Builki göstəricilər daha yüksəkdir
Zərdab rayonunun iqtisadiyyatında başlıca yeri aqrar sahə tutur. Dövlətin kənd təsərrüfatı
işçilərinə göstərdiyi qayğı,
yaratdığı şərait zərdablıları torpağa zəhmətə daha
ürəkdən bağlayıb.
Bu ilin
yazında havaların həddindən artıq istiləşməsi,
sonra isə qeyri-sabit
olması taxıl biçini ilə əlaqədar
ayrı-ayrı rayonlarda müəyyən
çətinliklər yaratsa da, Zərdab biçini itkisiz başa vurdu. Bu isə mövcud vəziyyətə çevik
münasibətin və vaxtında görülmüş
tədbirlərin nəticəsində mümkün
oldu.
Zərdablılar
2013-cü ilin məhsulu üçün
17134 hektar payızlıq taxıl əkmişdilər.
Taxıl yetişənədək istər alaq otlarına, ziyanvericilərə
qarşı mübarizə, istərsə də digər aqrotexniki tədbirlər yüksək səviyyədə
həyata keçirildiyindən çəkilən zəhmət
hədər getmədi. 17134 hektar sahədən
47097 ton taxıl yığıldı. Bu isə əvvəlki ildəkindən 8
min tondan artıq məhsul
deməkdir.
Rayonda 5 toxumçuluq
təsərrüfatı fəaliyyət göstərir.
Taxılçıların yüksək reproduksiyalı toxumla təminatında bu
təsərrüfatların da özünəməxsus
rolu var. Cari mövsümdə 5 toxumçuluq
təsərrüfatı ümumilikdə 710,1 ton
məhsul istehsal edib. Hektar üzrə orta məhsuldarlıq
36,4 sentner olub.
Bu il
"Aqrolizinq" ASC-nin
Zərdab "Aqrotexservis" filialı tərəfindən
1 taxıl kombaynı alınıb, fermerlərə isə
MTZ-82-2 "Belarus" markalı 3 traktor və 3 kotan
satılıb. Filial fermerləri güzəştli
şərtlərlə yetərincə azot
gübrəsi, amin duzu,
pestisid və sair kimyəvi
dərmanlarla da təchiz edib.
Kənd təsərrüfatı
işlərində vacib məsələlərdən
biri də əkin sahələrinin suvarma suyuna olan tələbatının lazımınca
ödənilməsidir. Suvarma işinin yüksək səviyyədə təşkili
nasosların, mühərriklərin, hidroqurğuların
işlək vəziyyətdə olmasından, kanalların təmizliyindən
çox asılıdır. Bu baxımdan təmir-bərpa və təmizləmə
işləri vaxtında görülüb.
Belə ki, 13 nasos, 8 elektrik və 15 dizel
mühərrik, 2 hidroqurğu təmir olunub, 203 km uzunluğunda suvarma
kanalı lildən təmizlənib.
Rayonun Gödəkqobu, Məlikumudlu,
Əlvənd, Otmanoba və digər kəndlərində
21 hidroqurğu təmir olunub,
Qoşaoba, Təzəkənd, Yastıyol
və İnqilab kəndlərinin nasos stansiyaları təmirdən sonra yeni avadanlıqlarla təmin
edilib.
Söhbət
zamanı fermerlər suvarma ilə
bağlı çətinliyin olmadığını bildirdilər.
Zərdabda
pambıq əkini ilə də maraqlandıq. Öyrəndik ki, bu sahəyə maraq
ürəkaçan deyil. Bu
da pambığın satış qiymətinin
maya dəyəri ilə müqayisədə
aşağı olması ilə bağlıdır. Ancaq hər halda maraq göstərənlər var
- 475 hektar sahəyə çiyid
səpilib. Hazırda sahələrdə kompleks
yığıma hazırlıq işləri aparılır.
Bu il rayonda kartof, tərəvəz,
bostan əkilən sahələr də
yaxşı məhsul verib. Satış normal olduğundan əkib-becərməyə
həvəs çoxdur. Bunu
da kənd təsərrüfatı məhsulları
istehsalçıları bildirdilər.
Zərdabda maldarlıq
və quşçuluq da
əhəmiyyətli sahələrdən sayılır.
Hazırda 54 min baş
qaramal, 12 min baş davar bəslənilir.
Bu isə əvvəlki ilin
eyni dövrü ilə
müqayisədə çoxdur.
Rayonda ət, süd, yumurta, yun istehsalında da
yüksək göstəricilərə nail
olunub. Ətlik və südlük
istiqamətində maldarlığın inkişaf
etdirilməsi məqsədilə 558 baş
mal süni yolla mayalandırılıb. Əvvəl
mayalanmış heyvanlardan 372 baş sağlam bala alınıb.
Rayon əhalisinin quş ətinə və yumurtaya
tələbatını təmin etmək üçün
"Turac 2008" MMC tərəfindən ilin ilk yarısı ərzində
10810 baş cücə inkubasiya
edilərək satılıb.
Rayon iqtisadiyyatının ümumi inkişafı kənd təsərrüfatının
ayrı-ayrı sahələrində qazanılan göstəricilərlə
də şərtlənir. Bunu
yaxşı bilən Zərdab fermerləri də
çalışırlar ki, hər məhsul
dövrünü yüksək nailiyyətlərlə
başa vursunlar.
Azərbaycan. - 2013.- 16 avqust.- S. 10.