Azərbaycanın
Dövlət Sərhəd Xidməti döyüş
atışlı taktiki təlimlər keçirmişdir
Avqustun 13-14-də
Azərbaycan Respublikasının Dövlət Sərhəd
Xidmətinin (DSX) təlim mərkəzində "Azərbaycan
Respublikasının ərazisinə düşmənin qoşun qruplarının
hücumlarının qarşısının alınması,
terror-təxribat qruplarının zərərsizləşdirilməsi"
mövzusunda döyüş
atışlı
taktiki təlimlər keçirilmişdir.
Dövlət Sərhəd
Xidmətinin mətbuat mərkəzindən AzərTAc-a
bildirmişlər ki, təlimlərə DSX-nin çevik hərəkət
bölmələri, döyüş
helikopterləri, müasir zirehli
texnika, artilleriya və
zenit-raket kompleksləri cəlb olunmuşdur.
Təlimlər
zamanı sərhəd dəstəsi, komendantlıq, zastava və xüsusi təyinatlı
bölmənin şəxsi heyəti tərəfindən xüsusi şəraitə keçirilməklə
şərti düşmənin dövlət sərhədini pozmuş terror-təxribat qrupu
zərərsizləşdirilmişdir. Terror-təxribat
qrupunu dəstəkləmək üçün dövlət sərhədini pozaraq hücuma keçmiş şərti düşmənin
canlı qüvvəsi Dövlət Sərhəd Xidməti Aviasiya Dəstəsinin döyüş
helikopterlərindən açılan atəşlə uzaq məsafədən məhv edilmişdir.
Şərti
düşmənin dövlət sərhədini pozmuş 2-ci terror-təxribat qrupu
hərbi-desant helikopterlərindən endirilmiş
xüsusi təyinatlılar tərəfindən
sıradan çıxarılmışdır. Bundan
sonra şərti düşmənin helikopterin dəstəyi ilə
döyüşə yeritdiyi qoşun qrupu zirehli döyüş
maşınları və zenit
qurğuları ilə, hava hədəfi
isə daşınan zenit-raket kompleksləri
vasitəsilə zərərsizləşdirilmişdir.
Xüsusi təlim keçmiş
xidməti itlər və müasir tipli axtarış avadanlığı vasitəsilə
axtarışın keçirilməsi, yaralıların təxliyə
edilməsi tapşırıqları da uğurla icra edilmişdir.
Təlimlərdə
zenit-artilleriya qurğularından,
iriçaplı pulemyotlardan və müxtəlif
tipli raket
qurğularından döyüş
atışları müvəffəqiyyətlə keçirilmiş, şəxsi heyət tərəfindən
möhkəm intizam, yüksək peşəkarlıq
və döyüş
hazırlığı nümayiş etdirilmiş, müasir döyüşün aparılması üzrə
hərəkətlərin təkmilləşdirilməsi,
qarşılıqlı əlaqənin təşkili məsələləri
tam həcmdə yerinə yetirilmişdir.
Təlimlər
Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və Dövlət Sərhəd Xidmətinin
rəisi - Sərhəd Qoşunlarının komandanı general-leytenant Elçin Quliyev tərəfindən yüksək qiymətləndirilmiş,
Azərbaycan Sərhəd Mühafizəsinin şəxsi heyətinin
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hər bir
döyüş
tapşırığını şərəflə icra etməyə daim
hazır olması xüsusi
vurğulanmışdır.
Sonda təlimlərdə fərqlənmiş
hərbi qulluqçular təltif
edilmişlər.
Azərbaycan. - 2013.- 16 avqust.- S. 6.