ADA İxtisasartırma Kurslarının ABŞ-ın Texas ştatının nüfuzlu universitetlərinin ümayəndələri üçün keçirdiyi təlimin bağlanış mərasimi olmuşdur

 

Avqustun 15-də Azərbaycan Diplomatik Akademiyası (ADA) İxtisasartırma Proqramlarının (ADA Executive Programme) Dövlət Neft Şirkəti və AFAZ-ın (Assembly of the Friends of Azerbaijan) maliyyə dəstəyi ilə ABŞ-ın Texas ştatının nüfuzlu universitetlərinin nümayəndələri üçün keçirdiyi "Azərbaycanşünaslıq" adlı təlim proqramının bağlanış mərasimi olmuşdur.

ADA-dan AzərTAc-a bildirmişlər ki, mərasimdə akademiyanın   rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti Xaliq Məmmədov iştirak etmişlər. Təlim iştirakçılarını kursu uğurla başa vurmaları münasibətilə təbrik edən H.Paşayev tarixən Texas ştatının ABŞ-Azərbaycan münasibətlərində oynadığı xüsusi rolu mərasim iştirakçılarının nəzərinə çatdırmışdır.  1990-cı illərdə "Əsrin müqaviləsi"nin imzalanması ərəfəsində Azərbaycan nümayəndə heyətinin Texasda çoxsaylı görüşlər keçirdiyini vurğulayan rektor bu məqamın Azərbaycan üçün böyük əhəmiyyət kəsb etdiyini bildirmişdir. Texas ştatının fəxri vətəndaşı olan H.Paşayev orada keçirdiyi görüşlər,  iştirak etdiyi tədbir və yüksəksəviyyəli konfranslarla bağlı öz fikirlərini bölüşmüşdür.

Texasın Hyuston şəhərində Azərbaycan Mədəniyyət Mərkəzinin açılmasını ABŞ-Azərbaycan münasibətlərinin gücləndirilməsi istiqamətində atılmış mühüm addım hesab edən X.Məmmədov Mərkəzin Azərbaycanın tarixi, mədəniyyəti, dili və həqiqətlərinin təbliği üçün daha geniş imkanlar yaratdığını bildirmişdir.

Mərasimin sonunda təlim iştirakçıları sertifikatlarla təltif olunmuşlar.

 

Azərbaycan. - 2013.- 16 avqust.- S. 11.