Azərbaycanda iqtisadi islahatlar sosial siyasətlə tamamlanır

 

Tarixdə Azərbaycan heç vaxt bu qədər güclü olmamışdır. Bunun başlıca səbəbi müstəqil olmağımızdır. Müstəqillik ən böyük sərvətdir. Hər bir vətəndaş müstəqilliyi qorumalıdır, öz işi ilə müstəqilliyimizə töhfə verməlidir. Elə etməliyik ki, bundan sonra Azərbaycan daim inkişaf yolu ilə getsin.

 

İlham ƏLİYEV

 

Böyük nailiyyətlər qazanan, dünya birliyində öz layiqli yerini tutan Azərbaycan ən inkişaf etmiş ölkələrdən birinə çevrilmək hədəfinə doğru inamla irəliləyir. Ölkədə uğurlu iqtisadi siyasətin həyata keçirilməsi, yeni-yeni infrastruktur layihələrinin reallaşdırılması əhalinin firavan həyat tərzinin təmin olunmasına yönəldilib. İqtisadi uğurların nəticələrini hər bir Azərbaycan vətəndaşı gündəlik həyatında hiss edir.

Azərbaycanın son illərdə bütün sahələrdə qazandığı müvəffəqiyyətlər ulu öndər Heydər Əliyevin siyasi kursuna alternativ olmadığını bir daha təsdiqləyir. Tariximizin son iki  onilliyində əldə edilmiş yüksək göstəricilərin hamısı məhz bu kursa əsaslanır.

XX əsrin 80-ci illərinin sonu - 90-cı illərinin əvvəllərində məlum səbəblərdən ölkə iqtisadiyyatında tənəzzül yaranmışdı. Bu, geriləmə prosesinin aradan qaldırılmasını, iqtisadi-siyasi sabitliyin bərpa edilməsini və yeni iqtisadi dirçəlişin təməlinin qoyulmasını tələb edirdi.

1993-cü ilin iyun ayında ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəldi və bundan sonra Azərbaycanda iqtisadi inkişafın yeni mərhələsi başlandı. 1996-cı ilə qədər sənayedə davam edən istehsalın azalması prosesinin qarşısı alındı və 1997-ci ildən başlayaraq bu sahədə inkişaf istiqamətində dönüş yarandı.   

Həmin dövrdə ulu öndər ölkənin gələcək inkişaf kursunu böyük uzaqgörənliklə ifadə etmişdir: "Bir Prezident kimi mən Azərbaycanın iqtisadiyyatında dövlət siyasətini artıq müəyyən etmişəm. Bu, islahatlar yoludur, islahatlar vasitəsilə istehsalın artırılması, inkişaf etdirilməsi, mülkiyyətin özəlləşdirilməsi, özəl bölmənin inkişafına geniş yer verilməsi, bazar iqtisadiyyatı, insanlara sərbəstlik verilməsi, sahibkarlığa, təşəbbüskarlığa şərait yaradılmasıdır. Bu, dövlət siyasətimizin əsas prinsipləridir".

Beləliklə, Azərbaycanın iqtisadi inkişafının əsaslarının yaradılmasına, zəngin iqtisadi potensialının ölkənin gələcək inkişafına, xalqın rifahının yüksəlməsinə yönəldilməsi prosesinə start verildi. 90-cı illərin ikinci yarısından başlayaraq əldə olunan irəliləyişlər sonralar daha da möhkəmlənərək dönməz xarakter aldı. Bu işdə 1994-cü il sentyabrın 20-də imzalanmış Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarının tammiqyaslı işlənməsinə dair Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) mühüm rol oynadı. Sonralar bu saziş "Əsrin müqaviləsi" adını aldı və 1997-ci ilin noyabr ayında AÇG layihəsi çərçivəsində "Çıraq" platformasından ilkin neft alındı.

"Əsrin müqaviləsi"nin ilkin neftinin hasil olunmasının qeyd edilməsi ilə bağlı ulu öndərin verdiyi sərəncamda  deyilirdi: "Əsrin kontraktı" və son illərdə bağlanmış digər neft kontraktları Azərbaycan Respublikasının  dövlət və iqtisadi müstəqilliyinin möhkəmlənməsində, ölkəyə xarici investisiyalar axınının artmasında, iqtisadiyyatın dirçəlməsində və əhalinin rifahının yüksəlməsində, habelə Xəzər dənizinin digər sektorlarında da neft və qaz yataqlarının işlənməsinin sürətləndirilməsində mühüm rol oynayır".  

