Qəbələdə
Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurasının
III Zirvə toplantısı
keçirilmişdir
Türkiyə
Prezidenti Abdullah Gülün
çıxışı
- Əziz
qardaşlarım.
Hörmətli prezidentlər.
Dəyərli nazirlər.
Türk Şurasının qurucu anlaşması olan
Naxçıvan anlaşmasının imzalandığı Odlar Yurdu Azərbaycanın
tarixi şəhərlərindən biri olan Qəbələdə
olmaqdan çox böyük xoşbəxtlik və məmnunluq
duyuram.
Tarixi Naxçıvan zirvəsindən
dörd il sonra bu dəfə Türk Şurasının III Zirvə
toplantısına ev sahibliyi
edən azərbaycanlı qardaşlarımıza və əziz
qardaşım Prezident Əliyevə təşəkkürlərimi,
təbriklərimi çatdırıram.
Əziz qardaşım Prezident Əliyevin müdrik
rəhbərliyi ilə hər keçən gün
önəmli addımlar atan Azərbaycanın
bütün bölgələrində təmin
olunan inkişafı görməkdən də
qürur duyuruq. Bizləri
bu möhtəşəm təbii gözəllikləri
mükəmməl memarlıq fəaliyyətləri ilə
zirvəyə qaldırdığınız Qəbələ
şəhərində qonaq etdiyiniz üçün də
təşəkkür edirəm. Həqiqətən, bu təbiət gözəlliklərinin
içində, eyni zamanda,
gözəl vaxt keçiririk.
Türk Şurasının zirvə
toplantıları qardaş
xalqlarımızın ortaq arzusu olan birlik
və bərabərliyimizin ən güclü
göstəricisidir. Eyni çətir
altında qəbul etdiyimiz qərarlar və
verəcəyimiz mesajlar qardaş
xalqlarımızın ortaq arzu və gözləntilərinə xidmət
etməkdədir. Bu mənada 1992-ci ildə
başlatdığımız zirvələr prosesinin
təşkilati bir quruma
qovuşmasında çox önəmli
xidmətləri və töhfəsi olan dəyərli
qardaşım cənab Nazarbayevə də çox
təşəkkür edirəm. Onun, həqiqətən,
çox səmimi səyləri təşkilatlanmanın
təmin edilməsinə çox böyük töhfə verdi.
Eyni zamanda, keçən il
keçirilən zirvə toplantısına ev
sahibliyi edən dəyərli
qardaşım Qırğızıstan Prezidenti
cənab Atambayevə də Türk
Şurası çərçivəsində oynamaqda
olduğu qurucu rol səbəbi ilə də çox
təşəkkür edirəm. Digər tərəfdən, özbək
və türkmən qardaşlarımızın ən qısa
zamanda layiq
olduqları yeri almalarına ümid edirəm. Bu gün Türkmənistan Baş
nazirinin müavini olan qardaşımızın da
aramızda olmasından xüsusi bir məmnunluq duyuram.
2009-cu ildə
Naxçıvan anlaşması ilə qurduğumuz
Türk Şurası qısa zamanda təşkilati kimliyini
gücləndirmişdir. Siz dəyərli
qardaşlarımın yüksək siyasi
iradəsi əsasında planlı və qətiyyətli fəaliyyət
göstərən baş katib,
səfir Akıncı və katiblik əməkdaşlarını
da təqdir edirəm.
Şübhəsiz
ki, Türk
Şurasının digər vahidlərinin, - bir
az əvvəl dəyərli
qardaşım cənab Nazarbayevin də
söylədiyi kimi, TürkPA,
Türk Akademiyası, TÜRKSOY, - bütün bunların da daim güclənərək inkişaf
etməsi hamımızın ən böyük arzusudur.
Əziz qardaşlarım,
"türk dünyası" tarixi və dərin mənaya malik
bir termindir. Ortaq əcdadlarımızın bizlərə miras qoyduqları dəyərlər və mədəniyyətin
formalaşdırdığı şüur,
sadəcə, keçmişimizi, kimliyimizi, mənliyimizi müəyyənləşdirməmiş,
gələcəyə istiqamətlənmiş təxəyyüllərimizi
də yaratmaqdadır. Bu gün bizi eyni millətin mənsubu edən dəyərlər,
sadəcə, ortaq dilimiz,
ortaq dinimiz, ortaq tariximiz, ortaq mədəniyyətimiz və ya ata yurdumuz
deyil, parlaq bir gələcəyi hamımızın
birlikdə inşa etmək arzu və iradəmizdir. Xalqlarımız
arasındakı könül bərabərliyi
heç bir zaman etnik,
separatçı, davakar bir
təmələ söykənməməkdədir. Əsasən
Türk dünyası böyük
mədəniyyətin mühüm bir hissəsini təşkil etməkdədir.
