Prezident İlham
Əliyev Oğuz şəhərinə içməli suyun
verilməsi mərasimində iştirak etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev avqustun 14-də
Oğuz şəhərinə içməli suyun verilməsi
mərasimində iştirak etmişdir.
Əvvəlcə
dövlət başçısı rayon ictimaiyyətinin
nümayəndələri ilə görüşdü.
Rayon ictimaiyyətinin
nümayəndələrini salamlayan Prezident İlham
ƏLİYEV dedi:
- Bu gün
gözəl gündür. Gözəl tədbir keçirilir,
bu gün Oğuz şəhərinin içməli su ilə təminatı
həll olunur. Bu gözəl hadisə münasibətilə
sizi ürəkdən təbrik edirəm. Əminəm ki, bu
layihə Oğuz əhalisinin rahat yaşaması
üçün növbəti töhfə olacaqdır.
İçməli
su-kanalizasiya layihələri ölkəmizdə müxtəlif
yerlərdə icra edilir və son aylar ərzində bu iş
daha da geniş vüsət almışdır. Biz keçən
həftə Kürdəmirdə, bu gün isə
İsmayıllıda içməli su layihələrinin
açılışını qeyd etmişik, indi isə
Oğuzda. Bundan sonrakı aylarda hələ ki içməli
su ilə tam şəkildə təmin olunmayan bütün
başqa bölgələrdə də bu layihələr icra
ediləcəkdir. Biz vətəndaşları içməli
su ilə təmin edəcəyik. İnsanların
sağlamlığı, rahat yaşaması üçün
çox vacib layihələrdir. Bilirəm ki, Oğuz rayonunda
içməli su-kanalizasiya problemi uzun illərdir insanları
narahat edirdi. Biz bu məsələni birdəfəlik həll
etmişik və bundan sonra Oğuzda içməli su problemi
olmayacaqdır.
Eyni zamanda, kəndlərdə
də su xətləri çəkilir. Mənə verilən məlumata
görə, bir neçə kənddə artıq içməli
su problemi həll edilmişdir. Gələcəkdə Azərbaycanda
bu problem tamamilə aradan qaldırılmalıdır. Bu,
böyük layihələrdir, böyük vəsait, texniki
peşəkarlıq tələb edən layihələrdir.
Ancaq Azərbaycan dövləti güclü dövlətdir. Bu
layihələrin icra edilməsi onu göstərir ki, biz istənilən
məsələni həll edə bilərik və
regionların sosial-iqtisadi inkişafı artıq
reallıqdır. Hər bir yerdə, hər bir bölgədə,
hər bir şəhərdə infrastruktur layihələri
icra edilir, insanların rahat yaşaması üçün
işlər görülür, iş yerləri
açılır.
Mən
Oğuzda dəfələrlə olmuşam, bundan əvvəlki
səfərlərimdə müxtəlif
açılışlarda iştirak etmişəm.
Yadımdadır, xəstəxananın, Olimpiya Kompleksinin
açılışını bərabər qeyd etmişdik.
Keçən dəfə burada olarkən böyük
parkın açılışını qeyd etdik. Bu gün
su layihəsi artıq istifadəyə verilir, Heydər
Əliyev Mərkəzi tikilir, yaxın zamanlarda, yəqin ki,
bir daha görüşəcəyik. Yəni biz Oğuz
rayonunun timsalında Azərbaycanın dinamik
inkişafını görürük - sosial obyektlər
tikilir, eyni zamanda iş yerləri açılır. Səfərlərimin
birində qlükoza zavodunun açılışında da
iştirak etmişdim və zavodun gələcək fəaliyyəti
ilə bağlı göstərişlər də
verilmişdir. Yəni Oğuzda sənaye, iş
yerləri layihələri icra edilir, sosial obyektlər, - indi
uşaq bağçası açılacaqdır, - su layihələri,
qazlaşdırma artıq şəhərdə həll
olunubdur, təbii qaz var, kəndlərdə də bu xətlər
çəkilir. Bax budur bizim yanaşmamız. Hər bir
bölgədə bu layihələr icra edilir, icra ediləcəkdir.