Ulu öndər Heydər Əliyevin strategiyasına uyğun olaraq neft-qaz sənayesi iqtisadiyyatın digər sahələrinin inkişafında lokomotivə çevrildi.

Başqa sözlə desək, Heydər Əliyevin hakimiyyətə qayıtması ilə bütün sahələrdə olduğu kimi, ölkənin iqtisadi həyatında da bir-birinin ardınca taleyüklü dəyişikliklər baş verdi. Azərbaycan dövlətini və ölkə iqtisadiyyatını fəlakətdən və hərc-mərclikdən xilas edən ulu öndər ölkənin iqtisadi yüksəlişi üçün təcili tədbirlər gördü. Ümummilli liderin rəhbərliyi ilə qısa müddət ərzində ölkədə bazar iqtisadiyyatının formalaşması məqsədilə qanunvericilik bazası yaradıldı, məqsədli dövlət proqramları qəbul edildi, institusional islahatlar aparıldı, mülkiyyət münasibətlərində köklü dəyişikliklər baş verdi. Ulu öndərin müəyyənləşdirdiyi strategiyanın əsasını iqtisadiyyatın inkişafına, mövcud resurslardan səmərəli istifadəyə, dünya iqtisadiyyatına inteqrasiyaya və nəticə etibarilə vətəndaşların rifah halının yüksəldilməsinə hesablanan sosialyönümlü bazar iqtisadiyyatının yaradılması təşkil edirdi. 

Ümummilli lider Heydər Əliyev ölkənin gələcək iqtisadi inkişafının məhz özəl sektorla  bağlı olduğunu vurğulayırdı: "Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur".

Ulu öndərin müəyyən etdiyi və onun rəhbərliyi ilə uğurla həyata keçirilən sahibkarlığın inkişafı strategiyası özəl bölmənin inkişafına yönəlmiş tədbirlərin sistemliliyi, dövlət tənzimlənməsinin liberallaşdırılması, dövlət-sahibkar münasibətlərinin institusionallaşdırılması ilə xarakterizə edilir. Qəbul olunmuş dövlət proqramlarının bu sahənin inkişafında xüsusi rolu oldu. Kiçik və orta sahibkarlığın inkişafı iqtisadi siyasətin prioritet istiqamətlərindən birinə çevrildi. Heydər Əliyevin rəhbərliyi ilə sahibkarlığın inkişafı istiqamətində mühüm addımlar atıldı, sahibkarlara maliyyə dəstəyi və zəruri texniki yardım (məsləhət, informasiya və s. xidmətlər) göstərən strukturlar formalaşdı. Onların vergi yükünün azaldılması istiqamətində mənfəət və əlavə dəyər vergisinin dərəcələri aşağı salındı, kiçik sahibkarlıq subyektlərinə vahid vergi tətbiq edilməyə başlandı. Dövlət mülkiyyətinin özəlləşdirilməsinin qanunvericilik bazası yaradıldı və bu sahədə müvafiq dövlət proqramları təsdiq olundu.    

Yeni Azərbaycan Partiyasının bu il iyunun 7-də keçirilmiş qurultayında Prezident İlham Əliyev o dövrdə görülmüş işləri yüksək dəyərləndirərək demişdir: "Ulu öndərin rəhbərliyi ilə Azərbaycan 10 il ərzində  böyük və şərəfli yol keçmişdir. 1993-2003-cü illər ölkəmizdə sabitlik və inkişaf illəri kimi yadda qaldı, tarixdə qaldı. Bu illər ərzində  dövlətçiliyin əsasları qoyuldu, Azərbaycan dünya birliyinə özünü təqdim edə bilmişdir. Beynəlxalq əlaqələrimiz inkişaf etmişdir. Dünya xəritəsində Azərbaycan özünə layiq yerini tuta bilmişdir. Siyasi və iqtisadi islahatlar uğurla aparılmışdır. Azərbaycan bir neçə beynəlxalq təşkilata üzv olmuşdur. Ölkəmizə böyük həcmdə investisiyalar cəlb edilmişdir və bu investisiyalar hesabına Azərbaycan həm o illərdə, həm bu gün inkişaf edir. Azərbaycan etibarlı tərəfdaş imicini qazanmışdır. Bu da çox vacib məsələdir. Çünki o vaxt Azərbaycan haqqında dünyada kifayət qədər təsəvvür yox idi. Azərbaycanı dünyaya olduğu kimi təqdim etmək ulu öndərin xüsusi zəhməti hesabına mümkün olmuşdur".                

