Prezident İlham
Əliyev Qəbələdə "Qafqaz
Karvansaray" otel kompleksinin açılışında iştirak etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev avqustun
14-də Qəbələdə
"Qafqaz Karvansaray"
otel kompleksinin
açılışında iştirak etmişdir.
Dövlət
başçısı otelin rəmzi
açılışını bildirən lenti
kəsdi.
Məlumat verildi ki, təkcə Qəbələ
rayonu deyil, bölgə
üçün də əhəmiyyətli
turizm obyekti olan bu kompleks
mükəmməl infrastruktura malikdir. Kompleksin təchizatı
da ən müasir standartlara uyğundur. Otel beş hektar
sahədə inşa edilmişdir.
Tikinti işlərinə 2012-ci ilin mayında başlanmış, bu ilin avqustunda
başa
çatdırılmışdır. Yüksək xidmətin
göstəriləcəyi bu kompleks, eyni zamanda, nadir memarlıq
incilərindən biridir.
Bildirildi ki, avanqard və modern arxitektura üslublarının sintezi
əsasında inşa edilən binanın
interyerinin tərtibatında xaricdə
hazırlanan mebel və aksessuarlardan
istifadə olunmuşdur. Oteldə
qonaqların rahat istirahəti üçün hər cür
şərait yaradılmışdır. Dünyanın inkişaf etmiş ölkələri
sırasında mövqeyini daha da möhkəmləndirməyi
qarşıya məqsəd qoyan Azərbaycan
artıq ən mötəbər beynəlxalq tədbirlərin
keçirildiyi məkana çevrilmişdir.
Bundan başqa, qeyri-neft sektorunun
inkişafına xüsusi diqqət yetirilən
respublikamızda turizmin inkişafı da sürətlənir. Bu
və digər reallıqlar ölkəmizdə otel
biznesinin genişləndirilməsini və
keyfiyyətcə yeni mərhələyə
qədəm qoymasını zəruri edir.
Hazırda Azərbaycan dövləti bu
baxımdan kompleks tədbirlər
reallaşdırır. "Qafqaz Karvansaray" otel kompleksi də həmin istiqamətdə
atılan əsaslı addımlardan biridir.
Dördmərtəbəli kompleks ən müasir standartlar səviyyəsində
inşa olunmuşdur. Otelin zirzəmi hissəsində avtomobil qarajı, camaşırxana, hovuz və digər yardımçı otaqlar vardır. "Karvansaray"
otel kompleksi 139 super otaq, 12 ailəvi otaq, 6 kral otağı və 2 əlillər üçün otaq olmaqla 159 otaqdan ibarətdir.
Oteldə, həmçinin qapalı üzgüçülük
hovuzu, kişi və
qadınlar üçün bərbərxana
və gözəllik salonları, iki türk hamamı, iki buxar hamamı, iki SPA, iki trenajor zalı, bilyard və tennis
zalları, iki sauna və
massaj otaqları vardır. Kompleksdə 150
nəfərlik restoran, iclas
və konfranslar keçirmək üçün zallar və
uşaqların istirahət otaqları fəaliyyət göstərir.
Kompleksin ərazisi tam
abadlaşdırılmış, yaşıllıq sahəsi
salınmışdır.
"Qafqaz Karvansaray" oteldə
120 nəfərin daimi işlə təmin
edilməsi nəzərdə tutulmuşdur.
Mükəmməl infrastruktura malik kompleks ən müasir avadanlıqla təchiz edilmişdir. Gözəl dizayn
və interyeri ilə seçilən otaqlarda son dövrdə böyük turist
axını müşahidə edilən Qəbələnin
qonaqlarına yüksək səviyyəli xidmət göstəriləcəkdir.
Bildirildi ki, "Qafqaz Karvansaray" otelinin istifadəyə verilməsi bölgəyə gələn turistlərin sayına da müsbət təsirini göstərəcəkdir.
Otellə
yaxından tanış olan Prezident İlham Əliyev
kollektivə uğurlar arzuladı.
AzərTAc
Azərbaycan. - 2013.- 15 avqust.- S. 6.