Türk dövlətləri olaraq öz aramızda sərgiləyəcəyimiz
əməkdaşlıq və həmrəylik, şübhəsiz,
Afro-Avrasiya bölgəsinin sülh, sabitlik və
rifahına da töhfə verəcəkdir.
Ölkələrimiz
arasında "altı dövlət, tək millət"
şüarı ilə həyata keçirdiyimiz
əməkdaşlıq bərabər,
qarşılıqlı hörmət əsasında irəliləməyə
davam edir. Bu qardaşlıq və əməldə birlik ruhu təməlində
Prezident olaraq vəzifədə
olduğum altı ildə qardaş
türk dövlətlərinə 19 dəfə
səfər etdim. Eyni
zamanda, Prezident
qardaşlarım da ölkələrimizi
ziyarət edərək hamımız bir-birimizi
şərəfləndirdik.
Prezidentlər səviyyəsində
nümayiş etdirdiyimiz
bu sıx əlaqələr, əlbəttə,
digər əməkdaşlıq səfərlərinə də
təkan vermişdir. Bu
sahədə bir çox
layihələr həyata keçirilmişdir.
İstər regional sahədə, istər
beynəlxalq platformalarda aramızdakı həmrəylik
hər zaman nümunə olmuşdur.
Bir-birimizi daim dəstəkləyərək
hər yerdə güclü bir həmrəylik nümunəsi göstərməklə
bir-birimizin uğurları digərlərimiz
üçün də qürur
mənbəyi olmuşdur.
Günümüzdə əməkdaşlığa
və həmrəyliyə ehtiyac hər zaman olduğundan çoxdur. Üzləşdiyimiz problemlər
və çətinliklər birgə mübarizə aparmaq və imkanlardan bərabər
faydalanmaq ancaq güclərimizi
birləşdirdikdə mümkün ola bilər. Türkdilli
Dövlətlərin Əməkdaşlıq Şurası bu anlayışı bölüşən
ölkələrimizin daha əhatəli əməkdaşlıq,
həmrəylik, müzakirə mexanizminin bir nəticəsi olaraq
yaranmışdır.
Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurası çərçivəsində
türk dünyasının böyük potensialını həyata
keçirəcək mühüm layihələri
reallaşdıracağımıza şübhə etmirəm.
Almatı Zirvəsində iqtisadi əməkdaşlıq, Bişkek Zirvəsində isə təhsil, elm və mədəniyyət əməkdaşlığı
sahələrində müzakirələr
aparmışdıq. Hər iki zirvədən
sonra da bu sahələrdə önəmli addımlar
atılmış, verdiyimiz təlimatlar
istiqamətində dəyərli nazirlərimiz və bu işdə məsul olan
şəxslər səmərəli işlər
görmüşlər.
Dünyamızın qlobal gerçəkliklərində ölkələr
və millətlər arasında əhatəli əməkdaşlıq
və inteqrasiya üçün
səmərəli nəqliyyat və rabitə əsas məsələlərdəndir.
Türk dünyasının iqtisadi və mədəni sahədə
inteqrasiyası ölkələrimiz arasında nəqliyyat infrastrukturunu bir-birinə bağlayacaq
layihələrin həyata keçirilməsi ilə sıx əlaqədardır.
Bu səbəbdən
Qəbələ Zirvəsi nəqliyyat sahəsində əməkdaşlıq
olaraq müəyyən edilməsi son dərəcə uğurlu
bir seçimdir.
Ölkələrimiz Avropanı Qafqaz və
Orta Asiyadan keçməklə
Çin vasitəsilə Şərq və
Şərqi Asiyaya bağlayacaq
strateji bir xətt
üstündə yerləşir. Türkiyə Şərq
və Qərb arasındakı mövcud xətlərə
alternativ və təhlükəsiz dəmir
yolları marşrutları məsələsi üzərində
çalışmaqdadır. Modern
"İpək Yolu" və ya "Orta dəhliz"
adlandırılan bu layihənin ən mühüm hissəsi Azərbaycan ilə birgə
həyata keçirdiyimiz
Bakı-Tbilisi-Qars dəmir yolu layihəsidir.
Bölgədəki vəziyyəti dəyişdirəcək bu böyük layihələr
çərçivəsində işlər sürətlə
davam edir. Bakı-Tbilisi-Qars dəmir yolu xətti
Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasına üzv olan
ölkələr arasında sürətli nəqliyyat
imkanları yaradaraq iqtisadi
və ticarət əlaqələrimizin inkişafına böyük töhfə verəcəkdir.
Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin
ən qısa zamanda tamamlanması üçün böyük
səylər göstərilir. Bu sahədə
nəqliyyat nazirlərimiz tez-tez
görüşürlər. Avqustun 15-də
nəqliyyat nazirlərimiz son vəziyyət
barədə məlumat verdilər. Bu layihənin
davamı olan Bakı limanı ilə
Qazaxıstanın Aktau və Türkmənistanın
Türkmənbaşı limanları arasındakı mövcud gəmi nəqliyyatının inkişaf etdirilməsi layihəsinin sürətlə
təkmilləşdirilməsi əhəmiyyətlidir. Nəqliyyat nazirlərimiz iyulun əvvəllərində
Bakıda təşkil edilən toplantı çərçivəsində
imzalanan Bakı, Aktau
və Samsun dəniz limanları
arasında qardaş liman
əlaqəsinin yaranmasına dair
imzalanmış Anlaşma memorandumu
bu məsələdə önəmli bir addım olmuşdur.
Hədəfimiz Türkmənbaşı limanını da bu çərçivəyə
daxil etməkdir. Orta dəhlizin
əsasını təşkil edən Bakı-Tbilisi-Qars dəmir
yolunun başa
çatması ilə Orta Asiyadan
keçməklə Çindən Avropaya
birbaşa əlaqə
yaradılacaqdır. Bakı-Tbilisi-Qars layihəsi 2014-cü ildə
başa çatacaqdır. Təxminən
4,5 milyard ABŞ dollarına başa gələcək "Marmaray"
layihəsinin isə cari ilin
oktyabrında açılışı olacaqdır. Qərbi Avropadan çıxan bir qatar birbaşa
Xəzər sahillərinə, oradan da Aktau limanından
keçməklə Şanxaya və Seula çatacaqdır. İngiltərədən
Çinə birbaşa dəmir yolu əlaqəsi yaradacaq bu xəttin tikilməsi xalqlarımızın rifah səviyyəsini artıracaqdır. Bu, həqiqətən, strateji
əhəmiyyətə malik böyük bir layihə
olacaqdır.
Əziz qardaşım,
hörmətli Nursultan Nazarbayev
bu məsələlərə bir az əvvəl toxundu. Qazaxıstanın böyük
maraq göstərdiyi bu
layihəyə Qırğızıstanın da
daxil edilməsi ilə bağlı məsələni
müzakirə etdik.
Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurasına üzv
ölkələr olaraq əməkdaşlığımızı
dəmir yolu xətləri ilə gücləndirmək
imkanına malik olmağımıza
şübhəm yoxdur. Hamının bu layihəyə marağı böyükdür.
Zati-ailələri bu məsələdə
böyük maraq nümayiş etdirir.
Çindən gələcək hazır məhsullar da bu dəmir yolu vasitəsilə daşınacaqdır. Hətta
yükün belə hazır olduğunu deyə bilərik. İnşallah,
Türkmənistanın da bu
layihəyə qatılması ilə, həqiqətən,
ölkələrimiz arasında dəmir yolu
xətləri ilə əlaqələr yaranacaqdır.
Digər tərəfdən,
ölkələrimiz arasındakı quru yol nəqliyyatı da çox önəmlidir. Quru yolla
nəqliyyatın bütünlüklə sərbəstləşdirilməsi, çox önəmli
olan gömrük
keçidlərində əməliyyatların
standartlaşması və lazımlı işlərin
görülməsi böyük əhəmiyyət
kəsb edir. Əgər biz
gömrüklərimizi müasirləşdirməsək,
o zaman dəmir yolunda, quru yolunda
tıxaclar meydana gələr və dar boğazlar yaranar. Bunun üçün də gömrük
məntəqələrimiz eyni, standart səviyyədə müasirləşdirilməlidir.
Bunun iqtisadi və
ticarət əməkdaşlığımızın
inkişafında önəmli olduğunu
düşünürəm. Xəzər dənizindəki
limanın tutumu tez bir zamanda
böyüdülməlidir. Çünki
Türkmənistanda və Qazaxıstanda bu
layihələr mövcuddur. Limanlar vasitəsilə dəniz nəqliyyat səfərlərinin
başladılması bu sahədəki
prioritetlərimizi təşkil etməlidir. Bütün
bunlar konkret layihələrdir.
Bunlar, həmçinin hamımıza həm
tək-tək, həm də ümumi şəkildə
xidmət edəcək layihələrdir.
Əziz qardaşlarım! Qlobal iqtisadi potensial mərkəzinin Atlantik
okeandan Sakit okeana keçməsi danılmaz həqiqətdir.
