Qaxda Olimpiya
İdman Kompleksi
istifadəyə verilmişdir
Avqustun 16-da Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Qaxda Olimpiya İdman Kompleksinin açılışında iştirak etmişdir.
Bu gün
Azərbaycan dünyada həm də güclü idman ənənələri
ilə tanınır. İdmanın inkişafı dövlət
siyasətinin prioritet istiqamətlərindən
biridir. Son illər paytaxtla yanaşı, regionlarda
da inşa olunan nəhəng idman
kompleksləri Azərbaycanın idman
potensialının nümayişi, gənclərin
bu sahəyə meylinin
artması ilə nəticələnmişdir. Bütün
bunlar isə ilk
növbədə dövlət başçısının
idmanın inkişafına göstərdiyi diqqət və
qayğının bariz nümunəsidir. Prezident İlham Əliyev
dəfələrlə bəyan etmişdir
ki, Azərbaycanda dövlət siyasətinin
əsas istiqamətlərindən biri kimi idmanın inkişafı, bu
sahənin maddi-texniki bazasının
möhkəmləndirilməsi daim diqqətdə
saxlanılacaqdır. Azərbaycanın birinci
xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban
Əliyevanın da idmançılara diqqəti
idman ictimaiyyəti tərəfindən
yüksək qiymətləndirilir. Azərbaycan Gimnastika Federasiyasının prezidenti
kimi Mehriban xanım
Əliyevanın uğurlu fəaliyyəti
bu sahədə ölkəmizin böyük nailiyyətlər qazanması ilə
müşayiət olunur. İdman
hərəkatının geniş vüsət
aldığı Azərbaycanda Olimpiya idman komplekslərinin, ixtisaslaşmış idman obyektlərinin inşası davamlı
xarakter almışdır. Bu
sırada Qax Olimpiya İdman Kompleksi də mühüm əhəmiyyəti ilə seçilir. Regionun ən böyük Olimpiya idman komplekslərindən olan
bu idman mərkəzində
bir çox
yarışların, təlim-məşq
toplantılarının və digər tədbirlərin
keçirilməsi üçün hər
cür şərait vardır.
Dövlət
başçısı kompleksin rəmzi
açılışını bildirən lenti
kəsdi.
Kompleksin təməli 2008-ci il sentyabrın 19-da Prezident
İlham Əliyevin iştirakı ilə qoyulmuşdur. Burada ümummilli lider Heydər
Əliyevin və Prezident İlham
Əliyevin Qaxa səfərlərindən
və idmanın inkişafına göstərdikləri
qayğıdan bəhs edən fotoguşələr
yaradılmışdır.
Gənclər
və idman naziri Azad Rəhimov bildirdi ki, son illərdə Qaxda idmanın müxtəlif növlərinin
inkişafına xüsusi diqqətin
göstərilməsi, xüsusilə də bu
cür qurğunun
istifadəyə verilməsi rayonda gənclərin
idmana həvəslərini daha
da artırmışdır. Məlumat verildi ki, Qax
Olimpiya İdman Kompleksinin ümumi tikinti sahəsi 9 min 220 kvadratmetr, tikintialtı sahəsi 6 min 498 kvadratmetr,
yaşıllaşdırma sahəsi isə 8 min
kvadratmetrdir. Layihəyə əsasən, ümumi sahəsi 3 min 655 kvadratmetr olan universal idman
zalının binasında
tamaşaçı yerlərinin sayı 480-dir. Burada iki soyunub-geyinmə, məşqçi və
digər otaqlar vardır. İnzibati
binanın birinci mərtəbəsində
gənclərin informasiya mərkəzi, məlumat-qeydiyyat
bölməsi, 40 nəfərlik kafe, həkim
və inventar, eləcə də texniki otaqlar fəaliyyət
göstərir. İkinci mərtəbədə
şahmat otağı, trenajor
zalları, bilyard və stolüstü
tennis otağı
yaradılmışdır. Universal idman zalında Danimarkanın "Junkers" firmasının istehsalı olan xüsusi döşəmə
salınmışdır. Kompleksdə müasir
standartlara uyğun 410
yerlik üzgüçülük
hovuzu da
yaradılmışdır. İkinci mərtəbədə,
həmçinin idmançılar üçün
istirahət otaqları vardır.
