Ədliyyə Nazirliyi qulluğa qəbulla
bağlı növbəti açıq müsabiqə elan edir
Ədliyyə Nazirliyinin kadr korpusunun hazırlıqlı və sağlam mənəviyyata malik
işçilər hesabına möhkəmləndirilməsi məqsədilə
davamlı olaraq açıq müsabiqələr
keçirilir.
Ədliyyə
Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a
bildirmişlər ki, hazırda ədliyyə
orqanlarına qulluğa qəbulla
bağlı bu ilin iyun ayının 9-da keçirilmiş
test imtahanında müvəffəqiyyət
qazanmış namizədlərlə Ədliyyə Nazirliyinin müsabiqə komissiyası tərəfindən
fərdi qaydada söhbət aparılır.
Bununla belə, ədliyyə
orqanlarında mövcud vakant
ştat vahidlərinin komplektləşdirilməsi
üçün peşəkar kadrlara olan ehtiyacı nəzərə
alaraq, eyni zamanda, ali təhsil müəssisələrini
bu il bitirmiş
gənc məzunların müsabiqədə iştirakına
şərait yaratmaq məqsədilə
növbəti açıq müsabiqə elan edilir.
Müsabiqənin
birinci mərhələsində - test imtahanında iştirak
etmək üçün yalnız müvafiq formada ərizə
ilə müraciət etmək kifayətdir.
Nazirliyin icra xidmətində, regional
ədliyyə və qeydiyyat şöbələrində,
həmçinin digər ədliyyə sahələrində olan vakant vəzifələrdə
çalışmaq üçün
"Ədliyyə orqanlarında qulluq
keçmə haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə cavab verən, o cümlədən
fəaliyyət qabiliyyətli, cinayət törətdiyinə
görə əvvəllər məhkum olunmamış, fiziki və əqli cəhətdən bu orqanlarda işləməyə
qadir olan ali hüquq təhsilli Azərbaycan
Respublikası vətəndaşları müsabiqəyə dəvət
olunurlar.
Ərizənin
formasını Ədliyyə Nazirliyinin internet səhifəsindən (www.justice.gov.az)
və ya nazirliyin
aparatından (ünvan: Bakı şəhəri,
İnşaatçılar prospekti 1)
götürmək mümkündür.
Qaydalara əsasən,
test imtahanından uğur
qazanmış namizədlərin digər sənədlərinin
toplanması və yoxlanılması bu mərhələdən
sonra həyata keçiriləcək və
qanunvericiliklə müəyyən edilmiş
tələblərə cavab verən şəxslər
ikinci mərhələyə - söhbətə
buraxılacaqlar.
Müsabiqədə
iştirak etmək üçün
ərizələr 2013-cü il avqustun 15-dən etibarən yuxarıda göstərilən
ünvanda qəbul olunur
(əlavə məlumatı internet səhifəsi
və ya 538-01-62, 538-08-15 nömrəli telefonlar vasitəsilə almaq
olar).
Həmçinin
müsabiqədə iştirak edən
hüquqşünasların test
imtahanına və söhbət mərhələsinə
mükəmməl hazırlaşmalarına və yüksək
nəticələr əldə etmələrinə kömək
məqsədilə müsabiqə komissiyası onlar üçün
Ədliyyə Akademiyasında müvafiq hazırlıq kursunun təşkilini nəzərdə tutmuşdur.
Test imtahanının və
hazırlıq kursunun vaxtı və yeri barədə əlavə məlumat veriləcəkdir.
Azərbaycan. - 2013.- 15 avqust.- S. 9.