Prezident İlham
Əliyev Şəki Dövlət Dram Teatrının
binasında aparılan əsaslı təmir və yenidənqurma
işlərinin gedişi ilə tanış olmuşdur
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev avqustun 14-də
Sabit Rəhman adına Şəki Dövlət Dram
Teatrının binasında aparılan əsaslı təmir və
yenidənqurma işlərinin gedişi ilə tanış
olmuşdur.
Son illərdə
milli mədəniyyətimizin inkişafı dövlət siyasətinin
prioritetlərindən birinə çevrilmişdir. Prezident
İlham Əliyevin sərəncam və göstərişləri
əsasında indi ölkəmizin bütün tarixi abidələri,
sənət ocaqları əsaslı şəkildə yenidən
qurulur. Buna uyğun olaraq Şəki Dövlət Dram
Teatrının binası da əsaslı təmir edilir.
Əvvəlcə
dövlət başçısı teatrın həyətində
Şəki ictimaiyyətinin nümayəndələri ilə
görüşdü.
Rayon ictimaiyyətinin
nümayəndələrini salamlayan Prezident İlham
ƏLİYEV dedi:
- Yenidən
Şəkidə olmağımdan çox şadam. Artıq hər
il Şəkiyə gəlirəm, burada gedən işlərlə
tanış oluram. Görürəm ki, Şəkidə
işlər yaxşı gedir. Bu gün buraya gəlməzdən
əvvəl kənd yolunun açılışını
qeyd etdik. Bu da çox gözəl hadisədir. Kəndlərə
gedən bütün yollar indi abad olmalıdır. Bu məqsədlə
həm dövlət büdcəsindən, Prezidentin Ehtiyat
Fondundan mütəmadi qaydada vəsait ayrılır.
Bütün bölgələrdə, o cümlədən
Şəki rayonunda kənd yollarının tikintisi gedir. Həm
şəhər gözəlləşir, abadlaşır, həm
də kəndlərdə işlər gedir. Bir sözlə,
son illərdə Şəkinin dinamik inkişafı çox
sevindirici haldır.
Əvvəlki
səfərlərimdə sizinlə bərabər müxtəlif
açılışlarda iştirak etmişik. Artıq bu dəfə
Dram Teatrının təmiri ilə tanış
olacağıq. Keçən dəfə Şəkidə
olarkən bu teatra baxış proqramda yox idi. Sonra yoldaşlar
məsləhət gördülər.
AMEA-nın
Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub
MAHMUDOV: Cənab Prezident, hamımız təşəkkür
edirik. Proqramdan çıxdınız, gəldiniz M.F.Axundzadənin
vətəninə layiq təzə bir teatr
açdınız. Sizə eşq olsun. Hamımız minnətdarıq.
Prezident İlham
ƏLİYEV: Sağ olun! Yəni, əslində proqram şərti
xarakter daşıyır. Əslində görüləsi
işlər görülməlidir. Şəkinin mədəni
həyatının daha da dolğun şəkildə təmin
edilməsi üçün əlbəttə ki, teatra yeni həyat
verilməli idi. Tanış olduğum mənzərə
çox acınacaqlı idi. Hətta mən soruşdum ki,
artistlər burada tamaşaları necə səhnəyə
qoyurlar? Amma hazırda gördüyüm bu gözəl işlər
məni sevindirir. İçəridə də gedən işlərlə
tanış olacağam və gələn ayın sonuna qədər
teatr istifadəyə veriləcəkdir.
Şəki
teatrının çox böyük ənənələri
vardır. Azərbaycanda tanınır və eyni zamanda,
xatırlayıram ki, 1980-ci illərdə Moskvada oxuyarkən mən
Şəki teatrının tamaşasında da olmuşdum. O da
özlüyündə bir göstərici idi. Çünki mərkəzi
şəhər olmayan şəhərin teatrının Sovet
İttifaqının paytaxtında - Moskvada tamaşaları təqdim
edilməsi əlbəttə ki, teatrın potensialından xəbər
verirdi. Yəni, ənənələr var, siz bu ənənələri
qoruyursunuz.
