Azərbaycan və
Belarus respublikalarının milli təhlükəsizlik orqanları
arasında əməkdaşlığın inkişaf
perspektivləri müzakirə olunmuşdur
Azərbaycan
Respublikasının milli təhlükəsizlik
naziri, general-leytenant Eldar Mahmudovun dəvəti
ilə Belarus Respublikasının Dövlət
Təhlükəsizlik Komitəsinin sədri, general-mayor
Valeri Vakulçik cari il avqustun
14-də ölkəmizə rəsmi səfərdə olmuşdur.
Azərbaycan
Respublikası Milli Təhlükəsizlik Nazirliyinin İctimai əlaqələr
mərkəzindən AzərTAc-a bildirmişlər ki, əvvəlcə belaruslu
qonaqlar və general-leytenant
Eldar Mahmudov başda olmaqla Milli Təhlükəsizlik Nazirliyinin
rəhbər heyəti Fəxri xiyabanda ümummilli lider Heydər
Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil
qoymuşdur.
Görkəmli
oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla
anılmış, məzarı üzərinə
gül-çiçək dəstələri düzülmüşdür.
Şəhidlər
xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi
bütövlüyü uğrunda
döyüşlərdə canlarından keçmiş
soydaşlarımızın xatirəsi də yad
edilmiş, "Əbədi məşəl"
abidəsinin önünə əklil qoyulmuşdur.
Sonra milli
təhlükəsizlik naziri Eldar Mahmudov həmkarı Valeri Vakulçiklə görüşmüşdür.
Görüşdə
tərəflər arasında transmilli
mütəşəkkil cinayətkarlığın müxtəlif
təzahürləri, xüsusən də getdikcə daha geniş miqyas və təhlükəli xarakter
almaqda olan terrorçuluq, ekstremizm,
narkotiklərin qanunsuz dövriyyəsi, miqrasiya prosesləri, bundan
irəli gələn problemlərlə bağlı fikir
mübadiləsi aparılmış, ölkələrimizin xüsusi xidmət orqanları arasında əməkdaşlığın
yeni reallıqlara uyğun
inkişaf perspektivləri müzakirə olunmuşdur.
Nazir Eldar Mahmudov mövcud əməliyyat şəraiti və ona təsir göstərən amillər,
ümumən təhlükəsizlik problemləri ilə əlaqədar
ölkəmizin həyata keçirdiyi tədbirlər,
həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun doğurduğu fəsadlar
barədə
qonağa ətraflı məlumat vermişdir.
Göstərilən
qonaqpərvərliyə və hər iki
ölkənin təhlükəsizlik maraqlarının təmin
olunması sahəsində aktuallıq kəsb edən məsələlər
ətrafında aparılan müzakirələr üçün yaradılmış şəraitə
görə təşəkkürünü bildirən Valeri Vakulçik,
respublikamıza
səfərindən xoş təəssüratlar
aldığını söyləmişdir.
Qonaq Belarus və Azərbaycan, eləcə də müvafiq strukturlar
arasında münasibətlərin inkişafından məmnun
qaldığını və keçirilmiş
görüşlərin ölkələrimizin əlaqələrinin
daha da möhkəmlənməsi
üçün faydalı
olacağına əminliyini ifadə etmişdir.
Səmimi və
qarşılıqlı anlaşma şəraitində
keçən görüşdə maraq doğuran bir sıra digər
məsələlər üzrə də fikir
mübadiləsi aparılmışdır.
Azərbaycan. - 2013.- 15 avqust.- S. 8.