Prezident İlham Əliyevin düşünülmüş, çevik və qətiyyətli iqtisadi siyasəti sayəsində qazanılmış uğurlar daha da möhkəmləndirilmişdir. Davamlı və dinamik inkişafı ehtiva edən özünəməxsus milli inkişaf modeli ilə tanınan Azərbaycan hazırda irəliləyişlərin keyfiyyətcə yeni mərhələsini yaşayır və getdikcə daha böyük uğurlara imza atır.

2003-cü ildən üzü bəri Azərbaycanda baş verən iqtisadi inkişaf bütün dünyanın diqqətini cəlb edir. İqtisadi potensialın artması nəticəsində ölkənin dünya birliyində mövqeləri güclənib, beynəlxalq siyasi-iqtisadi əlaqələri genişlənib. 2007-2009-cu illər ərzində biznesə başlama, işəgötürmə, əmlakın qeydiyyatdan keçirilməsi, kredit əldə edilməsi, sərmayədarların maraqlarının qorunması, vergi ödəmələri və müqavilələrin bağlanması sahəsində aparılmış islahatlar biznes fəaliyyətinin inkişafı üçün əlverişli şərait yaradıb. Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının hazırladığı "Doing Buziness 2009" hesabatına əsasən, biznes mühitinin yaxşılaşdırılması sahəsində aparılmış islahatlara görə Azərbaycan 181 dövlət arasında ən islahatçı ölkə elan edilib.

Dünya İqtisadi Forumunun son hesabatına əsasən, Azərbaycan dünyanın 50 ən rəqabətqabiliyyətli iqtisadiyyatları  qrupuna daxil olmuş və MDB ölkələri arasında birincilik mövqeyini saxlamışdır. BMT-nin İnsan İnkişafı Hesabatına əsasən isə ölkəmiz "İnsan inkişafı indeksi"nə görə yüksək insan inkişafı qrupunda yer almışdır. Son illər "Standart & Poor's", "Moody's" və "Fitch Ratings" kimi nüfuzlu reytinq agentlikləri tərəfindən Azərbaycanın reytinqi ardıcıl olaraq artırılmışdır.

Davamlı iqtisadi inkişaf ən zəruri makroiqtisadi göstəricilərdə öz əksini tapmışdır. Belə ki, ümumi daxili məhsul (ÜDM) istehsalının artım sürətinə görə ölkəmiz  təkcə regionda deyil, bütün dünyada lider mövqe tutmuşdur. 2003-2012-ci illərdə Azərbaycan iqtisadiyyatı real ifadədə üç dəfə artmışdır. Bu müddət ərzində sənaye sahələri 3,8, kənd təsərrüfatı 1,4, tikinti sektoru 3,8, nəqliyyat və İKT sektoru 3,2, ticarət 2,9 dəfə artmışdır. Keçən il ümumi daxili məhsulun hər nəfərə düşən həcmi 5884,5 manata, yaxud 7490,5 ABŞ dollarına çatmışdır.

Bütün bunların əsasında müəllifi ümummilli lider Heydər Əliyev olan və Prezident İlham Əliyev  tərəfindən uğurla davam etdirilən neft strategiyasının nailiyyətləri, gəlirləri dayanır. 1997-ci ilin noyabrından indiyə qədər təkcə AÇG yataqlarından 2,3 milyard barel neft hasil olunub. 2003-2012-ci illər ərzində ölkədə neftin hasilatı 2,8, təbii qaz hasilatı 5,2 dəfə artıb.

2005-ci ilin mayında Səngəçal terminalında ilk neftini qəbul edən, bir il sonra isə nefti Ceyhana çatdıran Bakı-Tbilisi-Ceyhan əsas ixrac kəməri 2006-cı ilin iyul ayından rəsmi surətdə tam bir sistem kimi işə salınıb. Bu kəmər öz yaradıcısının - ulu öndər Heydər Əliyevin adını şərəflə daşıyır.

"Əsrin müqaviləsi"ndən sonra Azərbaycan Respublikası Dövlət  Neft Şirkəti və xarici neft şirkətləri arasında 33 HPBS imzalanıb. Bu sazişlər Azərbaycanın dənizdəki və quru sahələrdəki neft-qaz yataqlarının işlənməsini əhatə edir.

