9 oktyabr
2013-cü ildə keçiriləcək Azərbaycan
Respublikasının Prezidenti seçkilərində
seçkiqabağı təşviqata dair
qanunvericiliyin tələblərinə əməl
olunmasının vacibliyi ilə əlaqədar
kütləvi informasiya vasitələrinə
müraciət
Hörmətli
kütləvi informasiya vasitələrinin
rəhbərləri və media mənsubları!
Məlum olduğu kimi, Azərbaycan
Respublikası Prezidentinin növbəti
seçkiləri Mərkəzi Seçki
Komissiyası tərəfindən 2013-cü ilin
9 oktyabrına təyin edilmişdir.
Hazırda prezidentliyə namizədlərin irəli
sürülməsi və təsdiq olunması, təsdiq edilmiş namizədlərin müdafiəsi üçün seçici
imzalarının toplanması prosesi gedir. Seçki qanunvericiliyinin tələblərinə
görə, bu seçkilərdə
seçkiqabağı təşviqat yalnız belə fəaliyyətə
səlahiyyətli subyektlər tərəfindən,
qanunvericiliklə müəyyən olunmuş
vasitələrlə və qaydalara əməl
olunmaqla sentyabrın 16-dan oktyabrın 8-i saat 8.00-dək aparıla bilər.
Qeyd edilən tələblərə
zidd olan,
seçkiqabağı təşviqat üçün
qanunla nəzərdə tutulan
müddətlərin və qaydaların pozulmasına səbəb
olan, habelə hər hansı bir namizədin (qeydə alınmış namizədin)
lehinə, yaxud əleyhinə olan və ya belə yozula bilən təşviqat
materiallarının KİV
tərəfindən dərc edilməsi və
yayımlanması qadağandır.
Ölkəmizin
taleyində müstəsna əhəmiyyət kəsb edən
seçkilərin demokratik tələblərə
uyğun, azad, ədalətli
və şəffaf keçirilməsinin təmin edilməsi üçün bu prosesdə
mühüm rolu olan KİV-nin də qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərməsi olduqca
vacib və əhəmiyyətlidir.
Mərkəzi
Seçki Komissiyası kütləvi informasiya vasitələrinə bu
prosesdə qanunvericiliyin tələblərinə
ciddi riayət olunmasını tövsiyə
edir və inanır ki,
həmin qurumların rəhbərləri və digər media mənsubları respublikamızın beynəlxalq
imicinin daha da möhkəmlənməsində vacib
rol oynayacaq bu mühüm tədbirdə
öz üzərlərinə düşən
vəzifələri layiqincə
yerinə yetirəcəklər.
Azərbaycan
Respublikasının Mərkəzi Seçki
Komissiyası
Azərbaycan. - 2013.- 16 avqust.- S. 11.