Azərbaycan Sərhəd
Mühafizəsinin yaradılmasının 94-cü
ildönümünə həsr olunmuş
müsabiqəyə
yekun vurulmuşdur
Avqustun 15-də Dövlət Sərhəd
Xidmətinin (DSX) Akademiyasında Azərbaycan Sərhəd
Mühafizəsinin yaradılmasının 94-cü ildönümü münasibətilə elan edilmiş
yaradıcılıq müsabiqəsinə yekun
vurulmuşdur.
AzərTAc
xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə
çıxış edən DSX rəisinin müavini
general-mayor Məhəmməd Abbasquliyev ölkəmizdə
yaradıcılıq üçün əlverişli
mühitin mövcud olduğunu, mədəniyyət sahəsinə
həmişə xüsusi diqqət
ayrıldığını,
sənət adamlarına qayğı ilə
yanaşıldığını, onların əməyinin
yüksək qiymətləndirildiyini demişdir.
Rəis
müavini qeyd etmişdir ki, Dövlət
Sərhəd Xidmətinin çoxsahəli fəaliyyətində
hərbi-vətənpərvərlik tərbiyəsi, vətənə,
onun sərhədlərinə məhəbbət
hissinin gücləndirilməsi prioritet sahələrdəndir. Bu
istiqamətdə həyata keçirilən tədbirlər
sırasında müxtəlif yaradıcılıq müsabiqələrinin
təşkili xüsusi yer
tutur.
M.Abbasquliyev demişdir
ki, ulu öndər
Heydər Əliyevin müəyyən etdiyi
milli sərhəd strategiyası Silahlı
Qüvvələrin Ali Baş
Komandanı, Prezident İlham
Əliyev tərəfindən uğurla
yerinə yetirilir. Dövlət sərhədlərimizin
yüksək səviyyədə mühafizə olunması üçün çoxsaylı yeni sərhəd infrastrukturları
yaradılır, Sərhəd Qoşunlarının müasir texnika və
avadanlıqla təchizinə xüsusi diqqət
yetirilir. Bunun nəticəsidir
ki, DSX beynəlxalq terrorizmə, narkotik vasitələrin qeyri-qanuni
dövriyyəsinə, qanunsuz miqrasiyaya, qaçaqmalçılığa
qarşı mübarizə sahəsində səviyyəsini daim yüksəldir. Dövlət
Sərhəd Xidmətinin çoxşaxəli fəaliyyətində
ictimaiyyətlə əlaqələrin yüksək səviyyədə
inkişaf etdirilməsi, hərbi-vətənpərvərlik
tərbiyəsinin, vətən sərhədlərinə məhəbbət
hissinin gücləndirilməsi əsas yer tutur. Azərbaycan Sərhəd Mühafizəsinin ildönümü ərəfəsində elan olunmuş müsabiqələr
sərhədçi peşəsinə olan
məhəbbət və marağı artırır, vətən
sərhədlərinə böyük məhəbbət
hissi aşılayır, sərhədçilərin
fədakar xidmətlərinin tərənnüm edilməsində
xüsusi əhəmiyyət
daşıyır.
Bildirilmişdir ki, bu il
Azərbaycan Sərhəd Mühafizəsinin
yaradılmasının 94-cü ildönümü
münasibətilə bədii ədəbiyyat, təsviri sənət,
televiziya verilişi, qəzet
məqaləsi və inşa yazısı
üzrə 5 nominasiyada müsabiqə elan edilmişdir. Müsabiqədə
ölkəmizin peşəkar və həvəskar rəssamları,
şairləri, yazıçıları, jurnalistləri, tələbələri,
sərhədçi əsgərlər, sərhədçi zabit və gizirlər, onların ailə
üzvləri və sərhədyanı rayonların ümumtəhsil
məktəblərinin şagirdləri iştirak
etmişlər. Bu il
müsabiqəyə 700 nəfərdən
çox yaradıcı insan
qoşulmuşdur.
Təqdim olunmuş əsərlərin janrları da, müəlliflərin yaş,
təhsil, sosial mənşə və
peşəkarlıq səviyyəsi də müxtəlifdir. Builki müsabiqə əvvəlkilərdən
daha uğurlu olmuşdur. Təqdim edilmiş
əsərlərin ən yaxşıları münsiflər
heyəti tərəfindən seçilmiş
və mükafatlara layiq
görülmüşdür.
Azərbaycan
Yazıçılar Birliyinin katibi, xalq şairi
Fikrət Qoca
qalibləri təbrik etmiş, onlara yaradıcılıq uğurları
arzulamışdır.
Qeyd olunmuşdur ki, ölkəmizin
çoxsaylı vətəndaşlarının öz yaradıcılıq
duyğularını sərhədlərimizə, sərhəd
mövzusuna yönəltməsi, sərhəd
və sərhədçilər haqqında fikir
ifadə etməyə çalışması yüksək
qiymətə layiqdir.
Sonra qaliblərə mükafatlar və diplomlar
təqdim olunmuşdur.
Mükafat alanlar
arasında AzərTAc-ın müxbiri də
vardır.
Azərbaycan. - 2013.- 16 avqust.- S. 11.