Hələ qədim zamanlardan neft diyarı kimi tanınan Azərbaycanın son illərdə şöhrəti qaz ixrac edən ölkə kimi də artmaqdadır. Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində çıxarılan mavi yanacaq təkcə ölkəmizdəki istehlakçılara deyil, Bakı-Tbilisi-Ərzurum kəməri vasitəsilə Gürcüstana və Türkiyəyə də çatdırılır.

2018-ci ildə layihənin ikinci mərhələsinin qazının alınması gözlənilir. Bundan sonra Azərbaycan qazının yolları daha da uzanacaq. TANAP -Trans Anadolu Boru Kəməri qazı Türkiyənin ərazisindən keçməklə Avropa sərhədlərinə qədər nəql edəcək. TAP - Trans Adriatik Boru Kəməri vasitəsilə isə  qaz birbaşa Avropa ölkələrinin özünə ixrac olunacaq.   

Dövlət başçısı İlham Əliyevin dediyi kimi: "Enerji siyasətimizlə bağlı bütün addımlar düşünülmüş qaydada atılır. Enerji təhlükəsizliyi məsələlərinə gəldikdə, biz daxildə bunu tam şəkildə həll etmişik. İndi Avropanın enerji təhlükəsizliyi məsələlərinin  həllində də Avropa ilə bu istiqamətdə tərəfdaş kimi işləyirik, fəaliyyət göstəririk. Azərbaycan "Cənub qaz dəhlizi"nin əsas iştirakçısıdır, əsas təşəbbüskarıdır. Azərbaycanda qəbul edilən qərarlar gələcəkdə enerji təhlükəsizliyi ilə bağlı olan bütün yeni məsələlərə əsas istiqamət verəcəkdir. Bu, böyük uğurumuzdur və böyük məsuliyyətimizdir. Biz bu məsuliyyətə hazırıq".

Neft-qaz sahəsində qazanılan müvəffəqiyyətlər, buradan əldə olunan gəlirlər  digər sahələrin inkişafına da təkan vermişdir. Nəticədə ölkənin sosial-iqtisadi inkişafını sürətləndirmək üçün mühüm əhəmiyyətə malik bir sıra ciddi addımlar atılmış, genişmiqyaslı sosial-iqtisadi planlar hazırlanmış, dövlət proqramları qəbul edilmişdir. İnfrastrukturun genişləndirilməsi, sahibkarlığın inkişaf etdirilməsi və məşğulluq probleminin həlli istiqamətində mühüm işlər reallaşdırılmışdır.

Ölkə Prezidentinin 11 fevral 2004-cü il tarixli fərmanı ilə "Azərbaycan Respublikası regionlarınn sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı (2004-2008-ci illər)" qəbul edildi. Bu proqramın həyata keçirilməsi bölgələrin inkişafında böyük rol oynadı. Belə ki, rayonlarda infrastruktur genişləndi, yeni istehsal və sosialyönümlü obyektlər istifadəyə verildi, yeni iş yerləri yaradıldı. Nəticə etibarı ilə əhalinin həyat səviyyəsi xeyli yüksəldi. Bu proqramın icrası çərçivəsində 27 mindən çox yeni  müəssisə yaradıldı, 766 min yeni iş yeri açıldı ki, bunların da 71,7 faizi daimidir. Yeni müəssisələrin 40 faizə qədəri, yeni iş yerlərinin isə 80 faizi regionların payına düşdü. 

Son 10 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında ölkə iqtisadiyyatının  bütün sahələrində əhəmiyyətli nailiyyətlər qazanılmışdır. Bu inkişaf istehsalın və investisiyaların həcminin artmasına, büdcə imkanlarının genişlənməsinə, əhalinin maddi-rifah halının xeyli yaxşılaşmasına səbəb olmuşdur.

İnfrastruktur layihələrinin və regional inkişaf proqramlarının uğurla həyata keçirilməsi sayəsində Azərbaycanın iqtisadi inkişafı üçün güclü baza formalaşır. Azərbaycanın hər bölgəsində yeni, müasir tələblərə cavab verən infrastruktur yaradılır, elektrik stansiyaları tikilir, qaz və su kəmərləri çəkilir, yollar salınır. İnfrastrukturun yeniləşdirilməsi və inkişaf etdirilməsi istiqamətində görülən məqsədyönlü tədbirlər isə qeyd edildiyi kimi, eyni zamanda, insanların rahatlığı, firavan yaşayışı üçün həyata keçirilən sosialyönümlü tədbirlərin  mühüm tərkib hissəsidir.

