Azərbaycan Avratlantika blokunun ölkələri ilə əməkdaşlığını daha da gücləndirir

 

Bu həftə ölkəmizin tarixində çox ciddi hadisələr baş vermişdir ki, bütün bunlar Azərbaycanın Cənubi Qafqazdakı və eləcə də dünyadakı rolunun daha da möhkəmlənməsindən, əlaqələrinin genişlənməsindən xəbər verir. Bir həftə ərzində iki böyük ölkə - İtaliyaRusiya Respublikası rəhbərlərinin Azərbaycana səfər etməsi və mühüm sənədlərin imzalanması antiazərbaycançı şəbəkəni həmişəki kimi məyus edib. Avqustun 11-də İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın, avqustun 13-də isə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycana rəsmi səfərləri bir daha ölkələrimiz arasında olan münasibətlərin yüksələn xətlə inkişaf etdiyindən xəbər verir.

Bu məsələyə münasibət bildirən politoloqlar bəyan ediblər ki, hər iki səfər Avropanın enerji təhlükəsizliyində böyük rol oynayan Azərbaycana olan inam və etibarın təzahürüdür.

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı qəzetimizə açıqlamasında qeyd edib ki, bu səfərlər Azərbaycan hökumətinin apardığı məqsədyönlü xarici siyasətin göstəricisidir. Onun sözlərinə görə, İtaliya bu gün Avropa Birliyinin güclü dövlətlərindən biridir və Azərbaycanla ən yaxın ticarət əlaqəsi olan ölkədir. Beynəlxalq münasibətlər sistemində xüsusi çəkisi olan İtaliya ilə qarşılıqlı faydalı münasibətlərin bütün əhəmiyyətli sahələrdə inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətində mühüm istiqamətlərdən birinə çevrilib. İtaliya bu gün Avropanın ən böyük və nüfuzlu dövlətlərindən biri olmaqla yanaşı, həm də demokratik-siyasi mərkəz statusunda çıxış edir. Deputat qeyd edib ki, İtaliya və Azərbaycan son illər ərzində əməkdaşlığı inkişaf etdirməyə nail olublar. İtaliya Azərbaycanın Avropanın bir sıra proqramlarında yaxından iştirak etməsinə, ölkəmizin Avropa institutları və NATO ilə əməkdaşlığına dəstək verir: "Hesab edirəm ki, bu səfəri ikitərəfli münasibətlərin əhəmiyyətini təsdiq edən bir səfər adlandırmaq olar. Çünki İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır".

Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana etdiyi səfərə gəlincə isə, Mübariz Qurbanlı vurğulayıb ki, Rusiya ilə Azərbaycan arasında əlaqələr həmişə intensiv xarakter daşıyıb. Azərbaycan daim Rusiya ilə münasibətlərə xüsusi diqqət yetirib. Öz növbəsində Rusiya da hər zaman Azərbaycanla münasibətlərə böyük əhəmiyyət verib. Ümumiyyətlə, Cənubi Qafqazda Rusiyanın ən böyük əhəmiyyət verdiyi ölkə Azərbaycandır.

Mübariz Qurbanlı diqqətə çatdırıb ki, Rusiya ilə Azərbaycan strateji müttəfiq olan ölkələrdir və hər iki ölkəni bir sıra məsələlərdə bir-biri ilə bağlayan maraqlar mövcuddur: "Zaman-zaman bu iki ölkənin  dövlət, hökumət rəhbərləri, eləcə də digər yüksək vəzifəli dövlət rəsmiləri səviyyəsində müxtəlif məsələləri müzakirə etmək üçün görüşlər keçirilir. Rusiya Prezidentinin Azərbaycana etdiyi səfərdə də dövlətlər, hökumətlərarası münasibətlərin mövcud durumu müzakirə edilib, tərəflər arasında 5 mühüm sənəd imzalanıb".

Onun sözlərinə görə, Rusiya Prezidentinin Azərbaycana səfəri ilk növbədə münasibətlərin yüksək səviyyədə olmasına dəlalət edireyni zamanda ölkələrimiz arasında hərtərəfli əlaqələrin gələcək inkişafına güclü təkan verir. Bu gün Rusiya ilə Azərbaycan arasında hərbi-texniki əməkdaşlığın həcmi 4 milyard dollarla ölçülür.

Milli Məclisin deputatı, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə isə hesab edir ki, Azərbaycan Rusiya ilə energetika sahəsində əməkdaşlığın yeni mərhələsinə qədəm qoyur. Onun fikrincə, Azərbaycan hər zaman Rusiya ilə mehriban qonşuluq siyasətini davam etdirib. Rəsmi Bakı Moskva ilə iqtisadiyyat, təhsil, mədəniyyət sahələrindəki tərəfdaşlıq münasibətlərini yoluna qoyub ki, bu da Azərbaycan üçün mühüm məsələdir: "Düşünürəm ki, Vladimir Putinin səfəri bu münasibətləri əhəmiyyətli dərəcədə möhkəmləndirir. Bu səfər həmçinin müasir Azərbaycanın Rusiya ilə energetika sahəsində əməkdaşlığının yeni mərhələsinin başlanğıcı deməkdir".

Deputatın sözlərinə görə, tərəflər arasında energetika sahəsində imzalanan sazişlər və Vladimir Putinin özünün Bakıya səfər etməsi onu bariz şəkildə sübuta yetirir ki, Azərbaycan nəinki Avratlantika blokunun ölkələri ilə energetika əməkdaşlığını inkişaf etdirməyə nail olacaq, həmçinin Rusiya ilə tərəfdaşlıq münasibətlərini daha da möhkəmləndirəcək.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan. - 2013.- 16 avqust.- S. 8.