Qəbələdə
Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının III Zirvə toplantısı keçirilmişdir
Avqustun 16-da Qəbələdə,
Heydər Əliyev Konqres Mərkəzində
Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının (TDƏŞ) III Zirvə toplantısı keçirilmişdir.
Azərbaycan
Prezidenti İlham
Əliyev Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurasının (TDƏŞ) III
Zirvə toplantısında iştirak etmək
üçün Qəbələdə səfərdə
olan Qazaxıstan Prezidenti
Nursultan Nazarbayevi,
Türkiyə Prezidenti Abdullah
Gülü, Qırğızıstan Prezidenti Almazbek Atambayevi və Türkmənistan Nazirlər Kabineti
sədrinin müavini Sapardurdu
Toyliyevi qarşıladı.
Dövlət
başçıları rəsmi foto
çəkdirdilər.
Ötən il sammitin keçirildiyi
Qırğızıstanın Prezidenti Almazbek Atambayev Qəbələ
zirvə görüşünün
yüksək səviyyədə təşkilinə görə
Prezident
İlham Əliyevə minnətdarlıq
etdi. O, qarşıdakı fəaliyyət
dövründə də təşkilatın bir
çox uğurlara nail olacağına əminliyini ifadə etdi və növbəti il
üçün Türkdilli
Dövlətlərin Əməkdaşlıq Şurasına sədrliyin
Azərbaycana keçdiyini dedi.
Sonra dövlət
başçısı İlham Əliyev
çıxış etdi.
Azərbaycan
Prezidenti İlham
Əliyevin çıxışı
- Sağ
olun hörmətli Almazbek Şarşenoviç!
Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasına sədrliyin
növbəti il üçün Azərbaycan Respublikasına
ötürülməsi ilə
əlaqədar Sizə
təşəkkürümü bildirirəm.
Hörmətli dövlət başçıları, hörmətli
xanımlar və cənablar, əziz dostlar, mən sizin hamınızı Azərbaycanda səmimiyyətlə
salamlayıram.
İlk növbədə,
Qırğızıstan Respublikasına və şəxsən
Prezident Atambayevə keçən il ərzində Əməkdaşlıq
Şurasına uğurlu sədrlik etdiyi üçün minnətdarlığımı
bildirmək istəyirəm. Hesab edirəm
ki, keçən il ərzində
bizim əməkdaşlığımız
daha da dərinləşdi.
Qırğızıstanın uğurlu
rəhbərliyi Türkdilli Ölkələrin
Əməkdaşlıq Şurasının fəaliyyətinə
güclü təkan vermişdir.
Əminəm ki, bundan
sonrakı illərdə də əməkdaşlığımız
dərinləşəcək, genişlənəcək və
yeni pilləyə qalxacaqdır. Mən
bütün qonaqları Azərbaycanın
qədim şəhəri olan Qəbələdə
səmimiyyətlə salamlayıram.
Xatırlayıram
ki, ötən dəfə zirvə görüşü digər qədim Azərbaycan
şəhərində - Naxçıvanda keçirilmişdir.
Bu zirvə görüşlərinin
müxtəlif şəhərlərdə keçirilməsi bir növ
tanışlıq xarakteri
daşıyır, eyni zamanda,
xalqlarımız, ölkələrimiz arasındakı birliyi daha da
möhkəmləndirir. Dünyada türk aləmi güclənir, türk aləmi böyük
coğrafiyanı əhatə edir. Əlbəttə
ki, bizim
xalqlarımız bir-birini daha
da yaxından tanımalı və əməkdaşlıq
daha da sürətlə
aparılmalıdır.
Böyük qürur
hissi ilə deyə bilərəm ki, ötən dəfə zirvə görüşü Azərbaycanda -
Naxçıvanda keçiriləndə türkdilli
dövlətlərin əməkdaşlığı üçün yeni format yaradılmışdır. Bu formatın artıq Türkdilli
Dövlətlərin Əməkdaşlıq Şurası
çərçivəsində təşkili əməkdaşlığımızın
yeni mərhələsidir. Artıq üçüncü zirvə görüşü
keçirilir. Əminəm ki, bu zirvə
görüşləri bundan sonra da mütəmadi qaydada keçiriləcəkdir.
Bizim
xalqlarımızı ortaq tarix,
mədəniyyət, müştərək dəyərlər
birləşdirir. Əsrlər boyu bizim xalqlarımız bir-biri
ilə sıx əlaqədə olmuşdur,
əməkdaşlıq etmişik, bir yerdə yaşamışıq, bir-birimizə
dayaq, arxa olmuşuq.
Bu gün isə
müstəqil dövlətlər kimi biz bütün məsələlərdə
bir yerdəyik, bir yerdə
olmalıyıq. Hesab edirəm ki, Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurasının başlıca vəzifəsi
xalqlar və ölkələr
arasındakı birliyi daha
da möhkəmləndirməkdir.
