İsmayıllı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" İsmayıllı rayonunda da uğurla həyata keçirilir. Yerinə yetirilmiş mühüm infrastruktur layihələri, geniş abadlıq-quruculuq işləri, inşa edilmiş Olimpiya İdman Kompleksi, çoxsaylı turizm-istirahət mərkəzləri və digər sosialyönümlü obyektlər turizmin inkişafına, əhalinin məşğulluğunun artırılmasına təkan vermişdir.

İsmayıllı şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

1. İsmayıllı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə İsmayıllı Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 2,0 (iki) milyon manat ayrılsın.

 

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 15 avqust 2013-cü il

 

Azərbaycan. - 2013.- 16 avqust.- S. 5.