Bu uğurların əldə olunmasında digər dövlət proqramları kimi "Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" da müstəsna rol oynayır. Dövlət başçısı proqramın icrasını daim diqqət mərkəzində saxlayır. Regionlara mütəmadi səfərləri zamanı görülən işlərlə yerindəcə tanış olur, hər bir rayonun inkişafı ilə bağlı əlavə tədbirlərin görülməsi, eləcə də ictimaiyyətlə keçirilən görüşlərdə qaldırılmış konkret məsələlərin həlli məqsədilə tapşırıq və tövsiyələr verir, sərəncamlar imzalayaraq əlavə vəsait ayırır.

Proqramda nəzərdə tutulmuş işlər üçün təkcə ötən il əsas kapitala ümumilikdə 5 milyard manat, o cümlədən dövlət investisiya proqramı çərçivəsində 4,1 milyard manat vəsait yönəldilmişdir. 2009-2012-ci illər ərzində regionların inkişafına ümumilikdə 14,5 milyard manat dövlət investisiyaları yönəldilmişdir. Bu il əsaslı vəsait qoyuluşlarının 77 faizi regionlar üçün ayrılmışdır.  

İnvestisiyalardan söz düşmüşkən qeyd edək ki, Prezident İlham Əliyev 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunları barədə danışarkən həmin il investisiya xərclərinin rekord səviyyədə olduğunu demişdir: "Rəsmi statistik məlumata görə, keçən il investisiyalar 22 milyard dollardan çox olmuşdur. Bunun 13 milyardı, bir qədər ondan çoxu daxili, 9 milyard dollara yaxını isə xarici investisiyalardır. Bu da çox müsbət göstəricidir. İlk növbədə onu göstərir ki, daxili investisiyalar artıq bir neçə ildir ki, ümumi investisiya portfelində üstünlük təşkil edir. Digər tərəfdən, 9 milyard dollara yaxın xarici sərmayənin qoyulması da onu göstərir ki, Azərbaycan xarici investorlar üçün çox etibarlı tərəfdaşdır, çox cəlbedici ölkədir. Ölkəmizdə aparılan iqtisadi islahatlar, iqtisadi liberallaşma, dünya iqtisadiyyatına inteqrasiya siyasətimiz 9 milyard dollara yaxın xarici sərmayənin qoyulmasına gətirib çıxarmışdır".  

Regionların sosial-iqtisadi inkişafına yönəldilmiş dövlət proqramları ərzaq məhsullarının istehsalında da böyük əhəmiyyət daşıyır. Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair bir sıra digər proqramlar da qəbul edilmişdir. Görülən ardıcıl tədbirlər nəticəsində 2003-cü ilə nisbətən 2012-ci ildə kənd təsərrüfatının ümumi məhsulu 42,9 faiz artmışdır. Bir sıra məhsulun istehsalında xüsusilə nəzərəçarpacaq nailiyyətlər qazanılıb. Taxıl, kartof, tərəvəz, bostan məhsulları, habelə meyvə və giləmeyvə istehsalı sahəsində yüksək göstəricilər əldə edilib.  

Bütün bunlar göstərir ki, neft sektoru ilə yanaşı, iqtisadiyyatın digər sahələrində işlərin tarazlı şəkildə qurulması, qeyri-neft sektorunun dinamik inkişaf etdirilməsi qarşıya prioritet vəzifə kimi qoyulmuşdur. Nəticədə neft sektorundan əldə edilən gəlirlərin iqtisadiyyatın qeyri-neft sahələrinin inkişafına, həmin sahələrdə fəaliyyət göstərən müəssisələrin maddi və texnoloji bazasının yeniləşməsinə önəm verilmişdir. Bu işlərə investisiya qoyuluşlarının təşviqi üçün yeni  qərarlar verilmişdir. Dövlət başçısının 2006-cı il martın 30-da imzaladığı sərəncamla Azərbaycan İnvestisiya Şirkəti Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Şirkətin ilkin nizamnamə kapitalı Dövlət Neft Fondunun vəsaitləri hesabına formalaşdırılmışdır.

