Naxçıvan Muxtar Respublikasının stadionu
yenidənqurmadan sonra istifadəyə verildi
Naxçıvan
şəhərində Naxçıvan Muxtar
Respublikası stadionunun yenidənqurmadan sonra açılışı olmuşdur.
Açılış
tədbirində çıxış edən muxtar
respublikanın gənclər və idman naziri Azad Cabbarov
qeyd etmişdir ki, muxtar respublikada
idmanın maddi-texniki bazasının
möhkəmləndirilməsi sahəsində məqsədyönlü
tədbirlər həyata keçirilir. Son 15 ildə
burada 2 Olimpiya İdman Kompleksi, 2 üzgüçülük mərkəzi, şahmat mərkəzi, stend
və "Sportinq"
atıcılıq mərkəzi, peyntbol
meydançası, rayon mərkəzlərində
şahmat məktəbləri, uşaq-gənclər
idman məktəbləri, ümumtəhsil
məktəblərində müasir idman zalları yaradılmış, 941
sadə tipli idman qurğusu istifadəyə verilmişdir.
Muxtar respublikada digər
idman növləri ilə yanaşı, futbolun inkişafına da xüsusi diqqət yetirilir,
futbol meydançaları tikilərək
istifadəyə verilir. Yenidənqurmadan sonra istifadəyə verilən
Naxçıvan Muxtar Respublikası stadionu da futbolun
inkişafına öz töhfəsini verəcəkdir.
Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək
bildirdi ki, bu gün Azərbaycan dünyada idman ölkəsi
kimi tanınır. İdman
infrastrukturunun sürətli
inkişafı, istedadlı idmançıların yetişməsi
Azərbaycanı beynəlxalq idman
yarışlarının keçirildiyi
ölkəyə çevirib. Muxtar respublikada da idmanın inkişafı diqqət mərkəzindədir.
Blokadanın yaratdığı çətinliklərə baxmayaraq, burada muxtar respublikada idmanın bütün növləri inkişaf
etdirilir. Yaradılan müasir infrastruktur beynəlxalq
idman yarışlarının
keçirilməsinə, yerli
idmançıların yarışlarda uğurla
çıxış etməsinə imkan verir. İdmanın inkişafı sahəsində
görülən işlər idmanın kütləviliyinə
nail olunması ilə nəticələnir.
"Dünyada futbol qədər
tamaşaçı kütləsi toplayan,
tamaşaçı marağına səbəb olan ikinci bir
idman növü yoxdur", - deyən Ali Məclisin
Sədri bildirdi ki, muxtar respublikanın ilk
peşəkar futbol komandası olan "Araz-Naxçıvan" 1967-ci ildə
yaradılıb.
Komanda 1967-1988-ci illərdə keçirilən
respublika çempionatlarında iştirak etmiş, 1987-ci
ildə ölkə çempionatında birinci
yeri tutaraq çempion olmuşdur. Lakin ötən əsrin 90-cı illərinin
ağır nəticələri "Araz-Naxçıvan"
komandasından da yan
keçməmiş, komanda öz fəaliyyətini
dayandırmışdır. Son illər muxtar respublikada futbolun maddi-texniki
bazasının möhkəmləndirilməsi istiqamətində
həyata keçirilən tədbirlər, gənc
futbolçuların yetişdirilməsi
"Araz-Naxçıvan"ın yenidən təşkil
olunmasına imkan verib.
Bu gün muxtar respublikada 800-ə
yaxın yeniyetmə və gənc futbolla
məşğul olur. Hazırda muxtar respublikada 23 stadion və mini-futbol
meydançası fəaliyyət göstərir.
Bildirilmişdir ki, "Araz-Naxçıvan" futbol komandasının yaradılması
Naxçıvan Muxtar Respublikası stadionunda yenidənqurma işlərinin
aparılmasını zərurətə çevirmişdir.
1964-cü ildə tikilən stadion 2000-ci
ildə yenidən qurulmuş,
tamaşaçı tutumu 12 min 800 nəfərə
çatdırılmışdır. Lakin
ötən müddətdə istifadə olunan
stadionun yenidən qurulmasına ehtiyac yaranmışdı. Bu
ilin may ayından
etibarən stadionda yenidənqurma işlərinə
başlanılıb və qısa müddətdə başa çatdırılıb.
Məlumat üçün qeyd edək
ki, Naxçıvan Muxtar
Respublikası stadionu inzibati
bina və futbol
meydançasından ibarətdir. Ümumi
sahəsi 17 min 700 kvadratmetr
olan stadionda yenidənqurma
işləri yüksək keyfiyyətlə aparılıb. Binanın birinci mərtəbəsindəki
soyunub-geyinmə, radio şəbəkəsi,
həkim və məşqçi otaqları, eləcə də
anbar təmir olunub, bufet yaradılıb. İkinci
mərtəbədəki idman zalında
müxtəlif idman
yarışlarının keçirilməsi üçün
lazımi şərait yaradılıb, iş
otaqları müasir səviyyədə
qurulub. Həmçinin burada
mətbuat konfranslarının keçirilməsi üçün 25 yerlik zal istifadəyə verilib,
binanın su, kanalizasiya
və istilik sistemləri dəyişdirilib.
Stadionun futbol
meydançası müasir standartlara uyğun şəkildə
qurulmuş, ot örtüyü təzələnmiş,
qaçış zolaqları, oturacaqlar və
reklam lövhələri yenilənmiş,
meydançanı işıqlandıran projektorlar
təmir olunmuşdur. Yaradılan şərait
futbol oyunlarının yüksək səviyyədə
keçirilməsinə imkan verəcəkdir.
Naxçıvan
Muxtar Respublikası stadionunun
açılışı yoldaşlıq oyunu
ilə əlamətdar oldu.
"Araz-Naxçıvan" komandası Neftçala
rayonunun komandası ilə görüşdü.
Oyun 1:1 hesabı ilə sona
çatdı.
Elxan MƏMMƏDOV
Azərbaycan. - 2013.- 15 avqust.- S. 8.