Kənd camaatı böyük arzularla yaşayır

 

Balakən istiqamətinə gedən magistral avtomobil yolundan sola dönüb Zaqatalanın böyük kəndlərindən olan Danaçıya doğru irəliləyirik. Ətraf yaşıllıq, yol hamardır. Ancaq yolun bəzi hissələrində, özəlliklə sağ hərəkət zolağı istiqamətində asfaltın xeyli çökməsi və qabarması da gözdən qaçmır. Yolun bu hala düşməsinə 70-80 tonluq ağır yük maşınlarının bu istiqamətdəki kəndlərə, o cümlədən Danaçıya gündəlik tikinti materialları daşıması səbəb olub. Məlum olduğu kimi, ötən il mayın 7-də və 18-də baş vermiş zəlzələlər buradakı yaşayış məntəqələrinə də xeyli ziyan vurmuşdu. Ancaq dövlət vaxtında köməyə çatdı və hər cür qayğı göstərdi.

Danaçının "Mərkəz" adlanan hissəsində RİH başçısının bu kənd üzrə nümayəndəsi Məmməd Vaşiyevonun müavini Məhəmmədrəsul Süleymanovla görüşdük. Axar-baxarlı kənddir, xüsusilə də yaşıllığı, bağ-bağatı göz oxşayır. Beləcə, söhbət edə-edə kəndlə daha ətraflı tanış olmağa başladıq.

Danaçı avar kəndidir, 7500 nəfər əhalisi, 1700 təsərrüfatı var. Ailə təsərrüfatının sayı isə 2200-dür. Kənd əhalisi əkinçilik, maldarlıq, tütünçülük, fındıqçılıq və qismən baramaçılıqla məşğuldur. Sovetlər dönəminə nisbətən tütünçülük hazırda zəif inkişaf edir. Elə yem bazasının azlığı baxımından baramaçılıq da ürəkaçan səviyyədə deyil. Buna görə dolanışıq üçün əsas güc digər sahələrə - əkinçiliyə, maldarlığa və fındıqçılığa düşür.

Əhali dövlət tərəfindən göstərilən qayğıdan çox razıdır. Qeyd etdiyimiz kimi, baş vermiş zəlzələlər, sözün hər mənasında, Danaçını da əməlli-başlı silkələyib - kəndin üçdəbiri yenidən tikilməli olub. Daha dəqiq desək, zəlzələdən sonra Danaçıda sakinlər üçün 520 yeni ev (2 və 3 otaqlı, həmçinin ikimərtəbəli 4 və 5 otaqlı) tikilib. Bundan əlavə, 500 və 550 şagirdlik iki tam orta məktəb zəlzələdən sonra tamamilə sökülərək üçmərtəbəli yeni və hər cür avadanlığı, müasir qazanxanası olan binalar tikilib. Onlardan biri - 2 nömrəli tam orta məktəbin binası bu il yanvarın 7-də istifadəyə verilib. 1 nömrəli tam orta məktəbin yeni binası da istifadəyə hazırdır. Əvvəl uyğunlaşdırılmış binada yerləşən 3 və 4 nömrəli ibtidai məktəblər üçün də yeni binalar inşa edilib. FHN xətti ilə tikilib istifadəyə verilən bu məktəblər də hər cür müasirliyi və təminatı ilə seçilir.

Sonuncu 50 evin tikintisi iyun ayında başa çatdırılıb və açarlar sahiblərinə təqdim edilib. Onu da qeyd edək ki, bərpa-gücləndirmə işləri üçün 243 ailənin hər birinə 4-7 min manat civarında (ümumilikdə 1,5 milyon manat) təzminat ödənilib. Müvafiq komissiyanın bu ilin fevral ayında təkrar baxışından sonra daha 500 ailəyə təzminat nəzərdə tutulub.

Danaçıda təbii qaz xətlərinin çəkilişi və sayğaclaşma işləri başa çatıb, qazın verilişinə hazırlıq gedir. Kənd əhalisinin içməli su tələbatı isə artezianlar vasitəsilə ödənilir. Üstəlik, su şəbəkəsi üçün anbar tikilib. Suvarma üçün Qaraçaydan ayrılan arxlardan istifadə olunur. Ümumilikdə isə kəndin torpağı dəmyədir. Kənddə ŞorançölNuhi adlanan 8 kilometrlik ərazidən otlaq kimi istifadə edilir.

Danaçıdakı həkim məntəqəsində 17 işçi çalışır. Məntəqənin müdiri ali təhsilli pediatrdır. Mədəniyyət evində fəaliyyət göstərən qızlardan ibarət "Alazan" rəqs qrupunun sorağı isə ölkəmizə yayılıb. Tez-tez televiziya kanallarına da dəvət alırlar. Danaçıda, həmçinin 2 kitabxana, 800 abonentlik elektron ATS, 2009-cu ildə inşa edilmiş poçt binası, baytarlıq məntəqəsi fəaliyyət göstərir. İcra nümayəndəliyi və kənd bələdiyyəsi də normal inzibati binalarda yerləşir. Kənd bələdiyyəsinin vəsaiti hesabına və RİH-in köməyi ilə idman kompleksi inşa edilib və kompleksdə artıq güləş bölməsi fəaliyyətə başlayıb. Onu da qeyd edək ki, burada uşaqlara güləşin sirlərini öyrədən tanınmış güləşçi Gözəl Zutovadır.

Kənddə 500 yerlik şadlıq sarayı, 18 nəfərin çalışdığı özəl kərpic zavodu da var. Bunlardan əlavə, regional Dövlət Proqramına uyğun olaraq, Danaçıda 42 yerlik körpələr evi-uşaq bağçası, 15 çarpayılıq yeni kənd-xəstəxanasının tikintisi nəzərdə tutulub. Yazının əvvəlində söhbət açdığımız avtomobil yolu da yenilənir. Prezident İlham Əliyevin sərəncamı ilə Zaqatala-Danaçı-Aşağı Çardaxlar avtomobil yolunun tikintisinə 5,5 milyon manat vəsait ayrılıb. 30 kilometrə yaxın uzunluğu olan bu yol 9 kəndin 15 minə yaxın əhalisinə xidmət edəcək.

Kənd əhalisi ilə söhbət zamanı öyrəndik ki, hər il dövlət tərəfindən kəndli-fermer təsərrüfatlarına 70 min manata yaxın subsidiya verilir. Minnətdarlıqlarını bildirərək əlavə etdilər ki, istər zəlzələ baş verən günlərdə, istər digər vaxtlarda dövlətin qayğısını daim hiss etmişlər. Zəlzələ baş verən kimi ölkənin məsul şəxslərinin bölgəyə gəlib nə lazımsa kömək edəcəklərini bəyan etmələri insanları psixoloji şokdan çıxarıb, onlara mənəvi dayaq olub. Sonrakı aylarda bütün fəsadların aradan qaldırılması da bir daha göstərdi ki, bir kənd ağsaqqalının təbirincə desək, dövlətimizin sözü sözdür.

Bəli, Zaqatalanın Danaçı kəndi böyük arzular və ümidlərlə yaşayır. Elə bu arzularla işə-gücə tələsir, halal zəhmətlə günü başa vururlar.

 

 

T.NƏZƏRLİ

 

Azərbaycan. - 2013.- 16 avqust.- S. 10.