Əlbəttə,
teatrın binasının təmiri hesab edirəm ki, çox
vacib məsələdir. Şəki teatrı
üçün gözəl bina olmalıdır. Bu bina da
indi, bundan sonra əlli il, bəlkə ondan da çox xidmət
göstərəcəkdir. Bu teatrın təmiri, bərpası
hesab edirəm ki, son illər Azərbaycanda bu sahədə
görülən işlərin əlamətidir. Bildiyiniz kimi,
Bakı şəhərində bütün teatrlar,
bütün muzeylər əsaslı təmir edilibdir. Yeni
muzeylər, teatrlar tikilib açılır, o cümlədən
bölgələrdə. Yəni, Azərbaycanın mədəni
həyatı bütün dövrlərdə çox zəngin
idi və xalqımız üçün çox vacib idi. Bu
gün də belədir, humanitar sahəyə, mədəniyyət
sahəsinə çox böyük diqqət göstərilir.
Təsadüfi deyil ki, Azərbaycanda bu istiqamətdə
görülən işlər beynəlxalq birlik tərəfindən
də qiymətləndirilir. Azərbaycanda -
Bakıda, başqa yerlərdə musiqi festivallarının,
beynəlxalq muğam müsabiqəsinin, beynəlxalq mədəniyyətlərarası
dialoq forumlarının keçirilməsi humanitar sahənin nə
qədər vacib olduğunu göstərir. Əlbəttə,
teatr sənətinin Azərbaycanda çox böyük tarixi
vardır. Müsəlman aləmində ilk teatr, ilk opera
məhz Azərbaycanda yaranmışdır. Bu, bizim
böyük sərvətimizdir. Biz bunu qorumalıyıq və
gələcək nəsillər üçün
saxlamalıyıq. Çünki hər bir ölkənin
inkişafı təkcə iqtisadi göstəricilərlə
ölçülmür. Azərbaycanın mədəni həyatı
kifayət qədər zəngindir.
Bizim,
ümumiyyətlə, çox zəngin mədəniyyətimiz
vardır. Şəkinin də Azərbaycan tarixində, Azərbaycan
mədəniyyətinin inkişafında xüsusi yeri
vardır. Şəki Azərbaycanda və deyə bilərəm
yəqin ki, bölgədə və dünyada öz gözəlliyi
ilə seçilən bir şəhərdir. Burada əlbəttə
ki, təbiət və memarlıq, qədim və tarixi binalar,
Şəkinin şəhərsalma qaydaları gözəl bir mənzərə,
bir vəhdət yaradır. Təsadüfi deyil ki, Şəkinin
mədəniyyəti ilə maraqlananların sayı getdikcə
artır. Həm daxili turizm artır, həm xaricdən gələn
qonaqların sayı. Burada artıq yeni gözəl mehmanxanalar
yaranmaqdadır. Gözəl şərait yaradılır. Yəni,
Şəkinin Azərbaycan tarixində öz layiqli yeri
vardır. Əlbəttə ki, Xan sarayı Azərbaycan mədəniyyətinin
dəyəridir və onun böyük sərvətidir.
Bu gün biz,
eyni zamanda, "Şəki Xanlarının evi"nin təmirdən
sonra istifadəyə verilməsini qeyd edəcəyik. Bu da
çox əlamətdar hadisədir ki, Şəkinin tarixi və
zəngin mədəniyyəti qorunsun, saxlanılsın, gələcək
nəsillərə ötürülsün və Şəki
dünya miqyasında tanınan bir şəhərə
çevrilsin. Şəki buna layiqdir. Həm tarix, mədəniyyət,
özünəməxsus həyat tərzi, mətbəx - bax,
bütün bu amillər Şəkinin gözəl xüsusiyyətləridir.
Siz şəkililər, əlbəttə, bunu məndən
yaxşı bilirsiniz. Amma onu da bilirsiniz ki, Azərbaycanın
demək olar ki, bütün yerlərində Şəkiyə
çox böyük hörmət və maraq vardır. İstərdim
ki, Azərbaycanın bütün vətəndaşları
vaxt tapıb Şəkiyə səfər etsinlər. İndi
şərait yaxşılaşır, yollar da çəkilir
və nəqliyyat vasitələri müasirləşdirilir.
