Qəbələdə
Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının III Zirvə toplantısı çərçivəsində
xarici işlər nazirlərinin görüşü keçirilmiş
və əməkdaşlıq protokolu
imzalanmışdır
Avqustun 15-də Qəbələdə
Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının III Zirvə toplantısı çərçivəsində
Xarici İşlər Nazirləri
Şurasının iclası keçirilmişdir.
AzərTAc xəbər verir ki, "Qafqaz Resorte" otelində təşkil olunan görüşdə Azərbaycan,
Türkiyə, Qazaxıstan və
Qırğızıstanın xarici
işlər nazirləri iştirak
etmişlər. Toplantıda türkdilli
ölkələr arasında müxtəlif sahələrdə
əməkdaşlığın gücləndirilməsi üçün təşkilatın gələcək
fəaliyyət perspektivləri müzakirə olunmuşdur.
Görüşdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyənin xarici işlər naziri
Əhməd Davudoğlu,
Qazaxıstanın xarici işlər naziri Erjan Kazıxanov,
Qırğızıstanın xarici
işlər naziri Erlan
Abdıldayev, Türkdilli Dövlətlərin
Əməkdaşlıq
Şurasının baş katibi
Xəlil Akınçı, TürkPA-nın baş
katibi Ramil Həsənov,
TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Türk
Akademiyasının direktoru Şakir İbrayev, Milli Məclisin deputatı, respublika
Ağsaqqallar Şurasının sədri
Fəttah Heydərov çıxış etmişlər.
Xarici işlər
naziri Elmar Məmmədyarov
Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının Xarici İşlər
Nazirləri Şurasının iclasında iştirak
edən dost və qardaş
ölkələrin nümayəndə heyətlərini və
təşkilatla əlaqəli işləyən qurumların təmsilçilərini
salamlamış, görüşün əhəmiyyətindən
danışmışdır. Elmar Məmmədyarov Qırğızıstan xarici işlər nazirini şuraya sədrlik missiyasının uğurla tamamlanması münasibətilə təbrik
etmiş, Qırğızıstan tərəfinin
sədrliyi müddətində təşkilat daxilində əməkdaşlığın
genişlənməsinə verilən töhfələrə
görə öz minnətdarlığını
bildirmişdir.
E.Məmmədyarov
çıxışında qeyd etmişdir ki, bu gün bütün
müstəqil dövlətlər sülhün
və sabitliyin qorunması, eləcə də
sosial-iqtisadi rifahın və mədəni
zənginliyin təmin olunması kimi müasir çağırışlarla
üzləşirlər. Şübhəsiz ki,
heç bir dövlət kollektiv
səylər və çevik addımlar tələb
edən mürəkkəb problemlərin
qarşısını təkbaşına ala
bilməz. Bununla bağlı ölkəmizin
mövqeyini açıqlayan nazir demişdir: Azərbaycan
səylərimizin birləşdirilməsini bu
cür çağırışların
vaxtında və effektiv
cavablandırılması üçün
önəmli vasitə hesab edir. Təşkilatımız bu
baxımdan nadir imkanlara
malikdir. Əsas vəzifəmiz bu imkanlardan
xalqlarımızın sosial-iqtisadi
inkişafı naminə səmərəli istifadə etməkdir.
Təşkilatımız ortaq mədəniyyətimiz,
ənənələrimiz, maddi və
xüsusilə mənəvi dəyərlərimizi əhatə
etməklə türkdilli xalqların tarixi köklərini qorumaqda
və təbliğ etməkdə əvəzolunmaz rol oynayır.
Nazir Elmar Məmmədyarov qeyd etmişdir ki, müxtəlif
sahələrdə əməkdaşlığın əhəmiyyətini
azaltmadan əsas diqqət iqtisadi
əlaqələrin gücləndirilməsinə,
qarşılıqlı ticarətin və investisiya
axınlarının artırılması, ortaq
müəssisələrin yaradılması və birgə
layihələrin
həyata keçirilməsinə dəstək verilməsinə
yönəldilməlidir. Azərbaycanın sədrliyi
dövründə üzv dövlətlər
arasında iqtisadi əməkdaşlığın
daha da inkişaf
etdirilməsinə xüsusi diqqət veriləcəkdir.
Bu baxımdan təşkilatın iqtisadi gündəliyinin hazırlanması çox mühümdür.
