Qəbələdə Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının III Zirvə
toplantısı keçirilmişdir
Prezident İlham Əliyevin yekun çıxışı
- Hörmətli qonaqlar, artıq imzalanma mərasimi başa çatmışdır.
Zirvə görüşümüz də başa çatır. Bir daha əziz
qardaşlarımıza, nümayəndə heyətlərinin
başçılarına Qəbələdə bu Zirvə görüşündə iştirak etdiklərinə görə dərin
minnətdarlığımı bildirmək istəyirəm.
Əmin olduğumu bildirmək istəyirəm
ki, bu Zirvə
görüşündən sonra
aramızdakı əməkdaşlıq daha
da artacaq və çox ciddi layihələr
icra ediləcəkdir. Bu
gün çıxışlarda səslənən
dəyərli fikirlər əminəm ki, bizim işimizi zənginləşdirəcək
və bu təkliflərin
reallaşması əməkdaşlığın yeni pilləyə qalxmasına imkan
yaradacaqdır. Səslənən
təkliflərlə və ümumiyyətlə, gələcək
fəaliyyətimizlə bağlı bir
neçə məsələni qeyd etmək
istərdim. İqtisadi sahədə əməkdaşlıq,
- bu barədə artıq
danışıldı, - böyük
perspektivlərə malikdir. Bu gün ölkələrimizin iqtisadi
inkişafı çox sürətlidir. Bir daha demək istərdim
ki, iqtisadi və maliyyə
böhranına baxmayaraq, bu
gün ölkələrimiz
iqtisadiyyatını inamla
artırırlar. Azərbaycana gəldikdə, son
10 il ərzində Azərbaycan
iqtisadiyyatı üç dəfədən çox
artmışdır və bu artım çox təsirli olmuşdur.
İqtisadiyyatımız artıq çoxşaxəli, rəqabət
qabiliyyətli iqtisadiyyatdır. Dünyanın ən mötəbər
iqtisadi qurumu olan Dünya İqtisadi Forumunun - Davos Forumunun
hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı rəqabət
qabiliyyətliliyinə görə dünyada
46-cı yerdədir.
Aparılan iqtisadi islahatlar, zəngin
təbii resurslar ölkəmizin
inkişafına xidmət göstərir. Ona
görə iqtisadi sahədə əməkdaşlığın
dərinləşməsi üçün
yeni imkanlar vardır.
Azərbaycan ölkə daxilində və xaricdə investisiya layihələrini icra
edir. Hesab edirəm ki, ölkələrimiz arasında olan dostluq,
qardaşlıq münasibətləri
qarşılıqlı investisiyaların qoyuluşuna
da xidmət göstərir. Hər halda, Azərbaycan bu istiqamətdə
öz addımlarını atmaqdadır.
Bizi enerji
və nəqliyyat dəhlizləri birləşdirir. Bu da böyük
sərvətimizdir. Üzv ölkələrin
böyük təbii sərvətləri,
böyük coğrafiyası vardır. Bütün bu səylər
artıq hər bir
ölkənin inkişafını təmin edir.
Əlbəttə,
enerji diplomatiyasının davam
etdirilməsi və bu sahədə səylərimizin
əlaqələndirilməsi, hesab edirəm
ki, zərurətdir və gələcək
illərdə bu istiqamətdə biz işlərimizi davam
etdirəcəyik.
Burada səslənən fikirlər
arasında turizm
sektorunda birgə fəaliyyət
haqqında məsələlər qaldırıldı. Hesab edirəm ki, bu, çox əhəmiyyətli
bir sahədir. Xüsusilə Qəbələ
kimi turizm mərkəzində bu
istiqamətdə atılacaq addımlar haqqında fikir mübadiləsi
çox dəyərlidir. Təklif edirəm
ki, türk
dünyasının turizm potensialı və
türk dünyasının turizm mərkəzləri haqqında birgə səylərlə
birgə sərgi də keçirilə bilər. Bu sərgi həm ölkələrimizdə, həm
də başqa ölkələrdə
keçirilə bilər. Yaxud da ki, bununla
bərabər, mötəbər beynəlxalq sərgilərdə
türk dünyası vahid
bir təqdimatla çıxış edə
bilər. Çünki ölkələrimizdə
çox gözəl turizm
imkanları vardır. Bizim ölkələri
birləşdirən turizm potensialı güclənir. Qara dəniz, Aralıq dənizi, Xəzər dənizi,
İsık-göl dünya miqyasında çox mötəbər turizm
istiqamətləridir. Ölkələrimizdə təbiət çox gözəldir - təmiz hava, dağlar, meşələr,
çaylar. Yəni birgə turizm təqdimatı hesab edirəm
ki, həm birliyimizi əks
etdirər və təqdim edər, eyni zamanda, praktik nöqteyi-nəzərdən
ölkələrimizə turistlərin axınını
gücləndirmiş olar.
