Qəbələdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısı keçirilmişdir

 

Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Sapardurdu Toyliyevin çıxışı

 

 

- Cənab sədr!

 

Zati-aliləri!

 

Xanımlar və cənablar!

 

İcazə verin Sizə və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üçüncü sammitinin bütün iştirakçılarına Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun salamlarını və zirvə görüşünə dəvətə görə təşəkkürünü çatdırım, onun adından sizə uğurlar və firavanlıq arzulayım.

Bu mühüm və əhəmiyyətli tədbirdə çıxış etmək mənim üçün böyük şərəfdir. Bizi vahid irs birləşdirir, bu irsin köməyi ilə istər regionda, istərsə də bütün dünyada sülhünsabitliyin təmin edilməsi işində xalqlarımız arasında hərtərəfli əməkdaşlığı dərinləşdirmək mümkündür.

Müasir dilçilik elminin məlumatına görə, türk dillərində danışan insanların sayı 100 milyondan çoxdur. Dil birliyi, mənəvi birlikgüclü inteqrasiya bizi daha sıx birləşdirir və qarşılıqlı anlaşmanın genişlənməsinə şərait yaradır.

Hörmətli iclas iştirakçıları, müasir Türkmənistan dinamik inkişaf edən dövlətdir. Türkmənistan Prezidentinin fəaliyyət xətti ölkənin innovasiya və sənaye baxımından inkişafına, ictimai rifahın təməlinə çevrilməli olan rəqabətədavamlı iqtisadiyyatın yaradılmasına yönəlmişdir. Türkmənistan yeni texnologiyaları cəlb etməklə, innovasiyaları öyrənməklə, onları praktikada hərtərəfli tətbiq etməklə qabaqcıl dünya təcrübəsini fəal mənimsəyir. Biz nisbətən qısa müddət ərzində öz iqtisadiyyatımızı dünya standartlarına uyğunlaşdırmağa, neytrallıq, qarşılıqlı faydalı əməkdaşlıq və humanizm prinsiplərinə əsaslanan əlverişli beynəlxalq münasibətlər sistemi yaratmağa nail olmuşuq.

Türkmənistan dünya sivilizasiyasına çox qiymətli töhfələr vermiş mədəni irsə malik olan türk dünyasının ayrılmaz hissəsidir. Müasir mərhələdə bizim mədəniyyətlərin inkişafı, mədəni irsin nəsildən-nəslə ötürülməsi bizim sivilizasiyanın yenilənməsinin davamı olub onun sarsılmazlığını təmin edir.

Məsələn, bizim xalqların birləşməsinin rəmzi olan Böyük İpək Yolunun əhəmiyyəti zaman keçdikcə daha da artır, özü təkcə ona görə yox ki, o, müasir formatda bərpa olunur, həm ona görə ki, bizim şüurumuzda tariximizin, mədəniyyətimizin ümumiliyi təsəvvürü yaranır.

Ümumi mədəni sərvətin qorunub saxlanması, öyrənilməsi və populyarlaşması amillərindən birihumanitar əlaqələrdir. Türkmənistan zəngin beynəlxalq əməkdaşlıq təcrübəsinə malikdir. Bu əməkdaşlığın əhatə dairəsinin genişliyi məhz türkdilli ölkələrlə əməkdaşlıqda təzahür edir. Türk xalqlarının ümumi bayramı olan Novruz şənliklərinin hər il birlikdə qeyd edilməsi bizim xalqlarımızın vəhdətinə sübutdur. Qədim türkmən torpağında Novruzun möhtəşəm dini bayram kimi qeyd olunmasını xüsusi vurğulamaq istərdim. Bu tədbir regionda sülh və həmrəylik yaradılmasını qarşıya məqsəd qoymuş xalqlarımız arasında möhkəm tarixi, mədəni əlaqələrə daha bir sübutdur.

Mədəni-humanitar əməkdaşlıq barədə danışarkən Türkmənistanın elmi, mədəni tədbirlərində türkdilli xalqların nümayəndələrinin fəal iştirakını qeyd etmək zəruridir. İl ərzində mədəniyyət günləri, elmi konfranslar, sərgilər və görüşlər keçirilir. Klassiklərin ədəbi və fəlsəfi irsi öyrənilir və tərcümə edilir. Məsələn, türkmən poeziyasının klassikləri Molla Nepesin, Əndəlibin onlarla əsəri Azərbaycan dilinə tərcümə olunmuş və nəşr edilmişdir. Böyük türkmən şairi Məhdimqulunun 290 illiyinin qeyd edilməsi ərəfəsində Azərbaycanda və Türkiyədə bu klassikin yaradıcılığına həsr edilmiş poeziya günləri keçirilmişdir. Bu ilin may ayında biz Türkmənistan Prezidentinin qazax dilində nəşr edilmiş "Türkmənistanın dərman bitkiləri" kitabının Astanada keçirilmiş təqdimatında iştirak etdik.

Ölkələrimiz arasında elmi əməkdaşlıq ilbəil fəallaşır. Türkmənistan türkdilli ölkələrin, demək olar ki, hamısı ilə elmi əməkdaşlıq haqqında sazişlər imzalamışdır. Bu gün həmin münasibətlər elmi təşkilatların və alimlərin əlaqələrinin yüksək intensivliyi ilə səciyyələnir. 2013-cü il mayın 30-da Türkmənistan hökuməti ilə Türkiyənin Əməkdaşlıq və Əlaqələndirmə Agentliyi (Türk İşbirliği ve Koordinasyon Ajansı - TİKA) arasında Sultan Alp Arslanın məzarının axtarışı və onun məqbərəsinin tikilməsi üzrə əməkdaşlıq haqqında protokol imzalanmışdır.

Son bir ildə Azərbaycanın, Qazaxıstanın, Qırğızıstanın, Türkiyənin və Özbəkistanın elmi mərkəzlərinin və universitetlərinin yüzlərlə alimi bizim  ölkədə keçirilən elmi tədbirlərdə iştirak etmişdir. Türkmənistanın gənc vətəndaşları Qazaxıstanın, Qırğızıstanın, Türkiyənin ali məktəblərində təhsil alır, qardaş xalqların mədəniyyəti və elmi ilə tanış olurlar. Qardaş xalqların nümayəndələri də öz növbəsində Türkmənistanda təhsil alırlar. Əminik ki, ölkələrimizin elmi-texniki əlaqələrinin gələcək inkişafı, perspektivli innovasiya, elmitexnoloji istiqamətlərin aşkar edilməsi çoxtərəfli münasibətlərin daha da genişlənməsinə və təkmilləşməsinə kömək edəcəkdir.

Hörmətli iclas iştirakçıları, qloballaşma, müasir çağırışlar şəraitində öz bənzərsiz qüvvəsini qoruyub saxlamış sivilizasiyamız gənc nəsli humanist dəyərlər ruhunda tərbiyə etməklə irəliləyir. Əminəm ki, qonaqpərvər Azərbaycan torpağında bu görüşümüz real səmərə verəcək, dövlətlərimiz arasında inteqrasiya proseslərinin daha da inkişafına, xalqlarımızın qarşılıqlı mənəvi zənginləşməsinə və yaxınlaşmasına xidmət edəcəkdir.

Diqqətinizə görə sağ olun.

 

***

 

Prezident İlham ƏLİYEV: İndi isə söz verilir Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi cənab Xəlil Akıncıya.

 

Azərbaycan. - 2013.- 17 avqust.- S. 3.