Çin Azərbaycan ilə hüquqi əməkdaşlığın
genişləndirilməsində maraqlıdır
Azərbaycan Prezidenti İlham
Əliyevin rəhbərliyi ilə uğurla
aparılan hərtərəfli islahatlar
respublikamızın beynəlxalq hüquqi
inteqrasiyasını da sürətləndirmişdir.
Ədliyyə Nazirliyi tərəfindən hüquqi
sahədə əməkdaşlığın daha
da genişləndirilməsi daim diqqət mərkəzində
saxlanılır. Bu prosesin hüquqi
tənzimlənməsi məqsədilə Rusiya,
Mərakeş, Birləşmiş Ərəb Əmirlikləri,
Ukrayna, İran, İordaniya, Litva və s. dövlətlərlə müqavilələr
bağlanmış, eləcə də ölkəmiz Avropa və MDB-nin müvafiq konvensiyalarına qoşulmuşdur.
Qeyd olunan dövlətlər sırasında Çin Xalq Respublikası
ilə hüquqi əməkdaşlığa
böyük önəm verilərək
2005-ci ildə Prezident İlham
Əliyevin bu ölkəyə rəsmi səfəri
zamanı dövlətlərimiz arasında cinayətkarların
ekstradisiyası (təslimetmə) haqqında müqavilənin,
həmçinin
ədliyyə nazirlikləri arasında əməkdaşlıq
haqqında Sazişin imzalanması hüquqi əlaqələrin inkişafına
təkan vermişdir.
Son illər bu əlaqələr daha da intensivləşmiş, təkcə bu il Çinin
baş prokuroru Çao Cianminqin, ədliyyə
nazirinin müavini Can Sucunun rəhbərlik
etdikləri nümayəndə heyətləri ölkəmizə
səfərlər etmiş,
genişmiqyaslı məhkəmə-hüquq islahatları ilə
tanış olmuşlar. Həmçinin
qarşılıqlı fəaliyyətin perspektivlərinə
dair səmərəli görüşlər
keçirilmiş, iki
dövlətin ədliyyə nazirlikləri arasında əməkdaşlıq
haqqında yeni Saziş
imzalanmışdır.
Eyni zamanda,
ölkələrimiz arasında müvafiq
müqavilənin olmamasına baxmayaraq,
qarşılıqlı prinsipə və iki
ölkənin ədliyyə nazirlikləri arasında əldə
olunmuş razılığa əsasən
məhkumların verilməsi prosesi həyata
keçirilməkdədir. Habelə, son zamanlar ölüm cəzasına
məhkum olunmuş iki
vətəndaşımızın cəzaları azadlıqdan
məhrumetmə ilə əvəz edilmişdir.
Bu məsələlərdə, həmçinin
ölkəmizin Çindəki səfirliyi öz
səylərini göstərmişdir.
Bununla belə, bu
prosesin intensivləşdirilməsi və hüquqi çərçivəyə
salınması üçün müvafiq müqavilə layihəsi
hazırlanaraq qarşılıqlı məsləhətləşmələr
aparılmışdır.
Xəbər verildiyi kimi, Çin Xalq Respublikası
Ədliyyə Nazirliyinin xarici
əlaqələr xidmətinin və həbsxana
administrasiyasının rəhbərləri nümayəndə
heyəti ilə Azərbaycana səfərə gəlmişlər.
Geniş tərkibli nümayəndə heyətinə
məhkəmə, prokurorluq, habelə daxili və xarici işlər
nazirliklərinin məsul şəxsləri daxildir.
Səfər
zamanı nümayəndə heyəti Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində
olmuş, məhkumların verilməsi
haqqında müqavilə layihəsi ətrafında məhsuldar
danışıqlar aparılmışdır. Qonaqlar, həmçinin bu sahədə aparılan islahatlarla
yaxından tanış olmaq məqsədilə
beynəlxalq standartlara uyğun
inşa olunmuş müasir tipli Bakı İstintaq Təcridxanasına baş
çəkmiş, məhkumların saxlanma
şəraitinə, onlara göstərilən
tibbi xidmətin yüksək səviyyədə
təşkilinə heyran qaldıqlarını
vurğulamışlar.
Avqustun 14-də ədliyyə naziri Fikrət Məmmədov Çinin
nümayəndə heyəti ilə görüşmüşdür.
Ədliyyə
Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a
bildirmişlər ki, görüşdə
ölkələrimiz arasında hüquqi əlaqələrin
dinamik inkişafı qeyd
olunmuş, hazırkı səfərin iki dövlətin ədliyyə orqanları
arasında əlaqələrin genişləndirilməsinə
əlavə təkan verdiyi vurğulanmışdır. Son
illərdə ölkəmizdə həyata keçirilən
genişmiqyaslı ədliyyə, o
cümlədən penitensiar islahatlar qonaqların diqqətinə
çatdırılmışdır.
Çinin dost Azərbaycan ilə münasibətlərinin
yüksək səviyyədə olduğunu
bildirən qonaqlar ölkəmizin dinamik inkişafını təqdir etmiş, ədliyyə, o
cümlədən penitensiar sahədə
ikitərəfli əməkdaşlığın genişləndirilməsində
maraqlı olduqlarını və bu əlaqələrin
dərinləşdirilməsinin
prioritet təşkil etdiyini
bildirmişlər.
Qonaqlar nazirlikdə Heydər
Əliyev və Ədliyyə tarixi muzeyləri
ilə tanış olmuşlar.
Nümayəndə
heyəti, həmçinin məhkəmə sistemindəki
genişmiqyaslı islahatlara maraq göstərərək müasir
üslubda inşa edilmiş və ən qabaqcıl informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunmuş
Ali Məhkəmənin və Bakı
şəhəri Yasamal Rayon
Məhkəməsinin binaları ilə tanış olmuş, yaradılmış yüksək şəraitdən
məmnunluğunu ifadə etmişdir.
Yekun olaraq
Azərbaycan və Çin arasında məhkumların
verilməsi haqqında müqavilə layihəsi
paraflanmış və müvafiq
razılaşma Protokolu
imzalanmışdır. Çin tərəfi
müqavilənin Pekində imzalanmasını təklif etmişdir.
Bu mühüm müqavilənin imzalanması ilk növbədə, məhkumların və
onların ailə üzvlərinin mənafelərinin təmin
edilməsinə, vətəndaşlarımızın ailələrinə
yaxın ərazidə cəza çəkmələrinə,
yaxınları ilə görüşmək
imkanlarının genişləndirilməsinə və sosial adaptasiyasına kömək etməklə
həmin məhkumların islah olunaraq gələcəkdə cəmiyyətə
qovuşmalarını asanlaşdıracaqdır.
Ümumiyyətlə,
bu kimi dövlətlərarası
sənədlərin implementasiyası nəticəsində son illərdə Ədliyyə Nazirliyi
tərəfindən 142 əcnəbi məhkumun təhvil verilməsinə,
xaricdə cəza çəkən 280
soydaşımızın isə Azərbaycana gətirilməsinə
nail olunmuşdur.
Azərbaycan. - 2013.- 15 avqust.- S. 9.