Bu gündəlik konkret
məqsəd və müddətlərin müəyyənləşdirilməsi
ilə prioritet əməkdaşlıq sahələrini
əhatə etməlidir.
Nazirin sözlərinə
görə, iqtisadiyyat, nəqliyyat və gömrük orqanları rəhbərlərinin
görüşlərinin təşkili, o
cümlədən bu sahələrdə işçi qrupların görüşləri
böyük əhəmiyyət
daşıyır. Bu görüşlərdə
qəbul olunan qərarların və əldə
edilən nəticələrin təşkilat daxilində əməkdaşlığın
inkişafına önəmli töhfə olacağını vurğulayan E.Məmmədyarov demişdir:
Qərarların müəyyən edilmiş vaxt çərçivəsində
həyata keçirilməsi və imzalanmış sənədlərin
ratifikasiyası təşkilat çərçivəsindəki
əməkdaşlığımızın daha
da inkişaf etdirilməsi
istiqamətində başlıca məqsədimiz olaraq qalmaqdadır. Azərbaycan Respublikası 2012-ci ildə
Bişkek şəhərində
keçirilən II Zirvə görüşü
zamanı imzalanmış sənədlərin
ratifikasiyasını, demək olar,
yekunlaşdırmışdır. Regional əlaqələndirmənin
möhkəmləndirilməsinə yönəlmiş əməkdaşlığın
təbliği məqsədi ilə göstərdiyimiz səylərin
bir hissəsi kimi, BMT Baş Assambleyasının hazırkı
sessiyası çərçivəsində qəbul
olunması üçün "Daha yaxşı bağlantı və telekommunikasiya tranzit
marşrutları üçün əməkdaşlığı
inkişaf etdirmə"
başlıqlı qətnamə layihəsini irəli sürmüşük. Bu sənəd layihəsi Trans-Avrasiya İnformasiya Super Magistralı haqqında qətnamənin
davamıdır və davamlı inkişaf
üçün informasiya-kommunikasiya
texnologiyalarından istifadə sahəsində regional
və beynəlxalq əməkdaşlığı
asanlaşdırmaq üçün bir platforma kimi
Avrasiya Bağlantı İttifaqının
təsis olunması təklifini nəzərdə tutur. Biz türkdilli ölkələrin
TASİM layihəsinə göstərdikləri dəstəyi
yüksək qiymətləndirir və Avrasiya
Bağlantı İttifaqının təsis olunması istiqamətində
birgə əməkdaşlığımızın
davamlı şəkildə həyata keçiriləcəyinə
əminliyimizi bildiririk.
Azərbaycan tərəfinin
təşkilatın katibliyinin fəaliyyətini
dəstəklədiyini bildirən Elmar Məmmədyarov
daha sonra demişdir: Katiblikdən Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının inkişaf
strategiyasının hazırlanmasını və həyata
keçirilməsini nəzərdə tutan
yeni və əsaslı təkliflər
gözləyirik. Şuranın ixtisaslaşmış
qurumları olan TürkPA,
TÜRKSOY, Türk Akademiyasının fəaliyyətini
yüksək qiymətləndirir və Türk
Mədəni İrs Fondunun
da tezliklə fəaliyyətə
başlayacağına inanırıq.
Regional əməkdaşlıq
məsələlərindən danışan Elmar
Məmmədyarov bu cür
əməkdaşlığı əngəlləyən amilləri
xüsusilə qeyd edərək
vurğulamışdır ki, aqressiv separatizm, milli və etnik mənşəli
münaqişələr, dövlətlərimizin ərazi bütövlüyü və beynəlxalq səviyyədə
tanınmış sərhədlərinin zorla
dəyişməyə yönəlmiş addımları ciddi təhlükə doğuran
təhdidlər kimi qiymətləndirilməlidir.
Nazir demişdir: Ermənistanın
20 ildən çoxdur ki,
davam edən hərbi təcavüzü və
əsassız ərazi iddialarının nəticəsində meydana gələn Ermənistan-Azərbaycan
münaqişəsi bunun ən bariz nümunəsidir. Ermənistanın həyata
keçirdiyi etnik təmizləmə
siyasəti nəticəsində Azərbaycanın 20 faiz ərazisi işğal
altındadır və əhalisinin hər 9 nəfərindən
biri ya qaçqın,
ya da məcburi köçkündür. Biz Ermənistan-Azərbaycan
münaqişəsinin beynəlxalq hüququn
norma və prinsipləri, xüsusilə də
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın
bütün işğal
olunmuş ərazilərindən tamamilə,
qeyd-şərtsiz və dərhal
çıxarılmasını açıq şəkildə
tələb edən BMT Təhlükəsizlik Şurasının
dörd məlum qətnaməsi əsasında
tezliklə həllinin tərəfdarıyıq.
