İordaniyanın
«Əl-Xeymə əl-Urduniyyə» agentliyinin
elektron səhifəsində Azərbaycan
haqqında geniş məqalə dərc edilmişdir
İordaniyanın
"Əl-Xeymə əl Urduniyyə" agentliyinin
elektron səhifəsində Azərbaycan
haqqında geniş məqalə dərc edilmişdir.
Azərbaycanın
İordaniya Haşimilər
Krallığındakı səfirliyindən AzərTAc-a
bildirmişlər ki, məqalədə
ölkəmizin tarixi, coğrafi
mövqeyi, respublikamızda islamın yaranma tarixi və
hazırkı vəziyyəti, xalqımızın mədəniyyəti,
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı məlumatlar yer
almışdır.
Yazıda Azərbaycanın
tarixinə nəzər salan müəllif
ölkəmizin qədim sivilizasiya mərkəzlərindən
olduğunu vurğulamış, əsrlər
boyu ərazisinin yadelli
işğallara məruz
qaldığını bildirmişdir. Azərbaycanın
coğrafi mövqeyindən bəhs edən
müəllif ölkəmizin yaxın gələcəkdə coğrafi baxımdan Avrasiyanın mühüm nöqtələrindən hesab ediləcəyini diqqətə
çatdırmışdır.
Məqalədə
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi barədə məlumat verilmişdir.
Vurğulanmışdır ki, ermənilərin
hərbi təcavüzü nəticəsində Azərbaycan
torpaqlarının 20 faizi işğal
olunmuş, bir milyondan çox azərbaycanlı
qaçqın və məcburi köçkün
vəziyyətinə düşmüşdür.
Ermənilər tərəfindən müxtəlif illərdə
azərbaycanlılara qarşı etnik təmizləmə
siyasəti aparılmışdır.
Yazıda Azərbaycandakı
siyasi quruluşdan
danışan müəllif ölkəmizin prezidentli
respublika olduğunu və
demokratik prinsiplər əsasında inkişaf etdiyini diqqətə
çatdırmışdır. Bildirilmişdir
ki, xalqımızın ümummilli
lideri, müasir Azərbaycan
dövlətinin memarı və qurucusu
Heydər Əliyev çağdaş
dünyanın tarixində ən uzaqgörən siyasətçilərdən
biri kimi
qalmışdır. Məhz ulu
öndərin hakimiyyəti dövründə Azərbaycanda sabitliyin bərqərar edilməsi ilə
yanaşı, bir sıra siyasi
və iqtisadi islahatlar
uğurla həyata keçirilmişdir.
Ümummilli liderin layiqli davamçısı Prezident
İlham Əliyevin məqsədyönlü
siyasəti nəticəsində Azərbaycanda siyasi
fəaliyyət üçün münbit şərait
formalaşmışdır. Bu gün Azərbaycanda 30-dan çox
siyasi partiyanın fəaliyyət göstərməsi
bunun bariz nümunəsidir.
Müəllif
həmçinin ölkəmizdə elm və
təhsilin inkişafından, ədəbi-bədii mühitin zənginliyindən, ali
təhsil səviyyəsinin yüksək olmasından, Azərbaycanın
birinci xanımı, UNESCO-nun
və İSESCO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban
Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun
respublikamızda bu sahədə həyata keçirdiyi tədbirlərdən söhbət
açmışdır.
Azərbaycan. - 2013.- 16 avqust.- S. 6.