Bakıda Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Gənclər Qolunun ikinci toplantısı keçirilmişdir

 

Avqustun 14-də Bakıda Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) Gənclər Qolunun ikinci toplantısı keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə 18 ölkədən 50-yə yaxın gənc siyasətçi iştirak etmişdir.

Tədbirdə çıxış edən Malayziya Baş nazirinin xüsusi məsləhətçisi Dato Seri Şahidan Kasım bildirmişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində xeyli sayda gənc həlak olmuşdur ki, bu da Azərbaycan üçün böyük itkidir.

"Ərəb baharı"ndan söhbət açan Malayziya Baş nazirinin xüsusi məsləhətçisi qeyd etmişdir ki, Liviyada, Misirdə və digər Yaxın Şərq ölkələrində  baş verən hadisələr onu göstərir ki, bəzən gənclər düşünmədən bu proseslərə qoşulurlar və nəticədə üsyanlar, digər ağır proseslər yaşanır. O, təəssüf hissi ilə qeyd etmişdir ki, eyni zamanda, Yaxın Şərqdə baş verən hadisələrdə gənclər həyatlarını itirirlər. Bütün bu ağrılı prosesləri nəzərə alaraq biz çalışmalıyıq ki, baş verən hadisələrdə gənclərdən bir vasitə kimi istifadə olunmasın.

Dato Seri Şahidan Kasım vurğulamışdır ki, İCAPP Gənclər Qolunun ilk iclası 2012-ci ildə Malayziyanın Kuala-Lumpur şəhərində həmin ölkənin Baş nazirinin iştirakı ilə keçirilmişdir. O bildirmişdir ki, qurumun Bakıda öz işinə başlayan ikinci toplantısı da çox məhsuldar olacaqdır. Malayziya Baş nazirinin xüsusi məsləhətçisi əmin olduğunu bildirmişdir ki, ötən müddətdə görülən işlər 2015-ci ildə öz nəticələrini verəcəkdir. Malayziyalı qonaq demişdir: "Biz artıq növbəti mərhələyə qədəm qoyuruq. Bakıda keçirilən tədbirdə Asiya ölkələrindən olan müxtəlif baxışlara malik gənclər iştirak edirlər. Bu günün gəncləri sabahın liderləridir. Bu isə imkan verir ki, onlar gələcəyin siyasətçisi, lideri kimi qətiyyətli və vacib qərarlar qəbul edə bilsinlər".

Azərbaycanın Avropa ilə Asiyanın qovşağında yerləşdiyini bildirən İCAPP-ın həmtəsisçisi Xose De Venesia tədbirin məhz Bakıda keçirilməsinin əhəmiyyətini vurğulamışdır. Diqqətə çatdırmışdır ki, gənclərin cəmiyyətdə sosial ədalətin bərqərar olunması istiqamətində fəaliyyəti vacibdironlar bu prosesə ciddi töhfə verməlidirlər. O demişdir: "Biz çalışmalıyıq ki, əhalinin imkanlı təbəqəsi ilə nisbətən yoxsul insanlar arasında körpü yaradaq, eyni zamanda, yoxsulların zənginləşməsi üçün  əlimizdən gələni edək".

Bu istiqamətdə Azərbaycanın çox böyük nailiyyətlərə imza atdığını bildirən Xose De Venesia, ölkəmizdə yoxsulluğun səviyyəsinin minimum həddə enməsini xüsusi vurğulamışdır. Diqqətə çatdırmışdır ki, ötən dövr ərzində Azərbaycanda yoxsulluğun səviyyəsi 49 faizdən 6 faizə enmişdir.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov bildirmişdir ki, gənclik separatizmə, terrorizmə, işğalçılığa qarşı mübarizədə öndə getməlidir. Hər bir xalqın, ümumilikdə, dünyanın gələcəyi gənclərdir. İCAPP-ın qarşısında duran əsas vəzifələrdən biriquruma üzv olan ölkələrin gənclərinin gələcəyə hazırlanmasını təmin etməkdir. O demişdir: "Biz müasir gəncliyimizlə fəxr edirik. Gəncliyimizə gələcəyimizə zəmanət verən bir kapital kimi baxırıq".