Elə etməliyik ki, insanları narahat edən bir dənə
də olsun məsələ qalmasın. O cümlədən kənd
yollarının, körpülərin tikintisi. Burada
kənd yollarının tikintisinə vəsait
ayrılmışdır, körpü tikilmişdir. İndi
buraya gələrkən Qəbələ-Oğuz yolunun rəsmi
açılışını qeyd etmişik, artıq bu yol
neçə vaxtdır ki, istifadədədir, çox rahat,
gözəl yoldur. Ondan sonra Şəki-Qax yolu
açılışa hazırdır. Bu yol da məsafəni
təxminən 2 dəfə qısaldır və yol şimal-qərb
sərhədimizə qədər uzanır. İnsanlar
Bakıdan ta Balakənə qədər rahat yoldan istifadə
edirlər, lazım olan yerlərdə yol genişlənib. Yəni
onu demək istəyirəm ki, bütün infrastruktur layihələri
icra edilir - su, kanalizasiya, elektrik enerjisi, qazlaşdırma, kənd
yolları, məktəblər, xəstəxanalar, Olimpiya
Kompleksi, mədəniyyət obyektləri. Bundan artıq nə
ola bilər?! İş yerləri açılır. Ona
görə dinamik inkişaf budur. Azərbaycanın
reallıqları bundan ibarətdir. Biz bütün dövrlərdə,
müstəqilliyin son 20 ili ərzində inamla irəliyə
gedirik, öz gücümüzü artırırıq,
iqtisadiyyatımızı gücləndiririk. Bizim çox
ciddi sosial siyasətimiz vardır. Bax bu layihə sosial siyasətin
əlamətidir.
Bir daha sizi bu
gözəl hadisə münasibətilə, deyə bilərəm
ki, tarixi hadisə münasibətilə təbrik edirəm, sizə
cansağlığı, xoşbəxtlik və yeni uğurlar
arzulayıram.
* * *
Rayon ictimaiyyəti
adından çıxış edən Mərkəzi Xəstəxananın
həkimi İradə MƏMMƏDOVA dedi:
- Möhtərəm Prezident, Sizi
oğuzlular adından salamlayıram. Oğuza xoş gəlmisiniz!
Bu gün bizim üçün çox əlamətdar
bir gündür. Oğuzda yeni su xətti
istifadəyə verilir. Suyun insan
üçün necə əvəzedilməz bir nemət
olduğunu biz hamımız yaxşı bilirik, bir həkim
kimi mən də bilirəm. Kanalizasiya
sistemi şəhərimizdə heç olmamışdır.
Amma açılışında bizə şərəf verərək,
bizi qürurlandıraraq Sizin iştirak
etdiyiniz bu su xətti vasitəsilə Oğuz və ona
yaxın kəndlər təmiz içməli su ilə təmin
ediləcəkdir. Kanalizasiya sisteminin
yaradılması nəticəsində şəhərimiz daha
müasir bir şəhərə çevriləcəkdir.
Bunlar bizə Sizin töhfənizdir, Sizin hədiyyənizdir.
Oğuzlular adından ürəkdən Sizə
bir daha təşəkkürümü bildirirəm.
Möhtərəm cənab Prezident,
respublikamızda gedən quruculuq, yaradıcılıq,
abadlıq işləri hamımızın gözü
qarşısındadır. Biz hər gün yeni-yeni obyektlərin, körpülərin,
yolların, bir həkim kimi deyirəm, diaqnostika mərkəzlərinin,
yeni-yeni məktəblərin, turizm mərkəzlərinin,
idman komplekslərinin açılışının
şahidi oluruq. Bu işlər Oğuzdan da
yan keçməmişdir. Sizin
qayğınız, xüsusi diqqətiniz nəticəsində
qısa bir müddət ərzində Oğuz o qədər dəyişmişdir
ki, təzə gələn qonaqlar buranı tanımırlar.
Yollar abadlaşmış,
işıqlanmış, yeni idman kompleksi, yeni xəstəxana
kompleksi tikilib istifadəyə verilmişdir. Xəstəxanamız hər cür müasir
avadanlıqla təmin edilmiş, məktəblər
tikilmiş, parklar açılmış, yollarımız
abadlaşmışdır.
Bu gün daha əlamətdar bir
gündür. Bu gün Oğuzda yeni
bağçanın da açılışı olacaqdır.
