Azərbaycan fəlsəfəsi tarixinin görkəmli tədqiqatçısı

 

Azərbaycan fəlsəfəsi tarixinin tədqiqi, təbliği və tədrisində əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Midhət Ağamirovun xidmətləri xüsusi qeyd olunmalıdır. Çünki o, təkcə Azərbaycanda deyil, SSRİ-nin bir çox elmi mərkəzlərində tanınmış filosof idi.

M.Ağamirov hələ on doqquz yaşında olarkən "Gənc işçi" qəzetində işləmiş, "Gənc bolşevik" jurnalında məsul katib, "Marksizm-leninizm İnstitutunun Azərbaycan filialı"nda elmi əməkdaş kimi fəaliyyət göstərmişdir. 15 il həmin institutda böyük elmi işçi vəzifəsində çalışmaqla bərabər, bir sıra ali məktəblərdə dərs də demişdir.

1947-ci ildə S.M.Kirov adına ADU-da (hazırda BDU) "Mirzə Ələkbər Sabirin ictimai-siyasi baxışları" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 20 il Azərbaycan SSR EA Fəlsəfə və Hüquq İnstitutunda baş elmi işçi vəzifəsində işləmişdir. Doqquz il həmin institutda "Marksizm-leninizm fəlsəfəsinin tarixi", 1986-cı ildən ömrünün sonuna kimi "Fəlsəfə və ictimai fikir tarixi" şöbəsinin müdiri olmuşdur.

M.Ağamirov 1972-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində "Azərbaycanda marksist-leninçi təlim uğrunda mübarizə tarixindən" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Respublikanın bir sıra ali məktəblərində fəlsəfə elminin tədrisi ilə məşğul olmuş, fəlsəfə kafedralarında assistent, baş müəllim, dosentprofessor vəzifələrində işləmişdir.

Görkəmli alim XX əsrin əvvəllərində Azərbaycanda fəlsəfi və ictimai-siyasi fikrin aparıcı tədqiqatçılarından biri olmuşdur. Fəaliyyəti müddətində on monoqrafiya çap etdirmişdir. Bunlardan "Mirzə Ələkbər Sabirin dünyagörüşü"(1962), "Azərbaycan ictimai fikrində milli məsələ" (1963), "Abdulla Şaiqin dünyagörüşü" (1983), "Məhəmməd Hadinin fəlsəfəsi" (1987), "Azərbaycan romantiklərinin dünyagörüşü" (1989) və başqalarını göstərmək olar.

Filosofun "M.Ə.Sabirin dünyagörüşü", "Abdulla Şaiqin dünyagörüşü", "Məhəmməd Hadinin fəlsəfəsi" adlı monoqrafiyaları və XX əsrin əvvəllərində Azərbaycanda ictimai-siyasi fikir tarixinə aid orijinal elmi tədqiqatları, habelə tarixi-fəlsəfi mövzulara aid məqalələri xüsusilə çox dəyərlidir. Çox ciddi və tələbkar insan olan M.Ağamirovun fəlsəfə sahəsindəki uğurları onu təkcə respublikada deyil, onun hüdudlarından çox-çox kənarlarda da tanıtmışdı.

1960-cı ildə nəşr olunan "M.Ə.Sabirin dünyagörüşü" adlı əsəri ilə alim marksist-leninçi təlimin, marksist-leninçi ideologiyanın, marksist-leninçi fəlsəfənin təbliği mövzusundan "uzaqlaşaraq" Azərbaycan fəlsəfi fikir tarixinin araşdırılması və tədrisi ilə məşğul olmağa başlayır. Həmin monoqrafiyanın "Müqəddimə"sində böyük şairimizin yaşayıb-yaratdığı dövrün xarakteristikası haqqında geniş məlumat verilir. Rusiyadao cümlədən Azərbaycanda mövcud olan sosial-siyasiiqtisadi durum, müstəmləkə boyunduruğu altında inləyən məzlum və məhkum xalq kütlələrinin acınacaqlı vəziyyəti, ölkədə baş verən qarışıq hadisələr, sinfi mübarizə, inqilabi azadlıq hərəkatları, ədalətsizlik, haqsızlıq, zülm və istismarın törətdiyi ağır nəticələr dolğun şəkildə əksini tapır.

Müəllif M.Ə.Sabiri yenilik, milli azadlıq hərəkatının, mütləqiyyət quruluşunun məhv edilməsinin, zülm və istismarın aradan qaldırılmasının tərəfdarı kimi oxucuya təqdim edir. Milli məsələdən danışarkən Sabiri beynəlmiləlçiliyin, bütün xalqların dostluq və qardaşlıq şəraitində yaşamalarının və çətinliklərə, əsarətə, haqsızlığa, ədalətsizliyə qarşı mübarizədə yekdil olmalarının tərəfdarı və müdafiəçisi kimi səciyyələndirir.