Ona görə də gələcəkdə daxili və xarici
turizm inkişaf edəcəkdir. Biz gərək Şəkidə
gələcəkdə beynəlxalq tədbirlərin
sayını da artıraq. Əlbəttə ki, görülən
işlərin arasında teatrın öz yeri vardır.
Əvvəlki
səfərlərimdə, digər açılışlarda
bərabər iştirak etmişik. Keçən dəfə
şəhər xəstəxanasının
açılışını qeyd etmişik. Olimpiya Mərkəzi,
digər obyektlər, tarixi obyektlər bərpa olunub. Bir daha
demək istəyirəm ki, bu teatr da böyük ənənələrə
malikdir. Əminəm ki, bu ənənələr burada bundan
sonra da yaşayacaqdır. Bir daha sizi salamlayıram və təbrik
edirəm.
* * *
Rayon ictimaiyyətinin
minnətdarlığını çatdıran Sabit Rəhman
adına Şəki Dövlət Dram Teatrının direktoru
Hikmət NƏBİLİ çıxış edərək
dedi:
- Möhtərəm
Prezidentimiz, icazə verin Şəki ictimaiyyətinin və
Şəki Dövlət Dram Teatrının kollektivi
adından Sizə Şəkisayağı deyim: "Xoş gəlmisouz,
səfa gətirmisouz, qədəmləriniz mübarək
olsun, uğurlu olsun!"
Son dövrlərdə
Şəkidə gedən iqtisadi inkişaf, yenidənqurma
danılmaz faktlardır. Yəni, Şəki son dövrlərdə
çox sürətlə inkişaf edir. Əlbəttə ki,
bunların hamısı Sizin sayənizdədir. Sizin diqqətinizin,
qayğınızın sayəsində bu gün Şəki,
sözün əsl mənasında, intibah dövrünü
yaşayır.
Siz ötən
dəfə teatra gələndə bir söz işlətdiniz
ki, sizin tamaşanız mənim çox xoşuma gəlmişdir.
Mən həmin sözdən qürurlanıb bir şeyi demək
istəyirəm ki, çox sağ olun, bizim
tamaşamızı heç vaxt yadınızdan
çıxarmamısınız. Mən istəyirəm
heç kəsin bilmədiyi, heç kəsin xəbəri
olmadığı bir əhvalatı Sizə
danışım. Rəhmətlik baş rejissorumuz
Hüseynağa Atakişiyevi Moskva qastrolu zamanı telefona
çağırırlar. O da gedib telefonun dəstəyini
götürür. Səs gəlir: "Hüseynağa,
xoş gəlmisiniz Moskvaya, səfa gətirmisiniz".
Hüseynağa müəllim deyirdi ki, yerimdə qurudum
qaldım.
Bu insanın bu
qədər işi-gücü olan vaxtı haradan bildi ki, biz
Moskvaya qastrola gəlmişik?! Dəstəkdən yenə səs
eşidildi: "İşləriniz necə gedir, teatrda
tamaşalarınızı qəbul edirlərmi?". Cavab
verdim ki, çox sağ olun Heydər Əliyeviç, hər
şey öz qaydasındadır, hər şey normaldır. Ulu
öndər deyir: "Məndən uşaqlara salam söyləyin.
Siz ürəkli, cəsarətli
olun. Mən qəzetlərdə, "Veçernaya Moskva" qəzetində
Sizin qastrol tamaşanız haqqında yazıları izləyirəm".
Yəni, bu
gün Şəkidə bu teatrın təmir olunması əlbəttə,
bizim ulu öndərimizin, yəni dühamızın qoyub
getdiyi izdir. Bu gün Siz onu çox gözəl davam
etdirirsiniz. Buna görə də Sizə çoxlu-çoxlu,
o qədər təşəkkür etmək istəyirəm
ki, bilmirəm haradan başlayım. Siz var olasınız,
sağ olasınız!
