İpəkçiliyin
inkişafı yeni islahatlar
tələb edir
Şəki sənətkarlığının
sahələri indikindən daha çox olub. Dəmirçilikdən,
silah hazırlamaqdan, misgərlikdən, zərgərlikdən,
papaqçılıqdan tutmuş, təkəlduzçuluğa,
şəbəkəçiliyə, ipəkçiliyə və
digər sahələrə qədər. Bunun
başlıca səbəblərindən biri
də qədim Şəkinin nəqliyyat yollarından uzaq olması idi.
Tarixi mənbələrə
görə, 1848-ci ildə Şəki əhalisinin təkcə
geyim və bəzək ehtiyaclarını
ödəmək üçün şəhərdə
235 papaqçı, 178 dabbaq, 147
başmaqçı, 154 dərzi, 82 şəridçi, 41
gümüşbənd çalışırmış. Bu sənətkarlar Şəki əhalisi ilə
yanaşı, qonşu əyalətlərdən gələn müştərilərin
də sifarişlərini yerinə yetirərmişlər.
Şəkinin əlverişli təbii şəraiti
insanların həyatının firavanlaşmasına müsbət
təsir edib. Yabanı lifli
bitkilər, yun, qəzil, ipək, gön, dəri, ağac, gil, mineral və nəbati boyaqlar sənətkarlar üçün
başlıca xammal hesab
olunub.
Bu gün də Şəkidə yaradılan sənətkarlıq
nümunələrinə baxanda insan ağlının və əlinin
yaratdığı möcüzələrə heyran olmamaq mümkün deyil. Ən əsası da
bu möcüzəni yaradanlar
milliliyi, milli-mədəni irsimizin
tələb və özəlliklərini heç
vaxt unutmayıblar. Bu prinsip bütün sənət
sahələrində, o cümlədən
ipəkçilikdə də qorunub.
Görkəmli
pedaqoq, folklorşünas,
etnoqraf Rəşid bəy Əfəndizadənin
tədqiqatlarından bəlli olur ki, Şəki dünyada
ipəkçiliyin yarandığı məkanlardan sayılıb. Bu
fikri təsdiqləyən amillərdən
biri də Şəkinin təbii-coğrafi
şəraitinin ipəkçiliyin inkişafındakı əhəmiyyətidir.
Ötən əsrin
əvvəllərində Şəkidə ayrı-ayrı yerlərdə
fəaliyyət göstərən kiçik
ipəkçilik sexlərindən əlavə, dövlət
tabeliyində olan fabriklər də var idi. Hətta həmin
dövrlərdə İtaliyadan dəzgahlar
gətirilib ki, bu da işin keyfiyyətinə
müsbət təsir edib.
1927-ci ilin iyun ayında Şəkinin
(o vaxtkı Nuxanın) ilk
ipəkçilik müəssisəsinin - Alekseyev
və Voronin qardaşlarının sexlərinin
yerləşdiyi ərazidə Cənubi Qafqazda
ən böyük ipəkçilik
kombinatının təməli qoyulub. Hətta
o dövrdə "Pravda"
qəzetində belə bir məlumat gedib ki, sovet
hökuməti dünyada ən böyük ipək kombinatının Nuxada tikilməsi barədə qərar qəbul
edib.
1931-ci
ildə açılışı böyük
rezonansa səbəb olan
Şəki İpək Kombinatı 1999-cu ildən "Şəki
İpək" ASC kimi fəaliyyət
göstərir. 1998-ci ildə ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu Böyük
İpək Yolunun bərpası ölkəmizin
siyasi, iqtisadi və sosial inkişafına əsaslı şəkildə təsir
edib. 2006-cı il avqustun 26-da beynəlxalq səviyyəli
"İpək bayramı"nın qədim ipəkçilik
diyarı Şəkidə keçirilməsi də təsadüfi
deyil.
Bəli,
ulu öndər Heydər Əliyevin
xeyir-duası ilə yenidən fəaliyyətə başlayan "Şəki İpək" ASC-nin maddi-texniki
bazasının möhkəmləndirilməsi üçün
2001-ci ildə Prezidentin sərəncamı
ilə müəssisəyə keçmiş
pulla 1,5 milyard, o cümlədən Nazirlər Kabinetinin
xətti ilə 500 milyon manat yardım edilib.
2005-ci ildə isə 2,5 milyon manat daxili investisiya
qoyulub.
Hazırda 500-ə
yaxın işçinin
çalışdığı "Şəki İpək"
ASC 6 əsas istehsal sexindən (baramaaçan, toxucu,
boyaq-bəzək, pambıqəyirici istehsalatları, burucu, xalça) və 5 qeyri-istehsal sahələrindən (təmir-tikinti,
avtonəqliyyat, xammal və sair) ibarətdir.
"Şəki
İpək" ASC İdarə heyəti sədrinin müşaviri Teymur Musayevin sözlərinə görə, 1931-ci
ildən fəaliyyətə başlamış, illik istehsal gücü 150 ton xam ipək olan baramaaçan istehsalatı xammal
olmadığına görə fəaliyyətini müvəqqəti
dayandırıb.
T.Musayevin verdiyi məlumata
əsasən, illik quru baramaya olan
tələbat 450-500 tondur.
Baramaaçan bölmə
tam gücü ilə
ikinövbəli iş
rejimində çalışsa,
işçi qüvvəsinə
olan tələbat 1500
nəfərə çatar.