Əli Əhmədov qeyd etmişdir ki, Asiya dünyanın gələcəyinə böyük töhfələr verir. Asiya regionunun gəncləri isə öz növbəsində bunu düzgün dəyərləndirməli, gələcək inkişaf üçün güclü zəmin yaratmalıdırlar.

YAP sədrinin müavini-icra katibi diqqətə çatdırmışdır ki, dünya sürətlə inkişaf edirbu proses planetimizin bir sıra nöqtələrində yoxsulluq, münaqişələrlə müşayiət olunur. Bir yerdə baş verən fəlakətlər digər yerlərə də öz təsirini göstərir. Bu səbəbdən bütün millətlər birləşərək dünyanın xoşbəxt gələcəyini qurmalıdırlar.

Azərbaycanın gənc, sürətlə inkişaf edən ölkə olduğunu deyən Əli Əhmədov bildirmişdir ki, bu inkişafda gənclərin müstəsna rolu vardır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən Əli Əhmədov diqqətə çatdırmışdır ki, ermənilərin ölkəmizə qarşı bu günədək davam etdirdikləri işğalçılıq siyasəti xeyli sayda gənclərin həyatına mənfi təsir göstərməkdədir.

Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Gənclər Qolunun ikinci toplantısının Azərbaycanda keçirilməsinin əhəmiyyətini vurğulayan gənclər və idman naziri Azad Rəhimov bildirmişdir ki, ölkəmizdə gənclərlə bağlı son 10 ildə iki Dövlət Proqramı qəbul olunmuşdur. Əhalimizin 30 faizindən çoxunu gənclər təşkil edir. Prezident İlham Əliyev tərəfindən gənclərin inkişafı üçün yaradılmış şərait nəticəsində dövlət qurumlarında onların təmsilçiliyi xeyli sayda artmışdır. Gənclərimizin beynəlxalq əlaqələrinin inkişaf etdiyini deyən Azad Rəhimov son illərdə Azərbaycanda gənclər siyasəti ilə bağlı beynəlxalq tədbirlərin sayının da dəfələrlə artdığını vurğulamışdır.

Tədbirin Bakıda keçirilməsinin əhəmiyyətini vurğulayan Fransa Milli Assambleyasının üzvü Thierri Marioni Azərbaycanın yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, bu ölkədə müxtəlif dinlərin nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşaması Azərbaycanın nə dərəcədə tolerant respublika olduğunu bir daha sübut edir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Thierri Marioni vurğulamışdır ki, ermənilərin hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunmuş, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Fransalı qonaq Azərbaycanda qaçqınların və məcburi köçkünlərin sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində təqdirəlayiq işlər görüldüyün xüsusi qeyd etmişdir.

Pakistan Müsəlman Liqasının baş katibi, İCAPP Daimi Komitəsinin üzvü Müşahid Hüseyn toplantıda çıxış edərək qurumun fəaliyyətindən və əldə etdiyi uğurlardan danışmışdır.

Sonra tədbir bölmə iclasları ilə davam etdirilmişdir.

Bölmə iclaslarında geniş potensialaresurslara malik olan Asiyanın siyasətçi gəncləri arasında  əməkdaşlığın genişləndirilməsinin qitənin gələcək inkişafında, bölgədə sülhün, əmin-amanlığın və davamlı inkişafın əldə olunmasında əhəmiyyəti və digər aktual məsələlər müzakirə olunmuşdur.

Daha sonra seçkilər keçirilərək İCAPP Gənclər Qolunun rəhbər strukturlarında dəyişikliklər edilmişdir.

Sonda Asiya gənclərinin Bakı Bəyannaməsi qəbul olunmuşdur.

 

Azərbaycan. - 2013.- 15 avqust.- S. 8.