Yəqin ki, möhtərəm Prezidentimiz bu
açılışda iştirak etməklə bizi bir daha
şərəfləndirəcəkdir. Bizə
göstərdiyiniz bu qayğıya görə Sizə, Sizin
xanımınıza, Mehriban xanım Əliyevaya həm bir
qadın, həm də bir həkim kimi təşəkkür
edirəm. O da bizim həmkarımızdır.
Möhtərəm Prezident,
regionlarımız gündən-günə çiçəklənir,
inkişaf edir. Məlumdur ki, iqtisadiyyatın ən
gəlirli sahələrindən biri də turizmdir. Özünüz də gördüyünüz kimi,
Allah-taala bizə belə füsunkar təbiət verib. Ancaq yalnız təbiət kifayət deyil, Sizin qayğınız,
diqqətiniz, bu abadlaşma nəticəsində Oğuz turizm
sahəsində gözəl bir mərkəzə çevrilir.
Təbii ki, bütün sahələrdə
olduğu kimi, bu sahədə də mütəxəssislərə
ehtiyac vardır.
Mən bu səadəti ümumiyyətlə
ağlıma gətirməzdim, Sizinlə üzbəüz
dayanmaq, öz arzumu bildirmək. Mən Sizə öz ailəm adından xüsusi təşəkkür
etmək istəyirəm. Sizin gənclərə
olan atalıq qayğınız nəticəsində mənim
qızıma da dövlət proqramı çərçivəsində
dövlət təqaüdü verilmiş və o,
Böyük Britaniyada məhz turizm sahəsində magistratura
keçərək ixtisaslı bir kadr kimi respublikamıza
qayıtmışdır. Bizim ailəmizin
sevincini sözlə ifadə etmək çətindir. Mən buna görə Sizə ürəkdən təşəkkür
edirəm.
Prezident İlham ƏLİYEV: Sağ olun.
İradə MƏMMƏDOVA: Möhtərəm
cənab Prezident, məhz Sizin səyləriniz, gecə-gündüz
işləməyiniz nəticəsində, - televizorda da
göstərmişlər ki, respublikamızda ən çox
işləyən şəxs Prezidentimiz və onun
xanımıdır, - Azərbaycan qüdrətli dövlətə
çevrilmişdir. Bölgədə isə
birinci dövlətik.
Bu, Sizin xalqımıza olan töhfənizdir,
bizim xoşbəxt, firavan gələcəyimiz
üçün çalışmağınızın nəticəsidir.
Sizə təşəkkür edirik, Sizinlə
qürur duyuruq. Belə bir Prezidentimiz
olduğu üçün çox xoşbəxtik.
Oğuzlular həmişə Sizinlə olmuşdur və əmin
ola bilərsiniz ki, həmişə Sizi dəstəkləyəcəklər.
Azərbaycanımızın çiçəklənməsi
yolunda Sizə böyük nailiyyətlər arzu edirik, yolunuz
açıq olsun, ulu Tanrı həmişə Sizi qorusun!
Çox sağ olun!
Prezident İlham ƏLİYEV: Sağ olun,
təşəkkür edirəm. Oğuzda,
doğrudan da, son illər ərzində əsaslı dəyişikliklər
baş vermişdir. Mən ilk dəfə
Oğuza 2005-ci ildə gələndə vəziyyət tam
başqa idi. Yəni, doğrudan da, Oğuz
rayonu çox böyük inkişaf yolu keçmişdir.
Azərbaycanda, o cümlədən Oğuz
rayonunda bütün işlər ardıcıllıqla
aparılır. Sürətli iqtisadi
inkişafı təmin etmək üçün ilk növbədə,
necə deyərlər, ilkin şərtlər lazımdır -
infrastruktur, yol, işıq, qaz. Bunlar
olmadan heç bir inkişafdan söhbət gedə bilməz və
biz bütün bu problemləri ardıcıllıqla həll
edə bilmişik. İndi bütün
infrastruktur layihələri yüksək səviyyədə həll
olunubdur.
Gələcəkdə Oğuz rayonunun
potensialından maksimum dərəcədə istifadə etmək
üçün buranın təbiətini və təbii
şəraitini nəzərə almaqla, müxtəlif istiqamətlər
üzrə inkişaf planı da icra edilməlidir.