Müəssisədə
2002-ci ilin sentyabr-oktyabr
aylarından ipək xalça istehsalına başlanılıb və
bu iş indi də davam
edir. İstehsalatda qədim Azərbaycan çeşnilərindən, Quba,
Şirvan, Qarabağ məktəblərinin və
s. xalçaların nümunələrindən
istifadə olunur. Xalçaların toxunma sıxlığı
70 mmillimetrdir. Pambıq sap isə
2008-ci ildən istehsal
edilir. Aylıq istehsal gücü
124-130 tondur.
1994-cü ildən fəaliyyətə başlayan
boyaq-bəzək sexi saya və güllü
parça istehsal etmək üçün Polşa, Hollandiya və digər ölkələrdən gətirilmiş
müasir texnoloji avadanlıqlarla təchiz edilib. Tam gücü
ilə işləyəndə
1,5 kvadratmetr hazır parça istehsal etmək qabiliyyətinə malikdir.
1950-ci ildən işə
salınmış burucu
sexi isə ildə 130 ton burulmuş
sap istehsal edə bilir.
İlk toxucu sexi
1937-ci ildə işə
salınsa da, 1969-cu ildə yeniləri inşa edilib.
Əvvəlki istehsal sahələri
müasirləşdirilərək yenidən qurulub. Burada isə 1,8 milyon kvadratmetr
hazır məhsul istehsal etmək mümkündür.
Əvvəlki dönəmlərdə
müəssisədə illik
xam ipək istehsalı 260 ton olub.
Hazırda isə ildə
60 ton xam ipək istehsal olunur. Azalmanın səbəbini barama çatışmazlığı ilə əlaqələndirirlər.
2004-cü ildə Özbəkistandan 2,2 milyon yüksək keyfiyyətli, məhsuldar
tut tingləri gətirilib
və respublikamızın
ipəkçiliklə məşğul
olan 13 rayonuna paylanılıb. Bundan əlavə, Çindən
70 kq tut toxumu alınıb, aqrotexniki qaydada becərilib və 3 milyon yüksək keyfiyyətli,
məhsuldar tut tingi yetişdirilərək rayonlara
paylanılıb. Başqa sözlə,
2005-2010-cu illər ərzində
rayonlara 4 milyon 900 min
tut tingi verilib. Bundan əlavə, Şəki, Qax və Zaqatala
rayonlarında müəssisə
tərəfindən ümumilikdə
141 hektar torpaq sahəsi icarəyə götürülüb və
həmin ərazilərdə
məhsuldar tut plantasiyaları
salınıb.
Xatırladaq ki, sovet dövründə
Azərbaycanda 6000 tondan
çox yaş barama yetişdirilib və ondan yüksək
keyfiyyətli ipək parça, kəlağayı,
şərf və digər ipək məhsullar istehsal olunub. 1996-cı ildə
aparılan islahatlarla bağlı mövcud tut bağları əkinçilərə
paylanılıb, əkinçilər
isə tut ağaclarının
əksəriyyətini kəsərək
məhv ediblər.
Bu səbəbdən də ipəkçilik, demək olar ki, tədricən sıradan çıxıb.
2005-ci ildə yaş baramanın "Şəki İpək"
ASC tərəfindən alış
qiyməti 1 manat 20 qəpik idisə, indi 3 manatdır. Ancaq bu qiymət də kümçülüklə
məşğul olan kənd adamını qane etmir. T.Musayev onu da
vurğuladı ki, bütün kənd təsərrüfatı məhsulları
istehsalçılarına dövlət
tərəfindən yardımlar
verildiyi halda, barama istehsal edənlər bu yardımdan kənarda qalır: "Bu barədə
müvafiq qurumlara dəfələrlə müraciət
olunsa da, hələlik səs-soraq yoxdur. Bu məsələ
həll edilsə, şübhəsiz ki, müəssisədə istehsal
olunan məhsulun maya dəyəri aşağı düşər,
bu isə baramaçılığın inkişafına təkan vermiş olar".
Mütəxəssislərin dediklərinə görə, "Şəki
İpək" ASC-nin
baramaaçan sexinin birnövbəli işinin fasiləsiz təmin olunması üçün
ildə 130 ton quru barama lazımdır.
Bunun üçün
1400 ton yaş barama istehsal edilməlidir və deməli, 2014-cü
ildən başlayaraq
2023-cü ilə qədər
hər il
100 hektar yeni tut plantasiyasının salınması
tələb olunur. Bu da hər il 350 min manat vəsaitə başa gələ bilər.
Ölkəmizdə ipəkçiliyin inkişafı təmin olunsa, "Şəki İpək" ASC-nin baramaaçan sexi öz fəaliyyətini bərpa edər və 200 nəfər burada daimi işlə
təmin olunar.
İldə 40 ton xam ipəyin
istehsal edilməsi başqa sahələrin də fəaliyyətinin genişlənməsinə təsir
edər.
Müəssisənin
burucu sexindən texnoloq Fəridə Həşimova, toxucu sexindən Məhəbbət
Abduləzimova, xalçaçı
Pərvanə Abdullayeva,
kəlağayı gülvuranı
Ülkər Bağbanlı
və digərləri
də əminliklə
bildirdilər ki, dövlətin yüksək
qayğısı sayəsində
Şəki ipəyi əvvəlki şöhrətini
özünə qaytaracaq.
Telman
NƏZƏRLİ
Azərbaycan. - 2013.- 16 avqust.- S. 10.