Şəki son
vaxtlar festivallar, yubileylər şəhərinə
çevrilibdir. Bu yaxınlarda
"İpək yolu" musiqi festivalı keçirildi.
Mirzə Fətəli Axundzadənin 200 illik,
Şəkinin 2700 illik yubileyləri qeyd olundu. Xan sarayının 250 illik yubileyi keçirildi.
Bunlar üçün də Sizə "çox sağ olun" deyirəm. Mən hələ o
qədər sağ ol deyəcəyəm ki.
Tərəqqi, inkişaf göz
qabağındadır. Bu
inkişaf təkcə Şəkidə deyil,
respublikamızın hər yerində gedir. Şəki gündən-günə gözəlləşir.
Hətta bir müddət şəhərimizdə olmayan
insanlar Şəkiyə dönəndə təəccüblənirlər:
"Bu bina nə vaxt tikildi?" Yəni, indi
Şəkidə inkişaf çox dinamik gedir. Mən yalnız bir şeyi deyə bilərəm ki,
Siz 2011-ci ildə buraya gəlib baxandan sonra
teatrımızın təmiri barədə sərəncam
verdiniz. İnana bilməzdik ki, belə az
bir müddətdə bizim bu cür gözəl
teatrımız olsun.
Prezident İlham ƏLİYEV: Belə də
olmalıdır.
Hikmət NƏBİLİ: Buna görə
də Sizə bir daha "sağ olun" deyirəm, bir daha təşəkkürümü
bildirirəm.
Möhtərəm Prezidentimiz, əmin olun
ki, bütün Azərbaycan xalqı və Şəki
camaatı Sizə inanır, etibar edir. Ona görə
də mən yalnız Sizə sağ olun, var olun deyirəm.
* * *
Prezident İlham ƏLİYEV: Çox sağ olun. Bildiyiniz kimi, Şəkinin
inkişafı ilə bağlı bir müddət əvvəl
xüsusi sərəncam imzalanmışdır. O sərəncamda
Şəkinin tarixi əks olunur. Sərəncamın
nə üçün verildiyi də artıq orada əks
olunur. Əlbəttə, Azərbaycanın
hər bir şəhəri, hər bir yaşayış məntəqəsi
bizim üçün əzizdir, doğmadır. Ancaq Azərbaycanın tarixi mərkəzləri
vardır. Azərbaycanda bir neçə
böyük tarixi mərkəz vardır ki, biz onların
tarixini həm bilməliyik, həm qorumalıyıq və
inkişaf etdirməliyik. O cümlədən onların
arasında Şəkinin də xüsusi yeri vardır. Burada xanlıq olubdur. Burada xanlar
olublar və gözəl binalar tikiblər. Belə tarixi mərkəzlərin inkişafı
xüsusi diqqət tələb edir. Xüsusilə
Şəkinin yenidən qurulması, müasirləşməsi,
abadlaşması çox böyük ustalıqla və dəqiqliklə
aparılmalıdır ki, şəhərin tarixi siması
silinməsin. Yəni, pozulmasın, ona bir zərrə
qədər zərər dəyməsin. Ona
görə Şəkinin gələcək inkişaf planı
ilə bağlı mənə vaxtaşırı məruzələr
edilir. Mənim də tövsiyələrim,
hesab edirəm ki, siz də razılaşarsınız, ondan
ibarətdir ki, tarix qorunmalıdır. Şəkinin
tarixi o qədər zəngindir ki, bu tarixə nəyisə əlavə
etməyə ehtiyac yoxdur. Yəni, bu tarix
qorunmalıdır. Əlbəttə, yeni
binaların tikilməsi də lazımdır. Çünki hər bir şəhərdə olduğu
kimi, burada da yeni binalar tikilməlidir. Qədimi
üslubda tikilməlidir ki, bu, Şəkinin özünəməxsus
simasına ziyan vurmasın. Ona görə
burada gedən quruculuq işləri geniş ictimai müzakirələrə
də səbəb olur. İctimaiyyət bu
işlərdə iştirak edir. Xüsusilə
ziyalılar, deputatlar iştirak etməlidirlər. Şəkinin gələcək inkişafı ilə
bağlı konkret planlar vardır. Yeni
böyük binaların, Heydər Əliyev Mərkəzinin,
icra hakimiyyətinin binalarının inşasına
başlanılıbdır, yeni yerlər müəyyən
edilibdir. Bu yerlər bir qədər kənarda
yerləşir. Elə də
olmalıdır. Amma görürəm,
şəhərin tarixi mərkəzində, bax, bu bərpa
işləri çox böyük zövqlə və həssaslıqla
aparılır ki, Şəkinin nadir şəhərsalma
ansamblını qoruyaq. Biz də bunu bərabər
edəcəyik.