Biz ikitərəfli
formatda çox uğurlu fəaliyyət göstəririk. İqtisadi sahədə gözəl əməkdaşlıq
aparılır, beynəlxalq aləmdə, beynəlxalq təşkilatlarda
ölkələrimiz daim bir-birinə dəstək,
arxa olur və bu da təbiidir. Çünki qardaş xalqlar bir-birinin yanında
olmalıdırlar.
BMT, İslam Əməkdaşlıq Təşkilatı
və digər beynəlxalq təşkilatlarda biz
bir çox hallarda vahid mövqedən
çıxış edirik. Əlbəttə
ki, bu, bizim
gücümüzü daha
da artırır, bizi
gücləndirir.
Bu gün
biz öz işimizi bir neçə
əsas istiqamət üzrə aparacağıq. Bir neçə
vacib məsələ müzakirə ediləcəkdir.
Əlbəttə ki, ölkələrimizin
uğurlu inkişafı üçün
əsas məsələ regional təhlükəsizlik
məsələləridir. Ölkələrimiz regional təhlükəsizlik məsələlərinə
öz
töhfəsini verirlər. Bu, çox vacib məsələdir.
Çünki bizim
xalqlarımız sülh, əmin-amanlıq,
sabitlik şəraitində
yaşayırlar. Biz elə etməliyik ki, yaşadığımız bölgədə
sülh, əmin-amanlıq daim
təmin edilsin. Əfsuslar olsun
ki, Azərbaycan uzun
illərdir erməni işğalından əziyyət çəkir.
Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır. Beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyümüz pozulubdur.
Xalqımıza qarşı etnik təmizləmə
siyasəti aparılmışdır və bütün
beynəlxalq hüquq normaları
kobudcasına pozulmuşdur.
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin
tezliklə, ədalətli, beynəlxalq hüquq
normaları əsasında həll edilməsi həm bu ədalətsizliyə son
qoyacaq, eyni zamanda, regional təhlükəsizliyə
də töhfə olacaqdır. Bu
münaqişə beynəlxalq hüquq
normaları əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində
öz həllini tapmalıdır. Bu gün qəbul olunacaq birgə bəyannamədə məhz bu prinsiplər öz əksini
tapıbdır və buna görə öz həmkarlarıma minnətdarlığımı
bildirmək istəyirəm.
Dünən biz mədəniyyətimizin bir
hissəsini əks etdirən gözəl konsertdə də bərabər
idik. Bu, əslində,
türk mədəniyyətinin birliyi, dostluğu konserti idi. Bizim
mədəniyyətimiz bir-birinə çox
bağlıdır. Bizim köklərimiz də,
bayramlarımız da eynidir,
dillərimiz də bir-birinə oxşayır. Yəni humanitar sahə əməkdaşlığımız
üçün əsasdır. Yəni əgər
bu olmasaydı, yəqin ki,
əməkdaşlıq bu dərəcədə
inkişaf etməzdi. Ona
görə əlbəttə ki, humanitar sahədə aparılan işlərə
çox böyük
diqqət göstərilməlidir. Mən TÜRKSOY-un
fəaliyyətini xüsusi vurğulamaq istəyirəm. TÜRKSOY nəinki
türkdilli dövlətlərdə, bütün türk
diyarlarında fəal iş aparır və
beləliklə, türk
dünyasının birləşməsinə xidmət
göstərir. Mən çox şadam ki, Azərbaycan tərəfindən
irəli sürülmüş təşəbbüs
də artıq reallaşır. Türk Mədəniyyətinə
dəstək və Türk İrsinin Qorunması Fondunun
tezliklə yaradılması çox
önəmli hadisə olacaqdır.
Eyni zamanda,
ölkələrimizin iqtisadi sahədə
potensialı ildən-ilə artır və bizim
ölkələr bir-biri ilə sıx əməkdaşlıq
edir. Müxtəlif iqtisadi
layihələr icra edilir.
Deyə bilərəm ki, iqtisadi və infrastruktur
layihələrinin uğurlu
inkişafı üçün Azərbaycan
öz tərəfindən səylərini
göstərməkdədir və bölgədə nəhəng
infrastruktur layihələrinin
yaradılması məhz Azərbaycandan
başlanmışdır.
Bakı-Tbilisi-Ceyhan
neft kəmərinin tikintisi
artıq beynəlxalq enerji və ondan sonra nəqliyyat dəhlizinin
açılmasına xidmət göstərmişdir. Tarixdə
ilk dəfə olaraq Xəzər
dənizi Aralıq dənizi ilə birləşdi və bu tarixi hadisə
özlüyündə böyük bir nailiyyət idi. Ancaq, eyni zamanda,
digər mühüm layihələrin
icrasına gətirib çıxarmışdır və bu gün nəqliyyat və
energetika sektorlarındakı işləri
bir-birindən ayırmaq mümkün deyildir. Qədim İpək yolunun
bərpası artıq reallıqdır. Biz
bu İpək yolunu zənginləşdiririk,
yeni infrastruktur layihələri
ilə təkmilləşdiririk.
