Şəmkirin öz iş üslubu var
Ölkənin
hər yerində genişmiqyaslı abadlıq-quruculuq işləri
gedir, sistemli surətdə
sosial problemlər həll edilir.
Şəmkir rayonunun öz iş üslubu var, istər quruculuqda, istərsə
də iqtisadiyyatın idarə olunmasında. Quruculuq
işlərini görmək üçün
təkcə yolboyu uzanan
ən müasir, orijinal
quruluşlu xidmət mərkəzinə baxmaq kifayətdir. Aqrar sahədə
isə kütləvi surətdə
istixanalarda faraş
tərəvəz yetişdirmək, torpağın hər
qarışından səmərəli istifadə etmək
üzrə Şəmkirin təcrübəsi çoxuna
nümunə ola bilər.
Respublikamızın
ən böyük rayonlarından
sayılan Şəmkir hər sahədə sürətlə inkişaf edir. Cari ilin 6 ayının
yekunları və qarşıda duran vəzifələr
müzakirə olunarkən bu barədə
geniş söhbət getdi.
Əvvəlcə rayon icra
hakimiyyətinin başçısı Nazim
Veysovun məruzəsi dinlənildi. Sonra
ayrı-ayrı idarə və müəssisələrin
nümayəndələri görülən işlər barədə
məlumat verdilər. İstər məruzədə, istərsə
də çıxışlarda Nazirlər Kabinetinin
2013-cü ilin altı ayının
yekunlarına həsr olunmuş
iclasında irəli sürülən vəzifələr
baxımından yerlərdəki vəziyyət ətraflı
təhlil olundu. Yekdilliklə qeyd edildi ki, Şəmkir rayonunda regionların sosial-iqtisadi
inkişafı Dövlət Proqramının tələbləri
uğurla yerinə yetirilir.
Cari ilin 6
ayı ərzində rayon üzrə 256 milyon manatlıq məhsul istehsal
olunmuşdur ki, bu da ötən ilin müvafiq
dövründəkinə nisbətən xeyli
çoxdur. Adambaşına
düşən ümumi daxili
məhsulun həcmi 4,4 faiz
artmışdır. Ən fərəhli cəhətlərdən
biri də odur ki, ötən müddət ərzində rayon üzrə 121 milyon
manatlıq tikinti-quraşdırma işləri görülmüşdür.
Rayonda içməli su
xətti və kanalizasiya sistemi
çəkilir. Sərxan massivində ümumi tutumu 11 min kubmetr olan
4 su anbarı tikilib. Dövlət başçısının
tapşırığı ilə Kür
qəsəbəsinə 12 kilometrlik yol çəkilib. Şəmkir şəhəri
ətrafında Gədəbəy dairəvi avtomobil
yolu və Cəyir çayı üzərindən
keçən körpü yenidən qurulub. Şəhərin ən baxımlı
yerində Bayraq meydanı yaradılır,
Heydər Əliyev Mərkəzinin və Gənclər
Sarayının ətrafında 14,5 hektar ərazidə
yeni park
salınır. 80 yerlik mehmanxana
binasının, Oksford məktəbi üçün yataqxananın, uşaq bağçasının, abidələr
parkının tikintisi və alman kilsəsində əsaslı bərpa
işləri başa çatmaq
üzrədir. Şəmkir dəryaçasının
inşası sürətlə davam edir. Sabirkənd, Seyfəli, Qasım
İsmayılov kəndlərində və Zəyəm qəsəbəsində
müasir məktəb binaları inşa olunur. "Zəyəmkəndmaş"
zavodunda yenidənqurma işləri
aparılır. Muxtariyyat, Bayramlı,
Qılıncbəyli və Qaralar kəndlərinə
qaz xətləri çəkilir.
Şəmkirin
iş üslubunun ən
önəmli cəhətlərindən biri
də budur ki, Dövlət
Proqramına uyğun olaraq,
bir sıra ərzaq
növləri ilə rayon özü özünü təmin edir.
Bu yerlərdə əsasən taxıl, kartof, üzüm, günəbaxan,
tərəvəz, meyvə bostan bitkiləri
və s. yetişdirilir.
Sahibkarlığa geniş meydan
açıldıqca insanların işə həvəsi,
çöllərin barı-bərəkəti artır.
Maldarlıq
məhsulları getdikcə çoxalır. 6 ay
ərzində rayon üzrə 4150 ton ət (diri çəkidə), 23 ton
süd, 41,5 milyon ədəd
yumurta istehsal edilib. İstər bitkiçilik,
istərsə də maldarlıq məhsulları o qədər çoxalıb ki,
onların saxlanması və topdan
satışı üçün 5 yerdə
anbar binaları tikilib,
emal müəssisələri
yaradılıb. Şəmkir rayonu ərzaq
məhsulları ilə özü özünü təmin etməklə
yanaşı, Xətai rayonunda fəaliyyət
göstərən yarmarkaya hər həftə xeyli məhsul
göndərir.
İstehsalın
həcmi artdıqca satış
dairəsi də genişlənir. Bir vaxtlar
Şəmkir Rusiya bazarlarında əsasən
ətirli gülləri ilə şöhrət
qazanmışdı. Bir ara
bu sahəyə diqqət nisbətən
azalmışdı. Bu boşluğu
doldurmaq üçün
Şiştəpə yaxınlığındakı "Azaqro" MMC-yə məxsus istixana
kompleksinin təyinatı dəyişdirilərək
gül istehsalına başlanıldı.
Şəmkir sərhəddən kənara faraş
kartof, pamidor, xurma, tərəvəz, şərab da göndərir. Qaracəmirli bələdiyyəsinin
sədri Saleh Hüseynov
deyir ki, təkcə
onların kəndindən hər il Rusiyaya 700-800 ton kartof, pomidor, xurma, tərəvəz yola
salınır. "Şərq ulduzu" MMC-nin 8 növ şərabı
isə Rusiyadan əlavə, Cənubi Koreyaya göndərilir. İndi
də Yaponiya ilə danışıqlar
aparılır.
Hazırda min zəhmət bahasına yetişdirilən məhsul
yığılır. Mütəxəssislər deyirlər ki, cari ildə rayon üzrə sahələrdən əvvəlki
illərdən çox məhsul
götürüləcək. Fermer İbrahim Hacıyev deyir ki, başqa cür də ola bilməz.
Axı, bu il
seçkilər ilidir. Bu
əziz günə hərə öz
töhfəsini hazırlayır. Bizim də
əsas vəzifəmiz iqtisadiyyatın yüksəlişinə
nail olmaqdan dövlətə və dövlətçiliyə
sədaqətlə xidmət etməkdən ibarətdir. Bu məqsədlə hamı əlbir, dilbir çalışır.
Əhməd
İSAYEV
Azərbaycan. - 2013.- 16 avqust.- S. 10.