Diqqətə
çatdırıldı ki, kompleksin ərazisində beş
ikimərtəbəli kottec inşa edilmişdir. Müasir mebel və
avadanlıqla təchiz olunan hər bir kottec binası dörd otaqdan ibarətdir.
Məlumat verildi ki, kompleksdə süni ot örtüklü
futbol stadionu da tikilmişdir. Eyni zamanda, stadionda
üstüörtülü min tamaşaçı yerlik
tribuna inşa edilmiş, məşqçi və hakim otaqları yaradılmış, müasir işıqlandırma sistemi
quraşdırılmışdır. Bundan
əlavə, kompleksin ərazisində basketbol, voleybol və tennis meydançaları vardır.
Olimpiya İdman
Kompleksi ilə tanış olan Prezident İlham Əliyev rayon
ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Rayon ictimaiyyətinin nümayəndələrini
salamlayan Prezident İlham ƏLİYEV dedi:
- Qax rayonunda çox
əlamətdar bir gündür.
Biz gözəl Olimpiya
Mərkəzinin açılışına
toplaşmışıq, gözəl mərkəzdir. İndi tanış oldum,
görürəm ki, bütün
imkanlar vardır. Gənclər, uşaqlar idmanla məşğul
olacaqlar, yaşlı nəslin nümayəndələri
də istifadə etməlidirlər, bütün
şərait vardır. Bilirəm ki, Olimpiya Kompleksinin tikintisi Qax sakinlərinin
çoxdankı arzusu idi
və artıq bu arzu
reallaşıb. Əminəm ki, burada məşğul olacaq
idmançılar Azərbaycanın idman
şöhrətini yüksəklərə qaldıracaqlar. Gələcək
Olimpiya, dünya
çempionları burada yetişəcək
və beləliklə, Azərbaycan idmanı inkişaf
edəcəkdir.
Əlbəttə,
belə komplekslərin tikintisi ilk növbədə idmanın kütləviliyini
təmin edir. Əlbəttə ki, çempionlar da, rekordlar da
lazımdır. Ancaq ilk
növbədə gənclər gərək idmanla
məşğul olsunlar ki,
sağlam olsunlar və
sağlam həyat tərzi sürsünlər.
Buna görə ölkəmizin müxtəlif
yerlərində belə komplekslər tikilir.
Artıq Azərbaycanın regionlarında 39 Olimpiya
mərkəzi vardır. Beləliklə, Qaxda
da idmanla gözəl
şəraitdə məşğul olmaq üçün bütün
imkanlar vardır. Bu gün mən digər tədbirlərdə də
iştirak edəcəyəm. Bu tədbirlər də rayonun
ümumi inkişafını göstərir.
Rayonda turizmin
potensialı çox böyükdür.
Bu potensialdan səmərəli
istifadə etmək üçün, əlbəttə
ki, kompleks tədbirlər
lazımdır. Bu gün
Şəki-Qax avtomobil yolunun
açılışını da qeyd etdik. Bu
yol ilk növbədə
insanların rahatlığı üçün
tikilmişdir. Eyni zamanda, məsafə böyük
dərəcədə qısalır. Beləliklə, turizmin inkişafı, Bakı ilə Qax arasındakı məsafəni azaltmaq üçün çox gözəl imkanlar
vardır. Bu, böyük
investisiya layihəsidir və tamamilə yeni bir yol
çəkilmişdir. Beləliklə, Qaxa
gediş-gəliş daha da
rahat olacaqdır. Yolun
açılışında növbəti təklif də verildi ki, biz
Qax-Zaqatala yolunu da tikək. Bu imkanlar vardır. Onu
da biz yəqin ki, gələn ilin investisiya proqramına salacağıq.
Keçən
dəfə burada olarkən yeni otelin
açılışında iştirak
etmişəm. Bu gün
Konfrans Mərkəzi açılır. Bu da çox
əlamətdar hadisədir. İndi Azərbaycanda
bütün bölgələrdə beynəlxalq
konfranslar keçirilir.