Yaqub MAHMUDOV: Mən cənab Prezidentə
Şəkidə hamımızın adından xüsusi minnətdarlığımı
bildirmək istəyirəm. Xüsusilə ona
görə ki, cənab Prezident Azərbaycanda tarixi şəhərlərin
dirçəlməsi konsepsiyasına Şəkidən
başlayıbdır. Şəkini
bütövlükdə tarixi şəhər kimi dirçəltmək
işini Azərbaycan Prezidenti, dünyanın böyük
dövlət xadimi, bizim sevimli İlham Əliyevimiz
başlayıbdır. Mən ona Sizin
hamınızın adından dərin minnətdarlığımı
bildirirəm. Hamımız minnətdarlığımızı
bildiririk ki, doğrudan da, Şəki son zamanlara qədər
bir dalana dirənmişdi. Bura elə bil ki,
nəzərdən salınmışdı, cənab Prezident.
Mən çox açıq demək istəyirəm.
Siz o buzu tamam sındırdınız.
Prezident İlham ƏLİYEV: Sizin məktubunuzun
əsasında.
Yaqub MAHMUDOV: Var olun, çox sağ olun. Şəkiyə 4-5 dəfədir gəlirsiniz,
neçə sərəncam verilibdir. İndi
Şəki bütövlükdə intibah dövrünü
yaşayır. Mən bir tarixçi olaraq
demək istəyirəm ki, gələcək Azərbaycan
tarixində Azərbaycan tarixinin qurucu Prezident dövrü -
qurucu İlham dövrü yazılacaqdır. O, İlham
Əliyevlə bağlıdır. Çünki
Azərbaycanın hər yerindəki inkişaf, quruculuq,
abadlıq işləri İlham Əliyevin adı ilə
bağlıdır. Xüsusilə tarixin
dirçəldilməsi bizim Prezidentimizlə
bağlıdır.
Prezidentimiz bu gözəl ab-havanı,
tarixi, gözəlliyi, dağları, ahəngi çox dəqiq
qeyd etdi. Prezidentimizə möhkəm
cansağlığı arzu edirik. O, bu tarixi şəhərin
dirçəldilməsinə qol qoydu. Tez-tez buraya gəldi,
neçə-neçə sərəncam verdi.
Arzu edək ki, Prezidentimiz bu şəhəri gələcəkdə
UNESCO-nun siyahısına saldırsın.
Prezident İlham ƏLİYEV: Ola bilər.
Yaqub MAHMUDOV: Bizim Xan sarayı nadir abidədir.
Cənab Prezident bunu hər yerdə deyir.
Bir dənə də mismar işlənməmişdir. Bura dövlətçilik mərkəzidir. Şimal-qərbi Azərbaycanda Şəki olmasa, bu
torpaqlar burada qalmazdı. Şəki
buranı qoruyub saxlayıbdır. Ona
görə də Prezidentimiz bir tarixçi Prezident kimi, bu
tarixi şəhəri sevir, buraya bütün
gücünü qoyur. Cənab Prezident, Şəkinin
2700 illiyini də keçirdik.