Neft-qaz
sektorundakı əməkdaşlıq ölkələrimizi birləşdirir,
bizim ölkələrdə həm təbii
sərvətlər var, həm inkişaf etmiş infrastruktur və gözəl ixrac
yolları da mövcuddur
və bu səylərin birləşməsi,
əlbəttə ki, türk
dünyasının güclənməsinə gətirib
çıxaracaqdır. Azərbaycan artıq bizim
qardaşlarımız üçün, Xəzərin
şərq sahilində yerləşən ölkələr üçün tranzit
ölkə kimi öz
rolunu oynayır. Bu da mühüm məsələdir.
Yəni bu layihələr
xalqlarımızı, iqtisadiyyatlarımızı birləşdirir.
Neft-qaz sektorundakı əməkdaşlıq
çoxşaxəli əməkdaşlıqdır. Burada bütün ölkələr
uğurla fəaliyyət göstərir, uğurla əməkdaşlıq edir. Əlbəttə ki, bu gün gündəlikdə
olan məsələlərdən biri də nəqliyyat infrastrukturunun
təkmilləşməsidir. Bu istiqamətdə
müştərək səylərlə böyük
işlər görülmüşdür,
həm ikitərəfli formatda, həm
üçtərəfli formatda. Müxtəlif
nəqliyyat layihələrinin icrası, əlbəttə ki, böyük vəsait tələb
edir. Ancaq bizim ölkələrimizdə iqtisadi
inkişaf çox
sürətlidir və ölkələrimizin maliyyə durumu da
yaxşıdır. Belə olan halda biz gələcəkdə
də böyük nəqliyyat layihələrinə
mütləq vəsait ayırmalıyıq. Onların
içində Avropanı Asiya ilə birləşdirən
Bakı-Tbilisi-Qars dəmir yolunu xüsusilə
qeyd etmək istəyirəm. Bu dəmir yolu vasitəsilə
qitələr birləşəcək, ölkələrimiz tranzit ölkələrə çevriləcəkdir.
Bu dəmir yolu bundan sonra 100 illiklər ərzində
xalqlarımıza xidmət edəcək. Bu,
böyük geosiyasi, geoiqtisadi və əməkdaşlıq layihəsidir.
Əminəm ki, biz
yaxın zamanlarda, gələn il bu layihənin istifadəyə
verilməsini qeyd edəcəyik və beləliklə,
tarixi İpək yolunu
bərpa etmiş olacağıq.
Digər layihələr.
Bilirəm ki, Əməkdaşlıq
Şurasına üzv ölkələrdə
böyük nəqliyyat layihələri icra edilir və bu layihələr hər bir
ölkə üçün çox böyük əhəmiyyət
kəsb edir. Bu layihələr
birlikdə bölgənin yeni nəqliyyat
xəritəsini təşkil edir.
Bu gün
bizim ölkələrimiz uğurla
və inamla inkişaf
edir. Bu gün dünyanın müxtəlif yerlərində,
o cümlədən əfsuslar olsun ki, İslam
dünyasında proseslər müxtəlif istiqamətdə gedir, qarşıdurmalar, vətəndaş
müharibələri, digər xoşagəlməz hallar baş verir. Bizim
diyarlarımızda, türk diyarında isə
sabitlik, inkişaf hökm sürür. Bu, böyük nailiyyətdir,
böyük sərvətdir. Xüsusilə nəzərə alsaq
ki, dünyada hələ
də maliyyə və iqtisadi böhran davam edir, bizim ölkələrimizin
uğurlu inkişafı, ölkələrdə
mövcud olan sabitlik və tərəqqi, hesab
edirəm ki, xalqlarımızın böyük nailiyyətidir, dövlətlərimizin
böyük sərvətidir. Biz bu sərvəti
qorumalıyıq, birgə səylərlə
qorumalıyıq, inkişaf etdirməliyik.
XXI əsr türk dünyasının əsri
olmalıdır. Bizim ölkələrimizin
potensialı, birgə fəaliyyəti, Əməkdaşlıq
Şurası kimi çox
önəmli əməkdaşlıq formatı vardır. Biz bütün müsbət
meyilləri gücləndirməliyik. Hesab
edirəm ki, bugünkü
zirvə görüşü bu amallara xidmət edir, zirvə görüşünün
çox gözəl nəticələri
olacaqdır.
İndi isə təklif edirəm
ki, biz gündəliyi
qəbul edək. Gündəlik qarşınızdadır.
Əgər başqa təklif yoxdursa, gündəlik qəbul olunur.
İndi isə hörmətli
dövlət başçılarını və nümayəndə
heyətlərinin rəhbərlərini çıxış
etməyə dəvət edirəm. Söz
verilir, Qazaxıstan Respublikasının Prezidenti cənab Nursultan
Nazarbayevə.
Azərbaycan. - 2013.- 17 avqust.- S. 1-2.