Təbii ki, Bakıda və eyni zamanda, bölgələrdə.
Bax bu gün
Qəbələdə Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurasının III Zirvə görüşü keçirilmişdir.
Yüzlərlə qonaq gəlmişdir -
dövlət başçıları, nümayəndə heyətinin
üzvləri. Azərbaycanın gözəl bölgəsində
belə bir tədbir keçirilmişdir.
Vaxt gələcək Qaxdakı Konfrans Mərkəzində də beynəlxalq
tədbirlər keçiriləcəkdir. Bunu
etmək üçün ilk
növbədə şərait lazımdır - infrastruktur, yol və xidmət
sektoru.
Qaxın çox gözəl təbiəti, gözəl
iqlimi vardır. Əlbəttə ki, bunlar turizmin
inkişafı üçün böyük potensialdır. Bütün
bu şimal-qərb zonasının turizm imkanları çox genişdir. Əminəm ki,
gələcəkdə bu istiqamətdə
daha da böyük
işlər görüləcəkdir. Nəzərə
almalıyıq ki, Qaxın əsas infrastruktur layihələri də öz həllini tapmaqdadır. Bu
gün, biz eyni zamanda, içməli su layihəsinin də istifadəyə verilməsini
qeyd edəcəyik. Yəqin ki, bütün başqa rayonlarda olduğu kimi, Qaxda da içməli su problemi insanları narahat edirdi. Son bir həftə ərzində
bir neçə şəhərdə
içməli su layihələri həyata
keçirildi. Kürdəmirdə,
İsmayıllıda, Oğuzda, bu gün isə Qax rayonunda. Yəni iki həftə ərzində dörd
şəhərin onilliklər boyu
yığılıb qalmış problemi
öz həllini tapıb. Bu
problemin həlli də Azərbaycan
dövlətinin gücünü göstərir,
Azərbaycan hökumətinin sosial siyasətini
əks etdirir. Çünki
mən həmişə qeyd edirəm ki, bu layihələrə qoyulan vəsait sırf sosial xarakter daşıyır. Azərbaycanın artan iqtisadi gücü, maliyyə imkanları, ümumiyyətlə,
ölkəmizdə gedən inkişaf bizə
imkan verir ki, bu layihələri icra edək.
İçməli
su layihəsi
deyə bilərəm ki, infrastruktur layihələri arasında ən vacib məsələdir. İçməli su həyat deməkdir, sağlamlıq deməkdir.
Qaxa verilən içməli su bütün yüksək
standartlara cavab verir. Xatırlayıram ki,
keçən dəfə Qaxda olarkən biz bu böyük
layihənin təməl daşını qoymuşduq.
O vaxt demişdim
ki, biz bu
layihənin istifadəyə verilməsini bərabər qeyd edəcəyik. Çünki
ölkəmizin inkişafı və infrastruktur
layihələrinin həyata keçirilməsi üçün
içməli su məsələləri,
əlbəttə ki, ən vacib yer tutur.
Bu gün
Qaxda, eyni zamanda, Heydər Əliyev Mərkəzinin
açılışını da qeyd edəcəyik. Bu da çox önəmli hadisədir. Əvvəlki
illərdə burada olarkən biz Qaxın müasirləşməsi və eyni zamanda, qədim tarixin qorunması layihələrini də
müzakirə etmişik. İçəribazar
küçəsi gözəl küçədir və həm
rayon sakinləri, həm qonaqlar
üçün çox
böyük maraq kəsb
edən bir layihədir. O vaxt mən tövsiyə etmişdim
ki, bizim qədim şəhərlərimizdə
qədim tarixi bərpa etmək üçün təşəbbüslər
irəli sürülsün. İçəribazar
layihəsi o təşəbbüslərin
sırasındadır. Çünki tarixdə
belə yerlər olub və o küçə boyu yerləşən
binalar qədim binalardır. Onlar qorunur, bərpa olunur, turistlər üçün
maraq doğurur.
