İsmayıllıda
İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil
yolunun açılışı olmuşdur
Avqustun 14-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev İsmayıllıda
İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil
yolunun açılışında iştirak etmişdir.
Dövlət
başçısı əvvəlcə yolun
texniki-iqtisadi göstəricilərini əks
etdirən stendlərə və videofilmə baxdı.
Məlumat verildi ki, son
dövrlərdə paytaxtla yanaşı,
bölgələrdə də yol-nəqliyyat infrastrukturunun
müasirləşdirilməsi istiqamətində görülən
işlərin miqyası artmışdır. Bu
gün respublika əhəmiyyətli
yollarla bərabər, rayon
və kənddaxili yollar müasir
səviyyədə inşa edilir. Yeni inşa
olunan belə yollardan biri də İvanovka-Hacıhətəmli-Mollaisaqlı
avtomobil yoludur. Yol ən müasir səviyyədə
qısa müddətdə inşa olunmuşdur.
Bu yolun tikintisi üçün Azərbaycan Prezidentinin
2012-ci il 16 mart tarixli Sərəncamına əsasən Prezidentin Ehtiyat Fondundan ilkin olaraq üç milyon manat vəsait
ayrılmışdır. İvanovka-Hacıhətəmli-Mollaisaqlı
avtomobil yolu 6 min nəfərin yaşadığı 7 məntəqəni
birləşdirir.
Nazirlər Kabinetinin 2012-ci il
30 dekabr tarixli Sərəncamı
ilə yolun tikintisi üçün əlavə olaraq
5,5 milyon manat vəsait
ayrılmışdır. Bu layihənin ümumi dəyəri 8 milyon
526 min manatdır. Layihəyə əsasən,
29,5 kilometr uzunluğunda
yol çəkilmiş, 18 yerdə beton suötürücülər tikilmiş, yolboyu yol-hərəkət
nişanları quraşdırılmışdır. Yolun başlanğıcında üç
dayanacaq əsaslı təmir edilmiş, kəndlərdə 10 yeni dayanacaq tikilmişdir. Yolun İvanovka kəndindən keçən hissəsində
piyadaların təhlükəsiz hərəkəti üçün səkilər
salınmışdır. Bu yolun istifadəyə verilməsi nəqliyyat
vasitələrinin rahat və maneəsiz hərəkət
etməsinə geniş imkanlar
yaratmaqla yanaşı, həm də sərnişinlərin
təhlükəsizliyi baxımından olduqca
önəmlidir.
Prezident İlham
Əliyev yolun rəmzi
açılışını bildirən lenti
kəsdi.
Dövlət
başçısı yeni yolda avtomobili idarə etdi.
AzərTAc
Azərbaycan. - 2013.- 15 avqust.- S. 5.