Qəbələdə
Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurasının
III Zirvə toplantısı
keçirilmişdir
Qazaxıstan Prezidenti
Nursultan Nazarbayevin çıxışı
- Hörmətli
xanımlar və cənablar!
Mən
Şuranın fəaliyyətinin bu günü və gələcəyi barədə
fikirlərimi sizinlə bölüşmək istəyirəm.
Əvvələn, Türk
Şurasının nüfuzunu yüksəltmək,
onun bir təşkilat
kimi institusional əsasının
formalaşması üçün hər
cür səy göstərilməlidir. Bunun üçün bəzi
mühüm sənədlərin
ratifikasiyasının başa
çatdırılmasını sürətləndirmək
lazımdır. Türk
Şurasının əsas işçi
orqanı olan Katibliyin
fəaliyyəti bizim üçün
çox vacibdir. Bu iş təşkilatın
ilk baş katibi Xəlil Akıncının əməyi
sayəsində reallaşır. Biz türkdilli dövlətlər arasında əməkdaşlıq
yaradılmasında onun fəaliyyətini
yüksək qiymətləndiririk.
İkincisi, qardaş
xalqlar və qonşu
ölkələr arasında qarşılıqlı
faydalı iqtisadi əməkdaşlığı
möhkəmlətmək lazımdır. Bu
gün 6 müstəqil türkdilli
dövlətin ümumi daxili
məhsulunun həcmi 1 trilyon 150 milyard dollara
çatır. Bununla belə, ölkələrimiz
arasında əmtəə dövriyyəsinin həcmi bizim potensiala uyğun deyildir. Məsələn,
2012-ci il üçün
olan məlumatlara görə,
Qazaxıstanın türkdilli dövlətlərlə
ticarətinin həcmi cəmi 8 milyard dollar olmuşdur. Bu, bizim əmtəə
dövriyyəsinin cəmi 6 faizi deməkdir.
Keçən ilin axırlarında Qazaxıstan 2050-ci ilə
qədər olan dövr
üçün inkişaf
strategiyasını qəbul etmişdir. Biz dünyanın ən çox
inkişaf etmiş 30
ölkəsi sırasına daxil olmaq vəzifəsini qarşıya qoymuşuq. Bu, çox böyük,
ambisiyalı hədəfdir. Lakin bizdə bunun üçün hər
cür imkan vardır.
Ölkədə sürətli sənayeləşdirmə
proqramı üzrə sistemli iş aparılır. Təkcə son ilyarım ərzində ümumi
məbləği 14 milyard dollara
yaxın olan 560 layihə həyata keçirilmişdir. Bunun
sayəsində 60 mindən çox yeni iş yeri
yaradılmışdır. İlk beş il üçün
nəzərdə tutulan işləri
tamamlamışıq və qarşıdakı beş ildə bu işlər
davam etdiriləcəkdir.
Biz yeni enerji mənbələrindən istifadə
edilməsi, "yaşıl iqtisadiyyat"ın
inkişafı məsələlərinə əhəmiyyət
veririk. Bildiyiniz kimi, Astanada
"Ekspo-2017" beynəlxalq sərgisinin keçirilməsi
planlaşdırılır. Bu, xüsusi əhəmiyyətə malik tədbirdir. Əminəm ki,
bu genişmiqyaslı tədbirdə bütün türkdilli
dövlətlər fəal iştirak edəcəklər.
Bunun sayəsində bizim
hamımız üçün əhəmiyyətli
olan bir istiqamətin -
turizmin inkişafına imkan
yaranır. Bu sahədə təcrübə
mübadiləsi etmək, mütəxəssisləri birlikdə
hazırlamaq, ümumi marşrutun
istiqamətlərini müəyyən etmək lazımdır.
Bu məqsədlə Katiblik
çərçivəsində turizmin
inkişafına dair işçi
qrup yaratmağı təklif edirəm.
Üçüncüsü, Türk
Şurasının üzvü olan dövlətlər arasında
kommunikasiyaların inkişafına diqqət yetirmək
lazımdır. Nəqliyyat və kommunikasiyalar
bizim iqtisadi qüdrətimizin
inkişafının əsası olmalıdır. Təsadüfi deyildir ki, bizim bu
görüşümüz həmin mövzuya həsr edilmişdir.
2020-ci ilə qədər Qazaxıstan ərazisindən tranzit daşımaların həcmini iki dəfə, 2050-ci ilə qədər 10 dəfə
artırmağı planlaşdırırıq. Gələcəkdə
ölkə ərazisi ilə yükdaşımaların həcmini
ildə 50 milyon tona
çatdırmaq planlaşdırılır. Bunun
üçün zəruri işlər
aparılır.
2011-ci ildə Rusiya, Çin və Almaniya ilə birlikdə Qazaxıstan ərazisindən
keçməklə Çindən Almaniyaya
gedən "Çuntsin-Duysburq" konteyner qatarı işə
salınmışdır. Bu məsafə
dəniz yolu ilə müqayisədə iki dəfə qısadır. Gələcəkdə
bizim regiondan keçməklə
Avropanı Sakit okeanla
birləşdirən yeni hava
yollarının açılması, dəniz, avtomobil
və dəmir yolları tikintisi, boru kəmərləri çəkilməsi
planlaşdırılır.
Çin ilə əmtəə
dövriyyəsinin həcmi 30 milyard dollara çatır. Çin
sərhədində bizim "Şərq
qapıları" - "Xorqos" sərhədyanı
əməkdaşlıq mərkəzi fəaliyyət göstərir.