E.Məmmədyarov
bu münaqişənin Azərbaycanın ərazi
bütövlüyü və suverenliyi çərçivəsində ədalətli
həlli istiqamətində Azərbaycan Respublikasının səylərini
dəstəkləyən üzv ölkələrə
minnətdarlığını bildirmişdir.
Görüşdə
çıxış edən Türkiyənin xarici
işlər naziri Əhməd Davudoğlu Xarici
İşlər Nazirləri Şurasının Qəbələdə
keçirilən növbəti iclasının yüksək səviyyədə
təşkil edildiyini bildirmiş,
təşkilatın işinə uğurlar
arzulamışdır.
O, regional əlaqələndirmənin
möhkəmləndirilməsinə yönəlmiş və
birgə əməkdaşlığın təbliği məqsədi
ilə göstərilən səyləri yüksək qiymətləndirmişdir.
Əhməd Davudoğlu qeyd
etmişdir ki,
Türkiyə Ermənistan tərəfindən Azərbaycan
torpaqlarının işğalını dayandırmaq üçün mümkün
olan və ondan
asılı olan hər şeyi
etməyə hazırdır. Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin
Cənubi Qafqazda sabitliyin
saxlanmasını əngəlləyən maneə olduğunu bildirən Ə.Davudoğlu
demişdir: Dağlıq Qarabağ
və işğal altında olan digər Azərbaycan ərazilərinin azad edilməsi bizim xarici siyasətimizin əsas istiqaməti olaraq qalır və bundan sonra da bu
istiqamətdə fəaliyyət göstərəcəyik. Biz Azərbaycan torpaqlarının 20 faizinin işğal edilməsinə
və azərbaycanlı qardaşlarımızın zorla öz evlərindən
didərgin salınmasına qəti etirazımızı bildiririk. Münaqişənin sülh
yolu ilə həll olunması üçün 20 ildən bəri davam edən danışıqların nəticəsiz
qalması bizi ciddi narahat edir. Dağlıq Qarabağ münaqişəsi sülh
yolu ilə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində
həll edilməyincə, Cənubi Qafqazda
və Orta Asiyada sülh, sabitlik və əmin-amanlığa
nail olmaq çətin
olacaq.
Ə.Davudoğlu daha sonra qeyd etmişdir
ki, Dağlıq Qarabağ
münaqişəsi beynəlxalq hüququn
norma və prinsipləri, həmçinin
Azərbaycanın ərazi bütövlüyü
çərçivəsində həll edilməlidir.
Türkiyə bu istiqamətdə öz səylərini davam
etdirəcək. Dağlıq Qarabağ
münaqişəsinin nizamlanması barədə
danışıqların 20 ildən artıq davam
etməsinə baxmayaraq, heç
bir nəticə əldə edilməməsi
çox üzücü
faktdır.
İclasda
Qazaxıstan və Qırğızıstanın xarici işlər nazirləri, Türkdilli
Dövlətlərin Əməkdaşlıq
Şurasının baş katibi,
təşkilatın ixtisaslaşmış qurumları olan TürkPA, TÜRKSOY və
Türk Akademiyasının rəhbərləri
çıxış edərək təmsil etdikləri
qurumların
fəaliyyətindən, görülmüş
işlərdən və qarşıda duran
vəzifələrdən danışmışlar.
İclasın sonunda dörd ölkənin
xarici işlər nazirlikləri
arasında əməkdaşlıq protokolu
imzalanmışdır.
Zirvə
görüşündə qəbul olunacaq
qərarların açıqlanması ilə bağlı avqustun 16-da Türkdilli
Dövlətlərin Əməkdaşlıq
Şurasının baş katibi
Xəlil Akınçı tərəfindən mətbuat
konfransının keçirilməsi
planlaşdırılır.
Xarici işlər nazirlərinin
görüşündə qəbul edilən qərarlar təsdiq
üçün avqustun
16-da dövlət başçılarının
görüşünə təqdim olunacaqdır.
Azərbaycan. - 2013.- 16 avqust.- S. 6.