Ölkənin getdikcə artan maliyyə imkanları hesabına, eyni zamanda, beynəlxalq əhəmiyyətli strateji infrastruktur layihələri həyata keçirilir. Onlar təkcə Azərbaycanın deyil, bütün regionun nəqliyyat infrastrukturunun modernləşdirilməsinə şərait yaradır. Buna misal kimi Bakı-Tbilisi-Qars dəmir yolunu göstərmək olar.

Dinamik sosial-iqtisadi inkişafda infrastrukturun, o cümlədən etibarlı nəqliyyat sisteminin inkişafının zəruriliyini nəzərə alaraq transmilli nəqliyyat layihələri çərçivəsində, o cümlədən TRASEKA və Şimal-Cənub beynəlxalq dəhlizlərinin Azərbaycan seqmentində avtomobil magistrallarının tikintisi və yenidən qurulması, regionlarda yol şəbəkələrinin bərpası işləri həyata keçirilmişdir.

Son illərin nəticələrinin təhlili göstərir ki, ölkənin iqtisadi inkişafında özəl sektorun payı durmadan artır. Azad sahibkarlıq mühitinin formalaşması fərdi sahibkarlıq kimi yeni təsərrüfatçılıq formalarının sürətli inkişafına təkan vermiş, qeyri-dövlət bölməsinin payı xeyli yüksəlmişdir. Əgər müstəqilliyimizin ilk illərində sənaye məhsulunun ümumi həcmində qeyri-dövlət müəssisələrinin məhsulu cəmi 1,1 faiz idisə, növbəti illərdə  aparılan məqsədyönlü iqtisadi islahatlar nəticəsində 2003-cü ildə 56,8 faizədək artdı. Hazırda sənayenin ümumi məhsulunda qeyri-dövlət bölməsinin payı 81 faiz təşkil edir.

Qeyri-neft sahələrinin inkişafı ilk növbədə ölkədə makroiqtisadi sabitliyin qorunmasını tələb edir. Ölkədə son illər ərzində yaradılmış inkişaf bazası, o cümlədən strateji valyuta ehtiyatları və bu resurslardan səmərəli istifadə olunması siyasəti dünyanı bürümüş qlobal böhrana qarşı aparılan tədbirlərin uğurlu nəticə verməsinə səbəb olmuşdur. Bununla əlaqədar ölkə iqtisadiyyatı davamlılıq nümayiş etdirmiş, artım tempini və əldə olunmuş sosial inkişaf səviyyəsini qoruya bilmişdir. Həyata keçirilən antiinflyasiya tədbirləri və çevik monitar siyasət sayəsində inflyasiyanın səviyyəsi azalmış, milli valyutanın məzənnəsi sabit səviyyədə saxlanılmışdır.

Prezident İlham Əliyevin həyata keçirdiyi qətiyyətli iqtisadi-siyasət sayəsində ölkə iqtisadiyyatında hökm sürən makroiqtisadi sabitlik, ÜDM-in istehsalında stabil artım sürəti, bank, maliyyə və digər sahələrin göstərdiyi yüksək iqtisadi nəticələr deməyə əsas verir ki, Azərbaycan keçid dövrünü başa çatdırmışdır və o, bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan ölkədir. Bununla əlaqədar hazırda özəl sektorun və bütövlükdə qeyri-neft sahələrinin inkişafı prioritet təşkil etməkdədir.

Azərbaycanın dünya təsərrüfat sisteminə inteqrasiyası milli istehsal sahələrinin rəqabət qabiliyyətinin artırılmasını tələb edir. Neft sektorunda olduğu kimi, qeyri-neft bölməsinə də xarici investisiyaların cəlb edilməsi və bu məqsədlə ölkədə əlverişli və dinamik tənzimlənən biznes mühitinin formalaşdırılması bu sektorda nəzərəçarpan inkişafa təkan verəcək. Eyni zamanda, xarici investorların iştirakı ilə istehsalyönümlü birgə layihələrin həyata keçirilməsi ölkədə qeyri-neft sahələrinin inkişafına, istehsalyönümlü məhsul istehsalının artmasına şərait yaradacaq.