2004-cü ildən Prezident Tarix
İnstitutunu mənə etibar edib. Dəqiq deyə bilərəm ki, bütün
tariximiz Prezidentin sayəsində dirçəlir. Bütün yazılan əsərlərimiz Prezidentin
tapşırığı, tövsiyəsi ilə
yazılır. Azərbaycanın yeni tarixi
işlənilir. Bu quruculuq, Azərbaycanın
yeniləşmə, dirçəlmə tarixi Prezidentimizin
adı ilə bağlıdır. Bura da artıq Sizin adınızla bağlıdır. Burada M.F.Axundzadəyə layiq bir teatr oldu.
Şəhərdə çatışmayan iş bu idi. Bunu da Siz etdiniz. Azərbaycanda ən
böyük körpünü Şin çayı üzərində
Prezident İlham Əliyev saldırdı. Bir
aşırımı 1350 metr, uzunluğu isə 7-8 kilometrlik
körpü. Qaxdan buraya, bizim o kəndlərdən
bir arayış üçün iki saata gəlirdilər.
İndi isə on beş dəqiqəyə.
Bu körpü kimi nəhəngini mən
Amerikada Key West adalarına gedəndə görmüşəm.
Onu Siz burada yaratdınız. Ona görə də var olun, sağ olun. Azərbaycan Sizin arxanızdadır. Mən çox yerdə oluram. Bu bölgə də,
Şəki də həmişə Sizin
yanınızdadır, Sizin arxanızdadır. Bu evlərin hər
birində Sizin adınız hörmətlə
çəkilir. Sizin arxanızdayıq, cənab
Prezident.
Prezident İlham ƏLİYEV: Sağ olun Yaqub müəllim.
Yaqub MAHMUDOV: Sizə eşq olsun!
Prezident İlham ƏLİYEV: Çox sağ olun!
* * *
Sonra xatirə şəkli çəkdirildi.
* * *
Görülən işlərlə tanış olan Azərbaycan Prezidenti binanın
təmirdən əvvəlki vəziyyətini əks etdirən
fotolara da baxdı.
Məlumat verildi ki, qədim Şəkinin
də Azərbaycanda teatrın təşəkkül
tapmasında və inkişafında özünəməxsus
payı vardır. Şəkidə peşəkar teatr 130 və
Sabit Rəhman adına Şəki Dövlət
Dram Teatrı 30 illik yaradıcılıq yolu
keçmişdir. 1973-cü ildə ipəkçilərin mədəniyyət
sarayı kimi fəaliyyətə başlayan bina iki ildən sonra
Sabit Rəhman adına Dövlət Dram
Teatrının kollektivinin ixtiyarına verilmişdir. Teatr binasının uzun müddət əsaslı təmir
olunmaması kollektivin fəaliyyətinə də təsirsiz
ötüşməmişdi. Azərbaycan
Prezidentinin Şəkinin inkişafı məqsədilə
2011-ci ilin sentyabrında imzaladığı sərəncama
uyğun olaraq yenidən qurulan teatr binası müasir
standartlara cavab verən səviyyəyə
çatdırılacaqdır. Üçmərtəbəli
binanın əsaslı təmirinə 2012-ci ilin martında
başlanılmışdır.
Prezident İlham Əliyevin diqqətinə
çatdırıldı ki, əsaslı təmirdən sonra
binanın tamaşa zalı 299 yerlik olacaqdır.
Tamaşalarda istifadə ediləcək
dekorasiyaların quraşdırılmasının sürətləndirilməsi
məqsədilə səhnə fırlanan şəkildə
düzəldiləcəkdir. Binanın sahəsi
4000 kvadratmetrdən 5000 kvadratmetrədək artırılmışdır.
Təmirdən əvvəl teatr binasında 78
xidməti otaq var idisə, hazırda onların sayı
86-dır. Binada aktyorların məşqi
üçün kiçik səhnə və qrim otaqları
vardır. Dörd korpusdan ibarət Şəki
Dövlət Dram Teatrının binasının həyətyanı
sahəsində də geniş abadlıq işləri
görülmüşdür.
Yenidənqurma işləri ilə tanış olan Prezident İlham Əliyev
kollektivə uğurlar arzuladı.
AzərTAc
Azərbaycan. - 2013.- 16 avqust.- S. 4-5.