Aktau dəniz limanının genişləndirilməsi
üzrə layihələr bu sərhəd
vasitəsilə reallaşır. Bu layihələr
bizim Xəzər regionuna,
daha sonra Rusiya və Avropaya
çıxmağımıza imkan verən
"Qərb qapıları" funksiyasını yerinə yetirir. Beləliklə, ölkələrimiz
Qazaxıstan ərazisindən keçməklə Avropaya gedən yollardan
istifadə edə biləcəklər. Gələcəkdə
Çinin Sarı dəniz sahilindəki Lyanyunqan limanında terminal
infrastrukturu yaradılacaqdır. Türkiyə,
Azərbaycan və Qazaxıstanın dəniz limanları
arasında əməkdaşlığın inkişafı sayəsində
biz Xəzər dənizinin nəqliyyat
potensialını artırmaq imkanı əldə etmişik. Bununla əlaqədar
biz nəqliyyat və kommunikasiya
nazirlərinin birinci görüşünün
keçirilməsini dəstəkləyirik. Bildiyimiz
kimi, həmin görüş
yaxın vaxtlarda olmuşdur
və yaxşı qərar gözləyirik.
2015-ci ildə biz Qazaxıstandan keçən 2700 kilometr uzunluğunda "Qərbi
Avropa-Qərbi Çin" qitələrarası
avtomobil yolu dəhlizinin
açılışını planlaşdırırıq. Cari ilin may
ayında biz Qazaxıstan-Türkmənistan-İran
dəmir yolunun Qazaxıstan-Türkmənistan
hissəsini rəsmən tamamlamışıq. Gələn il İran öz
ərazisində işləri tamamlayanda biz Bəndər-Abbas limanına çata biləcəyik. Bakı-Tbilisi-Qars dəmir
yolunun tezliklə istifadəyə verilməsini
gözləyirik. Bundan əvvəl bizim nəqliyyat nazirləri və dövlət
başçıları bütün zəruri
məsələləri həll etməlidirlər. Müxtəlif
maneələr var, onları aradan qaldırmaq lazımdır. Bu marşrut bizim üçün çox vacibdir. TRASEKA beynəlxalq nəqliyyat dəhlizi
çərçivəsində konteyner tipli multimodal nəqliyyat
qatarı layihəsi də böyük əhəmiyyət
kəsb edir. Bu məqsədlə
biz Aktauda yeni liman üçün
şərait yaratmalıyıq. Gələcəkdə
qarşılıqlı əmtəə dövriyyəsini
artırmaq üçün gömrük sahəsində əlaqələri
fəallaşdırmaq lazımdır. Bunun
üçün beynəlxalq standart mütərəqqi texnologiyalardan
səmərəli istifadə etmək vacibdir.
Dördüncüsü, təhsil, elm və mədəniyyət sahələrində
qardaş ölkələr arasında əməkdaşlığı
bundan sonra da inkişaf etdirmək
lazımdır. Türk dünyasına xas olan tolerantlıq, humanizm, mənəviyyat kimi
keyfiyyətləri geniş təbliğ
etmək vacibdir. TÜRKSOY qurumunun,
Türk Akademiyasının, Türk Mədəniyyəti və İrsi Fondunun işində
fəal iştirak etməliyik. Türk Akademiyası bilik
və təcrübə mübadiləsinin təmin edilməsində,
türkoloqların birgə hazırlanması, türk
irsinin öyrənilməsi üçün böyük
imkanlara malikdir. Türk Şurasının Almatıda keçirilmiş birinci
zirvə görüşünün qərarına
uyğun olaraq "Türk dünyası" adlı illik almanax
buraxılır. Yəqin ki, siz onu almısınız.
Akademiya tərəfindən
hazırlanmış "Türk tərbiyə
antologiyası" da böyük
əhəmiyyətə malikdir. Bu il Türküstan şəhərində "Türk
dünyası bu gün:
real vəziyyət, inkişaf
perspektivləri" adlı birinci beynəlxalq
simpozium keçiriləcəkdir. Ümid edirik ki, bu mühüm
tədbirdə bütün türkdilli dövlətlərin alimləri fəal
iştirak edəcəklər.
TÜRKSOY təşkilatı türk
xalqlarının mədəniyyətinin və incəsənətinin
təbliğində mühüm rol oynayır. Bu il həmin təşkilatın
yaradılmasının 20 illiyini qeyd edəcəyik.
Buna görə də, əziz dostlar, əziz qardaşlar, biz konkret iş görməliyik, iqtisadi əməkdaşlığı
genişləndirməli, xalqlarımıza,
bütün dünyaya
göstərməliyik ki,
biz faydalı iş aparırıq.
Əziz həmkarlar,
hörmətli qardaşlar, bugünkü görüşdə biz bu təşkilatda sədrliyi
qırğız dostlarımızdan azərbaycanlı
qardaşlarımıza verdik. Bununla əlaqədar, Qırğızıstan
Prezidenti Almazbek
Atambayevə təşəkkürümüzü bildirir, Azərbaycan Prezidenti
İlham Əliyevə Şuranın fəaliyyətinin
inkişafında uğurlar
arzulayırıq. Uğurlar arzulayır və
bu işi dəstəkləyirik.
Qoy ölkələrimizin birliyi
möhkəm, müstəqilliyimiz əbədi olsun.
Hamınıza səadət və əmin-amanlıq
arzulayıram. Qoy türkdilli
dövlətlər əlbir olsunlar.
***
Prezident İlham
ƏLİYEV: Təşəkkür edirəm. İndi
isə söz verilir
Qırğızıstan Prezidenti cənab
Almazbek Atambayevə.
Azərbaycan. - 2013.- 17 avqust.- S. 2.