Çünki burada infrastruktur var, yollar çəkilib,
qaz xətləri, işıq xətləri, içməli su,
kanalizasiya, xəstəxana, Olimpiya Mərkəzi, digər
ictimai yerlər, parklar salınır. Buranın
gələcək inkişafı, yəqin ki, turizmlə, kənd
təsərrüfatının və sənayenin
inkişafı ilə bağlı olmalıdır. Bax bu üç istiqamət üzrə burada bundan
sonra da işlər gedəcəkdir. Əminəm
ki, bütün bu əsas infrastruktur layihələri icra
olunandan sonra buraya investisiyalar özəl sektordan da çox
qoyulacaqdır.
Əvvəlki dövrlərdə mən
burada hotelin açılışında da iştirak
etmişdim. Bu imkanlar da var. İndi
gözəl yol çəkilibdir. İndi
Bakıdan buraya çox rahat gəlmək olur. Eyni zamanda Qəbələdə, bildiyiniz kimi, beynəlxalq
aeroport artıq fəaliyyət göstərir və beynəlxalq
uçuşlar artıq icra edilir. Aeroportdan
Oğuza qədər təqribən yarım saatlıq yoldur.
Yəni hesab etmək olar ki, Oğuzun da beynəlxalq
aeroportu var, əminəm ki, gələcəkdə bu zonaya -
Oğuza, Şamaxıya, Qəbələyə, Şəkiyə
və digər rayonlara gələnlərin sayı artacaqdır.
Daxili turizm hazırda daha çox artır.
Bu da çox gözəl göstəricidir.
Çünki insanların imkanları artır
ki, onlar öz ölkəsində gedib istirahət edirlər.
Xarici turizm də artır, müxtəlif beynəlxalq
tədbirlərin keçirilməsi, musiqi festivalları, siyasi
tədbirlər, bax, sabahdan Türkdilli Ölkələrin
dövlət başçılarının zirvə
görüşü Qəbələdə keçiriləcəkdir.
Bax, bu zonanı turizm mərkəzinə - nəinki
Azərbaycanın, bölgənin və gələcəkdə
dünyanın turizm mərkəzlərindən birinə
çevirmək üçün bütün ilkin şərtlər
vardır.
Əlbəttə ki, kənd təsərrüfatının
inkişafı. Burada bu inkişaf
üçün gözəl potensial vardır. Digər sahələr də vardır ki, Oğuz
rayonunun inkişafına xidmət göstərə bilər və
uzunmüddətli gələcəyimizi təmin edə bilər.
Eyni zamanda, dövlət investisiyaları da qoyulacaqdır.
Çünki baxmayaraq ki, əsas infrastruktur
layihələri başa çatıb, hələ
görüləsi işlər çoxdur. Kənd yerlərində görüləsi işlər
çoxdur, uşaq bağçaları
çatışmır, hələ qəzalı vəziyyətdə
olan məktəblər yəqin ki, Oğuz rayonunda da, başqa
yerlərdə də vardır. Bu işlər
də ardıcıllıqla öz həllini tapacaqdır.
Beləliklə, ölkəmizin dinamik
inkişafı bundan sonra da təmin ediləcəkdir. Gələn ilin əvvəlində regional inkişaf
üzrə üçüncü Dövlət Proqramı qəbul
olunmalıdır. Proqramda növbəti beş
il üçün konkret vəzifələr, konkret layihələr
göstəriləcəkdir. Yəqin ki, Oğuz
rayonundan da artıq İqtisadi İnkişaf Nazirliyinə və
Prezident Administrasiyasına təkliflər verilmişdir.
Bu təkliflər əsasında Oğuz rayonunun gələcək
beş il ərzindəki inkişafı ilə
bağlı konkret, adbaad tədbirlər göstəriləcəkdir.
Mən əminəm ki, gələcəkdə
Oğuza hələ çox səfər edəcəyəm.
Çünki burada açılışa
hazır olacaq obyektlər çoxalacaq, həm müəssisələr,
gözəl Heydər Əliyev Mərkəzi, digər obyektlər.
Sizinlə hələ çox görüşəcəyik.