Rayon mərkəzinin
abadlaşması prosesi də çox uğurla gedir. Mən xatırlayıram, ilk
dəfə Qaxda olarkən mənzərə
tam başqa idi. Son dəfə olanda gördüm ki, hər yerdə abadlıq, quruculuq
işləri gedir, ağaclar
əkilir, yollar genişlənir, binalar bərpa olunur. Bu məni çox sevindirir və əminəm ki,
sizi də. Çünki
siz burada
yaşayırsınız və sizin həyatınız
burada keçir. Mən
çox istəyirəm ki,
Azərbaycan vətəndaşları yaşadıqları yerlərdən
asılı olmayaraq, rahat
yaşasınlar, xoşbəxt olsunlar. Bütün lazımi şərait olsun. Çalışırıq ki, bunları yaradaq. Yollar, su xətləri,
qazlaşdırma, sosial obyektlər, məktəblər.
Azərbaycan
dövləti daim öz
vətəndaşının maraqlarının keşiyindədir.
Bunu həyat göstərir. Eyni zamanda, üzləşdiyimiz
təbii fəlakətlər də göstərir ki, fəlakətlər baş
verdikdə Azərbaycan dövləti öz
vətəndaşını darda qoymur, onun problemlərini həll
edir. Deyə bilərəm, Azərbaycan dünyada nadir ölkələrdəndir
ki, vətəndaşlar üçün
dövlət hesabına evlər tikir. Zəlzələ
zamanı, zəlzələdən sonra burada olarkən mən demişdim
ki, dövlət daha
yaxşı evlər, binalar tikəcəkdir
və belə də oldu. Bax,
bu zonada - Zaqatalada, Qaxda, Balakəndə,
Şəkidə zəlzələyə məruz qalmış
evlər təmir olunur. Demək olar ki, onların mütləq
əksəriyyəti artıq yenidən tikilmişdir.
Bu da Azərbaycan
reallıqlarıdır.
Azərbaycan müasir dövlətdir, iqtisadiyyatımız
bazar iqtisadiyyatı prinsipləri üzərində
qurulubdur. Amma, eyni zamanda, biz
sosial dövlətik. Sosial
dövlət o deməkdir ki,
insan amili, Azərbaycan
vətəndaşı, onun maraqları, onun rifahı siyasətimizin mərkəzindədir.
Belə gözəl obyektlərin tikintisi
də bu məqsədi güdür.
Əminəm ki, bu Olimpiya Mərkəzi qaxlıların xidmətində
olacaqdır. Sizi bir daha salamlayıram və bu
hadisə münasibətilə təbrik edirəm.
***
Rayon
idmançıları adından çıxış edən
əlbəyaxa döyüş üzrə
dünya çempionatının
finalçısı Ramil
MƏMMƏDLİ Azərbaycan idmanının
inkişafına, o cümlədən Qax rayonuna göstərdiyi
diqqət və qayğıya görə Prezident
İlham Əliyevə minnətdarlığını
bildirərək dedi:
- Möhtərəm
cənab Prezident! Qaxın ictimaiyyəti, gəncləri
və idmançıları adından sizi
salamlayıram, "Rayonumuza xoş gəlmisiniz"
deyirəm. Bu gün
Qaxın gəncləri, idmançıları üçün
tarixi bir gündür. Rayonumuzda
möhtəşəm Olimpiya İdman Kompleksi istifadəyə
verilir. Ümumiyyətlə, son on ildə ölkə həyatının
bütün sahələrində olan inkişaf idmandan da yan
keçməmişdir. Bu gün
Azərbaycanımız dünyada idman dövləti kimi
tanınır və idmançılarımız ölkəmizi
beynəlxalq yarışlarda layiqincə təmsil edir, bayrağımızı ən uca zirvələrə qaldıraraq himnimizi səsləndirirlər. Mən
idmanın əlbəyaxa döyüş növü ilə məşğul oluram və son on ildə dünyanın müxtəlif ölkələrində
- İtaliyada, Macarıstanda, Rusiyada, Ukraynada
keçirilən dünya
çempionatlarında çıxış etmişəm. Dünya çempionu, dünya çempionatının mükafatçısı
və finalçısı olmuşam. Bütün bunlar Sizin əməyinizdir, cənab Prezident.
