Azərbaycan Cənubi
Qafqazın lider dövləti olduğunu sübut edir
İtaliya
Nazirlər Şurasının Prezidentinin
və Rusiya Prezidentinin
ölkəmizə səfərləri, imzalanan
sənədlər bunu bir
daha təsdiqləyir
Bu həftə Azərbaycanın
ictimai-siyasi həyatında çox mühüm hadisələr
baş verdi. Öncə
avqustun 11-də İtaliya
Respublikası Nazirlər Şurasının Prezidenti
Enriko Leta Azərbaycana
rəsmi səfər etdi. Bu
səfər iki ölkə arasında
münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini təsdiqlədi.
İkitərəfli
münasibətlərin siyasi, iqtisadi, energetika, mədəniyyət,
humanitar və digər sahələrdə
uğurlu inkişafı ilə
yanaşı, bundan sonra
əlaqələrin daha da
genişlənməsi üçün
yaxşı imkanların olduğu qeyd edildi. Enerji
sahəsində əməkdaşlığa dair
birgə bəyannamə qəbul olundu. Səfərin nəticəsi təsdiq etdi ki, bundan
sonra dünyada əhəmiyyətli
dövlətlər olan böyük
səkkizliyin tərkibində yer alan İtaliya ilə Azərbaycan
arasında əməkdaşlıq daha da inkişaf edərək
genişlənəcək.
Bundan iki gün sonra,
avqustun 13-də isə Rusiya
Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycana səfər
etdi. İki ölkə
arasında 5 mühüm sənəd
imzalandı. Bu səfər hər iki dövlət arasında olan
münasibətlərin nə dərəcədə dinamik, uğurlu inkişaf
etdiyini, ölkələrimizin və
xalqlarımızın amallarına nə dərəcədə
uyğun olduğunu bir daha nümayiş
etdirdi. Bu səfərlərin ölkəmizdə keçiriləcək
prezident seçkiləri ərəfəsində
baş tutması Azərbaycan hakimiyyətinin
yürütdüyü siyasətin böyük dövlətlər tərəfindən
də dəstəkləndiyini sübuta yetirdi və bu bir daha təsdiq etdi ki, Cənubi Qafqazın
lider dövləti olan
Azərbaycanın bu gün
bölgədəki mövqeyi, artan nüfuzu artıq dünya dövlətləri tərəfindən
qiymətləndirilir. Politoloqlar isə hər
iki səfərin ölkəmiz üçün çox əhəmiyyətli
bir hadisə olduğunu
bildirirlər.
Yeni Azərbaycan
Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov
KİV-ə müsahibəsində bildirib
ki, Azərbaycan və Rusiya
arasında müxtəlif sahələri əhatə edən əlaqələr
mövcuddur. İki
ölkə arasında münasibətlər normaldır və
bunun inkişaf etdirilməsinə
hər iki tərəf səylərini göstərir.
Əli Əhmədov qeyd edib
ki, iki ölkə
arasında münasibətlərin inkişaf
etməsi hər iki dövlətin mənafeyinə
uyğundur: "Vladimir Putinin səfəri
çərçivəsində aparılan
danışıqlar, imzalanan sənədlər
gələcəkdə iki dövlət
arasında iqtisadi, siyasi
və digər sahələrdə olan
münasibətlərin yüksək səviyyəyə
qaldırılması üçün
etibarlı hüquqi baza
yaradıb".
Bəzi
müxalifət qəzetlərində Putinin
Azərbaycana səfərinin guya prezident seçkilərində Prezident
İlham Əliyevə dəstək kimi təqdim olunmasına münasibət bildirən
Əli Əhmədov deyib ki,
Azərbaycan Prezidentini qarşıdan gələn
seçkilərdə dəstəkləyən yeganə
qüvvə Azərbaycan
xalqıdır, seçiciləridir: "Ölkədə
aparılan müşahidələr,
sorğular nümayiş
etdirir ki, Azərbaycanda
keçirilən prezident seçkilərində
əhalinin mütləq əksəriyyəti Prezident
İlham Əliyevin namizədliyini dəstəkləyir.
Yeni Azərbaycan Partiyası İlham Əliyevə dəstəyi müxalifətdən
fərqli olaraq Azərbaycandan kənarda deyil, Azərbaycanın içərisində əldə
edib, ölkə vətəndaşları
tərəfindən dəstəklənir. Bu
dəstək İlham Əliyevin
qarşıdan gələn prezident
seçkilərində uğur
qazanması üçün kifayət edir. Başqa dəstək
Azərbaycana lazım deyil".
Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov qəzetimizə
açıqlamasında bildirib ki, hər iki ölkə rəsmisinin Azərbaycana səfəri
çox önəmli bir
hadisədir. Onun sözlərinə
görə, İtaliya Avropa
Birliyinin güclü
dövlətlərindən biridir və Azərbaycanla
ən yaxın ticarət əlaqəsi olan
ölkədir. Eyni zamanda
İtaliya bu gün dünya
iqtisadiyyatında və siyasətində mühüm
rol oynamaqla
yanaşı, sülhün, əmin-amanlığın
qorunub saxlanması prosesinin
fəal iştirakçısıdır. Səfər
zamanı enerji sahəsində əməkdaşlığa
dair imzalanan birgə bəyannamə
isə əlaqələrin daha da güclənəcəyindən xəbər
verir. Çünki bəyannamədə
Azərbaycanın İtaliyanın əsas neft
təchizatçılarından biri olduğu vurğulanaraq
ölkəmizin həmçinin qaz sektorunda da İtaliya üçün
önəmli tərəfdaşlardan biri
olacağına əminlik bildirilib. Deputat vurğulayıb ki,
hazırda İtaliyada iqtisadi
böhran yaşansa da, bu səfər və imzalanan bəyannamə Azərbaycan üçün çox əhəmiyyətlidir.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycana səfərinə gəlincə
isə politoloq qeyd edib ki, bu
ölkə Azərbaycanla həmsərhəd olan
ən böyük dövlət olmaqla yanaşı, ölkələrimizin 200 illik tarixi münasibətləri
mövcuddur. Sovet
imperiyasından öncəki dövrlərdə də ölkələrimiz,
xalqlarımız arasında sıx bağlantı olub.
Səfərin
Azərbaycanda keçiriləcək prezident
seçkiləri öncəsi baş
tutmasına gəlincə isə deputat qeyd edib ki,
Vladimir Putinin
Bakıya avqust ayında səfəri mühüm bir hadisə oldu və Rusiya
Federasiyası bu səfərlə gələcək
illərdə də Prezident İlham Əliyev hakimiyyəti ilə mövcud
münasibətləri, əlaqələri daha
da gücləndirmək istəyində olduğunu təsdiqlədi: "Rusiya bir daha
göstərdi ki, Azərbaycanın mövcud hakimiyyəti ilə əlaqələrin
daha da dərinləşməsində,
güclənməsində maraqlıdır və qonşu ölkənin Prezidenti
ölkəmizdə keçiriləcək prezident
seçkisini gözləmədən səfərini
reallaşdırdı. Eyni zamanda
Rusiya özü
üçün Azərbaycanın mövqeyini dəqiqləşdirmiş oldu".
Rəşad
BAXŞƏLİYEV
Azərbaycan.
- 2013.- 15 avqust.- S. 11.