Bu gün,
eyni zamanda, yeni informasiya-kommunikasiya
texnologiyalarının inkişafı ilə bağlı təkliflər
səslənmişdir. Azərbaycan bu
istiqamətdə öz işlərini davam etdirir. Bu ilin əvvəlində ilk Azərbaycan telekommunikasiya
peyki orbitə buraxılmışdır.
Beləliklə, Azərbaycanda kosmik sənayenin
inkişafına start verildi.
Bu sahə,
təbii ki, humanitar
sahə ilə bilavasitə bağlı olan
bir sahədir. Çünki
informasiya-kommunikasiya texnologiyaları bilikdir, savaddır, innovasiyadır və əlbəttə
ki, humanitar sahənin
inkişafı hər bir ölkə üçün çox
önəmlidir. Ölkələrimizdə bilikli,
savadlı gənc nəsil yetişir. Bu da ölkələrimizin gələcək
müstəqilliyini təmin edəcəkdir. Çünki
əgər biz
dünya xəritəsinə nəzər
salsaq,
görərik ki, inkişaf etmiş ölkələr ona
görə inkişaf ediblər ki, orada elmi-texniki
tərəqqi sürətlə getmişdir.
Elmə, təhsilə qoyulan vəsait
kifayət qədər olmuşdur. Bu istiqamətdə görülən işlər
hər bir ölkənin gələcək
inkişafını və müstəqilliyini gücləndirəcəkdir.
Ona görə innovasiya,
elm, təhsil sahələrində ölkələrimiz
arasında kifayət qədər geniş
əməkdaşlıq vardır və hesab
edirəm ki,
gələcək illərdə bu daim diqqət mərkəzində
olmalıdır.
Təbii ki, gündəlikdə duran
məsələlərdən biri də nəqliyyat
məsələləridir və artıq burada
biz hamımız həmfikirik. Burada bütün
çıxışlarda nəqliyyatla bağlı məsələlər
qeyd olundu. Biz yeni nəqliyyat infrastrukturunun
yaradılması ilə türk
dünyasını nəqliyyat şəbəkəsi ilə də
birləşdiririk və eyni zamanda, ölkələrimiz üçün,
gələcək üçün güclü bir nəqliyyat
infrastrukturu yaradırıq. Əsrlər boyu bizim xalqlarımız bundan istifadə edəcək və bu, iqtisadi cəhətdən
bizə əlavə fayda gətirəcəkdir.
Azərbaycanda
bu istiqamətdə görülmüş
işlər haqqında mən giriş
sözümdə fikirlərimi bildirdim.
Əlavə etmək istəyirəm ki, bu gün Azərbaycanda Xəzər
dənizində tikilən liman bu bölgənin ən böyük
dəniz limanı olacaqdır. Bunun yükqəbuletmə qabiliyyəti mərhələlər
əsasında on milyon
tondan iyirmi milyon tona
çatacaqdır. Əlbəttə, Bakı-Tbilisi-Qars dəmir
yolunun, Bakıda dəniz limanının
istifadəyə verilməsi əlaqəli şəkildə
aparılır və beləliklə, Xəzər dənizi ilə
yüklərin daşınmasının artımına gətirib
çıxaracaqdır.
Bu gün
çıxışlarda, eyni zamanda, xalqlarımıza xas
olan tolerantlıq haqqında deyildi. Bu da
çox önəmli məsələdir.
Həqiqətən, bizim
ölkələrimizdə yaşayan bütün xalqlar
onların etnik, yaxud da ki, dini
mənsubiyyətlərindən asılı olmayaraq,
bütün hüquqlardan
istifadə edir, bir ailə
kimi yaşayır, heç
vaxt hər hansı bir
xoşagəlməz hallar yaşanmır.