Bunlara nail olmaq üçün Siz kömək göstərmisiniz. Elə
açılışını etdiyimiz bu Olimpiya İdman
Kompleksində də gələcəyin Avropa,
dünya və
Olimpiya çempionları yetişəcək
və ən əsası odur ki, bu kompleks
gənclərimizin sağlam ruhda böyüməsinə xidmət edəcəkdir.
Bunun üçün
Qaxın bütün gəncləri, bütün idmançıları adından
Sizə dərin minnətdarlığımı bildirirəm.
Möhtərəm
cənab Prezident, ölkəmizin hər
yerində tikinti-quruculuq işləri gedir və bu quruculuq işləri Qax rayonundan da yan
keçməmişdir. Bu gün
rayonumuz gündən-günə gözəlləşir,
böyüyür, abadlaşır.
Qaxın bütün yaşayış məntəqələrində
tikinti-quruculuq işləri
aparılır, əhalinin sosial problemləri
həll olunur, heç
bir sakinimiz diqqətdən
kənarda qalmır. Elə iştirakınızla rayonumuzda yeni su-kanalizasiya sisteminin yeni layihə əsasında qurulması buna əyani sübutdur.
Cənab Prezident, Siz ən
ağır günümüzdə belə bizi
diqqətdən kənarda qoymursunuz. Elə bölgəmizdə baş
verən zəlzələdən dərhal sonra
Sizin rayona gəlişiniz,
zərərçəkən vətəndaşlarla
görüşləriniz onlarda psixoloji gərginliyi, qorxu hissini tamamilə aradan
qaldırdı və onlar arxalarında güclü dövlətin və onun qayğıkeş rəhbərinin dayandığına
bir daha əmin oldular.
Möhtərəm
cənab Prezident, Siz hər
bir Azərbaycan vətəndaşının,
o cümlədən hər bir qaxlının layiqli həyat
yaşaması üçün gözəl şərait
yaratmısınız. Məhz bunun nəticəsidir
ki, bu gün
ölkədə Vətənini sevən sağlam gənclik yetişir.
Mən bu gənclərin və
idmançıların adından Sizə demək istəyirəm:
"Bu sağlam gənclik bu gününü, sabahını və gələcəyini
yalnız və yalnız Sizə bağlayır. Sizə
möhkəm idman sağlamlığı
arzulayır, işlərinizdə uğurlar
diləyirik".
***
Prezident İlham
ƏLİYEV: Sağ ol.
Uğurlarınız bizi daim sevindirir.
Azərbaycan artıq dünyada idman ölkəsi kimi
tanınır və bütün beynəlxalq
yarışlarda bizim bayrağımız
qaldırılır. Bu yaxınlarda Universiadada - tələbə
idmançılar arasındakı beynəlxalq yarışda idmançılarımız
15-ci yerə layiq görülmüşlər.
Bu yarışlarda 200-ə yaxın
ölkə iştirak etmişdir.
On altı medal
qazanmışıq. Olimpiya Oyunlarında da Azərbaycan ən qabaqcıl ölkələr
sırasındadır. İdman, əlbəttə
ki, sağlamlıqdır. Eyni
zamanda, idman vətənpərvərlik
hisslərini də gücləndirir, gənclərimiz vətənpərvərlik
ruhunda tərbiyə alırlar və
almalıdırlar. Müstəqillik dövründə gənclərimiz
yetişir. Bizim idman uğurlarımızı təmin edən
idmançıların böyük əksəriyyəti
müstəqillik dövründə doğulmuşlar.
Ancaq hamısı müstəqillik
dövründə formalaşmışlar. Müstəqilliyin
üstünlüklərini hər bir Azərbaycan
vətəndaşı görür. Bu, reallıqdır.