Bu vəziyyət təbiəti ilə türk dünyasının geoiqtisadi
əhəmiyyətini də artırmışdır. Türkiyənin, Azərbaycanın, Türkmənistanın,
Qırğızıstanın, Qazaxıstanın və Özbəkistanın
iqtisadi və demoqrafik
potensialı bütünlükdə 4.8 milyon
kvadratkilometrlik sahədə dünyada yeddinci, 140 milyon əhalisi ilə doqquzuncu,
1,5 trilyon ABŞ dolları dəyərində
ümumi hasilatı ilə 13-cü yerdədir.
Bu sıralamalarda türk
dünyası qlobal ölçüdə
sahib olduğu coğrafi və demoqrafik potensialdan aşağı bir
iqtisadi göstəriciyə malikdir. Bu da
iqtisadi inkişaf həmlələrimizi
durmadan davam etdirməyimizin
vacibliyinə işarə edir. Tarixə nəzər
saldıqda türk dövlətlərinin güclü və təsirli olduğu
dövrlərdə "İpək yolu"nun dünya ticarətinin ana xətti olduğu
müşahidə olunur. Türk
dünyası qlobal iqtisadiyyatdan
və dünya ticarət yollarından kənarda qaldıqda isə siyasi
və mədəniyyət sahəsinə təsiri
azalmışdır. Bunları tarixi oxuyanlar bilirlər. Bu mənada "İpək yolu"
türk dünyasının iqtisadi rifahının və siyasi
təsirinin açarıdır. Ona
görə "İpək yolu"nu yenidən bərpa etmək strateji
bir prioritet
olmalıdır.
Müasir mənada "İpək
yolu" isə tarixi
"İpək yolu"nun
bu dəfə geniş
nəqliyyat xətləri, enerji
koridorları, təbii qaz boru
kəmərləri ilə bərpası deməkdir. Müxtəlif layihələrlə türk
dünyasını yenidən qlobal
iqtisadiyyatın mərkəzi regionundan
birinə çevrilməsi əsas prioritetimiz
olmalıdır. Önümüzdəki bir
neçə il ərzində
reallaşdıracağımız layihələrlə bu sahədəki əhəmiyyətli bir mərhələni keçəcəyimizə
inanıram. Siz dəyərli
qardaşlarımın bu məsələdə
dəstəyi bunun qarantıdır.
Hörmətli dövlət
başçıları, dəyərli
iştirakçılar! Türkdilli
Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələr olaraq
aramızdakı siyasi və diplomatik həmrəyliyi ən yüksək səviyyədə
saxlamaq hamımızın
marağındadır. Türk
dünyasının prioritet xarici siyasət məsələlərinin
önündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dayanır. Azərbaycan
torpaqlarının 20 faizinin işğal altında olduğu
mövcud vəziyyət qəbuledilməzdir.
Münaqişənin ən qısa zamanda sülh yolu ilə və
Azərbaycanın ərazi bütövlüyü
çərçivəsində həll olunması üçün əlimizdən gələni əsirgəməyəcəyik.
Bu qeyri-qanuni
işğalın, qəsbkarlıq siyasətinin
qarşısı alınanadək sizə dəstək vermək
bizim qardaşlıq borcumuzdur.
Azərbaycan bu günədək türk zirvələrinə ev
sahibliyi etmişdir. Azərbaycanda keçiriləcək növbəti zirvənin
Dağlıq Qarabağ münaqişəsi
həll olunduqdan sonra
Qarabağın gözəl şəhərlərinin birində
təşkil edilməsi ən böyük
arzumuzdur. Əminəm ki,
oralar da belə
gözəl yaşıllıqdır.
Əziz qardaşlarım,
dəyərli prezidentlər! Gələcək il
Türkiyədə keçirəcəyimiz Türk
Dövlətləri Əməkdaşlıq
Şurasının IV Zirvə toplantısında Türk dünyası ölkələrinin
hamısının təmsil edilməsi ən böyük
arzumuzdur. Bu istiqamətdə
gələcək zirvədə Türkmənistan, Özbəkistanın
da iştirak etməsini
gözləyəcəyik. Bu duyğu və düşüncələrlə
siz dəyərli prezidentləri, nazirləri
ürəkdən salamlayır, sizin vasitənizlə
bütün qardaş
xalqlarımıza xoşbəxtlik, rifah və
əmin-amanlıq diləyirəm.
Hamınıza uğurlar arzu edirəm. Təşəkkür
edirəm.
***
Prezident İlham
ƏLİYEV: İndi isə söz verilir Türkmənistan
Nazirlər Kabineti sədrinin müavini cənab Sapardurdu
Toyliyevə.
Azərbaycan. - 2013.- 17 avqust.- S. 2-3.