Yenidən qurulan Şəki-Qax-Zaqatala avtomobil
yolunun Şəki-Qax hissəsinin
açılışı olmuşdur
Azərbaycan Prezidenti İlham Əliyev
yenidən qurulan Şəki-Qax-Zaqatala avtomobil yolunun Şəki-Qax
hissəsinin açılışında iştirak
etmişdir
Son 10 ildə Azərbaycanın
yol-nəqliyyat infrastrukturunda əsaslı
dəyişikliklər baş vermişdir. Ölkə ərazisindən
keçən beynəlxalq əhəmiyyətli magistrallar müasir standartlar səviyyəsində tamamilə yenidən
qurulmuşdur. Paytaxtın və rayon mərkəzlərinin küçə və
yolları abadlaşdırılır. Prezident
İlham Əliyevin sərəncam və
göstərişlərinə əsasən indi
əsas diqqət regionlarda kənd və qəsəbələri
birləşdirən avtomobil
yollarının təmirinə yönəldilmişdir. Bu proses ölkəmizin bütün regionlarında olduğu
kimi, Qaxda da geniş vüsət
almışdır. Şəki-Qax-Zaqatala avtomobil
yolu da tamamilə yenidən
qurulmuşdur.
Dövlət
başçısı yolun texniki-iqtisadi göstəricilərini əks
etdirən stendlərə baxdı.
Nəqliyyat
naziri Ziya Məmmədov
məlumat verdi ki, avtomobil yolunun yenidən
qurulması işlərinə 2010-cu ildə
başlanmışdır. İkizolaqlı yolun
uzunluğu 35 kilometr,
hərəkət hissəsinin eni 7, torpaq yatağının eni
12, asfalt-beton örtüyünün
eni isə 8 metrdir. Yolun
26 kilometri Şəki rayonunun,
9 kilometri Qax rayonunun ərazisinə düşür.
Yolun keçdiyi
Kürmük çayı üzərində
nəhəng körpü də inşa olunmuşdur. Dörd
aşırımdan ibarət körpü
Şəki şəhəri, Qax və Zaqatala rayonlarına avtomobillərin və
piyadaların rahat və maneəsiz hərəkətini
təmin etməklə yanaşı, gözəl görünüşü ilə diqqəti cəlb
edir. İnşaat
işləri zamanı yüksək keyfiyyətli tikinti materiallarından istifadə edilmişdir. Körpünün
inşasına 2012-ci ilin yanvarında
başlanmışdır. Körpüdə avtomobillərin hərəkət
hissəsi 11,5, piyadaların hərəkət hissəsi isə
1,5 metrdir. Körpünün
çay səviyyəsindən hündürlüyü 8 metrdir.
Bu körpü ölkənin yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi,
xüsusilə də dövlət
başçısının regionların sosial-iqtisadi
inkişafına göstərdiyi qayğının
ardıcıl və davamlı xarakterinə daha
bir sübutdur.
Ümumiyyətlə, yol boyu
21 körpü vardır.
Diqqətə
çatdırıldı ki, Şəki-Qax
avtomobil yolu
respublikanın ən böyük turizm marşrutlarından biridir.
Avtomobil yolu Şəki
şəhərini Qax istiqamətində Kiş çayı üzərindəki
körpüdən başlayaraq Qorağan-Qax-Zaqatala avtomobil
yolunun 14-cü kilometri
ilə birləşdirir. Avtomobil yolu Şəki və Qax
şəhərləri arasında nəqliyyat əlaqəsinin
yaxşılaşmasına, hazırda istifadə olunan 77 kilometr məsafənin
42 kilometr qısalmasına imkan
verəcəkdir. Bu yol
Şəki rayonunun 28 mindən çox əhalisi olan 21
yaşayış məntəqəsini, Qax
rayonunun iki mindən
artıq əhalisi olan 6 məntəqəsini
birləşdirir.
Azərbaycan Prezidenti
İlham Əliyev yolun
rəmzi açılışını bildirən lenti kəsdi.
Dövlət
başçısı görülmüş
işlərdən razılığını bildirdi,
tapşırıq və tövsiyələrini verdi.
AzərTAc
Azərbaycan. - 2013.- 18 avqust.- S. 1.