Mən keçən dəfə
qeyd etmişəm, dəfələrlə
demişəm və bir daha
deyirəm ki, Azərbaycan tarixdə heç vaxt, heç bir tarixi mərhələdə bu qədər güclü, bu qədər
azad, bu qədər
müstəqil olmamışdır. Müxtəlif tarixi
dövrlərdə bizim dövlətçiliyimiz
də olub, digər rəmzlərimiz,
dövlət atributları olub. Ancaq bugünkü müstəqillik
mütləq müstəqillikdir. Bu
müstəqillik ən böyük sərvətimizdir,
ən böyük nemətimizdir. Gənclər də məhz bu ruhda tərbiyə
almalıdır. Çünki gələcəkdə
ölkəmizin taleyi onlardan
asılı olacaqdır. Onların biliyindən, vətənpərvərliyindən,
Vətənə sədaqətindən asılı
olacaqdır. Bizim nəsil, yaşlı nəsil,
orta nəsil elə nümunə göstərməlidir
ki, gənclər bu
nümunəni götürüb gələcəkdə,
bax, bu yolla
getsinlər - müstəqillik yolu ilə.
Bir də ki, müstəqillik
dövründə istər beynəlxalq aləmdə, istər iqtisadi sahədə o qədər
böyük uğurlar
əldə edilib ki, hər
bir vətəndaş haqlı olaraq qürur hissi keçirir.
Bütün bölgələrdə, bütün rayonlarda inkişaf gedir. Mən dəfələrlə
bölgələrdə oluram. Bu, son on
il ərzində Qax rayonuna mənim altıncı səfərimdir.
Çalışıram ki, hər bir rayonda bir
neçə dəfə olum. Ona görə ki, həm
işlərə nəzarət olmalıdır, eyni zamanda, görülən
işlərlə tanış olmalıyam. Bir
də ki, mənim səfərlərim, hesab edirəm ki, rayonda yaşayanlar üçün mühüm
əhəmiyyət kəsb edir. Onlar da görürlər ki, diqqətdən kənarda qalmırlar. Onlar daim diqqət mərkəzindədirlər.
Hər bir yerdə inkişaf,
quruculuq, abadlıq vardır. Artıq bu meyillər o qədər
güclüdür ki, indi rayonlar arasında sağlam rəqabət aparılır. Mən
də bunun tərəfdarıyam. Hər dəfə
hər yerdə deyirəm ki,
çalışın ən qabaqcıl yerlərə
çıxın. Deyə bilərəm ki,
Qaxda aparılan quruculuq-abadlıq işləri
rayonu ön plana çəkibdir. Siz də
bunu bilirsiniz. Bu da sizin
xidmətinizdir, zəhmətinizdir.
Əlbəttə
ki, dövlət
büdcəsindən bundan sonra
da lazımi vəsait ayrılacaqdır. Hesab edirəm ki, yaxın
gələcəkdə əsas infrastruktur
layihələri tam şəkildə başa çatacaqdır. Su,
kanalizasiya
layihəsi artıq başa çatmışdır.
Qazlaşdırma da gedir.
Ondan sonra kənd yollarının tikintisi,
iş yerlərinin açılması. Hələ
ki, məktəb tikintisinə ehtiyac vardır. Qəzalı vəziyyətdə
məktəblər yəqin ki, Qax rayonunda da
vardır. Gələn il qəbul ediləcək
regionların sosial-iqtisadi inkişafı
üzrə üçüncü Dövlət
Proqramı növbəti illər ərzində əsas sənəd
olacaqdır. Növbəti beşillik inkişaf proqramı da demək
olar ki,
hazırdır. Gələn ilin əvvəlində
qəbul ediləcəkdir. Bu proqram 2014-2018-ci illəri əhatə edəcəkdir.
O proqramda hər rayonun,
o cümlədən Qax
rayonunun qalan problemləri
də öz həllini tapacaqdır. Biz də yəqin ki, sizlərlə
bundan sonra tez-tez görüşəcəyik. Çünki burada hələ
açılışlar çox
olacaqdır. Bir daha sizi salamlayıram.
***
Sonda xatirə şəkli
çəkdirildi.
AzərTAc
Azərbaycan. - 2013.- 18 avqust.- S. 1-2.