Ümummilli liderin müəyyənləşdirdiyi inkişaf kursuna uyğun olaraq ölkədə sənayeləşmə siyasəti uğurla davam etdirilir. Yeni və müasir texnologiyalara əsaslanan elektrotexnika, əlvan metallurgiya, maşınqayırma, kənd təsərrüfatı məhsullarının emalı, tikinti materiallarının istehsalı da daxil olmaqla təkcə keçən il ərzində 100-ə yaxın sənaye müəssisəsinin istifadəyə verilməsi, 90-dan artıq sənaye müəssisəsinin inşasının davam etdirilməsi qeyri-neft sektorunun inkişafında mühüm rol oynayır.

Ölkədə ümumiyyətlə, tikinti geniş vüsət alıb. Şəhərlərdə və bölgələrdə genişmiqyaslı inşaat işləri aparılır. Yeni tikililər müxtəlif təyinatlıdır. Onların arasında istehsal və sosialyönümlü obyektlər, çoxsaylı yaşayış evləri, xəstəxanalar, məktəblər və s. üstünlük təşkil edir.

"Bakının və ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafı" Dövlət Proqramı müvəffəqiyyətlə icra edilir. Bu proqramın nəticəsində Bakıətrafı qəsəbələrdə böyük işlər görülüb və onlar yenə də davam edir.

Görülən işlər Azərbaycanın paytaxtının dünya miqyasında siyasi, iqtisadi və mədəni mərkəzə çevrilməsinə xidmət edir. İndi Bakı həqiqətən də, mötəbər tədbirlərin keçirildiyi bir şəhər kimi tanınır. Bu il Davos İqtisadi Forumunun Bakıda böyük uğurla keçməsi buna aydın misaldır.

Proqram cari ilin sonunda başa çatmalıdır. Bununla belə, Bakının qəsəbələrində quruculuq işləri davam edir, yeni məktəblər, səhiyyə ocaqları tikilir, qəsəbəətrafı və qəsəbədaxili yollar çəkilir, yaxud təmir edilir.

Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılması iqtisadiyyatın şaxələndirilməsi, informasiya müstəqillyinin və təhlükəsizliyinin təmin edilməsi, ölkədə kosmik sənayenin inkişaf etdirilməsi və beynəlxalq kosmik məkana inteqrasiya istiqamətində əhəmiyyətli addımdır.

Prezident İlham Əliyevin sərəncamlarına əsasən Balaxanı Sənaye, Sumqayıt Kimya Sənaye və Sumqayıt Yüksək Texnologiyalar parkları yaradılmışdır. Bu layihələr müasir texnologiyalardan istifadə edilməklə rəqabət qabiliyyətli və ixracyönümlü yeni məhsul istehsalının artırılması, iş yerlərinin açılması, xarici investisiyaların cəlb edilməsi baxımından da böyük əhəmiyyət kəsb edir.

2003-2012-ci illərdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi  istiqamətində də mühüm addımlar atılmışdır. Bu il fevralın 12-də, regionların inkişafına yönəldilmiş İkinci Dövlət Proqramının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyev demişdir: "Bizim iqtisadi sahədəki islahatlar eyni zamanda güclü sosial siyasətlə də tamamlanır. Əgər yenə də son doqquz ilin statistikasına nəzər  salsaq görərik ki, 2004-cü ildə Azərbaycanda orta əməkhaqqı 100 dollar səviyyəsində idi, bu gün 500 dollar səviyyəsindədir. Orta pensiya 20 dollar səviyyəsində idi, bu gün 200 dollar səviyyəsindədir. Əlbəttə, bu rəqəmlər  bizi qane etmir və mən hesab edirəm ki, orta pensiyanın, orta əməkhaqqının səviyyəsi artmalıdır və artacaqdır".       

Prezident İlham Əliyevin "Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında" fərmanı sosial-mənəvi əhəmiyyətinə görə tarixi sənəd olmaqla dövlət başçısının siyasi iradəsini  birmənalı şəkildə əks etdirdi. Bu ciddi problemin əhalinin uzun illərdən bəri gözlədiyi həlli üçün əməli addımlar atıldı. Nəticədə cari ilin iyul ayının 1-dək 1 milyon 620 min nəfərə yaxın əmanət sahibi, yaxud onların vərəsələri banklardan vəsaitlərini almışlar.     

Ümumiyyətlə, makroiqtisadi sabitliyin dayanıqlığı, bank sektorunda aparılan islahatlar, əmanətlərin sığortalanması fondunun həcminin ildən-ilə çoxalması əhalinin banklara olan etimadının artmasına şərait yaratmışdır. Belə ki, 2001-ci ildə əhalinin banklarda olan əmanətləri 413 milyon manatdan 2009-cu ildə 4,6 milyard manata çatmış, başqa sözlə, ÜDM-in təxminən 10 faizini təşkil etmişdir.