Böyük şairin fanatizmi yayan din xadimlərinə münasibəti haqqında danışarkən göstərir ki, Sabir elə bir dövrdə, elə bir mühitdə yaşayıb-yaradırdı ki, cəhalət, xurafatmövhumat meydan sulayırdı. Genişlənməkdə olan milli azadlıq hərəkatı və siniflər mübarizəsinin kəskinləşməsi mühafizəkar ruhaniləri, xalqdan, millətdən uzaq düşmüş din başçılarını da qorxuya salmışdı. Hiss edirdilər ki, yaxınlaşmaqda olan yenilik dalğası onları da xidmət etdikləri ağaları ilə birlikdə süpürüb aparacaqdır. Ona görə də bu oyanmanın, canlanmanın qarşısını almaq üçün dindən istifadə edir, hökumətə, dövlətə, onun rəhbərliyinə olmağı küfr kimi qələmə verir, həmin əməllərinə görə cəhənnəm odunda yanacaqları ilə qorxudur, hakim sinfin mürtəce siyasətinə kömək etmiş olurdular.

M.Ə.Sabiri azadlıq carçısı, bərabərlik və qardaşlıq ideyalarının tərənnümçüsü adlandıran müəllif, eyni zamanda, onu avamlıq və nadanlığa, cəhalət və geriliyə, ictimai həyatda əngəllərə qarşı alovlu bir mübariz kimi dəyərləndirir.

Görkəmli alim Sabirin etikestetik görüşlərini də geniş təhlil edir. Filosofun bu kitabı çox sadə, hamının başa düşəcəyi, anlayacağı elmi dildə yazılmışdır.

Fikirlərdə ardıcıllıq, bağlılıq, güclü məntiq vardır. Hər bir fəsil, hər bir paraqraf üzərində ciddi araşdırmalar aparılmış, irəli sürülən fikir və müddəalar şairin öz əsərlərindən gətirilən konkret faktlarla yüksək  səviyyədə işıqlandırılmışdır. M.Ə.Sabir haqqında çox yazılıb, müxtəlif fikirlər söylənilib, dissertasiyalar, monoqrafiyalar hazırlanıb. Lakin M.Ağamirovun bu əsəri daha çox fəlsəfi  məzmun və xarakter daşıdığına görə əvvəlkilərdən köklü şəkildə fərqlənir.

1982-ci ildə M.Ağamirovun "Abdulla Şaiqin dünyagörüşü" adlı monoqrafiyası çapdan çıxmışdır. Kitab "Giriş" və 6 fəsildən ibarətdir. "Giriş"də müəllif Abdulla Şaiqin yaşadığı mühitin sosial-siyasi, iqtisadi və mədəni vəziyyətini təhlil edir, o dövrdə hansı cərəyanların, hansı problem və məsələlərin, bunlara müxtəlif mövqedən yanaşan ideoloqların olduğu haqqında məlumat verir.

Müəllif göstərir ki, Abdulla Şaiq uzun və çətin yaradıcılıq yolu keçmişdir. Həmin müddət ərzində onun yaradıcılığında ziddiyyətlər də olmuşdur. Lakin bu yaradıcılıq həmişə təkamüldə olmuş, get-gedə inkişaf etmiş, cilalanmışdır. "Giriş"də Abdulla Şaiqin yaradıcılığında olan romantizm və realizmdən də bəhs olunur. Kitabın birinci fəsli "Abdulla Şaiqin fəlsəfi aləmi" adlanır. Burada həmin dövrdə Azərbaycanda yayılan fəlsəfi, sosial-siyasielmi- nəzəri baxışlara ümumi nəzər salınır.

Müəllif yazır ki, bu  dövrdə Azərbaycanda ən çox yayılan fikir cərəyanları burjua ideologiyası, proletariatın dünyagörüşüdemokratik fikir idi. Bu fikir cərəyanlarının fəlsəfi aspektləri ilə tanış olmaq bizə yazıçının əsərlərində fəlsəfə məsələlərinin necə qoyulduğunu, onun fəlsəfi görüşlərinin hansı istiqamətə yaxınlaşdığını aydınlaşdırmaqda kömək edir.