Bir daha sizi ürəkdən təbrik edirəm
və Sizə cansağlığı arzulayıram.
* * *
Sonra Prezident İlham Əliyev Oğuz
şəhərinin su təchizatının yenidən
qurulması və kanalizasiya sistemlərinin yaradılması
layihəsinə, sxemlərə baxdı.
Ərazilərin Bərpası və Yenidən
Qurulması üzrə Dövlət Agentliyinin direktoru Əli
Məmmədov bildirdi ki, Azərbaycan Prezidentinin sərəncamı
ilə təsdiq olunmuş tədbirlər planına əsasən
Oğuz şəhərinə içməli su xəttinin
çəkilməsi nəzərdə tutulmuşdur. Layihənin icrası Ərazilərin Bərpası və
Yenidən Qurulması üzrə Dövlət Agentliyinə
tapşırılmışdır. Layihə
üzrə işlərə 2010-cu ilin noyabrında
başlanılmışdır. Yeni
içməli su təchizatı sistemi Oğuz şəhərini,
həmçinin Bayan, Kərimli, Qumlaq, Şirvanlı,
Tayıflı və Xalxalqışlaq kəndlərini əhatə
edəcəkdir. Layihəyə əsasən
şəhərin 9 min, kəndlərin isə 11 minə qədər
əhalisinin su ilə fasiləsiz təmin olunması nəzərdə
tutulmuşdur. Layihəyə əsasən,
su tələbatı saniyədə 47 litrdən bir qədər
çox olmalı idi. Hazırda isə
Sazur və Almalıq su mənbələri hesabına faktiki təchizat
saniyədə 103 litrdir. Tikintisi başa
çatdırılan su mənbələrinin potensialı 50
min insanın suya olan tələbatını tam ödəyəcəkdir.
Bu isə 2031-ci ildə Oğuz rayonunun əhalisinin
içməli su ilə tam təmin olunması deməkdir.
Laboratoriya araşdırmaları indiki mərhələdə
suyun keyfiyyətinin həm beynəlxalq, həm də yerli
standartlara tam uyğunluğunu təsdiqləmişdir.
Bildirildi ki, Oğuz şəhərinin su təchizatı
və kanalizasiya sistemlərinin yenidən qurulması ilə
bağlı işlər üç mərhələdə
aparılır. Birinci mərhələdə
Sazur və Almalıq su mənbələrindən magistral boru
xətti, su anbarları, xlorlama təsərrüfatı,
laboratoriya və digər struktur obyektlərinin tikintisi başa
çatdırılmışdır. Suqəbuledici
qurğular meydançasında tikilən keçid məntəqəsi,
suqəbuledici kamera, xlorlama və laboratoriya binaları
avadanlıqla təchiz edilmişdir. Hər
birinin həcmi 1000 kubmetr olan iki yeni su anbarı tikilmişdir.
Bundan başqa, həcmi 200 kubmetr olan su anbarı bərpa
edilmişdir.
İkinci mərhələdə şəhərin
üç zonasında su anbarları sahəsi
yaradılmışdır. Hər birinin həcmi 250 kubmetr olan altı su
anbarı, həmçinin şəhərin su və
kanalizasiya şəbəkələri inşa olunmuşdur.
Şəhərdə bütün abonentlərin
su sayğacı ilə təmin edilməsi nəzərdə
tutulmuşdur.
Üçüncü mərhələ
çərçivəsində gün ərzində məhsuldarlığı
2500 kubmetr olacaq çirkab sutəmizləyici qurğular
kompleksinin tikintisi və texnoloji sistemlərin
quraşdırılması işləri aparılır.
Kanalizasiya sisteminin potensialı Oğuz şəhərini
və Bayan kəndini əhatə edir. Çirkab
sutəmizləyici qurğular kompleksinin bu ilin sonunda istismara
verilməsi planlaşdırılır.
Dövlət başçısı mərasim
iştirakçıları ilə söhbət etdi.
Görülən işlərlə
tanış olan Prezident İlham Əliyev şəhərə
içməli suyun verilməsini bildirən düyməni
basdı.
Sonda xatirə
şəkli çəkdirildi.
AzərTAc
Azərbaycan. - 2013.- 16 avqust.- S. 2-3.