Ölkədə insanların maddi rifah halının nə dərəcədə yaxşılaşdığını əks etdirən ən əsas göstəricilərdən biri yeni iş yerləridir. Odur ki, məşğulluq probleminin həlli prioritet vəzifələrdən biri kimi qarşıya qoyulub və bu vəzifə uğurla həll edilir. Son on ildə Azərbaycanda 1 milyon 180 min yeni iş yerinin açılması dediklərimiz üçün bariz misaldır. Təkcə bu ilin 6 ayında Azərbaycanda 55 min yeni iş yeri yaradılıb. Onlardan 45 mini daimidir.

İndi ölkəmizdə işsizliyin səviyyəsi cəmi 5 faizdir. Bu, istənilən ölkə üçün arzuolunan bir rəqəmdir. Çünki hətta bir çox inkişaf etmiş ölkələrdə işsizliyin səviyyəsi 10-15, bəzən 25 faiz səviyyəsinə çatır.

Azərbaycan dövləti məşğulluq probleminin həlli sahəsində qazanılan nailiyyətlərlə arxayınlaşmır. Yeni iş yerlərinin açılması prosesi davam edir. Görülən ardıcıl tədbirlər sayəsində işsizliyin səviyyəsinin indikindən də aşağı düşəcəyi gözlənilir.

Əgər insanların güzəranının yaxşılaşdırılmasına yönəldilən digər tədbirləri, məsələn, qaçqın və məcburi köçkünlər üçün salınan yeni qəsəbələri, aztəminatlı ailələr üçün verilən müavinətləri, əlillərə, müharibə veteranlarına, şəhid ailələrinə və s. göstərilən qayğını da xatırlatsaq, sözügedən sahədə aparılan işlərin necə genişmiqyaslı olduğunu bir daha qeyd etmiş olarıq. Bu istiqamətdə Heydər Əliyev Fondunun, fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və bilavasitə rəhbərliyi ilə həyata keçirilən tədbirlərin verdiyi uğurlu nəticələr danılmazdır.

2011-ci ildən ölkəmizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi uzaqgörən siyasətin təntənəsi, müstəqilliyimizin ən böyük bəhrəsidir. Azərbaycan BMT-nin əsas orqanları ilə yanaşı onun ixtisaslaşmış qurumları - Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Qaçqınların İşi üzrə Ali Komissarlıq, UNESCO, UNİCEF, MAQATE və s. ilə geniş əməkdaşlıq əlaqələrinə malikdir.

Azərbaycanın qazandığı nailiyyətlər, ilk növbədə, dövlət müstəqilliyinin bəhrəsi olmaqla bərabər, onun hər bir vətəndaşının ürəyini dağa döndərir və biz uğurlarımızın daha çox olacağına əminik. Bu əminliyi yaradan dövlətimizin apardığı məqsədyönlü islahatlar, iqtisadi siyasətdir. Prezident İlham Əliyevin dediyi kimi: "Bir sözlə, bizim bütün istiqamətlər üzrə konkret proqramlarımız, planlarımız, konsepsiyalarımız, icra mexanizmlərimiz vardır. O cümlədən, regionlarda gedən  işlərlə bağlı gələn ilin əvvəlində Üçüncü Dövlət Proqramı icra ediləcəkdir. Birinci və ikinci proqramların icrası nəticəsində bölgələr canlandı, şəhərlər abadlaşdı, gözəlləşdi, müasir infrastruktur yaradılır, kəndlərimiz çiçəklənir, qalxır, bütün  infrastruktur, yollar, məktəblər, xəstəxanalar, Olimpiya kompleksləri, qazlaşdırma, elektrik enerjisi, su xətləri, bütün infrastruktur yenilənir. Biz bütün infrastruktur sistemimizi tamamilə yeniləşdiririk ki, bundan sonra ən azı 50-100 il bax, bu qurduğumuz infrastruktur insanlara xidmət göstərsin".

 

Həmid BAĞIROV,

 

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin birinci müavini, iqtisad elmləri namizədi, SSRİ Dövlət Bankı əlaçısı

 

Azərbaycan. - 2013.- 16 avqust.- S. 7.