Abdulla Şaiqin yaradıcılığının ilk dövrlərində dini təsirlər, ilahi qüvvələr və s. həlledici, aparıcı istiqamət səviyyəsinə yüksəlməmişdir. Elə həmin dövrdə onun bir sıra əsərlərində  elmi biliklərə yiyələnməyin zəruriliyi haqqında mülahizələri öz əksini tapır. Şaiq elmi, maarifi, məktəbi insanların ətraf aləmi düzgün dərk etməsi üçün zəruri sayırdı. Təbiətdə ümumi bir dəyişmə hadisəsinin mövcud olduğunu da qəbul edirdi. A.Şaiq göstərirdi ki, varlıq yox olmur, yoxdan heç bir şey törəyə bilməz, varlıq yalnız öz şəklini dəyişir.

Sonrakı yazılarında Ağamirov qeyd edir ki, A.Şaiqin əsərlərində milli məsələ, milli-müstəmləkə məsələsi, soyğunçuluq müharibələri, xalqlar arasında sülh məsələləri, vətənpərvərlik və beynəlmiləlçilik haqqında söylədiyi mülahizələr çox əhəmiyyətli yer tutur. Müəllif Abdulla Şaiqin etik-estetik və ədəbi görüşlərini də tədqiq etmişbu barədə çox geniş məlumat vermişdir. Şaiqin müharibə, sülh və qadın azadlığı haqqında söylədiyi qiymətli fikir və mülahizələrini üzə çıxarmışdır.

Midhət Ağamirovun sonuncu fəlsəfi əsəri 1987-ci ildə çapdan çıxmış "Məhəmməd Hadinin fəlsəfəsi"dir. Bu əsər "Müqəddimə", 4 fəsil və "Xülasə"dən ibarətdir. Birinci fəsil "Məhəmməd Hadinin fəlsəfi görüşləri" adlanır və bunun giriş hissəsində fəlsəfənin əsas məsələsinə, onun birinciikinci tərəfinə burjua ideoloqlarının münasibətləri açıqlanır. Bu açıqlama ilə müəllif demək istəyir ki, Məhəmməd Hadinin fəlsəfi görüşləri, fəlsəfi baxışları çox mürəkkəb və ziddiyyətli fikir cərəyanlarının mübarizəsi şəraitində formalaşmağa başlamışdır.

M.Ağamirov M.Hadinin sırf fəlsəfə məsələlərinə həsr etdiyi əsərlərin adlarını sadalayır və yazır ki, bu əsərlərdə fəlsəfənin əsas məsələsinə, xüsusilə, qnoseologiyaya dair müfəssəl mülahizələr irəli sürülür, dialektika məsələsindən, yəni, təbiət, cəmiyyət və təfəkkürün sabit, dəyişilməz halda, yoxsa daimi bir hərəkət və dəyişilmə halında olmasından ətraflı bəhs edilir, zaman və məkan probleminə toxunulur, həmçinin dinə də münasibət bildirilir.

Müəllifə görə, ümumiyyətlə, M.Hadiidealizm, nə də materializm mövqeyində ardıcıl olmuşdur. O, əsərlərində dialektikanın bəzi problemlərinə də toxunmuşdur. Məsələn, şair təbiətin, həyatın daim hərəkətdə, inkişafda olduğunu, hər şeyin dəyişdiyini ümumi qanunauyğunluq kimi qəbul edir, bu dəyişmənin cəmiyyətə və təfəkkürə də aid olduğunu söyləyir.

Midhət Ağamirov yazır:"Qeyd edilməlidir ki, təbiət və cəmiyyətdə baş verən dəyişilmələr  haqqında şairin bu illərdə irəli sürdüyü müddəalar müəyyən dərəcədə məhdud xarakter daşıyır. O, inqilablardan bəhs etsə də, bu dəyişilmə, başqalaşma və təzələnmənin başlıca olaraq tədrici yolla, təkamül vasitəsilə baş verməsi müddəasını irəli sürür. Deməli, yaradıcılığının lap əvvəllərində M.Hadi cəmiyyətdə, təbiətdə baş verən dəyişilmə və başqalaşma hadisəsinin səbəblərini ilahi qüvvədə görürdü.

Dövrün, şəraitin özünün ziddiyyətli və mürəkkəb olmasına, M.Hadinin dilinin çətinliyinə, ağırlığına, fikir və düşüncəsinin ziddiyyətli ölmasına, lakin  ardıcıl olmamasına baxmayaraq, Midhət Ağamirov bu işin öhdəsindən bacarıqla gəlmiş, M.Hadi kimi romantik mütəfəkkirin fəlsəfi baxışlarını dərindən və ətraflı şəkildə,  realistcəsinə və heç bir ziddiyyətə yol vermədən təhlil etmiş, şairə layiq olduğu qiyməti vermişdir.