Bu, böyük sərvətimizdir
və biz çalışmalıyıq ki, türk
dünyasını dünyaya, eyni zamanda, tolerantlıq məkanı kimi təqdim edək. Biz
Azərbaycanda bu istiqamətdə müxtəlif
tədbirlər keçiririk.
Bilirəm ki, digər qardaş
ölkələrdə də bu tədbirlər
keçirilir. Xüsusilə mən İkinci Bakı Beynəlxalq Mədəniyyətlərarası
Dialoq Forumunun fəaliyyətini
qeyd etmək istəyirəm. Biz qardaşlarımızın gələcək
forumlarda fəal iştirakını
arzulayırıq. Çünki bu forum artıq dünya çapında özünəməxsus
yerini tuta bilmişdir.
Burada xalqlarımızın,
ölkələrimizin gələcəyi ilə bağlı
digər dəyərli fikirlər səslənmişdir.
Xüsusilə demoqrafik vəziyyətlə
bağlı səslənən
fikirlərə münasibətimi bildirmək istəyirəm.
Bu, bizim böyük sərvətimizdir. Bizim ölkələrimizdə demoqrafik
vəziyyət çox müsbətdir, təbii
artım baş verir.
Dünyanın bir çox
ölkələrində vəziyyət tam
başqadır. Bu, bizim
böyük sərvətimizdir, bu günün və gələcəyin
potensialıdır. Ancaq o
da sirr deyil
ki, demoqrafik vəziyyət
o vaxt üstünlükdür
ki, iqtisadi inkişaf sürətlidir. Demoqrafik vəziyyət
mütləq ciddi iqtisadi
islahatlarla tamamlanmalıdır. Əgər
bu olmasa, əgər iqtisadiyyat inkişaf etməsə,
amma əhali artsa, o zaman bu,
problemə çevrilə bilər. Əgər demoqrafik vəziyyət iqtisadiyyatla
bərabər artsa, o zaman bu, böyük
potensialdır, böyük gücdür. Gələcəkdə dünyada problemlərin həlli ölkələrin
potensialı ilə, o cümlədən demoqrafik vəziyyətlə də
bağlı olacaqdır.
Eyni zamanda,
burada səslənən bir
fikrə də öz münasibətimi bildirmək
istəyirəm. Hesab edirəm ki, bu da
çox dəyərli fikirdir
və Azərbaycan bu istiqamətdə öz səylərini göstərir. Xaricdə
yaşayan diaspor təşkilatlarımızın
birgə fəaliyyəti çox önəmlidir. Biz
Azərbaycanda və Türkiyədə
vaxtaşırı Türkiyə-Azərbaycan diaspor
təşkilatlarının toplantılarını keçiririk. Birgə qurultay
da keçirilmişdir.
Hesab edirəm ki, bu sahədə də səylərimizin birləşməsi
faydalı olardı. Çünki bu gün xaricdə yaşayan, xalqlarımızı təmsil edən
milyonlarla soydaşımız vardır.
Onları təşkilatlandırmaq, bir araya gətirmək üçün
hesab edirəm ki,
gözəl imkanlar vardır.
Ayrı-ayrılıqda diaspor təşkilatları
fəaliyyət göstərir. Bir çox hallarda öz fəaliyyətlərini koordinasiya
edirlər. Ancaq bu formatda - Türkdilli
Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor
təşkilatlarının birləşməsi də, hesab edirəm ki, hər cəhətdən
bizim işimizi daha da gücləndirər.
Bir sözlə,
əziz dostlar, hörmətli dövlət
başçıları, bugünkü
zirvə görüşü, əminəm
ki, növbəti uğurlu
mərhələ olacaqdır. Azərbaycan bu
gündən Şuraya sədrliyi öz üzərinə götürür.
Sizi əmin etmək istəyirəm ki, biz var
gücümüzlə işləyəcəyik ki, növbəti bir il ərzində təşkilatımız daha da güclənsin və
qarşıda duran bütün
vəzifələr uğurla icra edilsin. Bir
daha sizə dərin hörmət və
ehtiramımı bildirirəm. Sağ olun.
***
Bununla da Qəbələdə
Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının III Zirvə toplantısı başa çatdı.
AzərTAc
Azərbaycan. - 2013.- 17 avqust.- S. 4.