Ən məhsuldar neft-qaz quyuları Azərbaycandadır

 

BP şirkəti növbəti dəfə özünün 20  ən məhsuldar quyuları haqqında məlumatı açıqlayıb. Bu barədə "BP Azərbaycanda. Davamlı inkişaf haqqında hesabat - 2012"də ətraflı bəhs olunub.

Hesabatda bildirilir ki, sözügedən 20 quyunun yarıdan çoxu - 11-i Azərbaycandadır. Qalanlarından isə 6-sı şirkətin Avstraliyada istismar etdiyi yataqlarda, 1-i Anqolada, 2-si Trinidadda yerləşir.

Dünyanın 80 ölkəsində çalışan BP Azərbaycanla da uzun illərdir etibarlı tərəfdaşlıq edir. Şirkət ölkəmizdə ən iri neft-qazixrac layihələrinin əməliyyatçısıdır. Bunların sırasına Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" (AÇG) neft və "Şahdəniz" qaz-kondensat yataqlarının işlənməsi layihələri də daxildir.

Hasilatın Pay Bölgüsü Sazişi 1994-cü ilin sentyabrında imzalanan və 1997-ci ilin noyabrından neft verməyə başlayan AÇG ümumiyyətlə dünyada işlənən ən böyük layihələrdən biridir. İndiyədək bu yataqlardan 2,3 milyard barel neft əldə olunub.

Hazırda AÇG yataqlarında ümumilikdə 103 quyu istismar olunur ki, bunların da 72-si hasilat quyusudur. Bu ilin birinci yarısında AÇG-nin müqavilə sahəsindəki hasilat platformalarından gündə orta hesabla 672 min barel neft əldə edilib. Başqa sözlə, altı ay ərzində hasilat 122 milyon barel, yaxud 16,4 milyon ton olub.

Təsadüfi deyil ki, BP-nin dünyadakı 20 ən məhsuldar quyusundan Azərbaycanın payına düşən 11-nin 6-sı məhz "Azəri-Çıraq-Günəşli"dədir. Quyulardan 4-ü "Mərkəzi Azəri"də, 2-ci isə "Qərbi Azəri"də yerləşir.

"Mərkəzi Azəri"nin şərti olaraq A, B, C, D adlandırılan məhsuldar quyularından ən "səxavətli"si keçən il gündə 37 min 242 barel neft ekvivalenti həcmində hasilat verib.

"Qərbi Azəri"nin 2 ən bol neftli quyusunun hər birinin ümumi debiti gündə 28 min barel neft ekvivalentindən  çoxdur. Onlar məhsuldarlıqda "Mərkəzi Azəri"nin C quyusuna çata bilərlər.

Böyük perspektivlərə malik "Şahdəniz" qaz-kondensat yatağı isə mavi yanacaq istehlakçılarını sevindirməkdədir. 20 ən məhsuldar quyunun sırasında "Şahdəniz"in 5 quyusunun yer alması həm bir qanunauyğunluq, həm bu zəngin yatağın rəmzini xatırladan bir hadisədir. Şərti olaraq A, B, C, D, E adları ilə işarələnən bu quyuların ən "varlı"sının ümumi debiti gündə 53 min 528 barel neft ekvivalentinə bərabərdir. "Şahdəniz"in sözügedən quyularından hətta  sonuncu - 5-ci sırada dayanan E quyusunun hasilatının həcmi heyrət doğurur - gündə 32 min 820 barel neft ekvivalenti!

Qeyd edək ki, 20 quyu sırasında 5 birinci yerin 3-ü "Şahdəniz"in quyularına məxsusdur. Məhz bu cür "işgüzar" məhsuldar quyuların sayəsində "Şahdəniz"də hasilata başlanandan, yəni 2006-cı ilin sonlarından indiyədək bazarlara 42,7 milyard kubmetrdən çox qaz 11,3 milyon ton kondensat ixrac edilib.

Sahildən 70 kilometr məsafədə yerləşən "Şahdəniz" yatağı hazırda işlənməsinin ikinci mərhələsi üçün yekun investisiya qərarının verilməsini gözləyir. Bu qərarın verilməsi cari ilin son rübündə, ilk qazın isə 2018-ci ildə alınması nəzərdə tutulur.

"Şahdəniz" qazının yolunu bütün Avropa gözləyir. Yatağın indiki gələcək məhsuldar quyularının qazını CQBK (Cənubi Qafqaz Boru Kəməri), TANAP (Trans Anadolu Qaz Boru Kəməri) TAP (Trans Adriatik Qaz Boru Kəməri) Xəzərin sahilindən Yunanıstana, İtaliyaya, Bolqarıstana digər ölkələrə çatdıracaq.

 

Flora SADIQLI

 

Azərbaycan. - 2013.- 16 avqust.- S. 9.