionlarda da özünü
aydın büruzə verir. Son dövrlərdə İsmayıllıda iş adamlarına yaradılan şərait, onlara göstərilən diqqət nəticəsində
yeni inşa olunan müəssisələrdən biri də İsmayıllı tikiş
fabrikidir. Burada ən
yüksək səviyyədə məhsul istehsal
etməyə imkan verən avadanlıq
quraşdırılmışdır. Bu tədbirlər,
ilk növbədə, əhalinin məşğulluğunun
artırılması istiqamətində atılan mühüm addımlar sırasında böyük əhəmiyyətə malikdir. Bölgələrdə yeni istehsal sahələrinin
yaradılması həm də ümumilikdə ölkə
iqtisadiyyatının inkişafına öz
töhfəsini verir. Beləliklə, Prezident İlham
Əliyevin qeyri-neft sektorunun
inkişafını qarşıya əsas hədəflərdən
biri kimi qoyması bu sahədə mühüm
nailiyyətlərin əldə edilməsi ilə nəticələnmişdir.
Təqdirəlayiq haldır ki, bu məsələdə paytaxt
Bakı ilə yanaşı, bölgələrin da çəkisi ilbəil artır.
Fabrikin inzibati binasının foyesində ümummilli lider Heydər
Əliyevin və Prezident İlham
Əliyevin dövləti fəaliyyətlərini,
iqtisadiyyatın inkişafı istiqamətində
gördükləri işləri və müxtəlif
dövrlərdə İsmayıllıya səfərlərini əks
etdirən fotolardan ibarət stend yaradılmışdır. Buradakı sərgi salonunda müəssisənin məhsulları nümayiş etdirilir, inzibati otaqlarda yüksək
şərait yaradılmışdır. Fabrikin
işçiləri tədris otağının və yeməkxananın
da xidmətlərindən istifadə edəcəklər.
Dövlət
başçısına məlumat verildi ki, müəssisədə Yaponiya,
Çin, Rusiya, Almaniya və Türkiyə istehsalı olan ən müasir
avadanlıq quraşdırılmışdır. Müəssisənin
yaradılması İsmayıllıda məşğulluğun
artırılmasına mühüm
töhfədir. Fabrikin həyətində
geniş abadlıq-quruculuq işləri görülmüş, yaşıllıq
zolağı salınmışdır.
Dövlət
başçısı fabrikin kollektivi ilə söhbət etdi.
Prezident İlham
ƏLİYEV: Necəsiniz? İşlər
necə gedir, necə işləyirsiniz?
Tikişçilər:
Çox sağ
olun, bu şəraitə görə
minnətdarıq.
Prezident İlham
ƏLİYEV: Biz qadınlar üçün də iş
yerləri yaradırıq. Bu, həm
ölkə üçün
lazımdır, həm iş yerləridir.
Həm də ki, qadınların işə
cəlb edilməsi məsələləri öz
həllini tapır. Hər halda iş yerlərinin açılması, belə
gözəl, müasir şəraitdə bu işlərin təşkili sevindirici
haldır. Sizi təbrik edirəm.
Tikişçi qadın: Cənab Prezident, rayonumuzda
qadınlar üçün bu gözəl şəraiti, bu
tikiş fabrikini
yaratdığınıza görə Sizə ürəkdən
minnətdarlığımızı bildiririk.
Allah Sizi qorusun! Amin!
Başqa bir tikişçi qadın: Cənab Prezident, biz 1990-cı illərin
əvvəllərində çörək növbələrini
də görmüşük. Bugünkü gözəl, xoşbəxt həyatı
yaşadığımıza görə, göydə Allaha, yerdə Sizə ürəkdən minnətdarlıq.
Sizə uzun ömür,
cansağlığı, bundan da gözəl nailiyyətlər, uğurlar arzulayırıq. Amin!
Prezident İlham
ƏLİYEV: Çox sağ
olun! İsmayıllıda işlər
yaxşı gedir. Yeni
rəhbərlik də çox fəal
başlayıb. Artıq biz içməli
su layihəsini də həll etdik. İndi şəhərə
içməli su veriləcəkdir. Digər
layihələr, iş yerləri, sosial obyektlər, avtovağzal,
ondan sonra gedəcəyik
elektrik stansiyasının
açılışına. İsmayıllıda işlər
kompleks şəkildə və sürətlə
gedir. Belə iş
yerlərinin açılması da onu göstərir ki, rayon dinamikanı artıq əldə saxlaya bilib.
İşçilər:
Sizin rəhbərliyiniz sayəsində, cənab
Prezident.
Prezident İlham
ƏLİYEV: Sizə yeni uğurlar,
cansağlığı arzulayıram!
***
Sonda xatirə şəkli
çəkdirildi.
AzərTAc
Azərbaycan. - 2013.- 15 avqust.- S. 5.