Kitabın ikinci fəsli "M.Hadinin fəlsəfi görüşləri. Sosial fəlsəfə. Cəmiyyətdə təzadlar. İctimai tərəqqi" adlanır. Cəmiyyətdə təzadlar haqqında M.Hadinin fikrini oxuculara çatdırmaq üçün müəllif yazır ki, şair cəmiyyətin iki böyük qismə bölündüyünü, bunlardan birində varlıların, dövlətlilərin, digərində isə yoxsulların, məzlumların toplaşdıqlarından xəbərdar idi. Onun fikrincə, insanların pis həyat sürməsi, cəmiyyətin böyük bir hissəsinin  yoxsul məişəti mənəvi yoxsulluqla, mənəvi mədəniyyətdən məhrum olmaqla bağlı idi.

Daha sonra müəllif  qeyd edir ki, M.Hadi cəmiyyətdə mübarizə getdiyini, güclülərlə gücsüzlər arasında çarpışma olduğunu, zalımların məzlumları əzdiklərini, istismar etdiklərini görürdü. Lakin o, yanlış olaraq zənn edirdi ki, cəmiyyətdəki bu mübarizə əzəlidir, həmişə davam edəcəkdir, sinifsiz, ədalətli cəmiyyətə gəlib çatmaq mümkün deyildir. İctimai tərəqqinin gedişi, bu tərəqqiyə səbəb və ona mane olan amillər M.Hadini həmişə düşündürmüşdür. O, bəzən insanların bir-birinə kömək göstərməsini tərəqqi üçün bir səbəb hesab edir. Bundan başqa, maarif ocaqlarının geniş yayılmasını da tərəqqiyə səbəb kimi qəbul edir.

Eyni zamanda, M.Hadi zənn edirdi ki, insanların xoşbəxt yaşaması üçün əsas və başlıca yolu islam dini göstərir. Həmin yol isə hələ bu dinin yarandığı zamanlardan bəri qoyulan qaydalara əməl etməkdən ibarətdir. Onun fikrincə, cəmiyyətin irəliləməsi üçün, ictimai inkişaf üçün insanların həvəsi, şövqü mühüm vasitədir. Məhz həvəs sayəsində  istər bütövlükdə millətlər, istərsə ayrı-ayrı şəxslər öz istəklərinə nail ola bilərlər. Bu barədə M.Hadi yazır:"Bütün kainat həvəs ilə, şövq ilə tədvir edir, həvəs ilə intizampəzir olur"("Həyat" qəzeti ¹ 150, 20 iyul 1906).

Midhət Ağamirov çox düzgün olaraq göstərir ki, M.Hadinin əhval-ruhiyyəsi daim bir təlatüm keçirir: gah fırtınalı, dalğalı bir ümman kimi coşur, qızğın mübarizələrə çağırışlar, azadlıq uğrunda çarpışmaq sədaları yüksəlir, gah da məyusluq, ruh düşgünlüyü, ümidsizlik onun zehninə hakim kəsilir. Şairə görə, ümumi yüksəlişə, tərəqqiyə çatmaq üçün ən təsirli vasitə cəmiyyətin bütün üzvlərinin  əxlaqının yaxşılaşdırılması, saflaşdırılması və maarifə, mədəniyyətə yiyələnməsidir.

Professor M.Ağamirov M.Hadinin etikestetik görüşlərindən də bəhs  edir: "Şairin əsərlərində bir sıra əxlaq məsələlərinin təbliğinə də rast gəlmək mümkündür. Ancaq şair bir sıra hallarda dini əxlaqı nəzərdə tutur və zənn edir ki, gözəl əxlaq islam dininin ruhunu təşkil edir. Həm də bu hökm istər bu dünya, istərsə axirət barəsində qüvvədədir".

Əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, peofessor Midhət  Ağamirovun  Azərbaycan demokratik fikir nümayəndələri - milli ziyalılarımız olan A.Səhhət, H.Cavid haqqındakı yazıları, xüsusən, "M.Ələkbər Sabirin dünyagörüşü", "Abdulla Şaiqin dünyagörüşü", " Məhəmməd Hadinin fəlsəfəsi" adlı monumental tədqiqatları onun doğrudan da, görkəmli bir filosof, peşəkar tədqiqatçı, ictimai xadim olduğunu bir daha sübut edir.

Midhət Ağamirovu müasirlərindən fərqləndirən əsas cəhət bu gün də, sabah da gələcək nəsillərə örnək ola biləcək milli ziyalılarımız və onların dünyagörüşləri haqqnda ətraflı məlumat verməsidir. Müəllifin dili sadə, nitqi aydın, fikirləri məntiqi, üslubu səlisdir.

 

Müstəqil AĞAYEV,

 

AMEA Fəlsəfə, SosiologiyaHüquq İnstitutu, Fəlsəfə və İctimai fikir tarixi şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru

 

 

Azərbaycan. - 2013.- 16 avqust.- S. 11.